beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sızanaqlara qarşı necə mübarizə aparmaq olar?
Sızanaqlara qarşı necə mübarizə aparmaq olar?

Qara nöqtələr (kamedonlar) və ağ civzələr (iltihablaşmayan) – aknenin ən sadə formalarıdır. Bu problemi kosmetik salonda dərinin təmizlənməsi ilə həll etmək olar (sizin dərinizə hansı təmizləmə üsulunun tətbiq ediləcəyini kosmetoloq müəyyən edir).
Bu halda sizə yalnız bir məsləhət verə bilərik: dərinin təmizlənməsi üçün hər hansı bərbərxanaya və ya ev şəraitində qulluq göstərən şəxslərə deyil, bu sahədə ixtisaslaşmış və tanınmış kosmetoloji klinikaya müraciət edin. Özünüz də heç bir halda üz nahiyənizdə olan nə ağ, nə də irinli sızanaqları sıxmağa cəhd etməyin! Burada yalnız kamedonlar istisna təşkil edir. Onları ev şəraitində, qabaqcadan dərinizi yaxşı təmizləyib və buğa verib, əllərinizi yuyaraq antiseptik maddələrlə sildikdən sonra təmizləmək (sıxmaq) olar.

İrinli sızanaqların müalicəsi daha mürəkkəb olur. Sızanaqları onlar dəridə xeyli çoxaldıqda deyil, əmələ gəlməyə başlayanda müalicə etmək lazımdır. Təkbaşına onları müalicə etmək mümkün olmayacaq və dərinizin vəziyyəti getdikcə daha da pisləşəcəkdir.
İrinli sızanaqların müalicəsi üçün kosmetoloqa deyil, dermatoloqa (və ya dermato-kosmetoloqa) müraciət etmək lazımdır. Həkim sızanaqların əmələ gəlmə səbəblərini aşkar edərək, tələb olunduğu halda sızanağın möhtəviyyatının laborator müayinəsini aparır. Məhz bundan sonra o, xüsusi preparatlardan, ola bilsin ki, antibiotiklərdən də istifadə etməklə fərdi şəkildə müalicə kursu təyin edir. Bəzi hallarda dermatoloq pasienti digər həkimlərin (endokrinoloq, qastroenteroloq, ginekoloq, dietoloq və s.) müayinəsinə də göndərə bilər.
Sızanaqların müalicəsi, xüsusən də onların sayı üzdə çox olduqda, xeyli dərəcədə mürəkkəb və uzun müddət ərzində davam edən proses olub, heç də 100% hallarda tam sağalma ilə nəticələnmir. Bundan başqa, sızanaqlar sağaldıqdan sonra üz dərisində onların yerində xeyli genişlənmiş məsamələr, qırmızı ləkələr və çapıqlar da qalır ki, onlar da müalicə tələb edir. Məhz buna görə, maksimal şəkildə üz dərisində sızanaqların əmələ gəlməsinə imkan verilməməlidir. Bunu necə etmək olar?
Dediyimiz kimi, dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi aknelərin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Beləliklə, əgər siz dərinizin təmiz olmasını istəyirsinizsə, aşağıdakılara əməl etməlisiniz:
- tələbat olmadığı halda əllərinizlə üzünüzə toxunmayın! Üz dərisinə qulluq edilməsi və kosmetik vasitələrin sürtülməsi ancaq əllərin yaxşı-yaxşı yuyulmasından sonra yerinə yetirilə bilər;
- dərinin düzgün şəkildə təmizlənməsini öyrənin. Cinsi yetkinlik dövründə yeniyetmələr öz dərilərinə diqqəti artırmalı, onun təmizlənməsi üçün yağlı və problemli dəri üçün nəzərdə tutulan xüsusi gel və "penkalardan” istifadə etməlidirlər;
- dərinin həddindən artıq yağlanmasına qarşı mübarizədə üzünüzü tez-tez isti su və sabunla yumayın, tərkibində spirt olan tinkturalar, turşular və s. bu kimi vasitələrdən istifadə etməyin. Çünki bu, dəridə piyin ifraz olunmasının daha da artmasına və sızanaqların çoxalmasına səbəb olur;
- heç zaman üzünüzü kosmetikadan təmizləmədən yatmayın;
- dəri tipindən asılı olaraq müəyyən fasilələrlə dərinizi ölmüş hüceyrələrdən təmizləmək üçün skrablardan istifadə edin;
- tələbat yarandıqca kosmetoloqa müraciət edərək, kamedon və civzələrin iltihablaşması təhlükəsindən qurtulmaq üçün dərinizin dərin təmizlənməsini etdirin.


Tarix: 16.04.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 473 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri