beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHA DOĞRU

ÖN SÖZ
“Ey arxayın olan kəs! Dön Rəbbinə! Sən Ondan, O da səndən razı olan halda. Daxil ol bəndələrimin zümrəsinə! Daxil ol Behiştimə!”
Varlıq aləmində ən qəribə və ən maraqlı dastan «İnsan dastanı»dır. Allah-taala insana elə bir iste’dad əta edib ki, bunun vasitəsi ilə insan Allahın xəlifəsi və mələklərin məscudu olmaq məqamına yüksələ bilər. Allahın insanı «ən gözəl surətdə» yaratması və onun başına «kəramət tacı» qoyması Yaradan tərəfindən insana əta olunan ən böyük şərafətdir.
Təkamül yolunda insan Allah-təlaya yaxın məqama ucala bilir və Allah ona “ey arxayın olan kəs” deyə xitab edərək cənnət qapılarını onun üzünə açır. Amma həmin bu ali xilqət bə`zən süqut edərək ən alçaq varlığa çevrilir. O, bə`zən heyvan, hətta heyvandan da alçaq məqama enərək elə bir fəlakətə düçar olur ki, onun haqqında buyurulur: “Allah yanında yer üzündəki canlıların ən pisi düşünməyən karlar və lallardır.”
Bəs həmin yüksəliş və süqutun sirri nədir? Necə olur ki vahid bir mövcud bir-birinə zidd olan iki yol ayrıcında dayanır? İnsanlıq pöhrəsini çiçəkləndirən, eyni zamanda yandırıb külə döndərən nədir? Əlinizdəki kitabda yuxarıdakı suallara cavab verməyə sə`y göstərilmişdir. Bu kitab fəzilət sahibi, fəqih tanınmış filosof həzrət Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin əxlaq dərslərinin məcmusudur. Belə bir kitabın tərtibində bizə yardım göstərdiyi üçün Allaha şükr edirik. Bu işdə Məhəmməd Mehdi Nadirinin xüsusi fəaliyyəti olub. Bu kitabı çap etməklə kiçik də olsa İslama xidmət göstərib savab qazanacağımıza ümid edirik.

Naşir.

BİRİNCİ DƏRS
TƏZKIYƏ (PAKLANMA) ANLAYIŞI VƏ ONUN ƏHƏMİYYƏTİ
PEYĞƏMBƏRLƏRİN İKİ ƏSAS HƏDƏFİ
Qur`ani-kərimdə peyğəmbərlərin göndəril-məsində əsas məqsədin insanların tə`lim və təzkiyəsi olduğu bildirilir. Bə`zi ayələrdə təzkiyə, bə`zilərində isə tə`lim birinci qeyd olunur. Bu iki söz, yə`ni “tə`lim və təzkiyə” dilimizə “tə`lim və tərbiyə” kimi də tərcümə oluna bilər. Başqa sözlə, “təzkiyə” dedikdə “tərbiyə” nəzərdə tutulur. İnsan bu tə`lim və tərbiyəyə dini maarifə yiyələnmədən və ya peyğəmbərlərin köməyi olmadan nail ola bilməz. Elə elmlər var ki onlar insanın xoşbəxtliyində birbaşa rol oynamır. Amma dini elmlərdən xəbərsizlik insanı əbədi axirət səadətindən məhrum edir.
Peyğəmbərlərin göndərilməsinin iki əsas məqsədi var:
1. Dini maarifin tə`limi.
2. İnsanların tərbiyəsi.
Bu iki iş əvvəl peyğəmbərlərin, sonra isə onla-rın vəsilərinin (canişinlərinin) öhdəsindədir. İslam peyğəmbərinin vəsiləri olan mə`sum imamlardan sonra bu vəzifə Əhli-beyt alimlə-rinin çiyninə düşür.
Tərbiyə o qədər geniş sahəni əhatə edir ki, hətta bədən tərbiyəsi də bu sahəyə aid olunur. Amma peyğəmbərlərin əsl vəzifəsi insanların mə`nəvi tərbiyəsi, yə`ni təkamül yolunda olnları Allaha yaxın məqama çatdırmaqdan ibarətdir.
ALİMLƏRİN ROLU
Qədim dövrlərdə insan fikri və əməli çaşqınlıqdan qurtarmaq üçün qısa bir müddət dini maariflə tanış olmaqla, məqsədinə çata bilərdi. Amma bu günkü qatışıq dünyada kamilləşmək üçün müxtəsər dini bilik kifayət etmir. Elə bir əsrdə yaşayırıq ki, bütün ömrümüzü dini məsələlərin tə`liminə sərf etsək də xoşbəxtliyimizi tə`min edəcək dərəcədə maarif-lənməyimiz müşkül məsələdir.
Bu gün dünyəvi elmlər inkişaf etdiyi kimi, dini elmlər də tərəqqi etmişdir. Bir neçə yüz il əvvəl insan üç il, beş il dərs oxumaqla bütün elmləri öyrənə bilərdi. Farabi, İbn Sina kimi dünya şöhrətli alimlər öz dövrlərinin bütün elmlərini qısa bir müddətdə əxz etmişlər. Amma bu gün bir elm sahəsinə yiyələnmək üçün on illərlə dərs oxuyan insan yenə də həmin sahəni əhatə edə bilmir.
Dini elmlər də olduqca genişlənib. Bu gün dini maarifdə elə sahələr yaranıb ki, həmin sahələrdə mütəxəssis olmaq üçün on illərlə oxumaq kifayət etmir. Məsələn, fiqh və üsul elmlərində ictihad dərəcəsinə çatıb nəzər sahibi olmaq üçün bir neçə on il oxumaq lazım gəlir.
Yaşadığımız dövrdə bəşəriyyət elmdən daha çox tərbiyəyə ehtiyaclıdır. İstər şərq, istərsə də qərb alimləri bu fikirdədirlər ki, insanlar mə`nəviyyat böhranından daha çox əziyyət çəkirlər.
“Cümə” surəsinin ikinci ayəsində buyurulur: “Odur ki, savadsızlara onların öz arasından peyğəmbər seçdi ki, Allahın ayələrini onlara oxusun, onları paklığa çıxartsın və kitab və hikməti onlara öyrətsin.” Peyğəmbərlər və onların vəsiləri bu vəzifələri həyata keçirmək üçün misilsiz əziyyətlərə dözmüşlər. Bu silsilənin sonuncu nümayəndələri İslam Peyğəmbəri və mə`sum İmamlardır.
Lakin bu gün peyğəmbər və imamların olmaması insanların tə`lim və tərbiyəsinin başsız qalması demək deyil. Rəvayətlərdən mə`lum olur ki, bu məs`uliyyət din alimlərinin üzərinə düşür. İslam Peyğəmbəri (s) buyurur: “Allahın rəhməti olsun mənim canişinlərim olan o kəslərə ki, mənim sünnətimi (qayda-qanunlarımı) diri saxlayıb onu Allahın bəndələrinə öyrədirlər.” Tərbiyə dini tə`limə əsaslanmalı olduğundan bu iş də din alimlərinin üzərinə düşür. Bundan əlavə peyğəmbər sünnəti təkcə tə`limdən yox, eyni zamanda tərbiyədən də ibarətdir.
Peyğəmbərin tə`lim və tərbiyə arasında sərhəd qoymaması bir daha təsdiq edir ki, tə`lim və tərbiyəni bir-birindən ayırmaq olmaz.
TƏHSİL MƏRKƏZLƏRİNDƏ TƏRBİYƏNİN ROLU
Elmi mərkəzlərdə tə`lim və tərbiyəyə paralel diqqət göstərilməlidir. Təəssüf ki, bə`zən müəyyən islam elminə üstünlük verildiyi halda başqa bir islam elmi kölgədə qalır. Lazımi diqqət göstərilməyən ən mühüm sahə əxlaq və mə`nəviyyat sahəsidir. Dini elm mərkəzlərində (hövzələrdə) tərbiyə, təzkiyə məsələsi ən ağrılı məsələdir. Hələ də bu problem öz həllini tapmamışdır.
Bu problemi doğuran səbəblərdən biri ilahi əxlaqa yiyələnmiş arif alimlərin həddi aşan təvazökarlığıdır. Dini mərkəzlərdə bu insan-ların nəfəsinə ehtiyac olduğu halda onlar başqalarına əxlaq dərsi keçməyə özlərini layiq bilmirlər. Bu böyük şəxsiyyətlər onlardan nəsihət istəyənlərə “bizim özümüzün nəsihətə ehtiyacımız var” deyirlər. Onların bu hərəkəti böyük mə`nəviyyat əlaməti olsa da təvazökarlıq vəzifənin qarşısını almamalıdır. Əgər bütün əxlaqsevərlər yalnız öz tərbiyəsi ilə məşğul olsa cəmiyyətdə insanlıqdan əsər qalmaz. Məgər peyğəmbərlərin bir zaman icra etdiyi tə`lim və tərbiyə vəzifəsi bu gün alimlərin öhdəsində deyilmi?! Başqalarına nisbətən daha əxlaqlı olanlar cəmiyyəti islah etməyə borcludurlar.
Bir sözlə, tərbiyə də tə`lim kimi vacib əmrdir. Nə tə`lim, nə də tərbiyə sahəsində layiqli insanlar üçün təvazökarlıq maneə ola bilməz. Əgər həqiqi alim “danışsam deyərlər ki, özünü göstərir” düşünərək susarsa bəşəriyyət cəhalətə düçar olar.
Tarixdə hətta ən yaxın adamlarından öz elm və fəzilət mərtəbəsini gizlədən böyük şəxsiyyətlər olub. Düzdür, bu şəxsiyyətlərin bir çoxu həmin hərəkətlərinə bəraət qazandıracaq möhkəm dəlillərə malik olublar. Şəxsiyyətini gizlətmək insan üçün kamal hesab oluna bilər, amma həmişə yox! Əgər bütün alimlər şöhrətpərəstlikdən qurtulmaq üçün öz elmini gizlədərsə xalqın tə`lim-tərbiyəsi ilə kim məşğul olar?! Bu kifayi vacib işlə hökmən kimsə məşğul olmalıdır.
Mənim də tərbiyəyə ehtiyacım başqalarından daha çoxdur. Amma özümdən soruşuram ki, əgər bu vəzifəni yerinə yetirməsəm qiyamət günü nə cavab verərəm? Bu vacib işdən boyun qaçırdığıma şöhrətpərəstlik qorxusu səbəb ola bilərmi? Elmi mərkəzlərdə tanınmış əxlaq ustadları dərs keçsələr də, yenə də bu işə ehiyac duyulur. Ona görə də bütün nöqsanlarına baxmayaraq mənim kimiləri üçün də tərbiyə işi ilə məşğul olmaq vacib görünür.
TƏZKİYƏ MƏFHUMU
Təzkiyənin, yə`ni tərbiyənin hədəfi nəfsdir. “Təzkiyə” sözü ərəb dilindən tərcümə olunduqda iste`dadların çiçəklənməsi, kamilləşmə, inki-şaf mə`nasını verir. “Şəms” surəsinin 9-10-cu ayələrində buyurulur: “Öz nəfsini təmizləyən kimsə (təzkiyə edən) mütləq nicat tapmışdır; onu korlayıb bulaşdıran kimsə isə mütləq uduzmuşdur.” Ayələrdən göründüyü kimi “təzkiyə” kəlməsi “nəfsi təmizləmək”, onun əksi isə “nəfsi bulaşdırmaq” mə’nalarını daşıyır.
Bu kəlmə «ağaca qulluq» mə`nasını da verir. Bağban ağaca qulluq edir, ona su verir, dibini yumşaldır. O, ağacın inkişafı üçün ağacın budaqlarını budayır. Bütün bu işlərin içəri-sində ağacı çirkabdan, zərərli həşəratlardan qorumaq da var.
İnsanın da təzkiyəsi həmin iki istiqamətdə aparılır; nəfs hansısa xüsusiyyətlərlə zinətlən-dirilir, eləcə də, hansısa xüsusiyyətlərdən pak-landırılır.
İNSAN TƏRBİYƏSİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
İnsanın tərbiyəsi başqa mövcudların tərbiyəsindən bə`zi xüsusiyyətlərinə görə fərqlənir:
1.İnsanın tərbiyəsi onun iradəsindən asılıdır. Bağbanın tərbiyə etdiyi ağacın iradəsi olmadığı halda insanın iradə və istəyi onu başqa mövcudlardan fərqləndirir. Ağac şəraitə təslim olduğu halda insan öz iradəsi ilə şəraitə tə`sir göstərir.
Bir sözlə, insanın tərbiyəsində onun istəyi əsas şərtdir. İnsanı istəmədiyi halda kimsə yaxşılığa məcbur edib behiştə apara bilməz. Allah-təala Peyğəmbərə müraciətlə buyurur: “Şübhəsiz ki, sən istədiyin hər kəsi hidayət edə bilməzsən. Amma Allah istədiyini hidayət edər və O, hidayətə layiq olanları daha yaxşı tanıyır.” Bəli, hətta əzəmətli məqam sahibi olan peyğəmbər (s) istədiyi insanı doğru yola məcbur edə bilməz. Yalnız Allah bu yola layiq olanları hidayət edir. “Nisa” surəsinin 49-cu ayəsində buyurulur: “İstədiyini pak edə bilən yalnız Allahdır.” Demək, təzkiyə də hidayət kimi tərbiyəçinin ixtiyarında deyil. Bə`ziləri belə düşünə bilər ki, əgər hidayət və təzkiyə Allahın ixtiyarındadırsa onda insan nə vaxt hidayət ediləcəyini oturub gözləməlidir. Bu suala cavab vermək üçün “əf`ali tövhid” ifadəsi ilə tanış olmalıyıq. İnsan inanmalıdır ki, əsil fail, işi görən səbəbkar yalnız Allahdır və bu inam əf`ali tövhid adlanır. Allahdan başqa bütün varlıqlar öz hərəkətində tə`sirə möhtacdır. “Vaqiə” surəsinin 64-cü ayəsində oxuyuruq: “Onu (əkdiyiniz toxumu) siz bitirirsiniz, yoxsa biz?” Ayədən belə mə`lum olur ki, həqiqi səbəbkar Allahdır. Lakin “Hər şeyi Allah hərəkətə gətirir” demək özü də səhv fikirdir. Hər halda, mö`min şəxs bilməlidir ki, Allahın izni olmadan heç bir hərəkət baş verə bilməz.
Tərbiyələnmək insanın istəyindən asılı olsa da, Allahın iradəsi olmadan gerçəkləşə bilməz. İslam peyğəmbəri, mə`sum imamlar və cəmiyyətin digər tərbiyəçiləri yalnız Allahdan yardım almaqla bir iş görə bilirlər. “Təkvir” surəsinin 29-cu ayəsində oxuyuruq: “Aləmlərin Rəbbi istəməyincə siz istəyə bilməzsiniz.” “Nisa” surəsinin 29-cu ayəsində buyurulur: “Allah istədiyini pak edər.” “Ali-İmran” surəsinin 164-ci ayəsində buyurulur: “(Peyğəmbər) onları pak edər, onlara kitab və hikmət öyrədər.” “Şəms” surəsinin 9-cu ayəsində isə belə buyurulur: “Nəfsini təmizləyən nicat tapdı.” Son üç ayədən görünür ki, insanın tərbiyəsi Allah və onun rəsulundan, eləcə də insanın özündən asılıdır. Bu işdə Allah müstəqil, peyğəmbər və insan isə Allahın icazəsi ilə fəaliyyət göstərir. Əf`ali tövhidin mə`nası budur.
Demək, ağac öz tərbiyəsində bağbana müqavimət göstərə bilmədiyi halda insan öz tərbiyəsində azaddır. İnsanın qəlbini zorla hansısa istiqamətə yönəltmək qeyri-mümkündür. Zorla görülən işdə kamillikdən söhbət gedə bilməz. İnsanın kamilliyi doğru yola buxovlanmasında yox, doğru yolu öz istəyi ilə seçməsindədir.
İnsanların tərbiyəsi ilə məşğul olan şəxs əvvəlcə kamilliyə maraq oyatmalıdır. Əgər o, tərbiyə etmək istədiyi şəxsin diqqətini yaxşılığa yönəldə bilsə müvəffəq ola bilər. Bütün insanların fitrətində yaxşılığa meyl var. Tərbiyəçinin işi yatmış fitrəti oyatmaqdır. Əgər insanın fitrətində bu meyl qoyulmasaydı onu kimsə tərbiyələndirə bilməzdi. Təbii ki, insan meyli çəkməyən bir şeyə dəyər verə bilməz.
Demək, insanın təzkiyəsi, tərbiyələnməsi üçün ona elə bir şərait yaratmaq lazımdır ki, onda kamilliyə həvəs yaransın.
2. Özünütərbiyə mümkündür. İnsanın tərbi-yəsinin ağacın tərbiyəsindən mühüm bir fərqi insanın özünütərbiyə qabiliyyətidir. İnsan ağacdan fərqli olaraq özü üçün təkamül şəraiti yarada bilər. İnsan tərbiyəçinin köməyi olmadan öz zəhməti hesabına tərbiyənin müəyyən mər-hələlərini təkbaşına qət edə bilər. Müstəqil şəkildə elm öyrənmək mümkün olduğu kimi, müstəqil şəkildə tərbiyələnmək də mümkündür. Müəllim və tərbiyəçinin rolu inkarolunmazdır. Amma söhbət ondan gedir ki, insan oturub müəllim və tərbiyəçi yolu gözləməməlidir. Bir çox mərhələləri tərbiyəçisiz qət etmək olar.

Dövrün İsgəndəri olsan da əgər
Zülmətdə ustadsız eyləmə səfər.

Amma elə mərhələlər var ki, bu mərhələlərdəki müvəffəqiyyətsizliyi müəllimsizliyin boynuna yıxmaq olmaz. Yalnız özünütərbiyənin ali mərtəbələrini ustadsız keçmək qeyri-mümkündür. “Saffat” surəsinin 24-cü ayəsində buyurulur: “Onları yubadıb sorğu-sual üçün saxlayın.” İnsan qiyamətdə sorğu-suala çəkildiyi zaman üzr gətirə bilməz ki, tərbiyəçisi olmadığı üçün kamala çata bilməyib.
Əlbəttə ki, təkamülün ali mərtəbələrini ustadsız keçmək istəyən insanı şeytan aldada bilər. Amma ibtidai mərhələləri təkbaşına uğurla qət etmək olar. Ali mərtəbələrdə isə şeytan müdaxilə edib ustadsız yolçunu çaşdıra bilər. Elə ibtidai mərhələlərdə də ustadın olması çox gözəldir. Amma ustad yoxdursa dayanmaq da olmaz. Bu mərhələlərdə ayə və hədislər, Əhli-beyt maarifi, əxlaq alimlərinin kitabları müəllimi əvəz edə bilər.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 438 Bölmə: Maraqlı melumatlar