Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"QƏDR" SURƏSİNİN QISA TƏFSİRİ

Rəhman və Rəhim olan Allahın adı ilə.
1. Həqiqətən, biz onu (Quranı) Qədr gecəsində nazil etdik.
2. Sən nə bilirsən ki, Qədr gecəsi nədir?
3. Qədr gecəsi min aydan daha xeyirlidir.
4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər.
5. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!


"Qədr" surəsi Quranın sayca 97-ci surəsidir. Əksər təfsirçilərin fikrincə, bu surə Məkkə şəhərində Həzrət Mühəmməd Peyğəmbərə (s) nazil olmuşdur.
"Qədr" surəsini oxumağın savabı barədə bunu demək kifayətdir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Hər kim bu surəni oxusa, ramazan ayında oruc tutmuş və əhya gecəsində oyaq qalıb ibadət etmiş şəxsin savabı qədər savab qazanar". İmam Mühəmməd Baqir (ə) isə belə buyurub: "Qədr" surəsini uca səslə oxuyan adam Allah yolunda qılınc çəkib cihad edən adam qədər savab qazanar. Bu surəni asta səslə oxuyana isə Allah yolunda qanına qəltan olmuş şəxsin savabı qədər savab yazılar".

1-ci ayə: "HƏQİQƏTƏN, BİZ ONU (QURANI)
QƏDR GECƏSİNDƏ NAZİL ETDİK"

"Qədr" surəsini oxuyan hər kəs təbii olaraq aşağıdakı sualla rastlaşa bilər: Məlumdur ki, Qurani-kərim Həzrət Mühəmməd Peyğəmbərə (s) 23 il ərzində hissə-hissə göndərilmiş və peyğəmbərimizin dilindən camaata çatdırılmışdır. Belə isə, Quranın Qədr gecəsində endirilməsi barədə ayə və hədislər nə dərəcədə həqiqətə uyğundur?
Din alimləri bu suala belə cavab vermişlər: Quran Allah-təala tərəfindən iki dəfə endirilmişdir. Bir dəfə Allah Müqəddəs Kitabı bütün hadisələrin qabaqcadan qeyd edildiyi Lövhi-məhfuzdan yer səmasına (yaxud Peyğəmbərin qəlbinə) endirmişdir. Bu zaman Quran bütöv şəkildə, birdəfəlik nazil olmuşdur.
Həzrət Mühəmmədə (s) peyğəmbərlik verildikdən sonra isə Allah-təala öz məsləhəti əsasında Quran ayələrini hissə-hissə (23 il ərzində tədricən) Cəbrail adlı mələk vasitəsilə Ona çatdırmışdır.
Elə Quranın öz mətnində onun iki dəfə endirilməsinə işarələr vardır. Ayələrdə Quranın endirilməsindən danışılarkən, eyni kökdən olan, amma müxtəlif formalı iki söz işdədilir: "inzal" və "tənzil". Məsələn:
"İnna ənzəlnahu fi leylətil-Qədr" ("Biz onu Qədr gecəsində nazil etdik") ("Qədr", 1). "Və nəzzəlnahu tənzila" ("Və onu tənzillə endirdik") ("İsra", 106).
"Tənzilul-kitabi min-Allahil-əzizil-həkim" ("Kitabın (yəni Quranın) tənzillə endirilməsi izzətlə və hikmətli Allah tərəfindəndir") ("Zümər", 1).
Burada "inzal" - Quranın birdəfəlik endirilməsi, "tənzil" isə hissə-hissə göndərilməsi mənalarını verir.
Ən məşhur Quran mütəxəssislərindən sayılan mərhum Əllamə Süyuti "əl-İtqan" kitabında Peyğəmbərdən aşağıdakı hədisi rəvayət etmişdir: "Quran Qədr gecəsində yer səmasına birdəfəlik endirildi. Sonra Allah onu hissə-hissə, lazım bildiyi vaxtlarda öz peyğəmbərinə göndərdi".

2-ci ayə: "SƏN NƏ BİLİRSƏN Kİ, QƏDR GECƏSİ NƏDİR?"

Ramazan ayının hansı gecəsinin Qədr gecəsi olması dəqiq məlum deyil. Müxtəlif hədislərdə ramazanın birinci, 17-ci, 19-cu, 21-ci, 23-cü, 27-ci yaxud 29-cu gecəsinin Qədr gecəsi olduğu bildirilir. Təbəri öz təfsirində yazır: "Ramazan ayında bir gecə var ki, ona "Qədr gecəsi" deyirlər. Bu gecə mələklərin bayramıdır, onların hamısı yerə enir. Cəbrail, Mikail, İsrafil və xeyli başqa mələklər həmin yerə enirlər. Qədr gecəsi Ramazanın 19-cudan 27-ciyə kimi gecələrindən biridir".
"Minhəcüs-sadiqin" təfsirində (Fəthullah Kaşani) isə belə yazılıb: "Fikirlərin ən düzgünü budur ki, Qədr gecəsi ramazanın son on günlüyündədir. Həzrət Əli (ə) rəvayət etmişdir ki, Allahın Rəsulu ramazanın son on gecəsində ailə üzvlərini yuxudan oyadır, onlara deyirdi: "Qədr gecəsini bu on gecənin arasında axtarın".
Müstəhəbdir ki, müsəlmanlar ramazan ayının 19-cudan 27-ciyə kimi bütün tək (qeyri-cüt) gecələrində oyaq qalıb (əhya saxlayıb) ibadət etsinlər. Ən mötəbər hədislərdən məlum olur ki, ramazanın 19, 21 yaxud 23-cü gecələrindən birinin Qədr gecəsi olmasına çox ehtimal var. Hal-hazırda İslam aləmində bu üç gecə ərzində kütləvi ibadət mərasimləri keçirilir.
Qeyd etmək yerinə düşər ki, Qədr gecəsinin dəqiq məlum olmamasının incə bir səbəbi vardır. Məşhur müsəlman alimi əllamə Bəğəvi bunu belə izah edirdi: "Allah Qədr gecəsini müsəlman ümmətindən gizli saxlamışdır ki, müsəlmanlar Ramazan ayının bütün gecələrində Qədr gecəsini görmək ümidi ilə ibadət etsinlər".
Hədislərdə deyildiyinə görə, İmam Cəfər Sadiq (ə) öz səhabələrindən birinə buyurmuşdu ki, Qədr gecəsi ramazanın iki gecəsindən (21 yaxud 23-cü) biridir. Səhabə israrla soruşmuşdu: "Əgər bu gecələrin hər ikisində ibadət etməyə imkanım olmasa, hansını seçim?". İmam yenə konkret cavab verməyib buyurdu: "Məgər ibadət məqsədi ilə ikicə gecə oyaq qalmaq çox çətindirmi?".
Beləliklə, "Qədr" surəsinin 2-ci ayəsində Allah-təala məlum bir həqiqəti bir daha insanlara xatırladır: "Sən nə bilirsən ki, Qədr gecəsi nədir?".
Əvvəla, insan Qədr gecəsinin hansı gecə olduğunu dəqiq bilmir. İkincisi, Qədr gecəsi elə əzəmətlidir ki, insan heç vaxt onun dəyərini lazımınca dərk edə və bu gecəyə məxsus ibadətləri layiqincə yerinə yetirə bilməz.
İslam mənbələrindən məlum olur ki, keçmiş dinlərdə Qədr gecəsi olmamışdır və bu nemət yalnız müsəlmanlara məxsusdur. Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət edilən bir hədisdə buyurulur: "Şübhəsiz, Allah Qədr gecəsini mənim ümmətimə bəxş etmişdir, ondan əvvəlki ümmətlər bu nemətdən məhrum idilər".

3-cü ayə: "QƏDR GECƏSİ MİN AYDAN DAHA XEYİRLİDİR"

Bəzilərinin fikrincə, ayədəki "min ay" ifadəsi sadəcə çoxluq mənası bildirir və konkret məna daşımır. Allah-təala bu ifadə ilə sadəcə olaraq Qədr gecəsinin əzəmətini mübaliğəli şəkildə ifadə etmək istəmişdir. (Müqayisə üçün deyək ki, biz də tez-tez aşağıdakı ifadələri işlədirik: "Sənə min dəfə demişəm ki...", yaxud "min dəfə xeyirli olmaq", "min dəfə təşəkkür etmək" və s. Əlbəttə, biz bu sözlərlə konkret kəmiyyət ifadə etmək istəmirik; məqsədimiz - haqqında danışılan mövzunun əhəmiyyətini yaxud miqdarının çoxluğunu başa salmaqdır).
Lakin bəzi rəvayətlərə görə, ayədəki "min ay" ifadəsi məhz konkret müddət bildirmək üçün göstərilmişdir. Bir gün Peyğəmbər səhabələr üçün qədim dövrlərdə Bəni-İsrail ümmətindən olmuş bir nəfərin (bunun Samson olduğunu yazırlar) əhvalatını danışdı. Həmin adam 80 il ərzində din düşmənləri ilə cihad etmiş və bir gün də olsun, cihaddan yayınmamışdı. Səhabələr bu əhvalatı eşidəndə onun savabına həsəd aparıb dedilər ki, görəsən, biz də belə savab qazana bilərikmi? Peyğəmbər onlara cavab verdi: "Qədr gecəsində yatmayıb ibadət edən şəxsin savabı 1000 ay (80 il) ibadət edənin savabı qədərdir".
Bəzi rəvayətlərdə isə ayədəki "min ay" ifadəsində Bəni-Üməyyə sülaləsinin hakimiyyət müddətinə işarə edildiyi bildirilir. Rəvayətə görə, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) yuxuda görür ki, Onun minbərinə bir-birinin ardınca növbə ilə meymunlar qalxıb-enirlər. Peyğəmbər bu yuxudan xeyli kədərlənir. Cəbrail Allahın əmri ilə Ona yuxunun yozumunu açır, Peyğəmbərin minbərinə növbə ilə qalxıb-enən meymunların Bəni-Üməyyə mənşəli xəlifələrə işarə olduğunu söyləyir. Sonra Allah-təala Peyğəmbərə təskinlik məqsədilə "Qədr" surəsini və "Biz sənə Kövsər bəxş etdik" ("Kövsər", 1) ayəsini vəhy edir. Bu rəvayətə görə, ayədəki min ay Əməvi xəlifələrinin üst-üstə hakimiyyət müddətinə işarədir (bu barədə rəvayətlər üçün bax: "Sünənüt-Tirmizi", "Kitabüt-təfsir" (84-cü töhfə), 3350-ci hədis; İmam Zeynülabidinə məxsus "Səhifətüs-Səccadiyyə"nin müqəddiməsi; Hakim Nişaburi - "əl-Müstədrəkü ələs-Səhiheyn", III, 202-203 (4861-ci hədis) və IV, 649 (8546-ci hədis); Əbu Yəla - "Müsnəd", VI, 63 (6430-cu hədis); İmam Fəxr Razi - "Məfatihül-ğeyb" (Təfsiri-kəbir), XXXII, 31 və XXXII, 134 və başqa mənbələr).
Məsudi "Mürucüz-zəhəb" kitabının III cildində Əməvilərin hakimiyyəti barədə bəhsi sona çatdırdıqdan sonra bu sülalənin hökm sürdüyü müddəti tam ciddiyyətlə hesablayaraq, həqiqə¬tən, düz 1000 ay sürdüyünü bildirir (Məsudi - "Mürucüz-zəhəb", III, 234-235.). Bəzi müasir ta-rixçilər də bu istiqamətdə hesabatlar aparmışlar. İran tədqiqat¬çısı mər¬hum Hüseyn İmadzadə də bir qədər fərqli hesabatlarla eyni nəticəni əldə etmişdir (Hüseyn İmadzadə - "Tarixe-müfəssəle-İslam", s. 361).


4-cü ayə: "O GECƏ MƏLƏKLƏR VƏ RUH (CƏBRAİL) RƏBBİNİN İZNİ İLƏ
HƏR BİR İŞDƏN ÖTRÜ ENƏRLƏR"

"Ruh" kəlməsi altında Allah-təalanın nəyi nəzərdə tutduğu barədə alimlər arasında fikir ayrılığı vardır. Əksər təfsirçilər "ruh"un Cəbraildəndən ibarət olduğunu söyləmişlər. Digər bir nəzəriyyəyə görə, "ruh" - Həzrət Peyğəmbərə göndərilmiş vəhydir. Çünki Quranın daha bir ayəsində vəhy mənası altında "ruh" kəlməsi işlənmişdir: "Sənə də beləcə əmrimizdən olan bir ruh göndərdik" ("Şura", 52). Daha bir nəzəriyyəyə görə, ruh - mələk deyil, ondan fərqli olan tamamilə başqa bir məxluqdur. Islam müqəddəs¬lərindən rəvayət olunan bəzi hədislərdə oxuyuruq ki, ruh - mələklərdən də uca olan bir varlıqdır.
Bu üç nəzəriyyə arasında əvvəlinci nəzəriyyə daha geniş yayılmışdır.
Qədr gecəsində mələklərin və ruhun hansı işlərdən ötrü yerə enmələri barədə təfsirlərdə belə məlumat verilmişdir: Qədr gecəsində insanların gələcək bir illik müqəddəratı təyin olunur, ruziləri bölünür, ömürlərinin müddəti müəyyən edilir. Əlbəttə, bu, İslamın təbliğ etdiyi iradə azadlığı və məsuliyyət inancını rədd etmir. Çünki Allah-təala hər kəsin müqəddəratını onun layiq olduğu şəkildə təyin edir. Hər kəs öz iman, niyyət və əxlaqına uyğun olaraq özünə aqibət qazanır.

5-ci ayə: "O GECƏ DAN YERİ SÖKÜLƏNƏ KİMİ SALAMATLIQDIR"

Allah-təala niyə Qədr gecəsini salamatlıq gecəsi adlandırır? Bu barədə aşağıdakı nəzəriyyələr irəli sürülüb:
a) Qədr gecəsində mələklər və ruh yerə nazil olub, möminlərə Allahın salamını çatdırırlar. Həmin gecə əvvəldən axıra kimi salam və salavatla dolu olduğu üçün, salam gecəsi adlandırılmışdır.
b) Qədr gecəsi Allahın rəhmət və mərhəməti ilə doludur, bu gecədə bəşəriyyətə ən böyük nemət - Quran nazil olub. Hətta bəzi rəvayətlərə görə, Qədr gecəsində şeytan zəncirlənir və möminlərə zərər vura bilmir.
Bu gecəyə niyə "Qədr gecəsi" deyilməsi də maraqlı məsələlərdən biridir. Məlumdur ki, gələcəkdə baş verəcək hadisələrin irəlicədən müəyyən olunması "təqdir" adlanır. Deyirlər ki, Qədr gecəsində gələcək bir ilin hadisələri təqdir olunduğundan, ona eyni kökdən olan ad verilmişdir.
Bəzi alimlərin fikrincə, "Qədr" sözü darlıq və sıxlıq mənalarını ifadə edir. Çünki həmin gecədə yerə o qədər mələk enir ki, onların əlindən darısqallıq hiss olunur.
Bir qrup təfsirçinin rəyincə, bu gecəni yatmayıb ibadət edən hər kəs Allah yanında qədr-qiymət qazandığı üçün ona bu ad verilmişdir.
Bəziləri də demişlər ki, Qədr gecəsi özü qədr-qiymətli olduğuna görə, bu cür adlandırılmışdır. Ayələrin birində də "qədr" sözü məhz bu mənada işlənmişdir: "Onlar Allahın qədrini lazımınca bilmədilər" ("Həcc", 74).
Qədr gecələrinin səhərində bəzi başqa əlamətdar hadisələr də baş verib. Ramazanın 19-da sübh vaxtı Həzrət Əli ibn Əbu Talib (ə) məsciddə namaz qılarkən ölümcül yaralanıb, iki gün yataqda qaldıqdan sonra ramazanın 21-də vəfat edib.


Tarix: 21.11.2012 / 16:20 Müəllif: [Ram] Baxılıb: 1416 Bölmə: Ramazan
loading...