Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Peyğəmbərə (s.ə.s) kömək etməyin 100 yolu.(Birinci Hissə)

Mərhəmətli və Rəhimli Allahın adı ilə!
Həmd (şükür) aləmlərin Rəbbi Allaha məxsusdur. Salavat və salam nəbilərin və Peyğəmbərlərin ən şərəflisi Məhəmməd Peyğəmbərə, onun ailəsinə, səhabələrinə olsun. Heç bir şübhə yoxdur ki, Allah təaladan başqa həqiqətən də ibadətə layiq heç bir məbudun olmadığına və Məhəmməd Peyğəmbərin (ona və ailəsinə salam olsun) Allahın elçisi olduğuna şahidlik etmək islam dininin böyük əsaslarının əvvəlidir. (Yəni, əvvəlcə islama daxil olan şəxs bunu dili ilə deməlidir, qəlbi ilə mənasını dərk edərək təsdiq etməlidir. Bu hər şeydən əvvəl gəlir. Ən vacib məsələ bunu haqqıyla, elmi ilə bilməkdir. Bu kəlimeyi şəhadət adlanır.)
Kəlimeyi şəhadətin ikinci olan qismi, Məhəmməd (ona və ailəsinə salam olsun) – Allahın elçisidir sözü aşağıdakı xüsusiyyətlər gerçəkləşdiyi təqdirdə tamamlanıb kamil olar:

Birincisi:

Peyğəmbəri (ona və ailəsinə salam olsun) – xəbər verdiyi hər bir işdə təsdiq etməkdir. Bu təsdiqin əvvəli Məhəmməd (ona və ailəsinə salam olsun) Allahın elçisidir. O, Allah təalanın vəhyini cinlərin və insanların hamısına birdən təbliğ etmək üçün Quran və sünnəni əhatə edən, Allah təalanın o dindən başqa digər bir dini əsla qəbul etməyəcəyi İslam ilə göndərmiş olduğu Allah təalanın Peyğəmbəridir.


İkincisi:
Məhəmməd Peyğəmbərə (ona və ailəsinə salam olsun) itaət etmək, onun hökmünə razı olmaq, ona tam mənası ilə təslim olmaq, onun sünnəsinə boyun əymək, sünnəsini rəhbər tutmaq və onun xaricindəki hər şeyi tərk etməkdir.


Üçüncüsü:
Məhəmməd Peyğəmbərə (ona və ailəsinə salam olsun) təzim göstərməyi, onu ucaltmağı, ona hörmət göstərməyi, ona kömək etməyi, onu müdafiə etməyi, ondan gələn hər şeyə möhkəm bağlanmağı özündə gətirən bir sevgi və məhəbbətlə onu atadan, övladdan və öz canından daha çox sevməkdir.
İmanın məqbul ola bilməsi, tövhid kəliməsinin ikinci hissəsinin gerçəkləşməsi və “Məhəmməd (ona və ailəsinə salam olsun) Allahın elçisidir” şahidliyinin qəbul oluna bilməsi üçün hər müsəlmanın bu mənanı gerçəkləşdirməyə çalışması lazımdır. Çünki münafiqlər:
“- (Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir”(Münafiqlər surəsi 1)– dedikləri halda onların şahidlikləri əsla onlara fayda verməyəcəkdir. Çünki onlar kəlimeyi şəhadətin əsl mənasını ortaya qoymamışlar.
Bu sevgi və məhəbbətin gərəyi olaraq edə biləcəyimiz bəzi xüsusiyyətləri aşağıda sizə təqdim edirəm. Peyğəmbərimizin (ona və ailəsinə salam olsun) bu haqqının gərəyi olaraq; bu vəhşi və alçaq hücuma qarşı onun üçün övladlarımızı, atalarımızı, canlarımızı və mallarımızı qurban etməliyik. Hər kəs sahib olduğu imkanlara görə davranmalıdır. Buna görə də hər bir kəs, bu saydığımız xüsusiyyətləri nəzərə alıb, öz vəziyyətinə, şərtlərinə, imkanlarına görə bu məsuliyyəti öz üzərinə götürməlidir:


FƏRDLƏR SƏVİYYƏSİNDƏ EDƏ BİLƏCƏYİMİZ ŞEYLƏR:

Məhəmmədin (ona və ailəsinə salam olsun) aləmlərin Rəbbinin elçisi olduğuna dəlalət edən Peyğəmbərliyinin şək və şübhə olmayan möcüzələrini düşünmək. Məhəmmədin (ona və ailəsinə salam olsun) Peyğəmbərliyinin əsli və əsası isə Qurani Kərim və Peyğəmbərliyinin doğruluğunu əhatə edən möcüzələridir.

Quran (Allahın kitabı), sünnə(Allah elçisinin hədisləri) və icmadan(mötəbər islam alimləri) Peyğəmbərə (ona və ailəsinə salam olsun) itaət etməyin, ona tabe olmağın və onu rəhbər götürməyin fərz olduğuna dəlalət edən dəlilləri öyrənmək.

Allah təalanın Öz Peyğəmbərinin sünnəsini qoruyacağını bilmək. Necə ki, elm əhlinin əsirlər boyu böyük cəhdləri və əməklərinin nəticəsində bu gerçəkləşmişdir. Həmçinin islam ümməti bu əməyi ilə keçmiş ümmətlərdə olmayan bir böyüklük göstərmişlər. (Bu barədə mən qısa olaraq aşağıdakıları qeyd edərdim: İmam Səxavi (Allah Təala ona rəhmət eləsin) deyir: “Bizə Əbu Abbas yoluyla rəvayət olundu ki, əd-Dəğuli dedi: “Mühəmməd bin Hatim bin Müzəffərdən eşitdim, dedi: “Həqiqətən də Allah bu ümmətə isnad(hədisin səhih olmasını göstərən rəvayətçilərin zənciri) bəxş etməklə yaxşılıq etdi, şərəfləndirdi və onu fəzilətli etdi. Qədim və yeni ümmətlərin heç birinin isnadı yoxdur, o onların əllərində səhifələrdir. Artıq onlar Tövratda və İncildə nazil olunmayan fərqli xəbərlərini öz kitablarına qarışdırdılar. Arasına da doğru olmayan xəbərlər qatdılar. Öz kitablarına qarışdırdıqları doğru olmayan xəbərləri mənbə kimi götürdülər. Tövratda və İncildə nazil olunan fərqli xəbərlərinə heç bir əsası və səhihliyi olmayan xəbərlər qatdılar. Bu ümmət əmanətin və doğruluğun zamanında hədisləri əsli olmayan batil sözlərdən qoruyaraq toplamışlar. Sonra ən güclü bir yoxlama ilə yoxlamış, incələmiş, müzakirə etmiş, hətta əzbər öyrənib hifz etmişlər. Onu tam olaraq doğru bir şəkildə mühafizə edib qorumuşlar. Daha az bir insan qrupundan daha çox bir insan qrupuna çatdırmış, sonra hədisləri iyirmi və daha çox növdə yazmış, onu yalandan və səhvdən təmizləmişlər. Hərflərini hərəkələmiş və dəfələrlə saymışlar. Bu isə bu ümmətə Allaha şükr etmək üçün Allahın bəxş etdiyi ən böyük nemətdir”

Məhəmmədi (ona və ailəsinə salam olsun), onun yaradılış və əxlaqi gözəl sifətlərini düşünərək qəlblərdəki sevgisini hiss etmək, onun həyatını və gözəl xüsusiyyətlərini oxumaq. Həqiqətən də onun surətində və əxlaqında mükəmməl bir insanın bütün xüsusiyyətləri cəm olunmuşdur.

Məhəmmədin (ona və ailəsinə salam olsun) fəzilətinin nə qədər böyük olduğunu və onun bizim hər birimizin üzərindəki lütf və ehsanını hiss etmək. Çünki Allah təalanın dinini ən gözəl, nöqsansız və mükəmməl bir şəkildə bizə çatdıran odur. Belə ki, Məhəmməd (ona və ailəsinə salam olsun) ümmətinin bir elçisi olaraq risaləsini təbliğ etmiş, əmanəti yerinə yetirmiş və ümmətə nəsihət etmişdir.

İstər dünya ilə bağlı olsun, istərsə də axirətlə bağlı olsun, Allah təalanın lütf və ehsanından sonra həyata keçirməyə müvəffəq olduğumuz və onunla rahat bir həyat yaşadığımız hər yaxşılığda onun rolunun olduğunu bilmək. Çünki, bizi o yaxşılığı etməyə sövq edən, yol göstərən və yönəldən Məhəmməddir (ona və ailəsinə salam olsun). Buna görə də Allah təala onu ümmətinə görə ən yaxşı bir şəkildə mükafatlandırsın.

Məhəmmədin (ona və ailəsinə salam olsun) ümməti üçün insanlar arasında ən şəfqətli, ən mərhəmətli və onlara ən qayğıkeş olduğunu gözündə canlandırmaq. Necə ki, bu barədə Allah təala belə buyurmuşdur:
“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır”.(Əhzab surəsi-6)

Məhəmmədin (ona və ailəsinə salam olsun) Rəbbi qatında nə qədər uca bir məqama sahib olduğuna, onun yaradıcısının nəzərində qədir-qiymətinin nə qədər böyük olduğuna, Allahın (Onun şəninə təriflər olsun) onu nə qədər çox sevdiyinə və yaradıcısının ona ən gözəl bir şəkildə yaxşılıq etdiyinə dəlalət edən ayə və hədisləri oxuyub öyrənmək.

Allah təalanın bizə Məhəmmədi (ona və ailəsinə salam olsun) sevməyi və ona məhəbbət bəsləməyi olan əmrinə çox sıx şəkildə bağlanmaq. Hətta onu, öz canından daha çox sevmək. Necə ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) bu barədə belə buyurmuşdur:
“Sizdən biriniz məni öz canından, atasından, övladından və digər insanlardan çox sevmədikcə həqiqi iman etmiş olmaz”.

Allah təalanın bizə, Məhəmmədə (ona və ailəsinə salam olsun) və onun sünnətinə qarşı ədəbli olmağımızı əmr etmiş olduğu buyuruğuna möhkəm bağlanmaq. Necə ki, Allah təala bu barədə belə buyurmuşdur:
“Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar”(əl-Hucurat surəsi-2)
Yenə Allah təala belə buyurmuşdur:
“Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!”(əl-Hucurat surəsi-3)
Yenə Allah təala belə buyurmuşdur:
“Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın”.(Nur-63)

Peyğəmbərə (ona və ailəsinə salam olsun) edilən hər cür əziyyətə və ya ona nisbət edilən qüsur və nöqsanlığa qarşı onu müdafiə etmək, ona kömək etmək və onu himayə etmək. Allah təala bu barədə belə buyurmuşdur:
“(Biz onu göndərdik ki, siz insanlar) Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona (Allaha, yaxud Peyğəmbərə) yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız və (Allahı) səhər-axşam təqdis edib şəninə təriflər deyəsiniz!”(Fəth surəsi-9)

Məhəmmədə (ona və ailəsinə salam olsun) daima kömək etmək və onu müdafiə etmək niyyətini daima səmimi bir şəkildə göz önündə canlandırmaq.


Peyğəmbəri (ona və ailəsinə salam olsun) layiq olduğu kimi sevən və ona məhəbbət bəsləyən kimsə üçün axirətdə böyük bir mükafat olduğunu, bu mükafatın da cənnətdə ona dostluq etmək olduğunu gözündə canlandırmaq. Necə ki, Peyğəmbərimiz (ona və ailəsinə salam olsun) səhabələrdən biri özünə “Mən Allahı və Rəsulunu sevirəm” dedikdə, ona belə buyurmuşdur:
“Sən Qiyamət günü sevdiyinlə bərabərsən”

------------------
Peyğəmbərlərin Sonuncusuna Beynəlxalq Kömək komitəsi
Tərcümə və tədqiq edən: Əkrəm Həsənov (İlahiyyatçı, AMEA M. Füzuli adına Əlyazmalar institunun kiçik elmi işçisi, dissertantı)
Bakı, AMEA M. Füzuli adına Əlyazmalar institutu.


Tarix: 13.04.2013 / 16:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 285 Bölmə: Maraqlı melumatlar
loading...