beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanlıq dövrünün sonuna doğru

Yeni savaş qarşısında. Gülüstan müqaviləsindən sonra beynəlxalq durum Qərbi Avropada baş verən dəyişikliklə bağlı idi. Napoleonla savaşı qazanan Rusiya onun ordusunu təqib edərək Avropa yürüşünə başladı. 1813-cü il oktyabrın 4-7 (1619)-da Leypsiq altında "Xalqlar döyüşü" oldu. Müttəfıqlər bu döyüşdə qalib gəldilər. Paris üzərinə yol açıldı. 1814-cü il martın 31-də müttəfıq ordular Fransanın paytaxtına girdi. Napoleon hakimiyyətdən devrilib sürgün edildi. Oktyabrın 1-də Vyana konqresi açıldı. 1815-ci il iyunun 8-də "yekun aktı" imzalandı.Beləliklə, beynəlxalq münasibətlərdə yeni dövr başlandı. XVIII yüzilin ikinci yarısı - XIX yüzilin başlanğıcında olduğu kimi, Şərq məsələsi Avropa siyasətinin gündəliyində qalırdı.
Rusiyanın Türkiyə və İrana qarşı təcavüzkarlıq siyasəti Şərq məsələsinin yenidən kəskinləşməsinə səbəb oldu. Bununla bağlı Rusiyanın başlıca rəqibi olan İngiltərənin, həmçinin Türkiyə və İranın əks siyasəti fəallaşdı. İngiltərə hər vasitə ilə İranda Rusiya mövqeyinin möhkəmlənməsinə mane olmağa çalışırdı. 1814-cü ildə Tehranda İngiltərə ilə İran arasında yeni bağlaşma imzalandı. 1809-cu ildə olduğu kimi, Rusiya ilə savaş başlandığı halda, İran İngiltərədən ildə 200 min tümən (2 milyon gümüş rubl) yardım alacaqdı, ancaq bu böyük yardım Böyük Britaniya elçisinin nəzarəti altında xərclənməli idi. Rusiya-İran münasibətlərində İngiltərə hökumətinə "araçı" rolu oynamaq hüququ verildi. Şah sarayında İngiltərənin nüfuzu gücləndi, İran silahlı qüvvələrində ingilis zabitlərinin işi genişləndi.
İngiltərə 1821-ci il "imtiyazlı" gömrük qanunundan istifadə edərək Transqafqazda iqtisadi təsirini gücləndirməyə başladı.
Rusiya isə Cənubi Qafqazdan çəkilməyəcəyini Avropa dövlətlərinə bildirməklə yanaşı, bu bölgədə möhkəmlənmək üçün atılacaq addımlarını sürətləndirdi. Rusiyaya qarşı açıq düşmən mövqedən çıxış edən Gəncə Quba, Bakı xanlıqları dərhal yox edilərək əyalətə çevrilmişdi. Növbə digər xanlıqlara çatmışdı. Qafqazın Baş komandanı A.P.Yermolov (1816-1827) İranla yaxınlaşan çavaşda vassal xanların kimin tərəfində duracağını yaxşı bilirdi. Onun yeritdiyi siyasət bu xanlıqları tamamilə Rusiyaya qarşı çevirmişdi. 1819-cu ildə A.P.Yermalov milliyyətcə erməni olan rus generalı Madatovun əli ilə Şəki hakimi İsmayıl xanı zəhərləyərək aradan götürdü və xanlığı ləğv etdi. Xanlığın bütün xəzinəsi və mülkləri müsadirə edildi.
Həmin ildə yerli hakimləri olan Qazax və Şəmşəddil sultanlıqları, 1820-ci ildə isə Şirvan xanlığı ləğv edildi.
General Madatovun Qarabağ xanlığı üzərində əlləşməsi daha uzun sürdü. Rusiya hərbçiləri burada ən alçaq üsullara əl ataraq, Mehdiqulu xanın yaxın qohumunu yenə ona qarşı qoydular. Xanın qardaşı oğlu Cəfərqulu ağaya Rus komandanlığına yalan donos yazdırtdılar. Guya Mehdiqulu xan gizlicə Madatovu öldürtmək istəyirmiş. Hətta Madatovun üstünə yalançı bir sui-qəsd yapıldı. Xana qarşı iş açmaq üçün Baş komandanın göstərişi ilə "güzəştsiz" istintaq başlandı. İşin nə yerə aparıldığını anlayan Mehdiqulu xan dözməyib 1822-ci ildə İrana getdi. Ruslardan xanlıq gözləyən Cəfərqulu ağa sakitliklə Simbirskə sürgün edildi. 1822-ci ildə Qarabağ xanlığı ləğv edildi və xanlığın bütün var-dövləti Rusiya xəzinəsinə ötürüldü, dövlətin saysız torpaq mülkləri, ilxı və sürüləri bu xəzinənin ixtiyarına keçdi. O zamanın rus tarixçisi N.F.Dubrovinin yazdığına görə, icraçılar, yəni "Sərdar Yermulu" və Madatov kimiləri özlərinə zəngin "pay" götürüb ciblərini doldurdular. Sonrakı Baş komandan Paskeviç də bunu gizlətmirdi. O, Yermolovun "sağ əli" olan Madatovun Qarabağda "ən birinci mülkədara" çevrildiyini yazırdı. Bunun üstündə Madatov hətta çar məhkəməsi qarşısında durmalı oldu.
İkinci Rusiya-İran savaşı başlanmazdan öncə (1826) Talış xanlığının vassal varlığına da son qoyuldu. Beləliklə, ikitərəfli dövlətlərarası andlaşmalar (Kürəkçay bağlaşması və b.) ilə xanların iç muxtariyyətinin toxunulmazlığına, onların "ölkəsinin bütövlüyünün saxlanılmasına imperator zəmanəti"ni çar hökuməti özü pozub atdı.

Asılı xanlıqların ləğv edilməsinin iqtisadi səbəbləri. Asılı xanlıqların yox edilməsi Birinci Rusiya-İran savaşının verdiyi dərslərdən irəli gəlirdi. Mərkəzi Rusiyadan güneyə uzanıb gələn yollar çətin və təhlükəli idi. Transqafkazda yerləşdirilən "Xüsusi Qafqaz korpusu"nu yalnız yerli təchizat, başlıca olaraq Quzey Azərbaycanın varı və gəliri ilə saxlamaq olardı. Ancaq burada vergi və ödənişlərin toplanması qanuni baxımdan vassal xanların səlahiyyətində qalırdı. Bir sözlə, asılı xanlıqların iç muxtariyyəti Rusiya komandanlığının əl-qolunu bağlayırdı.
Asılı xanlıqların varlığına son qoymaqla çarlıq Rusiyası öz ordusunun arxa təminatını yoluna qoya bildi. Baş komandan İ.Paskeviç özü bunu etiraf edib yazırdı: "İstər İranla, istərsə də Türkiyə ilə indiki (yeni) savaşlar göstərdi ki, bizim ordunu saxlayıb yedizdirən Azərbaycan idi".
Atlı qoşunlar demək olar bütünlüklə Azərbaycan kəndləri hesabına yaşayırdı. Bu qoşunlar Azərbaycanı bürümüşdü.

Şirvanda Göyüzən mahalının altı kəndi (Basqal, Zərgəran və b.) ulan diviziyasının 3 eskadronunu, Hazaurt mahalının 4 kəndi 2 eskadronu, İsmayıllı kəndi 1 eskadronu, Qarasu Bazar mahalının Zərdab və Ləki kəndləri 1 eskadronu ərzaqla təmin edirdi. Bu diviziyanın qalan 5 eskadronu isə Sərdəri mahalının kəndləri (Bərguşat, Bığır, Qaracalı və b.) hesabına yaşayırdı. Don kazaklarının 3 atlı alayı Kür boyunca Alakənddə, Tülənqoyun, Abduları, Gəncəli, Mustafalı, Meyneman və Kovrat kəndlərində yerləşmişdilər və bütün ikinci savaş boyu buradan təmin olunurdular.
Şəki xanlığı kəndlərində topçu briqadası və rotası, 3 piyada batalyonu, Borisoqlebsk və Serpuxov ulan alayları, Şəki şəhərinin özündə isə iki topu olan piyada batalyonu yerləşirdi. Bunlardan başqa Bakıda bir batalyon, Lənkəranda Xüsusi Xəzər dəniz və 8-ci sapyor batalyonları, Şuşada iki yeger (atıcı) batalyonu qulluq yapırdılar.
Savaşın başlanğıcında Qazax, Şəmşəddil və Borçalı mahallarını da rus qoşunlarının ərzaqla təmin edilməsi işinə qoşdular. Salahlı kəndində Don kazak alaylarından biri yerləşdirildi. Bundan başqa Qazax və Şəmşəddil mahalları Gəncədə olan rus atlı qoşunu üçün yem tədarük edirdilər. Araz boyunca sərhəddə yerləşən 20-ci piyada diviziyasını da ərzaqla yerli kəndlilər təmin edirdilər.
Rus qoşunları üçün ərzaq, silah və texnika daşınmasında Azərbaycan aparıcı yer tuturdu. İkinci savaşın gedişində (1826-1828) Azərbaycan kəndli və balıqçıları kircim adlanan gəmilərdə Kür çayı ilə (Zərdaba kimi) hərbi yük daşıyırdılar. 15-17 günə gedilən bu yol ilə Təbrizə və Gümrüyə doğru yürüyən rus ordusu təchiz edilirdi. Ordu hissələri də bu yol ilə daşınırdı. 1827-ci ildə rus ordusuna ərzaq daşınması üçün yerli kəndlilərdən 2 min araba alınmışdı. Kür çayı ilə döyüşən qoşunlar üçün 12 min kisə qurudulmuş çörək, min kisə yarma, 4 min kisə arpa, 4 min baş heyvan daşınmışdı. Qoşqu işləri üçün Qarabağ, Şəki və Şirvan kəndlərindən, Qazax, Şəmşəddil və Borçalı mahallarından 11500 yük və qoşqu heyvanı (kəl) yığılmışdı. Bütün bu ağır mükəlləfıyyətlərin asanlıqla yerinə yetirilməsi üçün çar hökuməti ikinci savaşdan öncə xanlıqları aradan götürmüşdü.
Xanlıqların ləğv edilməsi ilə Azərbaycan tarixinin bütöv bir dönümü sona yetmiş oldu. Çarlıq Rusiyası bununla Quzey Azərbaycanın siyasi fəthini başa çatdırmaq üçün özünə yol açdı. Bununla yanaşı, quzey xanlıqların bütün var və yatırını, bütün təsərrüfatını öz əlinə keçirərək, buranın iqtisadi fəthi qarşısında duran xanlıq idarəçiliyini aradan götürmüş oldu. Azərbaycanın dövlətçilik qurumlarının yox edilməsi ilə ölkənin büsbütün sümürgəclik meydanına çevrilməsi üçün yol açıldı.


Tarix: 26.11.2014 / 17:03 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Tariximiz ve rayonlarimiz