Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadin komplekslərinin xarekterizə edilməsi

[b]Kompleks- mənfi emosiyalarla, yarımçıq xatirələrlə və dumanlı meyllərlə əks olunan bir qrup davranışlar sistemidir ki, qeyri-ixtiyari insan şəxsiyyətinin daxili strukturunu formalaşdırır. Xarici struktur ilə daxili struktur heç də hər zaman bir-birinə uyğun olmur.

Psixoloqların fikrincə, bizim alt şüurumuzda qorxu, cəza, günah hissi kimi hallar formalaşır. Onların formalaşması zamanı aldığımız yanlış təəssüratlar, psixoloji travmalar bu hallarla sonradan qarşılaşdığımız zaman bizdə kompleksli davranış reaksiyaları yaradır. Həmin reaksiyalar cəmiyyət tərəfindən birmənalı qarşılanmadıqda bizdə mənfi hisslər yaranır. Cəmiyyətdə bu cür insanları “kompleksləri var” adı ilə xarakterizə edirlər. Erkən yaşda formalaşan bu komplekslər xarakteri, şəxsiyyətlərarası münasibətləri, emosional və iradi sferanı müəyyən edir. Bu cür psixoloji elementlər isə narahatedici və ya xəstəliyə çevriləcək simptomlara çevrilir. Bu cür transformasiyalar isə cinsi münasibətlərdə, adi həyatda, meyllərdə və düşüncə tərzində çərçivələnmiş yanaşmalara yol açır.

Kompleksin də bir neçə növü vardır ki, o da sizin hansı xarakterdə insan olduğunuzu göstərər. Elə isə baxaq görək, kim hansı kompleksə malikdir:

Alisa kompleksi – Luis Kerolun “Alisa möcüzələr ölkəsində” əsərində baş qəhrəman olan qızcığaz balaca dovşanın arxasınca düşərək nağıllar dünyasına düşür. Psixologiyada bu tip insanları reallıqdan qaçan, xəyallarının abstrakt xarakter daşıdığı düşüncəyə və həyat mövqeyinə sahib xanımlara aid edirlər.
Onlar insanları ideallaşdırır, sevdikləri şəxslərin qüsurlu tərəflərini görməməyə çalışırlar. Yalnız öz arzuları üçün yaşayır, başqalarının arzu və istəkləri onlar üçün qəbuledilməzdir. O, öz xəyallarında yaxşı ana, həyat yoldaşı, bacı ola bilər, lakin bu reallıqdan kənar da ola bilər. Kişilərdə bu, Don Kixot kompleksi hesab edilir.

Amazonka kompleksi – kişilərə və onların üstün tərəflərinə qarşı gizli nifrət hissi ilə yaşayan qadınlarda özünü göstərir. Onlar kişilərdən yalnız vasitə kimi istifadə edirlər. Bir insan kimi kişilər onları maraqlandırmır. Kişilər onlar üçün sevgili, uşaqlarının atası, kaşelyokdakı pulun mənbəyi ola bilər, ancaq əsla dost, sirdaş deyildir. Belə qadınlar öz gözəlliklərindən, cazibələrindən kişilərin müəyyən zəifliklərinə qarşı məharətlə istifadə edirlər. Sonda belə qadınların ən böyük arzusu gərəkli məbləğ ilə qocalıq həyatını rahat yaşamaqdır. Belə qadınlar oğlanlarına qarşı da laqeyd münasibətdə olurlar. Maddi cəhətdən heç bir kişidən asılı olmamağı hər şeydən üstün tuturlar.

Uşaqlıq kompleksi – müstəqil həyatda cavabdehlik daşımaqdan və reallıqdakı çətinliklərdən qaçmaqdan ötrü uşaqlıq aləmində gizlənməyə çalışmaq. Bu daha çox uşaqlıq dövründə əzizlənən tək və ya axırıncı uşaqlarda müşahidə edilir. Ailənin balaca “möcüzəsi”, “dahisi” real aləmdə bu cür adlandırılmadıqda, tənqid edildikdə uşaqlıq aləminə qapılmağa çalışır. Bu tip insanlar sərbəst şəkildə öz ailələrini qurmaqda, saxlamaqda və onu idarə etməkdə çətinlik çəkirlər. Onlar ailəni idarə edə bilməməklə yanaşı idarə olunmaqdan da qaçırlar. Bu da onlara rəhbərlik altında işləməkdə maneçilik yaradır.

Diana kompleksi – özlərini toxunulmazlıq, təmizlik kodeksini özündə əks etdirən xanımlardan hesab edirlər. Bir qədər Allahlıq iddiası fikirləri ilə yaşayırlar. Əks cinsin nümayəndələri ilə danışmaq, söhbət etmək onlar üçün böyük günah deməkdir. Onlar daha çox yaxınlarının uşaqlarını öz himayəsinə götürürlər. Uşaqları daha çox sevir, onlara bağlanırlar. Lakin bu, onların öz uşaqları olmur. Onlar öz uşaqlarına sahib olmaq üçün əks cinsə möhtaclıq hissi keçirsələr belə, bunu əsla qəbul etmirlər.

Qurban kompleksi – öz uğursuzluqlarının, tənbəlliyinin, eqoizminin səbəblərini kənardakılardan qaynaqlandığını iddia edən qadın tiplərindəndir. Onun həyatında baş verən uğursuzluqların səbəbkarları başqalarıdır: valideynləri, müəllimləri, yoldaşları, əri, uşaqları və s. Onlar daim günahlandırır, nəsihət verirlər. Lakin heç vaxt özləri nümunə göstərəcək hərəkətə sahib olmurlar. Asanlıqla günahı başqalarının üzərinə atır və bundan vicdan əzabı çəkmirlər. Həmçinin onların uşaqları hər hansı səhvə yol veriblərsə, bunun da səbəbini öz uşaqlarında deyil kənar şəxslərdən birində görəcəklər.

Zoluşka kompleksi – passiv şəkildə emosional və mənəvi bağlılıq axtarırlar. Daim buludlarda gəzir, böyük fantaziyalarla həyatını qurmağa çalışırlar. Əslində cəsarətsiz, qəlbən tez inciyən, olduqca kövrək olurlar. Real həyat onlar üçün darıxdırıcı, boz görünür. Qlamur tərzə üstünlük verir, son model olsa da, onu geyinməyə çalışırlar. Onlar düşünürlər ki, əgər bir gün həyatlarının şahzadəsi ilə qarşılaşarlarsa, o zaman ən yüksək tərzdə görünməlidirlər.Ən acı hal isə belə insan ilə qarşılaşdıqları zaman bəyənilməmək kompleksi yaşayırlar və bunun üçün heç bir ciddi addım atmırlar

İokasta kompleksi – ananın öz oğluna hədsiz dərəcədə bağlılığı. Ana öz oğlunu ataya, gəlininə, qayınanaya, bir sözlə ətrafdakı bütün insanlara qısqanır. Oğul daim onun yanında olmalıdır. Daim oğlanlarını hər şeydən qorumağa çalışır, himayədarlıq edirlər. Oğlunun öz istəkləri, arzuları ananın planına daxil deyil. Bu cür ailələrdə hər iki tərəf üçün ağır olur. Bu cür anaya sahib olan oğlanlar sui-qəsdə meylli olurlar.

Kapyuşka kompleksi – məqsədsiz, həyata qarşı maraqsız həyat tərzini üstün tutan qadın tiplərinə aiddir. Onun üçün ən yaxşısını ailəsi – valideynləri bilir və edir. Onun üçün həyat yoldaşını valideynlər seçir, sonra onun həyatını ya əri, ya da qayınanası, daha sonra da övladları idarə edir. Bax beləcə onun ömrü keçir. Onun intellektinin və ya ağlının olmasına şübhə yoxdur. Sadəcə o bütün bunlarda məna görmür, ya da öz arzularını sərbəst həyata keçirməyə cəsarət etmir. O, cəmiyyətin qanunlarına tabedir, buna zidd hərəkətləri özbaşınalıq kimi qəbul edir.

Meduza kompleksi – cəmiyyətə, həyati olan hər şeyə qarşı aqressiv münasibət bəsləyən qadın tipidir. Onun fikrincə, hər şey çərçivədə olmalıdır. İnsanlar gülməməlidir, sevinclərini, sevgilərini gizlətməlidirlər. Əksi tərbiyəsizlikdir, nəzakətsizlikdir. Daha çox qara rəngdən istifadə edirlər, ailə həyatı qurmurlar. Qonşuluğunda it-pişik saxlayanlara qarşı müharibə mövqeyində olur, gizlində o heyvanlara zərər vurmağa çalışırlar.

Palas Ateni kompleksi – qadın bədənində kişi ruhu, daha doğrusu, kişi obrazına salınmış qadın surətidir. Bir növ transseksual meyllərin olmasının ifadəsi ola bilər. Səbəb ata obrazının mənfi tamamlanması və ya heç olmamasıdır.

Titani kompleksi – təxəyyüldəki obraz ilə real obrazın uyğunlaşmaması nəticəsində heç bir kişi ilə xoşbəxt ola bilməyən qadın obrazı. Hər zaman ən ciddi məqamlarda münasibətləri rəsmiləşdirməkdən qaçaraq “bu, o deyil” kontekstində düşünən tipdir. Daim ideal axtarır, tapmadıqda isə “mənim taleyim gətirmir”, “hər zaman gərəksiz biriləri ilə qarşılaşıram” kimi cümlələrlə özünə bəraət tapır.

Elektra kompleksi – Edip kompleksinin qadın variantı. Anasının atasına layiq olmadığını deyir. Atasına qulluq etmək üçün anası ilə rəqabətə girir. Ananı atasının gözündən salmağa çalışır. Atasının sevdiyi ən yaxşı yeməyi bişirməyə çalışır. Daim atasından tərif, hədiyyə gözləyir. Atası ilə anası arasında münasibətlər düzəldikdə kədərli olur. Atası anasına hədiyyə aldıqda əsəbiləşir.


Tarix: 20.12.2012 / 21:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 736 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...