Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sələfin həyatından ibrət (Ənəs ibn Nadr (radıyAllahu anhu)

Uhud döyüşündə müsəlmanların səfləri pozulmuş və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öldürüldüyü şayəsi yayılmışdı. Bəzi səhabələr bu faciəvi xəbərdən təsirlənərək çarəsiz bir şəkildə oturmuşdular.

Ənəs bin Nadr (radıyallahu anhu) onların yanına gələrək deyir:
- Nə oturmusunuz?

Onlar deyir:
- Peyğəmbər (sallallahu aleyhi və səlləm) öldürüldü.

Ənəs bin Nadr (radıyallahu anhu) bunu eşidib deyir:
- Peyğəmbər (sallallahu aleyhi və səlləm) öldürülübsə, siz niyə yaşayırsız? Qalxın Peyğəmbər (sallallahu aleyhi və səlləm) nəyin uğrunda ölmüşsə siz də onun uğrunda ölün! [1]

Ənəs (radıyallahu anhu) rəvayət edir ki, Uhud günü müsəlmanlar geri çəkildilər. Əmim Ənəs bin Nadr (radıyallahu anhu) Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi:
- Ya Rəsulallah! Mən sənin müşriklərlə olan birinci döyüşündə (Bədrdə) iştirak etməmişəm. Vallahi! Əgər Rəbbim mənə müşriklərlə döyüşmək imkanını verərsə Allah bilir mən onların başına nə oyun açacağam.

Uhud döyüşündə müsəlmanlar məğlubiyyətə uğradıqda o:
- Allahım, mən bunların (yoldaşlarını qəsd edir) etdiklərinə görə Səndən üzr istəyirəm. Bunların da (müşrikləri qəsd edir) etdiklərindən uzaq olduğumu bildirirəm.

Daha sonra irəli atıldı. Sad ibn Muaz (radıyallahu anhu) qarşısına çıxdı. Ənəs:
- Ey Sad! Nadrın Rəbbinə and olsun ki, mən Cənnətin qoxusunu Uhud tərəfdən hiss edirəm.

Sad ibn Muaz Rasulullaha (sallAllahu aleyhi və səlləm) onun haqqında danışarkən deyirdi:
- Ya Rasulullah! Mən onun etdiklərini edə bilmədim.

Ənəs (radıyallahu anhu) sonralar Ənəs İbn Nadrı (radıyAllahu anhu) xatırlayaraq deyirdi:
- Onun bədənində qılınc və nizə zərbələrindən 80 yara var idi. Onun öldürülmüş olduğunu və müşriklər tərəfindən əzalarının kəsildiyini gördük. Onu yalnız bacısı barmaq uclarından tanıdı. Əhzab surəsinin 23-cü ayəsinin onun və onun kimilər barəsində nazil olduğunu bilirik.[2]

Allah (subhənəhu və təalə) bu ayədə buyurur:

من المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلا

- Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.

_____________
[1]- İbn Hişəm, Sıra 3/30, İbn Hibbən,Sıratun Nəbəviyyə, səh. 225, İbn Həzm, Cəvamius Sira, səh. 162
[2]- Buxari 6/21, hədis 2805


Tarix: 09.05.2013 / 13:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Maraqlı melumatlar
loading...