beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzün dərisinə gündəlik ümumi qulluq qaydaları

Üzə Qulluq
Dərinin quruluşu
İnsanın dərisi 3 qatdan ibarətdir: epidermis, derma (dərinin özü), dərialtı piy toxuması. Ətraf mühitin təsirinə bilavasitə məruz qalan xarici qat epidermis adlanır. Bu qatın qalınlığı təxminən 0,3-1 mm-dir. Ən nazik epidermis qatı göz qapaqlarında, ən qalın epidermis qatı isə əllərin iç və ayaqların alt səthində olur.

Epidermis özü də bir neçə təbəqədən ibarətdir. Aşağı qatın hüceyrələri daimi olaraq bölünürlər və yuxarıya tərəf hərəkət edirlər; müəyyən müddətdən sonra bu hüceyrələr ölərək dərinin üst qatından kiçicik pulcuqlar şəklində laybalay xaric olurlar. Dərini bir qədər sürtərək ona mikroskop altında baxdıqda, onun səthindən qopub xaric olan kiçik tozcuqları görmək olar – bunlar məhz ölmüş hüceyrələrdir. Dəri səthində olan bu ölmüş hüceyrələr dərinin tam şəkildə nəfəs almasına, həmçinin kremlərin, maska və s. bu kimi vasitələrin tərkibində olan faydalı maddələrin dəriyə daxil olmasına mane olur. Məhz buna görə, vaxtaşırı olaraq ölmüş hüceyrələri dəri səthindən xaric etmək üçün skrab və ya pilinqdən istifadə etmək lazımdır. Bu bir növ dərinin əsaslı şəkildə təmizlənməsidir.
Epidermis hüceyrələrinin tam şəkildə yenilənməsi 26-28 gün ərzində baş verir. Buna görə də dəriyə qulluq edilməsi üçün istifadə edilən kosmetoloji vasitələrin

(kremlər, maskalar və s.) effekti də çox tez olmur. Bu effekt yalnız köhnə dəri hüceyrələri müalicəvi tərkiblərin təsirinə məruz qalan yeni hüceyrələrlə tam şəkildə əvəz olunandan sonra (yəni 1 aydan sonra) baş verəcəkdir.
Alimlər müəyyən etmişlər ki, dərinin qocalması prosesi cinsi yetkinlikdən sonra başlayır. Məhz buna görə, dəriyə daimi olaraq düzgün qulluq edilməsinə 17-18 yaşlarından başlamaq lazımdır ki, o da cavan və sağlam qalsın. 25-30 yaşlarından sonra dərinin qocalması sürətləndiyi üçün, xüsusi vasitələrdən (cavanlaşdırıcı kremlər, maskalar, masaj, xüsusi gimnastika və s.) istifadə edilməsi vacib hesab edilir.

Derma (dərinin özü) – dərinin daha qalın qatıdır (2,5 mm-dək). Derma bir-biri ilə çarpazlaşaraq özünəməxsus karkas (tor) əmələ gətirən zülal tərkibli kollagen və elastin liflərdən ibarətdir ki, bizim dərimiz sanki onun üzərinə “dartılmışdır”. Dərinin tarım və elastik və ya qırışıq və cansız olması da məhz bu liflərin vəziyyətindən asılı olur. Kollagen liflər nəmliyi həm özlərinə hopdurur, həm də toplayırlar. Onlarda nəmlilik nə qədər çox toplanırsa, bizim dərimiz də o qədər hamar və elastik görünür.
Derma qatının ikinci vacib vəzifəsi – epidermisin oksigen və qida maddələri ilə (vitaminlər, zülallar, mineral maddələr, mikroelementlər və amin turşuları) təmin edilməsidir. Epidermis qatının özündə qan damarları olmur. Derma qatı isə çoxlu sayda xırda kapilyarlarla zəngin olduğu üçün qida maddələri ilə yaxşı təmin edilir. Epidermis və derma qatları bir-biri ilə sıx şəkildə əlaqəlidirlər. Ancaq insan orqanizminin qocalması ilə bu əlaqə getdikcə zəifləməyə başlayır. Bunun nəticəsində epidermis qatı getdikcə daha az miqdarda oksigen və qida maddələri alır ki, bu səbəbdən də insanın dərisi qocalır.

Dəri tipləri
Su-yağ balansının vəziyyətindən asılı olaraq insanların üz dərisinin aşağıdakı tipləri ayrıd edilir: normal dəri; quru dəri; yağlı dəri; qarışıq dəri. İnsan öz dəri tipini necə ayırd edə bilər? Bunun üçün aşağıdakıları etmək lazımdır:
Kosmetik süddən istifadə etməklə üzünüzü yuyun.
Bir saat gözləyin.
Diqqət yetirin ki, dərinizdə dartılma hissiyyatı varmı?
Bir neçə ədəd nazik kağız (məsələn, siqaret kağızı) parçası götürərək onları dərinizin müxtəlif hissələrinə (çənə, yanaqlar, alın, burun) sıxın.
Daha sonra bu kağız parçasını işığa tutaraq onun üzərində yağlılıq izlərinin olub-olmamasına diqqət yetirin.
Əgər bütün kağız parçalarında yağ izləri olarsa, demək, sizin dəriniz yağlı dəri tipinə, əgər yağ izləri yalnız alın, burun və çənəyə qoyulmuş vərəqlərdə olarsa, sizin dəriniz qarışıq dəri tipinə, əgər yağ izləri heç bir kağız parçalarında olmazsa, sizin dəriniz normal dəri tipinə, əgər dərinizdə onun dartılması hissiyyatı olarsa, sizin dəriniz quru dəri tipinə aid edilir.

Üzün dərisinə gündəlik ümumi qulluq qaydaları
Təxminən 17-18 yaşlarından etibarən dəriyə müntəzəm və düzgün şəkildə qulluq etmək lazımdır. Bu dərinin gözəlliyini və cavanlığını uzun müddət ərzində qorumağa imkan verir.
İlk növbədə dəriyə zərif şəkildə “rəftar etməni” öyrənmək vacib hesab edilir. Kosmetik vasitələri dəriyə yüngül və yumşaq toxunuşlarla, dərini dartmadan və çox sıxmadan çəkmək lazımdır. Müvafiq tələbat olmadan dərinizə toxunmamağa, kosmetik krem, maska və digər vasitələri yalnız əllərinizi yaxşı-yaxşı yuduqdan sonra dərinizə çəkməyə adət etməyə çalışın!
Dəriyə gündəlik qulluq edilməsi aşağıdakı mərhələlərdən ibarətdir: dərinin təmizlənməsi; dərinin nəmləndirilməsi; dərinin tonuslandırılması; dərinin qidalandırılması; dərinin qorunması.

I. Dərinin təmizlənməsi
Gündəlik təmizlənmə
Dərinin təmizlənməsi gündəlik (ilkin və ya səthi) və dərin olmaqla aparılır. Mənzillərimizdə gündəlik istifadə etdiyimiz su üzün dərisi üçün o qədər də xeyirli deyil. Onun tərkibində olan xlor və mineral duzlar dərinin qurumasına səbəb olur. Ən başlıcası isə odur ki, bu maddələr dəridəki tər və piy vəzilərinin ifraz etdiyi maddələrlə kimyəvi reaksiyaya girərək onların axarlarının bağlanmasına səbəb olur. Üzünüzü yalnız içməli (butulkalarda satılan) və mineral (qazsız) sularla yumağa çalışın (əlacsız qaldıqda – qaynanmış sudan istifadə edin). Üzünüzü sərin su ilə (otaq temperaturundan artıq olmayan) yumaq daha yaxşı hesab olunur. Yalnız yağlı dərisi olan insanlar istisna təşkil edirlər. Belə dərisi olanlar üzlərini əvvəlcə ilıq su ilə yumalı, daha sonra isə nisbətən sərin su ilə yaxalamalıdırlar.
Sabunla yumağa gəldikdə isə, kosmetoloqların ümumi rəyinə əsasən, dərinin tipindən asılı olmayaraq, üz dərisinin sabunla yuyulması, ümumiyyətlə, məsləhət görülmür. Sabun əvəzinə xüsusi gel və xüsusi köpüklənən vasitələrdən (“penka”) istifadə etmək daha məqsədəuyğun hesab edilir. Mütəxəssislər tərəfindən hər dəri tipi üçün xüsusi gel və köpüklənən vasitələr hazırlanmışdır. Hər bir şəxs yalnız öz dəri tipinə uyğun olan vasitələrdən istifadə etməlidir! Üzün dərisini gün ərzində 1 dəfədən artıq olmayaraq – səhərlər su ilə yumaq məsləhət görülür (yağlı dəri istisna olmaqla – bu dərini gündə 2 dəfə su ilə yumaq olar).

Hər səhər dərinin gündəlik təmizlənməsindən sonra onu soyuducunun buz qabında hazırlanmış, kub şəklində olan buz parçası ilə ehtiyatla sürtmək olar. Bu, dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək qırışların hamarlanmasına, üz dərisinin gözəl
rəng almasına, yanaqların təbii olaraq qızarmasına səbəb olur. Bu zaman adi buz parçasından savayı, müxtəlif ot dəmləmələrinin dondurulması ilə hazırlanan buz parçalarından da (kosmetik buz) istifadə etmək olar. Çobanyastığı, nanə (yarpız), üçbarmaq (pişikdili), boymadərən (qanotu), adaçayı, cökə ağacının çiçəyi, qızıl gül ləçəklərindən və ya bu bitkilərin müxtəlif cür qarışıqlarından hazırlanmış dəmləmələr daha yaxşı effekt verir. Bir və ya bir neçə bitki qarışığından ibarət olmaqla, bir xörək qaşığı ot götürərək onu termosda 1 stəkan qaynar su əlavə edib dəmləyin. Bu dəmləməni 30 dəqiqə saxladıqdan sonra soyudun, süzün və soyuducunun buz hazırlanan qabına tökün. Dəmləmə üçün ya qaynadılmış sudan, ya butulkalarda satılan içməli sudan, ya da qazsız mineral sudan istifadə etmək lazımdır. Dərinin həddindən artıq soyumaması üçün üzün “buzla yuyulması” 2-3 dəqiqədən artıq olmamalıdır. Buz parçasını üzün dərisinə yalnız masaj xətləri üzrə (bax. şəklə) və ehtiyatla sürtmək lazımdır. Üzün “buzla yuyulmasından” yağlı və problemli, çox quru və həssas dərilərdə istifadə etmək olmaz!

Dərinin axşam təmizlənməsi və kosmetikadan azad edilməsi üçün adi sudan yox, kosmetik “süddən” istifadə edilməsi daha məqsədəuyğun hesab edilir. Təmizləyici maddəni 2 dəqiqə ərzində üz, boyun və sinə nahiyələrinə barmaqların ucu ilə yüngülcə masaj hərəkətləri etməklə sürtmək lazımdır. Sonra təmizləyici maddəni dəridən xaric etmək üçün ilıq suda isladılmış xüsusi süngər (“sponj”), birdəfəlik pam-bıq disklərindən və ya ilıq kompreslərdən istifadə edirlər. Lazım olan hallarda təmizləyici maddəni dəriyə təkrarən 2-ci dəfə də sürtmək olar.


Tarix: 24.12.2012 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 781 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri