beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar daha qısqanc olur

çox zaman deyirlər ki, qısqanclıq da məhəbbətlə bir yerdə doğulur. Sevgi ilə mübarizə aparır, ya sevgi qısqanclığı məhv edir, ya qısqanclıq sevgini. Bəs qısqanclığın yaranmasının əsl səbəbi nədir? Qısqanclıq inamsızlıqdırmı?

Psixoloq Aydın Əfəndiyevin sözlərinə görə, qısqanclıq insanların bir-birinə qarşı inamsızlığı zamanı yaranır. Ancaq bu duyğu öz-özünə əmələ gəlmir. Qarşı tərəfin hər hansı bir hərəkəti bu hissin yaranmasına səbəb olur. "Bu bir emosiyadır. Qarşı tərəfin hər hansı bir şübhəli hərəkəti, soyuqluğu, laqeydliyi, süniliyi qısqanclığın yaranmasına gətirib çıxarır. Qısqanan şəxs qarşı tərəfi itirməmək üçün mübarizə aparır. Məsələn, hər zaman evdə özünə fikir verməyən, çox danışan qadın birdən-birə dəyişir, özünə baxmağa başlayır. Daha şən, daha mehriban olur. Bu da təbii ki, kişinin diqqətindən yayınmır və qısqanclıq başlayır".

Psixoloq hesab edir ki, qadınlar kişilərdən daha çox qısqanc olurlar. Belə ki, ən kiçik bir diqqətsizlik sevən qadın üçün böyük problemə çevrilir. Qadın qarşı tərəflə yanaşı, özünə də əzab verir. "Evə gec gələn kişi qadının "haradaydın", "kiminləydin", "niyə gec gəldin" sualları ilə qarşılaşanda ümumiyyətlə evə gəlmək istəmir. Qısqanclıqdan yaranan söz-söhbət çox zaman ailənin dağılması ilə nəticələnir. Kişilər azadlıq, sərbəstlik sevirlər. Heç bir qadın kişini köləyə çevirməyə can atmamalıdır. Kişi insandır, o rahat yaşamaq istəyir. İstəmir ki, kimdənsə asılı olsun".

Kişilər çox zaman qısqanmırlar, amma qısqanc kişinin edə bilməyəcəyi heç nə yoxdur. Belə ki, kişilər nəinki sevdikləri, hətta sevmədikləri qadınları da qısqana bilirlər. "Əgər o qadın kişinin həyatında nə vaxtsa önəmli yer tutubsa, aradan zaman keçsə belə, kişinin ürəyində o qadına qarşı qısqanclıq hissləri hər zaman olur. Fikir versəniz, görərsiniz ki, çox zaman dağılan ailələrdə illər keçsə belə, kişinin qadını paylaşmaq istəməməsi, yersiz qısqanclığı nə ilə nəticələnir. Kişilər həyatlarında önəmli olan qadınları heç kəslə paylaşmaq istəmirlər. Nə qədər ki, qadın yanındadır, kişi qısqanclığını çox büruzə vermir. Ayrıldıqdan sonra isə kişi qadını daha çox düşünməyə başlayır", - deyən müsahibimə görə, belə kişilərdə qısqanclıq hissi daha güclüdür.

Qısqanclıq hissi üç formada olur. Klassik qısqanclıq fərdlər arasında inamsızlıq zamanı yaranır. Bu zaman təbii ki, qarşı tərəfdən çox şey asılıdır. Bu qısqanclığı aradan qaldırmaq qarşı tərəfdən asılıdır. Alkoqol qısqanclıq isə insanın özünə dəyər verməməsi zamanı yaranır. Tərəflərdən biri özünə dəyər vermirsə, hər hansı bir kompleksə malikdirsə, o, tərəf-müqabilini qısqanır. Bu zaman itirmək qorxusu da böyük olur. Qısqanan tərəf elə hesab edir ki, qarşısındakı onun hər hansı bir çatışmazlığına görə onu başqası ilə dəyişə bilər.

Patoloji qısqanclıq isə daha qorxuludur. Belə ki, bu duyğu uşaq yaşlarından yaranır. "Valideynlərin uşaqlar arasında ayrı-seçkilik etməsi, birini digərindən çox sevməsi uşaqlarda qısqanclıq hissi doğurur. Bu da zaman keçdikcə daha təhlükəli hal alır. Belə ki, uşaq bağçada, məktəbdə yoldaşlarını qısqanır. Böyüdükdən sonra isə sevdiyinə və ya həyat yoldaşına qarşı qısqanc olur".

Klassik qısqanclıq zaman keçdikcə keçir, bu, tərəflərin yaşadığı sevgiyə alışmasından sonra baş verir. Patoloji və ya alkoqol qısqanclıq zamanı isə mütləq psixoloqa müraciət etmək lazımdır. Çünki zamanında problem həll olunmazsa, bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilər.


Tarix: 21.12.2012 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 675 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri