Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lə İləhə İlləllah - şəhadət kəlməsinin mənası və şərtləri

Şəhadət – bir şey haqqında bilərək xəbər vermək, onun doğru olduğunu və sabit olduğuna inanmaq deməkdir. İqrar və itaət, qəlb və bir-birinə müvafiq olmadıqca şəhadət mötəbər sayılmaz. Çünki Allah münafiqlərin söylədiklərini: «(Ya Peyğəmbər) Münafiqlər sənin yanına gəldikləri zaman: Biz sənin doğrudan da Allahın Peyğəmbəri olduğuna şəhadət veririk!». (əl-Münafiqin 1). Onlar bu kəlməni yalnız dilləri ilə söylədikləri üçün Allah onları yalançı adlandırmışdı. «Allah da sənin onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir». (əl-Münafiqin 1).
Şəhadət kəlməsi özü-özlüyündə onu açıqlayır ki, onu söyləyən hər bir kəs yalnız elmi, yəqinliyi, ixlası və səmimiyyəti əsnasında bu kəlməni söyləmiş olur. Bu xüsusiyyətlərin olmaması şəhadət kəlməsini etibarsız edir.

İlk öncə insan İlah kəlməsinin mənasını bilməlidir. İbn Teymiyyə – rəhmətullahi aleyhi – bu kəlməni belə izah edir: «İlah – ibadət və itaət olunandır. İlahiləşdirilən da yalnız ibadətə layiq olandır. Çünki o, elə bir xüsusiyyətlərə malikdir ki, istər-istəməz onu yüksək məhəbbətlə sevmək və ona itaət, ibadət etmək qaçınılmazdır. İlah – nə ki, sevilir, nəyə ki, ibadət edilir və qəlblərin (ürəklərin) ona olan məhəbbətindən ilahlaşdırılır. Ona itaət edirlər və onun qarşısında alçalırlar. Ondan qorxurlar və onu arzulayırlar (istəyirlər). Bəlada ona sarı qaçırlar və mühüm məqamlarda duaları ona yönəldirlər. Ruzi intizarında ona təvəkkül edilir və ondan sığınacaq istənilir. Onun adı zikr olunanda sakitləşirlər və ona olan məhəbbətdən rahatlıq tapırlar. Allahdan başqa belə bir ilah yoxdur».
«Allah özündən başqa heç bir ilah olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq o qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir ilah olmadığına şəhadət verdilər». (Ali-İmran 18). Bu ayədən göründüyü kimi Allah özü haqqında şahidlik etdikdə ki, ondan başqa heç bir haqq ilah yoxdur, Mələklər və Elm sahibləri də şahidlik etdilər. Bu şahidlik ən böyük şəhadətdir. Çünki şəhadət kəlməsi sayəsində hər bir kəsin malı və qanı qorunmuş, himayə altına alınmış olur. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət edincə, namaz qılınca, zəkat verincəyə qədər insanlarla vuruşmağa əmir olundum. Bunu etdilərmi, öz qanlarını və mallarını məndən qorumuş olurlar. İslamın haqqı ilə olması müstəsna. Haqq-hesablarını çəkmək isə Allaha aiddir».
Şəhadət kəlməsi ilə Allah bizə əmr etdiyi əməlləri qəbul edir, onunla Cənnətə girmək və Cəhənnəmdən qurtarmaq olar. «Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər». (əl-Əraf 40). Nə qədər günahlar böyük olursa olsun onun səbəbi ilə bağışlanılır.
İlkindən sonuncusuna qədər bütün Peyğəmbərlərin dəvət etdikləri, hətta dəvətlərinin özəyi və işlərinin başı da bu olmuşdu. Son Rəsulumuz Məhəmməd – səllallahu aleyhi və səlləm – də Məkkədə 13 il yalnız bu kəlməyə dəvət etmiş və insanlara onun nə qədər mühüm olduğunu açıqlamağa çalışmışdı. «(Ya Məhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ( özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq. (Allaha təslim olanlarıq)». (Ali –İmran-64).

LƏ İLƏHƏ İLLƏLLAH ( Allahdan başqa ilah yoxdur)

Lə iləhə illəllah – «Allahdan başqa ibadət edilməyə layiq heç bir haqq ilah yoxdur» deməkdir. «Bil ki, Allahdan başqa ilah yoxdur». (Məhəmməd 19). «Allahdan başqa heç bir ilah yoxdur». (Ali İmran 2). Bütün bu ayələrin mənası ibadət edilməyə haqq edən yalnız və yalnız Allahdır. Bu ifadə ilə Allahdan başqa ibadət olunan hər hansı bir ilah rədd edilmiş olur. Allahdan başqa ifadəsi ibadətin yalnız Allaha edilməsi, mülkündə heç bir ortağı olmadığı kimi, ibadətdə də onun hər hansı bir ortağı ( şərik) olmadığıdır.
Lə iləhə illəllah- kəlməsi nəfy və isbatdan ibarətdir. Lə iləhə – ilah yoxdur nəfy, illəllah – Allahdan başqa isbat etməkdir.
İlah, məbud ibadət ediləndir. Ancaq ilah olan məbuddur. Hər bir kəsin ilahı, ona ibadət etdiyidir. Allahdan başqa ibadət olunan bu ilahlar, ilahdır. Lakin batil ilahlardır. Çünki bunlar haqq ilah deyillər. «Bu belədir. Çünki Allah haqq, müşriklərin ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən Allah uca və böyükdür». (əl-Həcc 62). «Bu ona görədir ki, Allah haqq, (müşriklərin) ondan qeyri ibadət etdikləri isə batildir» (Loğman 30).

LƏ İLƏHƏ İLLƏLLAHIN ŞƏRTLƏRİ

Lə iləhə illəllah – kəlməsinin yeddi şərti var. Bu şərtlərin hər birinə əməl olunmadıqca, onların ifadə etdiyi mənaları Quran və Sünnəyə uyğun olaraq dolğun, düzgün başa düşülmədikcə, bu kəlmənin söylənilməsi heç bir kəsə fayda verməyəcəkdir.
Aşağıda qeyr edəcəyimiz bu şərtlər Quran və Sünnəyə uyğun olaraq möhtərəm İslam alimləri tərəfindən qeyd olunmuşdu.
1. ELM – küfrdən uzaq edən.
2. YƏQİNLİK – şübhələri yox edən.
3. İXLAS – şirkdən uzaq edən.
4. MƏHƏBBƏT – nifrətdən uzaq edən.
5. SİDQ – yalanı yox edən.
6. TƏSLİM – itaətsizliyi yox edən.
7. QƏBUL – inkarı yox edən.

ELM
Bu o, elmdir ki, Lə iləhə illəllah – kəlməsini dəlillərlə öyrənir və isbat edir. Bu da dil ilə
söyləyib qəlb ilə bilmiş olur. Onun mənasını və nəyi əhatə etdiyini bilmədən söyləyənə heç bir faydası olmaz.
«Öyrən bil ki, Allahdan başqa ilah yoxdur». (Məhəmməd 19). «Ondan qeyri ibadət etdikləri şəfaət edə bilməzlər. Haqqa şəhadət verənlər müstəsnadır». (əz-Zuxruf 86). Bu ayənin mənası odur ki, Allahdan başqa ilah olmadığına dair şəhadət edərək dillərilə söylədiklərini qəlbləri ilə bilərək təsdiq etməlidirlər. «Mən həqiqətən Allaham. Məndən başqa heç bir ilah yoxdur». (Ta ha 14). Osman – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm- buyurdu: «Hər kim Allahdan başqa ilah olmadığını bilərək ölərsə Cənnətə girər».

YƏQİNLİK

Bu kəlmənin nəyə və nəyi gətirdiyini bilmək və heç bir şəkk-şübhəyə düşməmək. Bu kəlmə haqqında tam bir bilik və qavrayış sahibi olmaq.
«Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri sadiq olanlardır». (əl-Hucurat 15). Əbu Hüreyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və mən onun elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın hüzuruna gedərsə, qul Cənnətə girər».

İXLAS

Şirkə yer verilməyən bir ixlasa sahib olmaq.
«Bil ki, xalis din yalnız Allaha məxsusdur». (əz-Zumər 3). «Halbuki, onlara əmr edilmişdir ki, Allaha dini yalnız ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək ibadət etsinlər. Namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur». (əl-Bəyyinə 5). Əbu Hureyrə – radıyallahu anhu- rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm- buyurdu: «Qiyamət günü mənim şəfaətimlə ən xoşbəxt insan o kəsdir ki, qəlbində ixlas ilə lə iləhə illəllah- kəlməsini deyəndir». «Əbu Hüreyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və alihi səlləm – mənə buyurdu: «Bu divarın arxasında qəlbindən iman ilə Allahdan başqa ilah olmadığına şəhadət edən hər kiminlə qarşılaşsan onu Cənnət ilə müjdələ».


SİDQ

Bu kəlməyə sadiq olmaq. Bu kəlməni qəlbdən gələn doğruluqla dilin söylədiklərini qəlb ilə təsdiq edərək söyləmək.
«İnsanlar yalnız iman gətirdik deməkləri ilə onlardan əl çəkib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik.Şübhəsiz ki, Allah düz danışanları da yalançılrı da çox gözəl tanıyır». (əl-Ənkəbut 2-3). «Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir». (əz-Zumər 33). Peyğəmbər – səllallahu aləeyhi və səlləm- buyurdu: «Qəlbindən doğruluq və səmimiyyət ilə Allahdan başqa ilah olmadığına, Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət gətirən hər kəsə Allah Cəhənnəm odunu haram edər».
MƏHƏBBƏT

Bu kəlməyə məhəbbətlə bağlanmaq. Bu kəlmənin daşıdığı, gətirdiyi hər bir şeyi sevmək və bu kəlməni söyləyənləri sevmək.
«İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub Allahı sevən kimi sevənlər də var. Halbuki, iman gətirənlərin Allaha olan məhəbbəti daha qüvvətlidir». (əl-Bəqərə 165). Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim kafirlərə qarşı sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu Allahın lütfüdür, onu istədiyinə verər». (əl-Maidə 54). Ənəs – radıyallahu anhu rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Üç şey var ki, sizlərdən kimdə olarsa o, imanın şirinliyini dadar. Allah və Rəsulunu hər şeydən çox sevmək, Allah rizası üçün bir-birinizi sevmək, Allahın küfrdən xilas etdiyi və sonra küfrə qayıtmaqdan oda atılmış kimi qorxan (şəxs)».
«Ey iman gətirənlər! Yəhudi və Xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönlətməz! Sizin vəliniz (dostunuz) ancaq Allah, onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, boyun əyərək namaz qılar və zəkat verərlər». (əl-Maidə 51-55). Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutarlarsa, onları özünüzə dost bilməyin. Sizlərdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar». (ət-Tövbə 23). «Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşməninizi dost tutun». (əl-Mumtəhinə 1).

TƏSLİM

Allahın qoyduğu bütün qayda – qanunlara, şəriət və sünnəyə əməl etmək.
«Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə o, artıq ən möhkəm bağdan yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çatacaqdır». (Loğman 22). «Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (əz-Zumər 54). Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Sizdən heç bir kimsənin meyli mənim gətirdiyimə tabe olmadıqca iman etmiş olmaz».
QƏBUL

Bu kəlmənin gətirdiyi hər bir şeyi qəbul edəcək, inkara əsla yol verməyəcək. «Onlara Allahdan başqa heç bir ilah yoxdur deyildiyi zaman təkəbbür göstərirdilər». (əs-Saffət 35).
Bu sadaladığımız şərtlər Lə iləhə illəllah kəlməsinin ayrılmaz bir hissəsidir. Bu şərtlər üzərində düşünüb fikirləşmək, onlara lazımi qaydada əməl etmək isə sizin üzərinizə düşən bir haqdır. Çünki biz dünya və axirətimizi yalnız bu kəlməni öyrənib, ona düzgün əməl etməklə xoşbəxt və firavan edə bilərik.
Ubədətu b. Samit – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Kim şəhadət etsə ki, Allahdan başqa ilah yoxdur, Məhəmməd onun qulu və Rəsuludur, İsa – əleyhissəlam- onun qulu və Rəsuludur, Məryəmə dediyi söz və ondan gəlmə bir ruhdur, Cənnət haqq, Cəhənnəm haqqdır, Allah o insanı əməlindən asılı olmayaraq Cənnətə salar». Başqa rəvayətdə Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar». Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki,Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Musa – əleyhissəlam – öz Rəbbinə buyurdu: «Ey Rəbbim! Mənə elə bir kəlmə öyrət ki, səni onunla yada salım və dua edim». Allah buyurdu: «Ya Musa! De: «Lə ilələ illəllah». Musa – aleyhissəlam – buyurdu: «Ya Rəbbim! Axı sənin bütün qulların bu kəlməni deyir». Allah buyurdu: «Ya Musa! Əgər yeddi qat göyü və yeddi qat yeri və məndən başqa orada olanları tərəzinin bir gözünə, Lə iləhə illəllah kəlməsini tərəzinin digər bir gözünə qoysalar bu kəlmə ağır gələr». Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «Qiyamət günü mənim ümmətimdən bir nəfəri bütün insanların qarşısında çağıracaqlar. Onun qarşısına günahlarla dolu doxsan doqquz kitab qoyulacaq. Hər birinin uzunluğu gözün son görmə həddi qədər olacaqdır». Sonra ondan soruşacaqlar. «Sən bunlardan hansınısa inkar edirsən?» O: «Yox, Ya Rəbbim!» Allah buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı əməl varmı?» Həmən şəxs qorxudan özünü itirərək: «Yox, Ya Rəbbim!» deyəcəkdir. Ona deyiləcək: «Sənin bir yaxşı əməlin var. Bu əməlinə görə sənə bu gün ədalətsizlik olunmayacaqdır». Onun qarşısına Lə iləhə illəllah kəlməsi yazılmış vərəqə çıxarılacaq. Həmən insan deyəcək: «Ya Rəbbim! Bu vərəq bu qədər günahların qarşısında nə gücə malikdir». Günahları tərəzinin bir gözünə, həmən kəlməni isə tərəzinin o, biri gözünə qoyacaqlar. Lə iləhə illəllah olan tərəzi ağır gələcəkdir. Rəhman və Rəhim olan Allahın adı qarşısında heç bir şey ağır gəlməz». Əbu Məlik – radıyalahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Lə iləhə illəllah deyib Allahdan başqa ibadət olunan hər bir şeyi inkar edən insanın canına, malına qəsd etmək haramdır. Onunla haqq hesabı Allah özü çəkəcəkdir».


Tarix: 18.04.2013 / 15:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 341 Bölmə: Maraqlı melumatlar
loading...