Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərinin qidalandırılması

Dərinin düzgün qidalandırılması çox vacibdir. Qidalandırıcı kosmetik vasitələr dərinin dərin təbəqələrinə daxil olaraq onun hüceyrələrinin bərpa olunmasına kömək edir, kollagen və elastin liflərin əmələ gəlməsini stimullaşdırır, dərinin strukturunu yaxşılaşdırır, dəridə qırışların yaranmasının qarşısını alır. Qidalandırıcı kremlər gündüz və gecə kremlərinə bölünür. Yüngül qidalandırıcı gündüz kremləri kosmetika çəkdikdən əvvəl üzə çəkilə bilər. Kremi üzün dərisinə çəkməmişdən əvvəl üzə ilıq nəm dəsmal qoymaq və ya xüsusi termal su çiləmək xeyirli hesab edilir. İlıq, yüngülcə nəmləndirilmiş və zəiflədilmiş dəri kremin tərkibində olan faydalı maddələri daha asanlıqla özünə hopdurur. Qidalandırıcı kremin az bir hissəsi (!) təmizlənmiş üz, boyun və sinə nahiyələrinin dərisinə masaj xətləri üzrə, yüngül dairəvi hərəkətlərlə çəkilir. Qidalandırıcı gecə kremlərini dəriyə yatmamışdan 1,5-2 saat əvvəl çəkirlər. Kremi səhərədək üzün dərisində saxlamaq olmaz! Onun sıx strukturu dəridəki məsamələri bağlayaraq dərinin nəfəs almasına mane olar. Yatmamışdan bir az əvvəl kremin qalıqlarını nəm salfetlə ehtiyatla təmizləmək lazımdır. Yağlı dərini bun-dan sonra ot dəmləməsi və ya mineral su ilə silmək lazımdır.

Kremlərdən savayı, üz üçün qidalandırıcı maskalardan istifadə edilməsi də vacib hesab olunur.

Üz üçün kosmetik maskalar
Üz dərisindəki bir çox problemləri aradan qaldırmaq üçün kosmetik üz maskalarından istifadə edilməsi məsləhət görülür. Üz üçün kosmetik maska seçərkən hazırkı anda dərinizin nəyə daha çox ehtiyacı olduğunu müəyyən etmək lazımdır. işlədilmə məqsədinə görə üz maskalarının aşağıdakı növləri ayırd edilir: təmizləyici maskalar; qabıqtökücü maskalar; ağardıcı maskalar; nəmləndirici maskalar; qidalandırıcı maskalar; cavanlaşdırıcı maskalar.

Qabıqtökücü maskaları çox tez-tez istifadə etmək olmaz. Bu, dərinin qıcıqlanmasına səbəb ola bilər. Ancaq yağlı dərilər üçün bu daha xeyirli hesab edilir. Dəri həddən artıq quru və həssasdırsa, qabıqtökücü maskalardan istifadə edilməsi, ümumiyyətlə, məsləhət görülmür! Qan damarları genişlənməyə meylli olan qadınlara da qabıqtökücü maskalardan istifadə etmək olmaz (qan dövranını stimullaşdırdığı üçün) edilməlidir.

Nəmləndirici maskalar quru dəri üçün çox zəruri hesab edilir. Qidalandırıcı maskalardan istifadə edilməsinə istənilən dəri tiplərində ehtiyac olur.
Kosmetik firmaları tərəfindən buraxılan cavanlaşdırıcı maskalardan yalnız 30 yaşından sonra istifadə etmək olar. Bu maskalar dəri hüceyrələrinin bərpa edilməsini aktivləşdirir, dərinin qocalmasını ləngidir, dəridə olan maddələr mübadiləsini bərpa edir. Belə maskaların tərkibinə vitaminlər, mikroelementlər, antioksidantlar (qocalmaya mane olan maddələr), müalicəvi otların şirələri, bəzi hallarda hormonlar, plasentar kollagen (qoyun plasentasının ekstraktı) və s. maddələr daxildir.

Kosmetika istehsal edən şirkətlər, geniş çeşiddə olmaqla, istənilən dəri tipində istifadə edilə bilən maskalar təklif edirlər. Ev şəraitində də kifayət qədər effektli maskalar (maskaların reseptlərini “Müxtəlif dəri tiplərinə qulluq edilməsinin
xüsusiyyətləri” bölməsində tapa bilərsiniz) hazırla-maq olar. Növbələşdirməklə nəmləndirici və qidalandırıcı maskaları həftədə 2-3 dəfə tətbiq etmək olar. Maskaları bundan az hallarda olmaqla istifadə etdikdə, onlardan arzu olunan effekti almaq olmur. Maskalardan daha tez-tez istifadə etdikdə isə bu, dərinin qıcıqlanmasına və zəifləməsinə səbəb ola bilər. Yaddan çıxarmaq olmaz ki, istənilən kosmetik vasitələr kimi, maskaları da sizin dərinizin tipinə uyğun olmaqla seçmək lazımdır.

Dərinizdə sızanaq və civzələr varsa, maskalardan (təmizləyici maskalardan savayı) istifadə etməyin – əvvəlcə onları müalicə edin!
Üz dərisində tüklərin artıq şəkildə inkişaf etməsi və onun səthində xeyli genişlənmiş damarların olması hallarında, maskaların tətbiq edilməsi əks-göstəriş hesab edilir!

istənilən maskanı üzə çəkməkdən qabaq dərini diqqətlə təmizləmək vacib hesab edilir. Buxar vannası, duş və skrabla təmizlənmədən sonra dəriyə sürtülmüş maskalar çox yaxşı effekt verir. İlıq və azca nəm olan dəri özünə lazım olan bütün maddələri maskanın tərkibindən ala bilir.
Maskanı dəriyə masaj xətləri üzrə çəkmək lazımdır. Maskanı dəriyə kiçik fırça, süngər (“qubka”), pambıq tampon və ya əl ilə sürtmək olar. Yadda saxlamaq lazımdır ki, dəriyə maska çəkmək üçün istifadə edilən hər bir əşya (və ya əl) mütləq çox təmiz və ya birdəfəlik olmalıdır!
Əgər sizin dəriniz həssasdır və siz hər hansı bir maskanı ilk dəfə olaraq tətbiq edirsinizsə, dərinizin bu maskaya olan həssaslığını yoxlayın. Bu məqsədlə az miqdarda maska kütləsini dərinizin kiçik bir hissəsinə (məsələn, qulağınızın arx-asına, dirsək büküşünə) sürtün. Bir müddət keçdikdən sonra bu hissədə səpgilər, qızartı, qaşınma baş verərsə, belə maskadan imtina edin.
Üz dərisi üçün nəzərdə tutulan maskaları gözlər və dodaqlar ətraflarına, dodaqlara, qalxanvarı zonasında çəkmək olmaz. Bəzən maskanı gözlər. dodaqlar və burun üçün xüsusi dəliklər açılmış tənziflərlə edirlər. Maska edərkən yumulmuş göz qapaqlarının üzərinə nazik şəkildə kəsilmiş xiyar, ot dəmləməsi, yaşıl və ya qara çayla isladılmış pambıq tamponlar qoymaq olar.
Maskaların təsir müddəti 20-30 dəqiqəyədək davam edir. Maskanı üz dərisində bundan artıq müddətdə saxladıqda o, dərinin şişkinləşməsinə, qıcıqlanmasına, dartılmasına və digər fəsadlara səbəb ola bilər. Üzün dərisinə maska çəkdikdən sonra rahat uzanın (üzün dərisi hərəkətsiz olmalıdır).
Maskanı adətən ilıq su ilə yuduqdan sonra dərinizi lasyonla və ya toniklə silərək, sonra dəri tipinizə uyğun qidalandırıcı və ya nəmləndirici (dərinizin vəziyyətindən asılı olaraq) krem çəkmək lazımdır.

Üz maskasını axşam, yatmamışdan əvvəl etmək daha xeyirli hesab olunur. Əgər maska ev şəraitində hazırlanacaqsa, onu bilavasitə işlədilməsindən əvvəl hazırlamaq və tez bir zamanda da istifadə etmək məsləhət görülür.


Tarix: 24.12.2012 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 658 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...