beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişinin saçına hörük vurması dində icazəlidirmi və buna görə əcr-savab yazılırmı

Sual: Ərim məndən xahiş edir ki, onun saçını hörüm. Mən ondan bu barədə şəriətin hökmünü soruşduqda kişinin saçını hörməsinə dair bəzi alimlərin rəylərini sitat gətirdi. Şəriətdə belə bir şey nə dərəcədə doğrudur? Ərimə inanmadığımdan dolayı bu sualı vermirəm. Sadəcə bilmək istəyirəm ki, məsələyə dair başqa bir rəy varmı. Çünki onun gətirdiyi rəy mənə qəribə gəlir.

Cavab: Həmd Allaha məxsusdur. Saç uzatmaq Sünnət deyil və bunu edən müsəlmana əcr, savab yazılmır. Əslində bu əməl adət-ənənədən irəli gələn bir şeydir. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) həm saçını uzatmış, həm də qırxdırmışdır. Saç uzatmağa görə hər hansı bir əcr yazılacağı və ya saçı qırxdırmağa görə hər hansı bir günah yazılacağını bildirməmişdir. Lakin, kişilərə saçlarının qayğısına qalmağı əmr etmişdir.

Əbu Hüreyraya (Allah ondan razı olsun) istinadən rəvayət olunan hədisdə Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) belə söylədiyi xəbər verilir: “Saçı olan onun qayğısına-qeydinə qalsın.” Hədisi Əbu Davud (4163) rəvayət edib və “Fəth əl-Bari (10/368) əsərinin müəllifi Hafiz ibn Həcər bu hədisi həsən deyə təsnif edib.

Aişəyə (Allah ondan razı olsun) istinadən onun belə söylədiyi xəbər verilir: “Menstruasiya halımda (aybaşı ola-ola) Allahın Rəsulunun (Allahın ona salavatı və salamı olsun) saçlarını darayırdım.” Hədisi əl-Buxari (291) rəvayət edib. Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) saçları qulaq məmələrindən aşağı və ya qulaqları ilə çiyinləri arasına tökülürdü və ya çiyinlərinə çatırdı. Saçı uzandıqda ona dörd hörük vurardı.

Ənəsə (Allah ondan razı olsun) istinadən rəvayət olunan hədisdə bildirilir ki, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) saçı çiyinlərinə çatırdı. Hədisi əl-Buxari (5563) və Müslim (2338) rəvayət edib. Ənəs ibn Malikə (Allah ondan razı olsun) istinadən rəvayət olunan hədisdə belə deyilir: “Allahın Rəsulunun (Allahın ona salavatı və salamı olsun) saçları qulaqları ilə çiyinləri arasına tökülürdü. Hədisi Buxari (5565) və Müslim (2338) rəvayət edib.

Müslimin rəvayət etdiyi hədisdə isə belə deyilir: “Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) saçları aşağıya qulaqlarının yarısına kimi uzanırdı.” Aişəyə (Allah ondan razı olsun) istinadən onun belə söylədiyi xəbər verilir: “Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) saçları qulaq məmələrindən aşağı idi, çiyinlərinə çatmırdı.” Hədisi Tirmizi (1755); Əbu Davud (4187) rəvayət etmişdirlər. Şeyx Əlbani “Səhih əl-Tirmizi”də hədisi səhih deyə təsnif edib.

Ümm Həəniyə istinadən (Allah ondan razı olsun) onun belə söylədiyi xəbər verilir: “Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) Məkkəyə gəldi və (saçında) dörd hörük var idi.”Hədisi Tirmizi (1781); Əbu Davud (4191); İbn Macə (3631) rəvayət etmişdirlər. “Fəth əl-Bari” əsərinin müəllifi ibn Həcər hədisi həsən deyə təsnif edib. Şeyx Əlbani “Muxtəsər əl-Şəmail”də (23) hədisi səhih deyə təsnif edib.

Hafiz ibn Həcər (Allah ona rəhmət etsin) demişdir: Hədisdən aydın olur ki, peyğəmbərin saçları adətən çiyinlərinə kimi çatırdı və bəzən elə uzun olurdu ki, saçlarına hörük vururdu. Necə ki, Əbu Davud və Tirmizi həsən bir isnad ilə Ümmi Həniyə istinadən onun belə söylədiyini rəvayət edirlər: “Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) Məkkəyə gələndə (saçında) dörd hörük var idi”. (Saçına hörük vurması) olduqca məşğul olduğu, başının qarışdığı və uzun müddət saçının qeydinə, qayğısına qalmaq imkanı olmadığı vaxtlara, səfər və ya bənzər hallara, təsadüf edirdi. Hədis bu mənada başa düşülməlidir. Fəth əl-Bari, 10/360

(Saça hörük vurmaq) o dövrün adət-ənənələrinə görə məqbul sayılan və adi qəbul edilən bir şey idi. Müxtəlif adət-ənənənələr var və ola bilsin ki, müsəlmanlar elə bir yerdə yaşasınlar ki, oradakı insanlar saçlarına hörük vurmurlar və yaxud bu cür edənləri fasiq camaata bənzəmək hesab edirlər. Belə olduğu halda (hörük) vurmaq lazım deyil.

Şeyx Muhəmməd ibn Saleh əl-Üseymin (Allah ona rəhmət etsin) demişdir: Saçları uzatmaqda heç bir qəbahət yoxdur. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) saçları bəzən az qala çiyinlərinə çatırdı. Prinsip etibarilə bu cür etməkdə bir qəbahət olmadığına baxmayaraq, bununla belə, bu məsələdə adət-ənənəyə baxmaq lazımdır. Əgər adət-ənənə bu cür etməməyi diqtə edirsə, adətən aşağı səviyyəli müəyyən bir qrup tərəfindən edilirsə, bu halda şərəf sahibi olan kəslərin saçlarını uzatmaması tövsiyyə olunur! Çünki, insanların adət-ənənəsinə görə bu cür etmək aşağı səviyyəli və fasiq kəslər tərəfindən edilir. Deməli, kişilərin saçlarını uzadıb-uzatmaması icazəlidir, lakin (həmin yerdəki) insanların adət-ənənəsinə baxmaq lazımdır. Əgər adət-ənənəyə görə bütün insanlar, ali və aşağı təbəqəsi ilə birlikdə saçları uzatmağı diqtə edirsə bu cür etməkdə bir xəta yoxdur; yox əgər bu cür edənlər (cəmiyyətdə) alçaq insanlar tərəfndən edilirsə, bu halda şərəf və izzət sahibi olan kəslər bu cür etməməlidir. Heç kimsə deməsin ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) -insanların ən şərəflisi və məqamca ən ali olanı- saçlarını uzadırdı. Çünki özümüz də görürük ki, saçı uzatmaq Sünnət deyil, nə də ibadətdir. Daha doğrusu bu adət-ənənədən gələn bir şeydir. Fətəvə Nur alə Dərb

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) saçlarına dörd hörük vurmuşdur deyə ərinizin bildirdiyi söz doğrudur. Lakin bu o demək deyil ki, bu Sünnətdir və bunu edənə savab yazılacaq. Daha doğrusu bu cür məsələlərdə insanların adət-ənənələrinə tabe olmaq lazımdır. İndiki dövrdə adət-ənənələr keçmişdə olduğundan çox fərqlidir.

İbn Abd əl-Bərr (Allah ona rəhmət etsin) demişdir: Dövrümüzdə uzun saçları olan əsgərlərdən başqa heç kəs saçlarına hörük vurmur; saleh, həyalı insanlar və elm adamları özlərini bu adətdən uzaq tutublar. Bu onları digərlərindən fərqləndirən bir xüsusiyyət olmuşdur. İndiki dövrdə uzun saç saxlamaq faktiki olaraq səfehlərin xüsusiyyətinə çevrilib.

Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə söylədiyi bildirilir: “Kim bir qövmə bənzəyərsə onlardan sayılar və yaxud (Qiyamət Günü) onlarla bir yerdə həşr olunacaq.” Hədisdə nəzərdə tutulan mənanın “kim onların əməllərini edərək onlara oxşadarsa və yaxud görünüşcə (zahirən) özünü onlara oxşadarsa” olduğu bildirilir. Məncə bu qədər kifayətdir.

Hədis göstərir ki, hər bir işdə saleh insanların etdiklərini nümunə götürmək lazımdır. Saçı uzatmaq və ya azaltmaq Qiyamət Günü heç bir fayda gətirməyəcək, əsas hesaba qatılan niyyət və əməllər olacaq. Ola bilsin ki, saçı qırxılı olan saçı olandan xeyirli biri olsun və yaxud saçı olanın özü saleh bir insan olsun.

Təmhid, 6/80

Xülasə: bu məsələdə adət-ənənəyə tabe olmaq lazımdır ki, müsəlman bir şəxsiyyət insanların ona istehza etməsinə və onun qeybətini etməsi kimi hallara yol verməsin.


Tarix: 02.04.2013 / 19:41 Müəllif: *Beyaz_Gul* Baxılıb: 247 Bölmə: Maraqlı melumatlar