Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakının girişində tüğyan edən qadın alveri

2006-cı ildən bu günədək Azərbaycanda insan alveri ilə bağlı 484 fakt aşkar olunub, onlardan 10-u məcburi əməyə cəlb etmə olub. Hesabat dövründə 363 nəfər insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib, 225 cinayətkar qrup (onlardan 8 mütəşəkkil qrup zərərsizləşdirilib) və 473 insan alveri qurbanı müəyyən edilib. Bu barədə İnsan alverinə və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Beynəlxalq Konfransda daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.Onun sözlərinə görə, dünyada 20 milyon nəfər insan alverinin qurbanı, o cümlədən 14 milyon insan məcburi əməyin qurbanı olur. Buradan gələn pullar beynəlxalq terrorçuluğun maliyyələşməsinə xərclənir. V. Eyvazov qeyd edib ki, hər il büdcədən insan alveri ilə mübarizəyə 500 min dollar vəsait ayrılır.
İnsan alverilə mübarizə aparan kimdi, qadın alverçilərini himayə edən kim?
Bu rəsmi açıqlamadır və fakt bir daha onu təsdiqləyir ki, dünyada insan alveri ilə mübarizə tədbirlərinə baxmayaraq, bu bəlanın qarşısını almaq mümkün deyil. Əslində insan alverinin bir neçə növü var. İnsanların məcburi əməyə cəlb edilməsi, əməyin istismarı, azyaşlı uşaqların satılması və sair. İnsan alverinin ən çirkin üsullarından biri isə qadın alveridir. Bəli, bu bəla artıq bütün dünyanı cənginə alıb. Bu ağır cinayət hadisələri Azərbaycanda da az deyil. Artıq demək olar ki, günaşırı aidiyyəti qurumlar bununla bağlı məlumatlar yayır, faktlar açıqlayır. Azərbaycanda insan alveri, xüsusilə də qadın alverinə qarşı geniş mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, bu problem hər il azalmaq əvəzinə artmaqdadır. Azərbaycanda qadın alveri qadınları başqa ölkələrə daşımaqla, cinsi istismara məruz qoymaqla bitmir. Elə bu gün Azərbaycanın daxilində də qadın alverçiləri kifayət qədərdir. Həmin şəxslər müxtəlif adlarla ticarət və xidmət obyektləri açaraq orada açıq-aşkar qadın alveri ilə məşğul olurlar. Kafelər, restoranlar, bəzi otellər bu gün əsasən bu alverdən gələn gəlirlə bizneslərini artırmağa üstünlük verir, işlətdikləri obyektlərin təyinatını yaddan çıxarır.Nəticədə ölkədə insan alverinin qurbanları qeyri-rəsmi artır. Amma, bu faktlar rəsmi qurumların açıqlamalarında, statistik məlumatlarında öz əksini tapmır. Niyə? Səbəbi məlum deyil. Bir tərəfdən Daxili İşlər Nazirliyi Azərbaycanda qadın alverinə qarşı mübarizə aparır, digər tərəfdən isə elə mübarizə aparan məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə qadın alverinə şərait yaradır. Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları demək olar ki, hər gün Azərbaycandan xaricə qadınları aldadıb aparan, onları xaricilərə satan şəxsləri yaxalayır və onlar barəsində ən ağır cəzaların tətbiqinə çalışır. Amma, digər tərəfdən bəzi yerli polislər vəzifə səlahiyyətlərinə güvənib insan alverçilərini himayə edir. Nə qədər təəssüfləndirici olsa da, bu belədir.
İnsan alverinin şıdırğı tüğyan etdiyi yerlərin bir neçəsi hətta şəhərin mərkəzi hissələrindədir. Bu gün Bakının onlarla ərazisini saymaq olar ki, həmin ərazilərdə insan alveri, qadın alveri açıq-aşkar aparılır. Özü də aidiyyəti dövlət qurumlarının gözü qarşısında. Bu ərazilər nəinki qadın alveri ilə mübarizə aparan orqanlara, hətta ictimaiyyətə də məlumdur. Amma, nədənsə bu cinayətin qarşısı alınmır. Bəzi aidiyyəti şəxslərin elə özləri bu cinayətin baş verməsində maraqlıdır. Yəni, paytaxtda fahişəliyin yayılması bəzilərinə sərf edir. Müəyyən maraqlarına qulluq edən məmurlar vəzifə səlahiyyətlərinə, ölkənin imicinə fikir vermədən bu qadın alverinin davam etməsinə şərait yaradır, qadın alverçilərinin açıq-aşkar tüğyan etməsinə göz yumurlar
"20 yanvar”da satılan qadınlar, yığılan milyonlar
Başlayaq paytaxtda qadın alverinin geniş yayıldığı ərazilərdən. İlk olaraq Bakının giriş hissəsi hesab edilən "20 yanvar” küçəsindən. Burada həm də metronun "20 yanvar” stansiyası yerləşir və Bakıda yaşayanların hamısı bu ərazini yaxşı tanıyır. Adıçəkilən ərazidə hər gün axşam saat 17-18 radələrindən qadın alverinə start verilir. Özü də həddindən artıq biabırçı vəziyyətdə. Metrostansiyanın hər iki tərəfində olan 4 çıxışın hamısının qarşısında axşam saatlarında fahişələr yığılır. Onlar metrodan çıxanları, şəhərə gələnləri və gedənləri müştəri kimi özlərinə cəlb edir, bədənlərini satmaqla pul qazanırlar. "20 yanvar” metrostansiyasının qarşısında 1saatlıq müşahidə bəs edər ki, burada açıq-aşkar qadın alverinin şahidi olasan. Fahişələr burada cavanlara özləri yaxınlaşaraq onlara seksual xidmətlər təklif edirlər. Bu xidmətin qiymətləri də məlumdur. Bir saatlıq seksual xidmət 20 manat. Demək olar ki, bu fahişələr orada onlarla müştəri tutur və onlarla şəhərin müxtəlif istiqamətlərindəki obyektlərə gedirlər. Bu obyektlərin "icarə haqqı” isə müştərinin boynunadır.
Polis hər fahişədən gündəlik 10 manat "rüsum” alır
Fahişəliyin burada tüğyan etməsini kimsə gizli başa düşməsin. Yəni, burada qadın alveri heç də gizli, əl altdan aparılmır. Bu alver həmin yerdə tam sərbəst və heç bir qadağasız baş verir. Bu biabırçılığı isə həmin sahəyə nəzarət edən, insan alverinə, ictimai asayişə xidmət edənlər kənardan müşahidə edir. Bəli, nə qədər ağrılı olsa da bu belədir. Burada fahişələr, qadın alverçiləri ərazi polislərinin gözü qarşısında sərbəst "iş” görür. Nə rayonun əlaqədar şəxsləri, nə də polislər onların bu fəaliyyətinə mane olmur. Səbəb isə məlumdur. Çünki, fahişələr, insan alverçiləri ilə yanaşı, ərazi polis əməkdaşları da bu sahəyə gəlir mənbəyi kimi baxır. Dəxli yoxdu bu gəlir mənbəyi çirkli, haramdı, ya halal. Təki onlar üçün pul olsun. Bu prosesi dəfələrlə müşahidə etmişəm və polislərin həmin fahişələrdən göstərdikləri xidmətlərə görə rüşvət almasının şahidi olmuşam. Əraziyə ictimai asayişin qorunması Yasamal rayon Polis İdarəsinə həvalə olunub. Ona görə ki, həmin ərazi Yasamal rayonunun ərazisidir və buradakı post-patrul xidmətinin əməkdaşları da həmin idarənin tabeçiliyindədir. Bəli, gözlə görünməsə inanılası deyil. Burada polislər hər gün təkcə fahişələr və insan alverçilərindən bir neçə min manat rüşvət yığır. Bu aylıq deyil, gündəlik haqqdır. Polisin haqqı çatmasa, burada bir nəfər də olsun fahişə seksual xidmət üçün müştəri tuta bilməz. Bunu hətta fahişələrin özləri də etiraf edirlər. Onların dediyinə görə, burada müştəri tutmaq, ərazidə sərbəst qadın alveri etmək üçün polisə hər bir fahişə gündəlik 10 manat rüşvət verməlidir. Əks halda həmin qadın fahişə kimi saxlanılır və polis bölməsinə aparılır. Pols bölməsində ona xüsusi şəxslər tərəfindən işgəncələr veriləndən sonra "virus yayıcısı” adı ilə Ramanadakı Dəri-Zöhrəvi Dispanserinə təhvil verilir. Bu dispanser isə fahişələrin həbsxanası adlandırılır. Elə buna görə də, fahişələr polisə gündəlik 10 manat vermək məcburiyyətində qalırlar.
"20 yanvar” şəhidlərinə və Azərbaycan xalqına amansız təhqir
Həmin ərazidə biabırçı faktlardan biri də burada fahişələrin yığıldığı yerdir. Buradakı qadın alverçiləri əsasən "20 yanvar” küçəsindəki Şəhidlər Abidəsinin qarşısında toplaşırlar. Elə insan alverini də onlar burada edirlər. Fahişələr bu abidə önündə müştəri çağırır, onlarla razılaşırlar. Bütün Azərbaycan xalqının qürur duyduğu şəhidlərimizin xatirəsinə ucaldılan abidənin önündə dünyanın ən çirkin və şərəfsiz cinayəti baş verir. Milyonların baş əydiyi bu abidənin qarşısında fahişələrin yığılması, qadın alverinin tüğyan etməsi nəinki şəhidlərə, bütün Azərbaycan xalqına utancgətirən amil olsa da, aidiyyəti şəxslər buna məhəl qoymur, bu biabırçılığa reaksiya vermək istəmir. İnsan burada belə biabırçılıqları görəndə həmin fahişələrə, qadın alverçilərinə, bədənlərini satmaqla çirkin pullar qazanan bu şərəfsizlərlə yanaşı, bu biabırçı mənzərəyə şərait yaradanlara da nifrət etməyə bilmir. Bəs, həmin əraziyə cavabdeh olan məmurlar necə? Onlar da xəcalət çəkirlərmi? Əlbəttə ki, yox. Əgər onlar bu mənzərədən xəcalət çəksəydilər, bu cür şərəfsizlər abidə önünə toplaşıb Azərbaycan tarixinə zərbə vurmazdılar. Azərbaycanın müstəqilliyi uğrunda qanından, canından keçən, Azərbaycan müstəqilliyini həyatı bahasına qazandıran şəhidlərimizə bu cür hörmətsizlik edənlərə nə ad vermək olar? Hanı bu ərazinin rəhbərləri? Əslində şəhidlərimizi burada bədənlərini satmaqla çirkin pullar qazananlardan çox, başı müəyyən çirkinliklərə qarışan, millətin, xalqın şərəfini yaddan çıxaran məmurlar təhqir edirlər. Çünki, bu şəraiti bu gün onlara elə həmin məmurlar yaradıblar. Hansısa maraqlarına, nəfslərinə güc gələ bilməyən bu məmurlar(çaşıb səhvən insanlar yazmışdım) hətta şəhidlərin abidəsi önündə də bu cür iyrəncliklərə şərait yaradırlar. Azərbaycan şəhidlərinin qanını fahişələrin 10 manatına dəyişən bu cür şəxslər görəsən xəcalət çəkirlərmi? Görəsən onlar bu cür hərəkətlərinə görə cavab verəcəkləri günü düşünürlərmi? Bəlkə də düşünürlər. Amma tamahları üzündən, bu çirkin yollarla da olsa qazandıqları pullara görə bu gün barədə düşünməyə vaxt tapa bilmirlər. Amma bir vaxtlar o da olacaq. Həmin şəxslər bu gün qazandıqları çirkin pulların hesabını illər boyu ödəyib qurtara bilməyəcəklər.


Tarix: 10.05.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...