Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeir, qadın şairlər və feminizm

1

Feminizmi, gözəl qızların şeirini çirkin qızların şeirindən daha yaxşı başa düşmək kimi qavramasaq, şeir inqilabında önəmli dürtülərdən biridir. Çünkü burda "qadın"dan məqsəd, kişilərin yaşı ilə məşğul olan varlıqlar deyil, təməlçi bir gücdür. Bu güc pariarxal söyləmləri alt-üst etməklə, ədəbiyyat nəzəriyyələrini köklü dəyişikliyə uğradır. Şeirin bir gücü gələcəyin öngörənliyindədirsə, bunu femenist qadınlarda daha artıq görmək olar.

Jak Lakan bundan daha dərinlərə gedir. Lakana görə, dilin iki yönü vardır: onların biri dilin umumi, qayda qanunlu və gramatik quruluşudur; o biri isə bunlardan ibarətdir: sözcüklərlə oynamaq, rövya və anlamların sərbəst çağırışımı [association of ideas]. Bu, dilin bilincatli yönüdür. Dilin qaydalı yönü çalışır ki, bilincaltı yönü əzib basdırsın. O biri yandan, bilincaltı yön də sabit anlamları və gramatikanı laxladıb uçurtmaqla dilin qaydalı yönünü dağıtmağa çalışır. Bu sözlərdən yararlanaraq sözümün canı budur: dilin umumi və qaydalı yönü kişiyana və pariarxallıqcasınadır. O biri yön, dilin qayda qanunlarına qarşı dağıdıcı döyüşü aparır: femenist gerçəklik özünü doğrultmağa və göstərməyə can atır. Şeirin yaranması zəkadan daha artıq bu ikinci yönə bağlıdırsa, onda qadın səsinin şeirdə önəmi bir daha təsdiqlənəcəkdir.

Doğrudur qadın səsinin eşidilməsinin ilkin şərti femenist olmaq deyil. (femenizm anlayışına bağlı bəzi ictimayi axımların ifrata varması, Bir çox qadınları beləcə adlandlrılmaqdan üşündürür.) lakin onların müddəasında ədəbi mətnin yeni bucaqdan oxuşunu üçün ciddi təkliflər var.

Femenizm nə demək istəyir, və şeirimizlə onun başqa hansı ilgiləri var? qadın/kişi cütlüyünün qarşı durması, və bununla ilgili qarşıdurmalar, femenizm axımının mərkəzində durur. Onlar, toplumda kişiyə üstünlük verən quruluşu dağıtmaq istəyirlər. Psixolog və siyasi nəzəriyyəçi Ceyn Fləks yanılmır, "femenist epistemologiyanın vəzifəsi bunu aydınlaşdırmaqdır ki, pariarxallıq həm bizim sənətə və bilimə baxışımıza nufuz etmişdir, həm də sənətlə bilimin obyektiv özəlliklərinə. Dünya barəsində və bu dünyada keçdiyimiz tarix haqqında yaxşıca biliyimiz olmadan, (hətta dünyanı necə öyrənəcəyimizi bilmədən) əlverişli ictimai davranışları genişləndirə bilmərik." Qərbdə belə düşünürlər, görən biz necə düşünürük?

Burda əlbəttə son sözü əsasən qadınlarımız deməlidirlər. Onlar isə nəsə demək istəmirlər. Slavoy Jijekin fikirlərindən ilham alaraq qadın məsələsində üç dirəniş formasını və ya mərhələsini görürük ki, Azərbaycan qadın şeiri bir ,ox hallarda nazlana-nazlana onlardan yan keçir. Birinci mərhələ, daxili mərhələdir. Bu mərhələdə qadınlar kişiləri olnların inandığı və savunduğu ailə gələnəklərinə dayanaraq tənqid edirlər: "kişilər! Siz öz üzərinizə götürdüyünüz ailəvi vəzifələrinizə əməl etmirsiniz." Belə bir tənqidə qurşanmış qadınlar unudurlar ki, kişilər tanınmış vəzifələrinə əməl etmirlərsə, demək sistem çatışmazdır, onun dayaqları zülm üzərində qurulub. İnkinci mərhələdə qadınlar deyirlər biz ailədə başçılığı ələ keçirmək istəmirik, biz indikindən daha artıq güc, imtiyaz və səlahiyyət istəmirik, yalnız kişilərin gücü və üstünlüyündən qıraqda yerləşmiş bir sferanı istəyirik. Elə bir sahə ki, onda mədəni və mənəvi istəklərimizi irəli sürək, maddi mənfətlərimizi qoruyaq, hakim qudrəti tənqid edək, və kişi hökmranlığını devirmədən, onun gücünü müəyyənləşdirib məhdudlaşdıraq.

Bu mərhələdə qadınlar kişilərə alternativ axtarmasalar da burda kişilər iddia edə bilərlər ki, qadınların güc qazanmaqdan çəkinmələri yalan və riyakarcasınadır. Qadınlar gerçəkdən güc axtarırlar. Üçüncü mərhələdə hər şey aydınlaşır. Azərbaycan toplumunun təcrübə etmədiyi üçüncü mərhələdə qadınlar daha demirlər: "əllərimiz təmizdir, güc axtarmırıq, ağalıq fikrində deyilik." Onlar kişilərin tənqidini qəbul edirlər. "kişilər! Bəli biz güc axtarırıq, niyə axtarmayaq ki, sizin göbəyiniz güclə kəsilməyib ki? Məgər ağalıq sizin alnınıza yazılıbmi?"

2

Bilirik qadın sayca toplumun yarısı olaraq onun qırağında yaşayır. Sayına uyğun şəkildə güc quruluşlarından pay götürümür; toplumdaki aparıcı funksiyaları yerinə yetirmir; evdə mətbəx küncünə sıxnaşdırılır; və əlbəttə yeri gələndə ürəkdən sevilir. Ona bağışlanılan bu sevgi də umarsız deyildi. Birincisi, bu sevginin qapazı altında analığa aparan bir yol cizilir. İkincisi isə o, umumiyətlə sevildiyindən beş qat artıq sevir. Bəzən qadının bir ana kimi boyu oxşadıldıqda, nədənsə toplumun "qadın yarım kürəsi"ndə bir aldanış hissi yaranır. Mənə elə gəlir ki, müqəddəs analıq vəzifəsi belə anlarda buyunduruq kimi onun boynuna salınır. Məncə, analıq qadının ləzzət aldığı bir vəzifədir, amma kişilər bu vəzifəni istənilən qədər müqəddəsləşdirəndə, sanki bunu demək istəyirlər: sən otur uşaq doğ, mən toplumu idarə edəcəyəm.

Bəlkə elə buna görə idi ki, femenizmin anası sayılan Simon De Buvar (1896-1980), barışmazcasına ailə qurumuna qarşı çıxırdı. De Buvar qadınların əzilməsində və insanın ictimai haqlarının tapdalanmasında təkcə ailəni başlıca amil kimi qələmə vermirdi, kişilərin üstünlüyünü heyvani bir özəlliyə bağlayırdı: "insanın heyvana üstünlüyü onun həyat bağışlamasında deyil, yaşayışı təhlükəyə sürükləməsindədir. Buna görədir ki, insanlar arasında bu üstünlük tolid mesl edən cinsə deyil, öldürməyi bacaran cinsə verilir".

Kimlikləri və mədəniyyətləri kişi/qadın qarşılaşması əsasında sahmana salan bir matris [qəlib] var. Bu matrisin başlıca özəlliyi onun tarixə sıranmış erkək söyləmi olduğudur. Buna görə də femenistlər bu matrisi çalıb sındırmaq istəyirlər. Görən bu istəyin elmi və ya fəlsəfi dayağı varmı? De Buvar bunu Ekzistansiyalizmlə əsaslandırırdı. Ekzistansiyalizm məktəbinə görə insanın sabit və dəyişməz kimliyi yoxdur, insan özünü gəlişdirir. Belədirsə qadının daha çox emosional olması və ya kişinin ağıllı olması barədə iddialar nağıldır, boş sözdür. Bu sözlər gələnəklərdən və ictimai normalardan gəlmə uydurmalardır. De Buvar bu baxışdan yaralanaraq qadınları özləri haqda əyri düşüncələrdən çəkindirməyə çalışırdı. Onun gümanınca qadınlar gələnəklərdən gəlmə yanlış önyarğıları silib zibiıqabına tökməlidirlər.
De Buvarın bu istəyi indiyədək doğrulmayıbsa onun bir səbəbi qadından kobud kişi bənzəri yaratmaqdır. Demək burda yalnız kimliklər dəyişir. Kişinin yerini qadın alır, mərkəzin yerini ucqar alır, ucqar özü də yeni mərkəzə çevrilir. Bu ötəri olaraq çox yaxşı çözüm yoludur, amma ədalətsizlik qaynağı olan kişi/qadın qarşı durmasını qoruyub saxlayır. Buna alternativ olaraq Jak Derridanın önərisi vardır. Derrida deyir ki, mərkəzi dağıtmaq təkcə yoldur. Amma bu önəriyə də etirazlar var. Sən demə Derridanın özü də kişi olduğundan kişi xeyrinə mərkəzi dağıtmaq istəyirmiş! Qadınlar belə deyirlər. İndiki qadın mənlik qazanır və uzun sürə apardığı mübarizə sonucunda mərkəzi ələ keçirmək istəyir, dələdüz kişilər həmin mərkəzi dağıdırlar. Bu kişilərin növbəti fırıldağıdır.

O biri yandan bilirk, çağdaş toplumların varlığını çox səslilik amili qoruyub saxlayır. Bu olmadıqda sanki toplum uçurum qırağında sərsəmcəsinə yeriyir. İndi he bir güc, insanları tarix öncəsi susqunluq durumunda idarə etməyə qadir deyil. Və qadın səsinin eşidilməsi, çoxsəslilik deyilən durumun gerçəkləşməsinin başlıca şərtidir. Buna görə, belə bir düşüncənin şeirimizə yayılması çörəkdən də vacibdir. Bir da təkrar edirəm, Şeir tariximiz, başqa xalqlar kimi, bəylərimizin tarixidir. Qadınlar bu meydanda yox dərəcəsindədirlər. Sovet dönəminin hay-küylərinə baxmayaraq, Məhəsti Gəncəvi yaradıcılığının şeirimizə dəxli yoxdur. Heyran xanım və Xorşidbanu Natəvanı da barmaqla saymaq olar. Belə olduqda feministik tənqid, bu kişi hegemonyasınə gedən təkcə yoldur. Amma hələ ki bu yola çıxan qadın qoşunumuz yoxdur. Seyrək çalışmalar var; tək əllər, təkbağıran boğazlar.

Şeirimizdəki kişi əsil anlamında kişi oğlu kişidir. Hətta şeirimizin "Heydərbabaya səlam" kimi köyrək örnəklərində sərt kişi baxışını görürük: Heydərbaba mərd oğullar doğginan. Bu kişi səsidir, biz qadının səsini az eşidirik.

3

İndi başlanğıc mərhələni yaşayan qadın şairlərimizin sayı gözə dəyərdir, amma qadın səsinin toplu şəkildə ucaldığını hələlik aydınca eşidə bilmirik.

Bəziləri güman edirlər ki, bu söyləm seks ətrafında baş verən aksiyaların analizi ilə başlanmalıdır. Başqa sözlə, onların gümanınca qadının səsi ilk öncə seks qavramı boğazından ucalsın gərək: misrabaşı dilənən və ya əsirgənən öpücüklər, və ya gələnəklərə ayğırı olaraq öz atası ilə cinsi ilgilidə olmaq. İş də elə burdan korlanır. Mən az çox Freydin yuxuya və cinsi ilgilərə gətirdiyi aydınlıqla tanışam. Ancaq qadına bütünlüklə seks açısından baxıldıqda, heç bir yenilik baş vermir. Demək, biz keçmişin susqunluğuna çağdaş formada qayıdırıq. Dünənki şəhvətin yerini bu günkü seks alır.

Dünən onun səsi şah hərəmxanasından gəlirdi, bu gün şair haramxanasından. Amma burası da var ki, bizim bir çox problemlərimiz bu əyri baxışdan qaynaqlanır. Sözdə vətənsevərlik, romantizm, vaxtsız sevgi nağılları, və çürük əxlaqiyyatın şeir misralarında bol-bol gözə çarpması, seksə düzgün yanaşmağı bacarmamağımızdan gəlir. Güneydə bu yasaqdırsa, quzeydə şair gözünü yumaraq bu Haqda ağzına gələni söyləyə bilər ki. Bəs niyə biz ikimizdə bir qapıya çıxırıq? Əlbəttə istisnalar var.

Söz o azadlıqda deyil. Söz bundadır ki, cinsiyyət məsələsi bizim tarixi bilincimizdə toxunulmaz bir tabu olaraq qalır. Biz onun gizli mexanizmini qavraya bilmirik. Biz onun davranışlarımızda fəvəran edən qapalı mahiyyətini Freydin yazdıqlarrına dayanaraq aça bilmirik. Niyotonun fizikdəki, Marksın isə iqtisaddaki inqilabı bizə gəlib çatdısa, Freyd inqilabi gəlib çatmadi. Mən seks deyəndə çılpaqlığı nəzərdə tutmuram. Bütün örtükləri yırtaraq cinsiyyətlə ilgili aksiyaların açıq izahının şeirə dəxli yoxdur. Bu papaq Avropalıların başından çoxdan düşmüşdür. Buna görə də belə bir aksiyaların izahına qurşanmış əsərlər mənim üçün maraqlı deyildi.

Ayaz Salayevin "Yarasa" filmində baş verdiyi kimi, bu şeirlərin məzmunu bayaqki papağı bir daha yerdən qaldırıb, başa qoymaq kimi gəlir adama. Doğrudur cinsi tabuları sındırmadan şeirimiz özünə yol açmaqda çətinlik çəkəcək. ancaq altbilincimizdə yatan cinsi motivləri gün qabağına çəkməklə, onlara adınlıq gətirə bilmərik. Onları çürüdərik. Quzeydə seksə belə bir yanaşma, Güneydə çaxır, sigaret, öpücükləri misraları ilə yamsılanır. Sən demə bu sözcüklər olmadan şairin avangard olduğunu tələmtələsik vurğulamaq olmur! Bunun üçün biz başqa yöndən qadın məsələsinə yanaşa bilərik: onun toplumda tutduğu mövqei aspektindən. Burda Günüyli-Quzeyli olaraq bir qapıya çıxırıq. Lakin Güneylə Quzey arasında incə bir fərq var. Bu fərqi açıqlamazdan öncə deməliyəm ki, Güneydəki qadınların hörməti, azadlığı və mutluluq hissi üst-üstə Quzeydən çoxdur. Quzeyli birisi çox güman ki, bunu eşitdikdə qulağı taqqıldayacaq. Amma çadra və başörtüyünə rəğmən belədir. Bu nə ilə bağlıdır? Güneydə kişilərin qadınla davranışı elədir ki, o öz təbii kimliyini hiss edir. Bu təbii kimlik əlbəttə həqiqi kimlik deyil, gələnəkdən gəlmə baxış tərzidir. Lakin kişilərin davranışından dolayı, Quzey qadınlarında belə bir hiss azdır. Baxmayaraq son məqamda bunların ikisi də ayrı-ayrı yollardan bir qapıya çıxırlar: hansı durumun "təbii" və ya "qeyri-təbiyi" olmasını toplumdakı mədəniyyət formalaşdırır. Bunun üçün adı çəkilən təbii özəlliyə başqa bir mədəniyyətin gözüilə baxılırsa, ola bilsin "qeyri-təbiyi" görünsün. Sözümün canı budur: ola bilsin "təbii" adlanan durumu, kişilərin özləri xanımların gözündə təbii cilvələndirmişlər. Bu durumu laxlatmağın bir yolu onu qadınların tənqid süzgəcindən keçirməkdir. Bununla da biz bir daha qadına dönməliyik.

Qadına dönmək deyəndə, qadınla bağlı "mən"in səsini eşitməliyik. Kişili-qadınlı Azərbaycan şeirində "mən"in qıtlığı var. Bunun üçün şeirlərimiz şairlərə bənzəyir, şairlər isə bir-birinə. Səslər anlaşılmaz uzaqlıqlardan gəlmir, qulağımızın dibindən gəlir, şairin boğazından. Qadın adına danışan "mən"lərimiz olsaydı, polifonik şeirlərlə qarşılaşa bilərdik. İstisnaları danmıram, amma şeirimizdə qadın səsi azdır. İyirminci yüzillikdə Nigar Rəfibəyli, Mədinə Gülgün və Həkimə Biliurinin də səsi sərt ideologiya boğazından gəlirdi. Güneydə bu "mən", səksəninci miladi illərdə bəzi qadın şairimizin dilindən səslənməyə başlamışdı. Amma onların dilindəki çatışmazlıqlar, və Farscadan gəlmə bol-bol deforma imgələr, sözü gedən "mən"in səsini boğurdu. Başqa sözlə, o "mən"in səsi çox vaxt özgün deyildi.

Sonrakı şeirlərdə bu "mən" sönükdü, qadın isə yenə də ədəbiyyatın ucqarında qaldı.

Burda söhbət savaddan, yüksək düşüncədən, femenizm fəlsəfəsindən getmir, qadın baxışından gedir. Örnək: 1993-cü ildə ədəbiyyat üzərə nobel mukafatını qazanmış Toni Morrisonun nə Simon De Buvar kimi savadı var, nə də güclü ictimai baxışı. Onda güclü intuisia var. Onun "cənnət" başlıqlı romanının yükü qadınların çiyninə düşür. Bundan da yaxşı belə demək olar:
onun yaradıcılığında qadın ucqarda yox, ortada dayanır. Morrisondan soruşanda ki, sənin romanın feministik əsərdirmi, yoxsa yox? "mən heç bir femenistik əsər yazmağa qatlaşmamışam. Mən heç bir pariarxal sistemin hansısa öhdəliyini öz üzərimə götürməmişəm, amma bunu da düşünmürəm ki, kişişahlıq nizami, gərək qadınşahlıq nizami ilə dəyişilsin", deyir. Buna rəğmən Hemingueyin kitablarında yalnız kişilərin səsini eşidiriksə, Morrisonun əsərlərində qadın səsi daha aydın duyulur. Budur dediyimiz bəsirət. Qadın, onun romanlarının həm ortasında, həm də uc-bucağında hazırdır.

Bir şey hələ də çatışmır: əgər hər bir əsərin ancaq özü, tənqid mövzusudursa, daha yazıçının kişi ya da qadın olduğu ilə nə işimiz var?

Bu sorğuda gerçəklik var. Gözəllik sahəsində aparılan araşdırmalar və söylənilən ədəbi tənqid, yaradıcının özünə deyil, yazının analizinə yönəlsə, işarə etdiyimiz bəhslərin bir çoxu femenistik tənqidlərin sınırından qıraqda qalacaq. Örnəyin, deyilir ki, yaradıcılar kişi olaraq bilərəkdən və ya bilməyərəkdən pariarxal ideologiyanı mətnə sırayırlar. Amma bu baxış yazıçının niyyətinə söykənir. Yazıçının niyyətinə söykənərək tənqidə qatlaşmaq isə bayağı bir üslubdur. Amma bu sözlə femenist tənqidçilərin ağzını bağlamaq olmaz. Çünkü mətnin özünü təhlil edərək sözlərin funksiyalarını, və ya sözcüklərə yüklənmiş ideoloji qavramları üzə çıxarmaq, tənqidin başlıca vəzifələrindəndir. Conatan Kalerin sözü ilə desək, görünür ədəbi mətnlər və onunla bağlı təfsir gələnəkləri, kişi oxucuları nəzərdə tutmuşlar və qadınları kişilər kimi oxumağa məcbur etmişlər; erkək baxışı ilə oxumağa. Femenist tənqidçilər "kişi baxışını normal baxış kimi ədəbi əsərlərə aşılayan ayrı-ayrı strategiyaları" ifşa etmişlər. Onlar buna inanırlar ki, kişi baxışını normal baxış kimi qələmə verən quruluşları öyrənib rədd etmək olduqca yararlı olacaq. Bu isə, ədəbi mətnin oxunuş tərzini – istər qadınlar, istərsə də kişilər üçün – dəyişdirəcək.


4

"Mən" deyəndə nəyi nəzərdə tuturam. Lirik şeirdə, həm tanış, həm də anlaşılmaz bir "mən" səslənir: yaxınlaşdıqca uzaqlaşan bir "mən". Necə ki, roman və öykünün qəhrəmanı, və ya söyləyəni onun yazıçısı deyil, şair də öz şeirini özü səsləndirmir. Onu yazmağa başqa bir "mən" ya "sözçü" qondarır. Bunu deyəndə yalnız məzmunu nəzərdə tutmuram və şeiri "müəllif niyyəti" adlandırılan cindir prinsipə dayanaraq yozmaq istəmirəm. "Mən" dediyim, şeirin forma və məzmununa bağlı bütün özəlliklərini səsləndirir. Jonathan Callerin gəzəl bir sözü var, şeiri sən oxumursan, başqası oxuyur. İlk baxışda şeir, bir danışıqdır, amma anlaşılmaz bir yerdən baş qaldıran səsin danışığı. Biz ancaq şeirləri söyləyənin başqa bir səs olduğunu təsəvvür etməklə, onları oxuyuruq: yazıçının yaratdığı sözçünün səsi. Bununla da, hər şeirin bir ucunda tarixi fərd kimi şair dayanır, o biri ucunda isə müəyyən sözləri danışan onun səsi. Lirik şeirdə qarşılaşdığımız "mən" şeiri söyləyir. Ola bilsin o, şeiri qoşmuş yazıçıdan tam seçilsin. Qoca bir şairin şeiri, ola bilsin bir gənc "mən"in dilindən səslənsin.

Rilkənin ağıtlarında [mərsiyələrində], Alman insanının səsi eşidilir. Orhan Vəlinin də əlbəttə özünə oxşar bir "mən"i var şeirlərində. Elə bir "mən" ki, ağlayanda şairin özü kimi ağlayır:

Ağlasam səsimi duyarmısınız
Misralarımda,
Toxuna bilərmisiniz
Göz yaşlarıma,
Əllərinizlə?
Bilməzdim mahnıların bu qədər gözəl
Kəlmələrinsə yetərsiz olduğunu
Bu dərdə düşmədən öncə.

Küskün ruhlu Emily Dickenson şeirlərində, həmişə bir vurğun və bəzən şən bir "mən" görürük. Şairin özü ağlayır, "mən"i isə gülür. Görün günəş barəsində necə danışır: dəniz sakinlərinin dəhlizinə əyilir/ damlara əlini sürtür/ tarlanın papağını öpür/ sonra yoxa çıxır gündüzün göz bağlayıcısı.

Ədəbi "Laros"da Pul Mari Verlen barədə deyilir: "o, süçlarına göz yaşı ələyərək etiraf edən şairdir. Ən yaxşı şeirlərində sanki şair özü danışır, onun içində bir ruh hayqırmaqdadır. Şair onun sözlərinin qabağını ala bilmir." Silvia Plathın (1932-1962) qadın səsini hətta bir aslaq kişinin [The Hanging Mən] əhvalatını söylərkən aydınca duyuruq. Heç deyirsən bu qadın, özünü otuz yaşındaykən öldürməyib. Daha maraqlı örnək mayakofskidir, öləndə də "mən"i kimi ölür.

5

Toplumumuzun kişi söyləminə alışqanlığı xəstəlik halına gəlib çıxmışdır. Görəsən toplumun qadın səsini eşitməyə hazırlığı varmi?

Bu hazırlıq yoxdur. Buna görə də bu "mən"in dillənməsi kişilərin yaratdığı boğuntu durumunda, təhlükə qaynağına çevrilərək mətbəx küncünə sıxnaşdırıla bilər. Üstəlik, bu mənin səsini dinləməyə toplumda hazırlıq olmazsa, onun etiraz dalğası qayıdıb qadının öz şürunu, və ruhi tərazlığını dağıda bilər. Adını çəkdiyimiz Silvia Plath, bunun trajik örnəyidir.

Plathın müsibəti bir tənqiddə özünü qabarıq şəkildə göstərir. Bir şeirində o, ərini yumuşaq tənqid edir, şeir isə ərinin senzur sücgəcindən keçmir. Plathın əri Ted Hyuz burda kişişah söyləmin simvolu olaraq kişiyə qarşı olunan tənqidə dözə bilmir.

Plathın şeirlərinə iki bucaqdan baxmaq olar: bir yandan şeirin özünün şeiriyyət dərəcəsinə, o biri yandan şairin niyyətinə. Biz az öncə şeiri şairin niyyətinə dayanaraq yozmasını pislədik, bundan sonra da pisləyəcəyik. Şeir qoşulduğu andan yaradıcısından ayrılaraq bağımsız kimlik qazanır. Şairin kişi/qadınlığından asılı olmayaraq, şeirin daxili insicami, söz düzümü, harmonyası və onun məzmunu ilə formasının dialektikal ilgisi əsərin bədii səviyyəsini müəyyənləşdirir. Demək şairin niyyəti, və şeiri niyə və nəyə görə yazdığı önəmli deyil.

İkinci bucaqdan baxmaq şeiriyyət baxımından önəmli olmasada toplumda qadının statusuna aydınlıq gətirə bilər. Burda özəlliklə Plath şeirinin arxa planına diqqət yetirməyimiz, onun qadınlıq qonumuna və qadınlığından dolayı üzləşdıyi buruşuq ictimayi problemlərə ışıq tutmaq məqsədi daşıyır. Plath şeirinin bacasından baxanda femenizmin canlandırdığı acınacaqlı dururmu görürük: Mətbəx küncünə sıxnaşdırılmış qadını. Atası, əri və İsa peyğəmbər daxil olmaqla bütün kişilərdən nifrət edən Plath, bunları göstərməyə çalışır. Onun gözü ilə baxanda, bəzən kişi sevgisindən dünyanın ən gözəl şeiri baş qaldırsa da, yenə də çatışmaz nəsə qalır. Bunun konkret örnəyəyi Ted Hyuzun "Duru işıq" [Perfect Light] başlıqlı şeiridir. Şeir Tedin Platha vurğunluğunun məhsulu olsa da, şeirə qulaq vermədə faciənin mahiyyətinə vara bilməyəcəyik:

Ordasan, bütün suçsuzluğunla
Nərgizlər arasında oturmuş
Bir şəkil tək.
Ona "məsumiyyət" adı yaraşır.
Duru işıq bənizini parladır
Bir nərgiz kimi
Nərgizlərin arasında bir nərgiz kimi
Sənin yer üzündə son baharın idi bu.
Və qucağında sənin
Oyuncaq ayi kimi
Neçə həftə məsumitətindən ötməmiş körpə oğlan.
Ana və uşaq, qutlu portret sayağı
Yanında oturmuş, üzünə gülən iki yaşında qızın
Nərgiz kimi əyilirsən qulağına nəsə pıçıldamağa
Sözlərin kamerada itir
Bilgi,
Üzərində oturduğun təpədə,
Xəndəqlərlə əhatə olunmuş qalası ilə
Evindən daha böyük təpədə dustaqdır,
Şəkilə düşəmmir
Son at
Sənə doğru geri dönən
Əsgər kimi
Astaca itkin ölkələrdən gəlir
Anlaşılmaz yük altında əyilmiş
Qovuşa bilmir sənə əbəda
Sadəcə durur işıqda əriyib gedir.

Şeir olduqca gözəldir. Özəlliklə şeirin sonlarında Plathın önündə ölümün acizliyi yep-yeni bir biçimdə canlandırılır. Plathın çöhrəsini işıqlandırmış "duru ışıq"da son anın (yəni ölümün) əriyib yoxa çıxması eşitmədiyimiz bir anlayışdır. Silvianın yasında Tedin ürəyi silkələnməsəydi bu misralar kağızın üzərinə sıçraya biməzdi. Amma söz burasındadır ki, Plathi beləcə göylərə qaldırmış Hyuz, həyat yoldaşının xəstəlik aylarında Asiyə Vevil adlı bir qıza vurulmuşdu. Bu vurğunluqdan xəbərsiz olmayan Plath, 1962-ci ildə sıxnaşdırıldığı mətbəxdə intihar etmişdi. Buna diqqət yetirəndə ki, sonralar Asiyə də körpə qızı ilə bir yerdə intihar etmişdi, məncə başqa izaha ehtiyac qalmır.

Plathın öz canına qıyması Türkiyə pop ulduzu Teomanın "ölmək üçün bir gün" adlandırdığı vaxtda baş vermədi. Toplumun ona ayırdığı yeri, örümçək toru kimi başa düşdükdə, yadından çıxdı ki, belində qanadı da vardır. Plath haqqında yazılmış "Benden önce tufan" əsərinin yaradıcısı kimi mən də plathın bir neçə misrasının önündə papağımı başımdan götürürəm:
Büsbütün olur qadın.
Ölü gödəsi
Bacarığın gülümsəməsi ilə süslənmiş.

6

Tarixə cinsiyyət gözilə baxarkən bunu aydın görürük: qadın, kişilərin gözündə təbiətin simvoluna çevrilir. İnsan təbiəti caynağına alır, kişi isə qadını. Bunun uzun keçmişi var. Qadın, necə deyərlər, özünün doğal kimliyi ilə tarixin yetirməsidir; qadın varlığına göz yumulmuş kişilərin tarixi. Çağdaş dünyada qadın qaçılmaz bir yoldadır. O, evin dörd divarından eşigə çıxsınmı, çıxmasınmi? bundan öncə qızın ata evində qul kimi yaşaması, azadlığa yönəlmiş meyli onun ürəyində qızışdırırdı. Amma bu meyl nə evlənməklə razılığa qovuşurdu, nə də eşikdəki hər hansı bir yerdə əylənməklə. Evlənməkdə gördüyü məhəbbət, onu ikinci dərəcəli varlıq statusundan daha yüksəklərə qaldıra bilmirdi.

Əylənməyə gəldikdə, iki gövdənin vəhdəti iki ürəyin birliyinə gətirib çıxarmır. Burda əlbəttə pozğunluğu nəzərdə tutmuram, çünkü pozğunluq xəstəlik hallarına daxildir. Burda söhbət sərbəst sevgidən gedir: istədiyi kişi ilə sevişməkdən. Amma belə anlarda da qadın evdən işigə çıxırkən bir işlə bağlanmalıdır, bir məşğulluqla. Nə yazıq ki, hər bir işin və ya ictimai görəvin qapısı qızın üzünə açıldıqda, sevginin görüşünü qapanır. Çağdaş dünyada qadın çıxılmaz bir yoldadır. O, evdən çıxıbdır, və daha evdəki köhnə çərçivəyə qayıda bilmir. Eşikdə isə özünü razı sala bilmir. Qadın, ancaq kişi qulluğunda dayanmış indiki quruluşları dağıtmaqla, bilim, incəsənət, və düşüncə alanlarında səsini ucaltmaqla, bu çıxılmazlığı poza bilər. Bu göstəriş əxlaqi öyüdlər kimi alınır və Möcüz Şəbistərli onu məndən daha yaxşı söyləyir: "Qazançanı yüz əlli dəfə suya başmaqdansa" peşə öyrənmək gərəkdir, "Əgər ola bir-iki baci belə sənətgər; Xəlas olar kişilərdən təmam orətlər." Belə anlarda sorğu öz işini görür:
Sən qələm alsan ələ kim təbx edər şorbanı qız
Kim tikər yırtıq-yamağı, doldurar qəlyanı qız?

Amma qadınlar bu göstərişlərə də gülünc önəri kimi baxa bilərlər. Çünki bir yöndən indiki quruluşları dağıtmağa bilim, incəsənət və düşüncə sahəsində səslərini ucaltmaq lazimdir; o biri yöndən isə quruluşlar dağılmadan qadın bu səsləri ucalda bilməyəcək. bu batil bir təsəlsüldür. Qadın bu təsəlsülün dəmir darvazası ilə qarşılaşmamalıdır, yoxsa ayağını toplumdan qırağa çəkəcək. Ərəb şaıiri Nzik ül-məlaikə deyir:

Günlər ötdü
Sevincimdən yüklü günlər
Hardayam mən?
Mən ardıcıl olaraq nərdıvana zillənmişəm
İdi ki pillələr başlanıb
Sonu hardadır görən?
Nərdivanın darvazası ürəyimdə çöllüyə doğru
Və anlaşılmaz zülməti başlanır.

Qadınlar minlər ildir ki, höküm sürməyiblər. Bunda şübhə yoxdur. Onlar tarixdən silinmə uçurumunun qırağında yürüyərək yaşayırlar. Qadın yaşamalıdı, amma təhlükə qılıncının altında. Bu kişiyə gərəklidir. Kişi heç vaxt bu tarixi yenilgiyə son qoymayacaq. Mən bir kişi olaraq bunu yaxşı bilirəm. Kişi nə qədər kişilikdən dəm vursa da, kişilərin ən demokratı, son məqamda öz ürək sözünü utanmazcasına deyəcək. Rəis Blamon qadınlar haqda belə danışır: "Axmaq varlıqlar! Caynağımdaykən on

9

Şeirimiz, qadın şairlərimiz və feminizm

Bir çox millətlər kimi, bizim tariximz də kişilərin oylağıdır. Doğrudur, dədə qurqudda, Əsli Kərəmdə və Abbas Gülgəzdə qadın söyləmlərilə qarşılaşırıq. Amma bu ucqardır. Ucqar deyəndə bir daha vurğulamaq istəmirik ki, Ərəblər qız uşaqlarını diri diri basdırırdılar. Bilirik, Hemurabi qanunlarında deyilirdi ki, bir kişi hansısa aristokrat kişinin qızını döyərək öldürsə o kişinin özü yox, qızı öldürülməlidir. Xoşbəxtlikdən bunlar uzaq keçmişlərdə qaldı. İndi bunu demək istəyirik: mərkəz, tarix boyu ardıcıl olaraq kişilərin əlində olmuşdu. Bunun sonucu aydındır. Qadının səsi şeir coğrafiyasından yoxa çıxdıqda, tarixin yarımkürəsini səssizlik bürüyür: qadın yarımkürəsini. Çağdaş girişimlər də bu susqunluğu ona görə poza bilmir ki, qadını topluma aparıcı amil kimi qaytarmırlar. Ona ucqarda dekorativ bir yer ayırırlar.


Tarix: 24.03.2013 / 22:12 Müəllif: [Ram] Baxılıb: 1166 Bölmə: Maraqli Hekayeler
loading...