beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzüyümün qaşı firuzədəndir

İslam Peyğəmbəri qızıl üzük taxmağı İmam Əliyə (ə) qadağan edib buyurmuşdu: "Qızıl üzük taxma, qızıl cənnətin bəzəyidir”. Quran ayələrindən və hədislərdən belə bir nəticə çıxara bilərik ki, qızıl üzük taxmaq, ipək libas geyinmək bu dünyada kişilərə haramdır, amma axirət aləmində buna icazə veriləcək.

Bəzi müasir alimlər qızılın kişi orqanizminə mənfi təsir göstərdiyini, xüsusilə, cinsiyyət vəzilərinin fəaliyyətini pozduğunu söyləyirlər. Bu barədə söylənilən fikirlər ziddiyyətlidir. Ona görə də bu fərziyyəyə inanıb-inanmamağı oxucuların öz öhdəsinə buraxırıq. Amma zənnimizcə, daha güclü olan sübut bundan ibarətdir: qızıl bəzək əşyaları kişini qadına bənzədir. Kişi qızıl üzük, qolbaq, zəncir taxmağa başlasa, üzərində olan öhdəlikləri unudar, bəzək həvəsi onun beynini işğal edər, qazancını evə gətirmək əvəzinə zərgər dükanlarında xərcləyər. (Qadınların bər-bəzəyi nə qədər sevdikləri hamımıza məlumdur). Qızıl zinət əşyaları ilə bəzənib-düzənmiş kişinin görünüşündə vüqar və heybət itər; o, gün altında parıldayan gəlinciyə bənzəyər.

Hər halda, hətta qızılın kişilərə qadağan edilməsinin səbəbi bu olmasa belə, yenə bu qadağana hörmətlə yanaşmağa və riayət etməyə borcluyuq. Çünki bu, Peyğəmbərin əmridir. İmam Cəfər Sadiq (ə) öz ata-babalarına istinadən buyururdu ki, Peyğəmbər yeddi şeyi bizə qadağan edib, yeddi şeyi isə əmr edib. Qadağan edilənlər bunlardır: qızıl üzük taxmaq, qızıl və gümüş qabdan su içmək, qırmızı ipəkdən olan yəhərin üzərində oturmaq, tünd qırmızı rəngdə libas geyinmək, ipək parçadan və ipəklə qızıl saplardan toxunmuş parçadan paltar geyinmək. Peyğəmbərin əmr etdikləri isə bunlardır: xəstəyə baş çəkmək, dəfn mərasimlərinə qatılmaq, salamı uca səslə vermək (və ucadan cavabını almaq), məzluma yardım göstərmək, dəvəti qəbul etmək, anda sadiq qalmaq və asqıran adama dua etmək ("Allah sənə mərhəmət etsin” söyləmək). Göründüyü kimi, bu hədisdə qadağan edilən əməllərin sırasında birinci yerdə məhz qızıl üzük taxmaq durur.

Həzrət Mühəmməd Peyğəmbərin (s) ən məşhur üzüyü gümüşdən idi, qaşı yox idi. İmam Cəfər Sadiqdən (ə) gələn rəvayətə görə, Peyğəmbərin üzüyünün üzərində "Mühəmməd Rəsulüllah” (Allahın elçisi Mühəmməd) yazılmışdı. Peyğəmbər öz adından yazılan məktublara və müqavilələrə bu üzüklə möhür vurardı. Bu gün dünyanın bir çox muzeylərində, o cümlədən, İstambulun Topqapı sarayında mühafizə edilən, Peyğəmbərin hicri 6-cı ildə hökmdarlara unvanladığı məktubların üzərində də məhz bu möhrün izinə rast gəlirik. Ümumiyyətlə, keçmişdə az-çox maddi imkanı olan hər kəsin barmağında öz adı nəqş edilmiş üzük olardı. Bu üzüklər möhür rolunu ifa edirdilər. Şahidlik, müqavilə, alqı-satqı sənədlərinə ya imza əvəzinə, ya da imza ilə yanaşı bu üzüklə möhür vurardılar.

Barmağa dəmir üzük taxmaq da İslamda bəyənilmir. Peyğəmbər buyurub ki, barmağında dəmir üzük olan adamın əlini Allah pak etməz. Amma üzüyün qaşının dəmir və buna bənzər materiallardan olması eyib etməz. Çünki rəvayətlərə görə, Həzrət Əlinin (ə) üzüklərindən birinin qaşı Çin dəmirindən idi. Ümumiyyətlə, o həzrətin 4 üzüyü vardı. Üzüklərdən birinin qaşı qırmızı yaqutdan idi; həzrət onu şərafət üçün, yəni camaatın gözündə uca və vüqarlı görünmək üçün taxardı. İkinci üzüyün qaşı qırmızı əqiqdən idi və İmam Əli (ə) onu şərdən amanda qalmaq üçün barmağına taxardı. Qaşı firuzə olan üçüncü üzükdən o həzrət qələbə və zəfər niyyəti ilə istifadə edərdi. Nəhayət, dördüncü üzük yuxarıda qeyd edilən Çin dəmirindən qaşa malik idi və Imam bu üzüyün ona qüvvət gətirdiyinə inanırdı. İmam Əli (ə) müxtəlif vaxtlarda və fərqli münasibətlərdə bu üzükləri taxardı.

Həzrət Mühəmməd Peyğəmbər (s) əqiq qaşlı üzük taxar (peyğəmbərlik üzüyündən başqa) və müsəlmanlara da bunu tövsiyə edərdi. O həzrət buyururdu ki, əqiq qaşlı üzük taxmağı ona Cəbrail məsləhət görüb. Peyğəmbər buyurub: "Əqiq qaşlı üzük taxın. Nə qədər ki bu üzük barmağınızdadır, qəm-qüssədən uzaq olarsınız”.

Həmçinin, o həzrət buyururdu ki, yaqut qaşlı üzük taxmaq kasıblığı aradan qaldırar, əqiq qaşlı üzük taxanın isə aqibəti xeyir-bərəkətli olar. İmamlardan rəvayət edilən hədislərdə əqiq qaşlı üzüyün insanı qəfil ölümdən, haqsız cəzadan, oğurluqdan qoruduğu bildirilir. Din alimləri də namaz qılan zaman əqiq qaşlı üzük taxmağı müstəhəb bilirlər. Çünki Həzrət Sadiq (ə) buyurub: "Allah dua zamanı dərgahına o əlin qaldırılmasını xoşlayır ki, barmağında əqiq qaşlı üzük olsun”.
Eləcə də, büllur (xrustal), zümrüd, sarı yaqut və zəbərcəd (xrizolit, topaz) qaşlı üzüklər taxmaq da (kişilərə) faydalı bilinib.

Üzüyü hansı barmağa taxmağa gəlincə, hədislərin əksəriyyətində sağ ələ üstünlük verilib. Bir nəfər İmam Sadiqdən (s) soruşur ki, üzüyü sağ əlimizə taxaqmı? Çünki Bəni-Haşimdən olanların belə etdiklərini görürük. İmam cavab verir: "Bəli, atam da üzüyü sağ əlinə taxardı; o, Bəni-Haşimin ən üstünü və ən biliklisi idi”. Bəzi rəvayətlərdə sol əlin barmağına üzük taxmaq barədə göstərişlərə rast gəlsək də, hədis alimləri bunların təqiyyə məqsədilə buyurulduğunu və ya zəif olduğunu bildirirlər.
Üzüyü sağ əlin çeçələ və ya adsız barmağına (çeçələ barmağın yanında) taxmaq lazımdır. Peyğəmbər şəhadət və orta barmağa üzük taxmağı kişilərə qadağan etmiş və bunun Lut qövmünə məxsus adət olduğunu söyləmişdi.

Qaşında yazı cızılmış üzükləri taxmağın maneçiliyi yoxdur. Peyğəmbərə və imamlara məxsus olan üzüklərin əksəriyyətinin qaşında müxtəlif zikrlər, dualar, əsmaül-hüsnadan nümunələr cızılmışdı. Lakin müqəddəs yazılarla bəzənmiş üzüyün qaşına dəstəmazsız və qüslsüz toxunmaq olmaz.


Tarix: 04.12.2014 / 11:18 Müəllif: Aziza Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar