beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ORUCDAKI HİKMƏTLƏR

1. Oruc tutmağın hikmətlərindən birincisi

Oruc Allahın razılığını qazanmaq üçün edilən ibadətdir, bununla qul yemək, içmək və cinsi əlaqə kimi sevdiyi və tələb etdiyi şeyləri tərk etməklə öz Rəbbinə daha da yaxınlaşır. Bunları etməklə qulun imanının doğruluğu və Allaha qarşı qulluğunun kamilliyi, həmçinin Allaha qarşı sevgisi və Allah təalanın onun üçün hazırladığı bol xeyrə nail olma istəyi, arzusu nəzərə çarpır. Bu belədir, çünki oruc tutan kəs onun üçün sevimli olan bir şeyi yalnız (yemək, içmək, cinsi əlaqə və s.) sevdiyi şeydən daha böyük olan bir şeyə görə tərk edir ki, bu da Allahın rizasıdır.

Mömin oruc tutmaqla Allahın qulundan razı qalacağını dərk etdikdə-təbii olaraq sevdiyi şəhvətləri tərk etməklə-Rəbbinin razılığını öz şəhvətlərinə üstün tutacaqdır. Ona görə də, şəhvətləri etmək üçün nə qədər istəkli olsa da və həsrətində olsa da öz şəhvətlərini tərk edir. Çünki, onun sevinci və ruhun rahatlığı Allah rizası üçün arzuladığı bütün şeyləri tərk etməklə hasil olur.

Bundan dolayı, möminlərin çoxları-həqiqi bir üzr olmadan Ramazanda orucunu pozmaq üçün döyülsə və yaxud məcbur edilsə-orucunu pozmayacaqdır. Bu da öz növbəsində orucda olan hikmətlərin ən böyük və ən dərin yönlərindən biridir.

2. Oruc tutmağın hikmətlərindən ikincisi.

Oruc tutmaq Təqvaya nail olmaq üçün vasitədir. Allah təala buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz (təqvalı olasınız)” (Bəqərə, 183). Çünki oruc tutan kəs fərz əməlləri yerinə yetirmək və günah işlərdən əl çəkmək üçün əmr olunmuşdur.

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: “Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təala onun tərk etdiyi yemək-içməyə baxmaz”. (Buxari rəvayət edir).

İnsan oruclu olduğunda, nəfsi hər dəfə günah etməyə meyl etdikdə, o oruclu olduğunu yadına salır və beləcə özünü günahdan çəkindirir. Ona görə də, Peyğəmbər sallallahu aleyhi və səlləm oruc tutan kəsə əmr etmişdir ki, bir kəs onu söyəndə və təhqir edəndə belə söyləsin:” Mən orucam”. Bununla (söyüş söyən və təhqir edən kəsi) onu xəbərdar edir ki, Allah təala oruc tutan insana söyüş söyməkdən, təhqir etməkdən çəkinməyi əmr etmişdir və həmçinin oruc tutana oruclu olduğunu və söyüş söyənə, nalayiq sözlər işlədənə qarşı eyni cür hərəkətlə cavab verəməyəcini xatırladır.

3. Oruc tutmağın hikmətlərindən üçüncüsü.

Oruc tutduqda qəlb təfəkkür etmək, dərindən düşünmək və Allahı zikr etmək üçün açılır, genişlənir. Çünki şəhvətləri yerinə yetirmək qafilliyə aparır və ola bilsin ki, qəlb haqqa qarşı sərtləşir və kor olur. Ona görə də, Peyğəmbər sallallahu aleyhi və səlləm bizlərə az yemək və içməyi tövsiyə etmiş və belə buyurmuşdur: “Adəmoğlu mədəsindən daha pis bir qab doldurmamışdır” (Əhməd, Ən-Nəsa`i və İbn Ma`cə rəvayət edir).

Səhih Muslimdə, Hənzələ əl-Useydi` radiyallahu anhu, Rəsulullahın sallallahu alyehi və səlləm vəhy katiblərindən biri Peyğəmbərə sallallahu aleyhi və səlləm deyir: “Hənzələ münafiq oldu”. Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Sübhənallah! Sən nə danışırsan?” O dedi: Ey Allahın Rəsulu, biz sənin yanında olanda sən bizlərə cəhənnəmi və cənnəti xatırladırsan, sanki biz onları gözlərimiz ilə görmüş kimi oluruq. Lakin sənin hüzurundan ayrılıb arvad-uşağımıza qarışdığımızda, işimiz ilə məşğul olduqda çox şeyləri (səndən eşitdiklərimiz) unuduruq. Hədisin son hissəsində, Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir: “Lakin, ey Hənzələ! Bəzən belə olur, bəzən isə belə. Bunu üç dəfə təkrar etdi” (Səhih Muslim, Kitab ət-Təubə, 2750-ci hədis).

Əbu Suleyman əd-Dəra`ni deyir: “Həqiqətən, ruh ac olanda və susayanda, qəlb yumşalır və saflaşır. Ruh doyanda, qəlb korlaşır”.

4. Oruc tutmağın hikmətlərindən dördüncüsü.

Oruc zəngin insanın Allahın ona bəxş etdiyi yemək, içmək və cinsi əlaqə kimi nemətləri başa düşməsinə səbəb olur. Bir çox insanlar bu şeylərdən məhrumdurlar, ona görə də o bu nemətlərə görə Allaha həmd etməli və nemətləri ona bəxş etdiyinə görə Rəbbinə şükr etməlidir. Həmçinin kasıb olan və ola bisin ki, bütün gününü aclıqla keçirən, acından ölən və ac qalan qardaşlarını xatırlamalıdır. Onlara qarşı səxavətli, ürəyi açıq, böyük qəlbli olmalı və qardaşının çılpaqlığını örtmək, onu geydirmək və aclığını aparmaq üçün ona sədəqə verməlidir.

5. Oruc tutmağın hikmətlərindən beşincisi.

Oruc insana nəfsini cilovlamağı öyrədir və nəfsinin cilovundan tutaraq onu həbs etmək üçün insana güc verir, belə ki, oruc tutan kəs onu öz idarəsi altına alır və nəfsini onun üçün xeyirli olana və onu müvəffəq edən xeyirli işlərə doğru aparır. Rəbbinin mərhəməti üzərində olan kəslər istisna olmaqla, nəfs insana şər işləri əmr edir. Ona görə də, insan nəfsinin cilovunun düyününü açdıqda və sərbəst buraxdıqda, nəfsi onu bir çox təhlükələrə sürükləyir. Lakin ona nəzarət edəndə və yüyənləyəndə, onu yüksək dərəcələrə və ən uca məqsədlərə çatdıra bilir.

6. Oruc tutmağın hikmətlərindən altıncısı.

Oruc nəfsi sındırır (zəiflədir) və nəfsin qürrələnməsi, lovğalanması məhdudlaşır, o dərəcəyə qədər ki, nəfs haqqa qarşı itaətkar, müti olur və məxluqatın qarşısında yumşalır. Çünki, yemək yemək, içmək və qadınlarla cinsi əlaqə-bütün bunlar həyanın getməsinə, təkəbbürlüyə, şöhrətpərəstliyə və digər insanlar və haqq üzərində özünü üstün görməyə səbəb olur. Bu şeylərə olan ehtiyacından dolayı nəfs bu şeyləri əldə etməklə məşğul edir. Beləcə bu şeyləri əldə etməyə nail olduqda, nəfs arzuladığı şeylər üzərində qələbə çaldığı hissini özündə daşıyır və ona görə də özünü xoşbəxt hiss edir və məzəmmət olunan təkəbbürlük hissinə qapılır. Bu da nəfsin həlak olmasının bir səbəbidir. Yalnız Allahın qoruduğu kəslər bundan xilas olur.

7. Oruc tutmağın hikmətlərindən yeddincisi.

Aclıq və susuzluq səbəbindən dolayı qanın keçid yolları darlaşır, nəticə etibarilə insanın bədənində şeytanın keçid yolları həmçinin daha dar olur. Çünki iki səhih hədis kitablarında səhih olaraq rəvayət olunan hədislərdə bildirildiyi kimi, şeytan Adəm oğlunun bədənində qanın axması kimi dövr edir. Ona görə də, oruc tutmaqla şeytanın vəsvəsələri zəifləyir və insanın şəhvət gücü və qəzəbi fəth olunur.

Bu səbəbdən, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur:

"Ey cavanlar toplusu! Evlənməyə imkanı olanlar evlənsin. Çünki evlilik (yad qadınlara) gözlə baxmağın qarşısını alır və cinsiyyət orqanlarını mühafizə edir. Evlənməyə imkanı olmayan oruc tutsun. Həqiqətən oruc tutmaq onun dərmanıdır" (Buxari: 9\ 106\ ? 5065. Müslim: 2\ 1018\ ? 1400).

8. Oruc tutmağın hikmətlərindən səkkizincisi.

Oruc tutmaq nəticəsində insanın səhhətinin sağlamlaşması ilə faydalar hasil olur. Az miqdarda qida qəbul etməklə, müəyyən bir müddət üçün həzm sisteminin dincəlməsinə şərait yaratmaqla buna nail olunur. Bununla da, həzm sistemi bədən üçün zərərli olan artıq maddələri və ifrazatları kənar edir.

Baxın, Allah təalanın hikmətləri necə əzəmətli və necə də genişdir! Onun məxluqatı üçün qoyduğu əmrləri necə də faydalıdır!

Ey Allahım! Sənin dinini başa düşmək üçün bizlərə anlayış (fəhm) bəxş et və Sənin əmrlərinin gizli sirlərini başa düşməyə kömək et. Din və dünya işlərimizi islah et. Bizləri və valideynlərimzi, bütün müsəlmanları Öz rəhmətinlə bağışla, Ey Rəhmlilərin Rəhmlisi!

Və sonda Allahın salamı və xeyir-duası Muhəmmədə sallallahu aleyhi səlləm, onun ailəsinə və onun bütün səhabələrinin üzərinə olsun.

(Salih Useymin)


Tarix: 04.05.2013 / 17:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 511 Bölmə: Ramazan