beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RƏCƏB VƏ ŞABAN

Rəcəb və Şaban ətrini Ramazandan alıb.

Bu aylar xalqın təsəvvüründə "Üç Aylar" kimi şöhrət tapıb. Bunun bəlli bir dəlili olmasa da səhabə arasında çox məşhur olan bir ifadədir. “Üç aylar” dedikdə bir-birinin ardınca gələn qəməri aylardan Rəcəb, Şaban və Ramazan ayları nəzərdə tutulur.
Rəsulullahın bu ayların ilki olan Rəcəb girincə "Allahummə barik ləna fi rəcəbə və şaban və belliğna ramazan" "Allahım Rəcəb və Şabanı bizə bərəkətli et və bizi Ramazana çatdır" deyə dua etdiyi rəvayəti səhihdir.

Ramazanı anladıq, o sahib olduğu bütün bərəkət və müqəddəsliyi ehtiva etdiyi bir hadisəyə görə alıb.
O hadisə nədir?
Təbii ki, Allahın rəhmətinin kəlamı təcəllisi olan vəhyin nazil olması.
Qurandan öyrənirik ki, vəhy məhz Ramazan ayında nazil olmağa başlayıb. Qədr Surəsində Quranın nazil olduğu gecəyə də “Qədr Gecəsi” [Leyletul-Kadr] deyilir.
Bütün bunları yan-yana qoyunca bir nəticəyə varırıq: Quran, Ramazan ayında olan bir gecədə - Qədr Gecəsində nazil edilməyə başlanmışdır. Quranın nazil olduğu gecə sırf buna görə “min aydan” yəni 83 illik bir ömürdən daha xeyirli və bərəkətli bir gecəyə çevrilib.
Niyə?

Çünki Quran endiyi zamana bərəkət qatıb.
Lap yaxşı. Vəhyin məqsədi zamana bərəkət qatmaq, onu min qat dəyərləndirməkdirmi?
Təbii ki, yox. Əlbəttə vəhy insan üçün enib: İnsana bərəkət qatmaq, insanı ucaltmaq, onu mübarək etmək üçün.
Yaxşı, o halda Quran nə üçün vəhyin zamana qatdığı dəyərdən və bərəkətdən danışır?
Bunu anlamayacaq nə var ki? Quran, insana mesaj verir. Barmaq ayı göstərərkən, barmağa deyil, aya baxarlar. Əgər sən də ayələrin [barmağın] göstərdiyi yerə baxsan bunu görərsən:
Ey insan! Endiyi gecəni min aydan daha xeyirli edən, yəni bir gecəni bir ömürə əvəz olan gecəyə çevirən bu vəhy sənin qəlbinə, zehininə, ağılına, həyatına ensə nələr etməz? Bunu bir DÜŞÜN!
Sənə nə xeyir və bərəkətlər qatacağını düşün! Həyatına enən Quranın həyatını necə bərəkətləndirəcəyini, dəyərləndirəcəyini düşün!
Bəli, açıqca aydın oldu ki, Ramazan bütün dəyərini vəhyin məhz onun hakim olduğu zaman enməyə başlamasından alır.
O halda Rəcəb və Şaban dəyərlərini nədən alırlar?
Əlbəttə Ramazana qonşu olmaqlarından.
Gözələ qonşu olan da gözəlləşər. Gül ağacının dibindəki torpaq gül iyi verər. Rəcəb və Şaban gül ağacının dibinin torpağına bənzəyirlər. Bizə gəlib çatan rəvayətlərdən öyrənirik ki: Həzrəti Peyğəmbər Rəcəbdən başlayaraq nafilə oruc və namazlarını daha da çoxaldarmış. Ramazana 15 gün qalmış isə ibadətlərini bir az da artırarmış.

Təbii ki, Həzrəti Peyğəmbərin orucu bədənin nəzarət altına alınıb ruhun azadlığını artırmağı təmin etmək üçün idi. Bu şəkildə ağıl, idrak, təsəvvür daha da aktivləşirdi. Çünki orucun məqsədi düşünən ağlı formalaşdırmaq idi. Beləliklə də insan vəhyə, vəhyin mesajına hazır olacaqdı. Vəhyi sözlərin sultanı olaraq qarşılayacaq və taxta oturdacaqdı. Yəni qəlbin taxtında vəhy oturacaq, əmrləri o verəcəkdi. Əl-ayaq, dil-dodaq, göz-qulaq kimi bədən ölkəsinin əyalətləri də bu əmrlərə itaət edəcək, bu əmrləri icra edəcəkdilər. Beləcə insanın Allaha təslimiyyəti tamamlanacaqdı.
Xalqın “Üç Aylar” adını qoyduğu ayların sirri məhz budur.


Tarix: 06.01.2013 / 15:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 605 Bölmə: Ramazan