beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaza və Alma

Qədim Çin filosofu Konfutsi insanlara bir şeyi göstərməyin ən yaxşı yolun onu nümunələrlə göstərmək olduğunu bilirdi.
Bir gün Konfutsi şagirdlərinin yanına gəldi. Onun bir əlində vaza, bir əlində isə alma var idi. Konfutsi şagirdlərinin təəccüblü baxışları altında almanı vazanın içinə saldı. Sonra da üzünü şagirdlərinə tutub:
- Kim almanı vazadan çıxarsa, o, almanı yeyə bilər, - dedi.
Şagirdlərdən biri çox acmışdı. Buna görə də, birinci o ayağa qalxdı və əlini vazanın içərisinə saldı. Ancaq vazanın aşağı hissəsi geniş, yuxarı hissəsi isə dar idi. Buna görə də, şagird nə qədər çalışsa da, almanı vazadan çıxara bilmədi. Nəhayət:
- Əlimi çıxara bilmirəm! - deyə sızıldadı.
Konfutsi isə:
- Əlini çıxara bilmirsən, çünki almanı bərk - bərk tutmusan. Əgər almanı buraxmasan, əlini vazadan çıxara bilməyəcəksən. - deyə cavab verdi.
Şagird isə belə asanlıqla almanı əlindən buraxmaq istəmirdi. Ancaq çox keçməmiş almanı əlindən buraxmaq məcburiyyətində qaldı. Əlini vazadan çıxaranda isə həm onun, həm də o biri şagirdlərin üzündən təəccüb oxunurdu.Təbii ki, hamının fikrində bir sual vardı: "Almanı vazadan necə çıxarmaq olar?" Sanki Konfutsi onların fikrində bu sualı oxudu və :
- Almanı vazadan çıxarmaq üçün nə təklifiniz var? - deyə soruşdu.
Şagirdlərin heç birindən səs çıxmadı. Bu vaxt Konfutsi vazanı üzü aşağı çevirdi və alma vazanın içərisindən Konfutsinin ovcuna düşdü. Uşaqlar hamısı gülməyə başladılar. Necə olmuşdu ki, bu qədər sadı bir şeyi düşünə bilməmişdilər. Ancaq Konfutsi onlarla eyni fikirdə deyildi və buna görə də :
- Bu heç də gördüyünüz qədər sadə deyil, - deyə cavab verdi. Sonra da bunları əlavə etdi:
- Çünki insan oğlu bir şeyi əldə etmək üçün çox vaxt onu tutmaq lazım olduğunu düşünür. Halbuki həqiqət bunun tam əksinədir. Yəni, bir şeyi əldə etmək üçün çox vaxt onu buraxmaq lazımdır...


Tarix: 01.12.2014 / 15:40 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqli Hekayeler