beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHA DOĞRU. İKİNCİ DƏRS

NƏFS VƏ ONUN TƏRBİYƏSİ
ƏVVƏLKİ DƏRSƏ BİR NƏZƏR
Mövzumuz nəfsin tərbiyəsidir. Birinci söhbətdə tərbiyənin, yə`ni təzkiyənin mə`nası ilə tanış olduq. Qeyd etdik ki, ərəb sözü olan təzkiyəni dilimizə olduğu kimi tərcümə etmək çətindir. Hələ ki, “tərbiyə” sözü ilə kifayətlənirik. Dedik ki, nəfsin tərbiyəsində iki istiqamət var: təkamül üçün şərait yaratmaq və təkamülə mane ola biləcək daxili və xarici səbəbləri aradan qaldırmaq. Qeyd etdik ki, nəfsin tərbiyəsi Qur`anın diqqət mərkəzində olan məsələlərindəndir. Peyğəmbər-lərin də vəzifələrindən biri nəfsin tərbiyəsidir.
Qur`an ayələrindən mə`lum oldu ki, nəfsin tərbiyəsində üç fail - Allah, peyğəmbər və insan iştirak etməlidir. İnsanın özünütərbiyədə Allahı tə`sirli bilməsi “əf`ali tövhid”dir. İnsanın varlığı və hərəkəti yalnız Allahın iradəsi ilə mümkündür. Bu işdə peyğəmbərlərin vəzifəsi cəmiyyətin islahı üçün şərait yaratmaqdır. Nəhayət, insan azad varlıq olduğundan onun özünün istəyi olmadan tərbiyə qeyri-insani-mümkündür.
Bundan əlavə, ötən söhbətdə mə`lum oldu ki, təkamülün ilkin mərhlələrini insan müəllimsiz, yə`ni təkbaşına qət edə bilər.
NƏFSİN NÖVLƏRİ (ƏMMARƏ, LƏVVAMƏ, MÜTMƏİNNƏ)
Sual oluna bilər: Nəfs elə əql deyilmi? Yoxsa nəfs və əql ayrı-ayrılıqda mövcuddur? Nəfslə əql arasında mübarizə dedikdə nə başa düşülür? Nəfsin növləri var, yoxsa elə bir növdür? Nəfs insanın özüdür, yoxsa ayrı bir varlıqdır?
“Nəfs” sözü də “təzkiyə” sözü kimi, ərəb dilinə məxsus sözdür. Mə`nası “özüm”, “mən” deməkdir. Qur`ani-kərimdə bu söz müxtəlif mə`nalarda işlədilmişdir. Adi halda nəfs dedikdə insanın şəxsiyyəti, varlığı nəzərdə tutulur. Beləcə, insanın şəxsiyyəti, yə`ni nəfsi vahiddir və onun müxtəlif yönümləri var. Bütün qüvvələr, meyllər, istəklər həmin bu nəfsə aiddir. Yaxşını pisdən ayırmaq iste`dadına malik olan əql də bu qüvvlərdəndir. Demək, insanda mövcud olan iki yönümdən biri əql, digəri isə ölçü-biçim tanımayan istəklərdir. Əql ilə nəfsin mübarizəsi dedikdə həmin bu iki yönümün mübarizəsi nəzərdə tutulur.
Əmmarə, ləvvamə və mütməinnə adlanan üç növ nəfs də həmin yeganə nəfsin müxtəlif hallarıdır. Nəfs fitrətən kamillik tələbin-dədir. İnsan hələ uşaq çağlarından öz qüvvəsini və imkanlarını artırmağa çalışır. O, suallar verməklə elmini artırır.
Amma kamilliyin konkret öz yolu vardır. Bu yoldan çıxan insan gecə-gündüz çalışsa belə kamala yetəsi deyil. Təkamül yolunda səhvə düçar olan insan nə vaxtsa üzücü peşimançılıq çəkir. Bu peşimançılıq əvvəlki nəfsin bir başqa halıdır. İnsanı pisliyə çağıran nəfs əmmarə adlanırsa, əqlin tə`siri ilə peşman olmuş nəfs ləvvamə nəfs adlanır. İki yol ayrıcında qalmış insan əqlinə müraicət etmədən həvəs ardınca gedirsə nəfs öz əmmarə halını möhkəmləndirir. Əmmarə nəfsə nəzarət olunmazsa insan böyük günahlara batar. Öz-özlüyündə pis olmayan istək yalnız nəzarətsiz qaldıqda həddi aşıb bəlaya çevrilir. Məsələn, insanın yeməyə meyli təbii bir meyldir. Amma bu meylə nəzarət olunmadıqda insan halal-haram, xeyir-zərər bilmədən qarnını doldurur. Belə insanın nəfsi əmmarə halındadır. Bütün meyllər həddini aşdıqda bu hal baş qaldırır. Nəfsin qidalanmaya, əyləncəyə, istirahətə və s. meyli onun əmmarə olmasına dəlil deyil. O, yalnız həddi aşdıqda əmmarə olur.
İnsanın öz əqlinə zidd hərəkət etməsi onun azad olmasının nişanəsidir. İnsan həm əqlə, həm də azadlığa malikdir. O, əql vasitəsi ilə yaxşı və pisi tanıdıqdan sonra iki yoldan birini seçməkdə azaddır. İnsan iki yoldan birinə üz tutmağa məcbur deyil. İnsanın kamilliyi nəfsani istəklərin əqlə tabe edilməsindən asılıdır. Əqlin göstərişlərini eşitməməzliyə vuran insan əyri yolu seçir. Əqlin səsinə qulaq asan insan isə nəfsi cilovlaya bilir. İnsan yalnız bu zaman Allaha yaxınlaşa bilər. Əqlə təkrar-təkrar itaət edən insanlarda nəfsi cilovlamaq gücünə malik xarakter formalaşır. Bu zaman nəfs sakitləşir və insan çətinlik çəkmədən arxayın bir qəlblə həqiqətə doğru hərəkət edir. Bu həmin mütməinnə nəfsdir. Mütməinnə nəfs müxtəlif təhlükələri adlamış, ali dərəcəyə çatmış həmin əvvəlki nəfsdir. Ardıcıl şəkildə əqlinə tabe olan insanın nəfsi mütməinnədir. Əql və nəfsin mübarizəsi təkamül yolunda ilk addımlarını atan nəfsə aiddir. Nəfs əqlin hakimiyyətinə keçdikdən sonra mövcud ziddiyyət aradan qalxır.
TƏBİİ (HEYVANİ) VƏ QÜDSİ (İLAHİ) NƏFSLƏR
Təbii və ya heyvani nəfs dünya malına, günaha, alçaq işlərə meyllidir. Eqoizm, özünəpərəstlik, paxıllıq və s. bu nəfsin xüsusiyyətləridir. Qüdsi və ya ilahi nəfs isə Allahla yaxınlığa, mərhəmətə, ədalətə, fədakarlığa və s. meyllidir. Bu nəfs pak olan ilahi bir ruhdur. “Hicr” surəsinin 29-cu ayəsində buyurulur: “Ona öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin.” Bəli, mütməinnə nəfs həmin ruhdur. Demək, daxilimizdə daim mübarizədə olan qüvvələr eyni bir nəfsin iki yönümüdür. İnsan cism və ruhdan təşkil olunduğundan bə`zi ehtiyaclar ruha, bə`ziləri isə cismə aiddir. Məsələn, pulu olmayan insan yemək istəməklə yanaşı, kimsəyə əl açmayıb şəxsiyyətini qorumaq da istəyir. O, ya şəxsiyyətini qoruyub ac qalmalı, ya da şəxsiyyətini sındırıb qarnını doyurmalıdır. Bu istəkdən biri cismə, digəri ruha aiddir. Bu mübarizə biri heyvani, digəri ilahi olan iki “mən” və ya iki “ruh” arasında yox, vahid insanın iki istəyi arasında gedir. Ola bilər ki, iki istək bir-birinə müqavimət yox, yardım göstərsin.
NƏFS VAHİDDİR
Qur`ani-kərimin müxtəlif ayələrində insanın vahid nəfsdən yaradıldığı bəyan olunur: “Odur sizi vahid nəfsdən xəlq edən.” Bu ayədə nəfs hansı mə`nada işlənmişdir? Söhbət əmmarə və ya ləvvamə nəfsdən, yoxsa insanın şəxsiyyətindən gedir? Ayədə insanın ilk yaranışda bir şəxsdən yaranıb çoxaldığı bildirilir. Ərəb ədəbiyyatı baxımından “vahidə” kəlməsi qadın cinsində olduğundan bə`ziləri elə güman edirlər ki, ilk insan həzrət Həvva olmuşdur. Onlar öz fikrini sübut etmək üçün “Ə`raf” surəsinin həmin ayəsinin davamını dəlil göstərirlər: “Onun özündən zövcəsini yaradan da odur.” Guya həzrət Adəm həzrət Həvvadan yaradılmışdır. Hansı ki, “zövcə” kəlməsi kişiyə yox, qadına aiddir. Həmin səhv ərəb dili ilə lazımi qədər tanışlıq olmamağından irəli gəlir.
Nəfs kəlməsi Qur`anda bə’zi yerlərdə ruh mə`nasında işlədilmişdir. “Zumər” surəsinin 42-ci ayəsində oxuyuruq: “Allah öləcəkləri zaman insanların nəfsini tamamilə çıxarır.” Bu ayədə nəfs dedikdə ruh nəzərdə tutulur. Bu sözün düzgün mə`nasını anlamaq üçün diqqətli olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, bu söz bə`zən cism, bə`zən ruh, bə`zən insan, bə`zən də əmmarə və ya ləvvamə meyllər mə`nasında işlədilir. İnsanın öz istəklərini cilovlaya bilmədiyi halı əmmarə nəfs, günahdan peşmançılıq çəkdiyi hal ləvvamə nəfs, kamala çatmış halı isə mütməinnə nəfs adlanır.
Nəfs ilə əqlin düşmənçiliyi dedikdə əqlani qüvvə ilə nəzarətdən çıxmış nəfsani istəklər arasında olan təzad nəzərdə tutulur. İnsanın daxilində olan meyllər heç bir hədd-hüdudsərhəd tanımır. Əqlin işi kamilliyin ziddinə olan ifratın qarşısını almaqdır. Əql ilə nəfsin düşmənçiliyinin əsl mə`nası da məhz bundan ibarətdir. İnsanın daxilində iki müstəqil varlığın savaşı yanlış təsəvvürdür.
NƏFSİN TƏRBİYƏSİNDƏ MƏQSƏD
Nəfsin tərbiyəsi dedikdə nəfsani bəlalardan qorunmaq nəzərdə tutulur. Nəfs bağbanın əkdiyi cavan ağac kimidir. Bağban gecə-gündüz onun qulluğunda durur, onu zərərverici həşəratlardan qoruyur. Nəfs də ağaca bənzəyir. İnsan bağban kimi ona qulluq etməlidir. Əxlaq alimləri bu işi “təxliyə” adlandırırlar. Yə`ni insan özünü nəfsin bəlalarından qurtarmalıdır. Ağac torpağa əkilib səmaya tərəf baş qaldırdığı kimi nəfs də ucalığa doğru can atmalıdır. Nəfsə belə bir yüksəliş üçün güc lazımdır. Bu gücü əldə etmək üçün bəlalardan qorunmaq zəruridir. Bu prosses təzkiyənin, yə`ni tərbiyənin təxliyə adlanan ilk mərhələsidir.
Növbəti mərhələdə insan nəfsin sağlamlığı üçün zəruri olan şeylərdən faydalanmalıdır. Məhz bu mərhələdə nəfsin pərvaz etməsi üçün lazımı enerji əldə edilir.
Unutmaq olmaz ki, cism ruhun miniyidir. Ruh nə qədər ki bu dünyadadır cismin köməyi ilə hərəkət edir. Ona görə də bəladan qorunmaq və enerji əldə etmək cismə də şamildir. Xəstə cism ruhu mənzilə çatdırmaq iqtidarında deyil. Bədən nə vaxtsa çürüyəcək olsa da onun dünya həyatında olan rolu müstəsna əhəmiyyətə malikdir. Mənzilə çatdıqdan sonra ondan ayrılmaq olar. Amma həmin mərhələyədək bədənlə yoldaşlıqdan başqa çarəmiz yoxdur. Avtomobillə hərəkət etməyi qərara alan insan onun nasazlığını aradan qaldırmalıdır. Əks təqdirdə insan yarı yolda qala bilər.
NƏFSİN İNKİŞAFININ AMİLLƏRİ VƏ ONUN QARŞISINI ALAN MANEƏLƏRİ
Konkret olaraq qeyd etmək olar ki, nəfsin bəlası günah, xoşbəxtliyi isə Allahı yad etməkdir. “Ənfal” surəsinin 24-cü ayəsində buyurulur: “Ey iman gətirənlər, sizə həyat verəcək şeyə də`vət edən Allahın və peyğəmbərin də`vətini qəbul edin”. Amma bu də`vətlər yalnız diri qəlblərə tə`sir edir. “Yasin” surəsinin 11-ci ayəsində buyurulur: “Sən yalnız o kəsi qorxuda bilərsən ki, qəlbində Allah qorxusu olsun.” Bəli, ruhən diri olmayan insana nəsihətin heç bir tə`siri yoxdur. Allah qorxusu olmayan qəlb ölüdür və peyğəmbərin «nəsihət dəvası» onu dirildə bilməz.
Nəfsin təzkiyəsi o qədər əhəmiyyətlidir ki, Allah bunu bəyan etməkdən ötrü on bir dəfə and içir. Qur`ani-kərimdə heç bir məsələnin bəyanında bu qədər and içilməyib: “And olsun günəşə və onun işığına; and olsun günəşin dalınca getməkdə olan aya; and olsun onu (yeri) cilvələndirən gündüzə; and olsun onu örtən gecəyə; and olsun göyə və onun binasını qoyana; and olsun yerə və onu döşəyənə; and olsun nəfsə və onu nizama salana; sonra da ona xeyrini və zərərini ilham edənə!”
Ey insan, əgər sən qurtuluş və səadətə nail olmaq istəyirsənsə, bil ki, bu iş yalnız nəfsi tərbiyələndirmək yolu ilə mümkündür. Əvvəlcə onu bəlalardan uzaqlaşdır, sonra isə gücləndir! Nəfsi güclənməsinə səbəb olan ən mühüm amillərdən biri Allahı çox zikr etməkdir. Gün ərzində bir yox, beş dəfə namaz qılmağın vacibliyi təkrar zikrin faydası ilə əlaqəlidir. “Taha” surəsinin 14-cü ayəsində oxuyuruq: “Məni yad etmək üçün namaza dur.” Məqsədə çatmaq istəyən insan üçün Allahı təkrar-təkrar zikr etmək ümumi bir üsuldur. Məsələn, dünya çempionu olmaq istəyən pəhləvan öz arzusu miqdarında məşq edir. Kamilliyə çatmaq istəyən insan da bu sayaq «tər tökməlidir». Qəlbin iştirak etdiyi ibadət və zikr insan nəfsini paklaşdırır. Əlbəttə, qəlbin iştirak etmədiyi dil ibadəti və əyilib-düzəlmələrin heç bir faydası yoxdur.
İnsanı təzkiyə dirildir. Təzkiyə isə Allahı xatırlayıb günahdan uzaqlaşmaqla əldə edilir. Nəfsin tərbiyəsi və ruhun təkamül yolu Allah tərəfindən peyğəmbərlər vasitəsi ilə ixtiyarımızda qoyulmuşdur. Bu yolu tanıyıb məqsədə doğru hərəkət etmək üçün Allahdan yardım alacağımıza ümid edirik.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 238 Bölmə: Maraqlı melumatlar