beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl görünmək istəyirsinizsə...

Bu günün və qarşıdan gələn fəslin dəb tendensiyaları ilə maraqlanırsız? Elə isə bu məsləhətlər məhz sizin üçündür. Lakin unutmayın ki, dəbin dalınca qaçmaq yox, onu sadəcə, izləmək lazımdır.

Rəng. Payız-yaz qarderobunuzu şokolad rəngli geyimlərdən təşkil etsəniz yanılmazsınız. Makiyajda da ötən il dəbdə olan açıq tonlardan fərqli olaraq tünd qəhvəyi rənglər ön plandadır. Ancaq şokoladın qəhvəyidən başqa ağ və qara rənglərdə də ola biləcəyini unutmayın. Qaranın və şəvənin rəngləri paltarlarda da öz yerini heç bir rəngə vermir. Qəhvəyi, ağ və qara rəngdə olan paltarlar bir-birləri ilə ideal şəkildə uyğunlaşaraq mövsümdə baş yerdə dayanırlar.
Klassika. Klassika dedikdə gözümüzün önündə aydın mənzərə açılır: kişi pencəkləri, düz şalvarlar, dizə qədər dar ətəklər, nazik və dar koftalar, sadə köynəklər. Bütün bunlar sadə və əlavə parıltısı olmayan əşyalardır. Bu mövsümdə dizaynerlərin üstünlük verdikləri stil ötən əsrin 40-cı və 70-ci illərinin klassikasıdır. Bizneslə məşğul olan xanımların stilini qalstuk, yaylıq və yaxud boyuna yüngülcə bağlanmış şnur ideal şəkildə tamamlayır.
Üst geyimi. Hələ qışın bitməsinə xeyli var. Ona görə də üst geyimini də nəzərdən qaçırmayın. Palto həmişə olduğu kimi liderdir. Beldən kəsməli, dizə qədər və yaxud daha uzun, xəzlə işlənmiş, yaxalıqlı, iri düyməli paltolar ən çox dəbdə olanlardır. Maddi vəziyyətiniz imkan verirsə, xəzdən də uzaq qaçmayın. Çox bahalı olsa da təbii xəzlər daha yaxşıdır. Xəzin rənglənməsi yolverilməzdir. O, öz təbii rəngində olmalıdır. Amma bu rəng sizin xoşunuza gəlməyə bilər. Onda xəzi unudun. Çünki rənglənmiş xəzdə zövqsüz görünəcəksiniz.
Dəri. Yazın ölkəmizdə çox isti keçmədiyini unutmayın. Dəridən həm üst geyimlərində, həm gecə paltarlarında, həm də çəkmə və ayaqqabılarda istifadə edə bilərsiniz. Dərinin işlənmiş əks tərəfi - zamş da bü mövsüm çox dəbdədir.
Trikotaj. Əllə toxunmuş geyimlərə tələbat bu gün də var. Rahat jaketlər, kiçik deşikli papaqlar, uzun şarflar, panço, ətək, palto, kostyumlar toxunma olduqda çox xoşa gəlir. Bu ən çox 70-ci illərin ruhunu xatırladır. Sadə toxunmuş əşyaların üzərinə qeyri-adi bəzəklər və aplikasiyalar əlavə etmək daha münasibdir.
Cins. Yenə də cins! Bu gün o, göy, qara və yaxud boz rəngdədir. Bəzi yerləri tamamilə sürtülmüş olsa, dəblə tam ayaqlaşarsınız. Dar cins, idman köynəyi, klassik palto, dar yubka - münasib, komfortlu, işgüzar, bəzəkli, sadə və avanqard... Burda hər şey var.
Milli motivlər geyimi gözəlləşdirən əvəzsiz çalardır. Bunu hər kəs öz zövqü ilə seçə bilər. Enli ətək, dar köynək, enli qol nə qədər bəzəklidirsə, o qədər də milli çalarlara malikdir.
Şərq. Dəbin ən vacib tendensiyalarının ardınca şərq stili gəlir. Kimanonu xatırladan paltarlar, uzun jaketlər, dar şalvar şərq stilinin əsas atributlarıdır. Belinizə enli kəmər bağlamaqla stilin pik həddinə çata bilərsiniz.
Etiraf etmək lazımdır ki, geyim seçərkən bədən quruluşumuzun çatışmayan cəhətləri bizi çox əsəbiləşdirir. Lakin bu çatışmazlıqları gizlətmək olar. İdeal bədən quruluşu naminə hər cür əziyyətə qatlaşmaq lazımdır. Ancaq çox vaxt tənbəllik bu yolda bizə mane olur. Bu zaman köməyimizə eyibləri örtə bilcək geyim gəlir.
Enli bud ən geniş yayılmış problemdir. Hətta çox arıq və hündür qadınlar da tez-tez bu problemlə qarşılaşırlar. Lakin qulaq kimi kənara çıxan qalifeni geyimin köməyi ilə asanlıqla gizlətmək olar.
Variant 1 (eleqant). Bədəninizə sərbəst oturan uzun, düz ətək və ondan bir neçə ton açıq olan eyni çalarda trikotaj kofta ikilisi. Bu cür geyim forması nəinki qalifeni, həm də sinəni korrektə edə bilər.
Variant 2 (bəzəkli). Topuğa qədər olan açıq rəngli rahat şalvar və hər iki yandan kəsikləri olan tünd rəngli uzun koftadan ibarət geyim ayaqlarda olan bütün problemləri gizlədir.
Variant 3 (idman). Çəkinmədən dar cins və ağ vodolazka geyinin. Enli qalifeni isə qollarını belinizə bağlayacağınız trikotaj sviter örtəcək.
Enli çiyinlər. Əgər siz hələ də enli çiyinləriniz və dolu qollarınız üçün narahatlıq keçirirsinizsə, onda Hollivud ulduzlarına baxın. Nə enli çiyinlər, nə tökülən qollar ensiz bretelkalı paltarlar geyinməyə mane olmur. Lakin siz bunu özünüzə sığışdırmırsınızsa, o zaman zərif parçadan tikilmiş enli qollu kofta geyinin.
Sinə. Geniş köynəklər və trikotaj koftalar geyinməyin. Onlar sinəni daha da böyük göstərir. Yaxşısı budur ki, kip paltarlara keçin. Məsələn, dar və qısa topikin üstündən yarım şəffaf köynək geyinə bilərsiniz. Tünd rəngli vodolazka və eyni çalarlı pencək də bu hal üçün uyğundur.
Balaca boy. Eyni parçadan tikilmiş şalvarlı dəst bu hal üçün ən yaxşı vasitədir. Şalvar nə dar, nə də geniş olmalıdır. Bundan başqa şalvarı qısa ətək ilə də əvəz etmək olar. Bu cür geyim sizi xeyli hündür göstərə bilər.
Köklük. Piy qatlarınız sizə mane olursa, uzun jaketlərə üstünlük verin. Bununla qarın və bud nahiyənizdəki bütün eyibləri örtərsiniz. Üstəlik boyunuz da balacadırsa, bu jaketləri bədənə yapışmayan dar şalvarla geyinə bilərsiniz. Boyunuz hündürdürsə enli və nazik parçadan olan şalvarlara keçin.
Quruluşsuz bel. Belinizin incəliyi tamamilə itibsə bu hissədən kəsməli olan bütün geyimləri unudun. Bir qədər sıx və düz paltarlar sizinçün çox uyğundur. Tünd rəngli şalvarları bu şəkildə uzun koftalarla geyinmək də sizə yaraşar.
Saç qadının gözəlliyidir. Gündəlik həyatda "çolka" dediyimiz kəkillər isə bu il saç dəbinin ən əsas tendensiyasıdır. Yaşı bir qədər artmış qadınlar üçünsə bu əvəzsiz gözəllik vasitəsidir. Axı üzə tökülmüş saç alındakı qırışları örtmək üçün ideal vasitədir. Üstəlik kəkillə saçın quruluşunu da korrektə etmək olar. Elə qadınlar var ki, onları ümumiyyətlə kəkilsiz təsəvvür etmək olmur. Mənə elə gəlir ki, hər qadın ömründə bir dəfə də olsun saçının qabağını kəsib. Hər şey üzə tökülən seyrək tüklərdən başlayır, daha sonra isə sıx kəkillə əvəz olunur. Dəblə ayaqlaşmaq istəyirsinizsə, qayçını götürüb güzgünün qabağına keçin... Yox, ən yaxşısı mütəxəssisə müraciət edin. Sıx, düzgün sərhədə malik qaşlara qədər uzanan və onları örtən, qısa və seyrək, bir tərəfə yönələrək gözün üstünə tökülən saçlar bu ilin dəbinin əsas istiqamətləridir. Ancaq hansısa istiqaməti seçərkən fikirləşin ki, bu hər üzə yaraşa bilməz. Əgər sizin alnınız qısadırsa, kəkili tamamilə unudun. Əgər çox istəyirsinizsə, seyrək və anlaşılmaz sonluqlu kəkillərlə kifayətlənin. Bu çolka enli sifətlər üçün də uyğundur. İri üz cizgilərinə malik olan xanımlara sıx və qalın kəkil uyğun gəlir. Yana daranmış kəkil isə hamıya yaraşır.
Makiyaj geiymi və saçı tamamlayan aksesuar olmaqla yanaşı, həm də qadınlığa xas amildir. Azərbaycanda hələ çox qədim zamanlarda da ənlik, kirşan, sürmədən istifadə olunub. Makiyajın əsas məqsədi üzə təravət və rəng verməkdir. Lakin dəb bu sahədə də öz işini görür. Dizaynerlər barmaqla sayıla biləcək makiyaj elementlərini hər il bir şəklə salırlar. Bu ilin yaz mövsümünə gəldikdə, qlobal dəyişikliklərin olduğunu söyləmək olmaz. Tendensiyaları üç əsas istiqamətə ayırmaq olar: parlaq göz və açıq dodaq, açıq göz və parlaq dodaq, sadə və təbii makiyaj. Seçim həmişə olduğu kimi, bu dəfə də öz ixtiyarınızdadır. Lakin bəzi standart tələblər burada da mövcuddur. Bu mövsümdə dəri məxməri olmalıdır, yəni bir qədər quru və parıltısız. Parıltını isə yalnız bir tərəfə yönəldə bilərsiniz: ya gözlərə, ya da dodağa. Birgə parıltı dəbdən kənar olduğu qədər, makiyaj qaydalarına da uyğun deyil. Daimi istifadə üçün vacib olan göz kölgələrində boz rəng liderdir. Bundan başqa bütün tünd çalarlardan istifadə edə bilərsiniz. Aydın sərhədləri unudun.
Göz makiyajı sanki bir qədər yayılmış kimi görünməlidir. Bu effekti əldə etmək üçün kölgəni təkcə üst yox, həm də alt göz qapağına çəkmək lazımdır. Sıx, qara rəngli kirpiklər göz makiyajını tamamlayaraq onları daha da parlaq və cazibədar edir. Parlaq dodaqlar. Qırmızı, moruğu, gilənar rənginin bütün çalarlarından istifadə etmək olar. Boyanı dodağı heç bir haşiyəyə almadan, duru parıltı ilə tamamlayaraq çəkə bilərsiniz. Neytral makiyaj kosmetikanın, ümumiyyətlə, mövcud olmaması demək deyil. Gözün və dodağın vizajını eyni rəngli açıq çalarla həyata keçirin. Bu çəhrayı, yaxud dəri rəngli kosmetik vasitələr ola bilər. Üzün quruluşunu göstərmək üçün yanağa ənlik çəkmək olar.


Tarix: 29.12.2012 / 17:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 903 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri