beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Usta və şagirdi

Bir adam güləşməkdə şöhrət tapmışdı. O, üç yüz altmış fənd
bilir, gündə bir fəndlə güləşirdi. Şagirdlərindən birinə hüsn–rəğbət
bəslədiyinə görə ona üç yüz əlli doqquz fənd öyrətdi. Ancaq bir fəndi
cürbəcür bəhanələrlə geri salır, öyrətmirdi. Xülasə, oğlan gücdə,
ustalıqda elə məşhur oldu ki, onun qabağında heç kim dayana
bilmədi. Hətta iş o yerə çatdı ki, o, bir gün hökmdar hüzurunda
lovğalanaraq dedi:
– Ustam ona görə məndən üstündür ki, həm böyük, həm də
mürəbbimdir. Yoxsa mən gücdə ondan əskik deyiləm, ustalıqda da
ona bərabərəm.
Bu söz hökmdarın xoşuna gəlmədi. Əmr etdi, usta ilə şagird güləşsinlər.
Hündür bir yer düzəltdilər, dövlət başçıları, saray xadimləri
və ölkə pəhlavanları toplandılar. Oğlan qızmış bir fil kimi elə bir
heybətlə meydana çıxdı ki, qabağında qurğuşun dağ olsaydı yerindən
qoparardı. Usta başa düşdü ki, şagirdi gücdə ondan üstündür. Ona
görə gizli saxladığı fəndlə şagirdi ilə güləşməyə başladı. Oğlan ona
girişə bilməyib hirsləndi. Usta onu başı üstə qaldırıb yerə vurdu.
Camaat içərisində hay–küy qopdu. Hökmdar ustaya xələt, bəxşiş
verməyi əmr elədi. Sonra oğlana acıqlanıb danladı ki, öz ustadına
vəfasız çıxdın və etdiyin iddianı da başa çatdıra bilmədin.
Oğlan dedi:
–Ey hökmdar, o, pəhləvanlıqda mənə üstün gələ bilməzdi, bəlkə
həyatı boyu məndən gizlətdiyi fənddən istifadə edib qələbə çaldı.
Hökmdar dedi:
–Demək, həmin fəndi belə bir gün üçün gizlədibmiş, zirək
adamlar demişlər: «Dostu o qədər gücləndirmə ki, düşmənçilik
fikrinə düşdükdə bir şey edə bilsin!». Eşitməmisənmi öz şagirdindən
cəfa görmüş bir mürəbbi nə deyibdir?

Ya vəfa olmamış özü dünyada,
Ya onu heç kəsə etmir zəmanə.
Kimə öyrətdimsə ox atmağı mən,
Axırda qəlbimi etdi nişanə


Tarix: 01.12.2014 / 17:56 Müəllif: Aziza Baxılıb: 120 Bölmə: Maraqli Hekayeler