beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Susmaq və dili qorumaq

İnsana dilini qorumasını və batil sözlərdən çəkinməsini əmr etmək İslam şəriətinin kamilliyindəndir. Çünki dilin həcmi kiçik, təhlükəsi isə böyükdür. İslam, müsəlmana yalnız xeyir danışmağı əmr etmişdir. Danışmağa xeyirli sözü olmadıqda isə susmağı ona əmr etmişdir. Peyğəmbər (sav) buyurmuşdur:
"Kim Allaha və axirət gününə iman gətirirsə xeyir söyləsin və ya sussun"(Buxari: 10\ 445\ ? 6018. Müslim: 1\ 68\ ? 47)

Qurani Kərimdə deyilir ki, kim nə danışırsa onun əməl kitabına yazılır və qiyamət günü ona görə sorğu-sual olunacaqdır.
Allah taala buyurur:
"Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf: 18).
Bu İslam üslubu çox əzəmətli üslubdur. O, dilin böyük təhlükəsini nəzərə alaraq onu qorumağı əmr etmişdir. Çünki tarix boyu dil: ixtilaflar, qırğınlar, nifrət, qəzəb, müharibələr, qan axıtmaq və .s bu kimi - çox bəlalar gətirmişdir.
Ona görə də İslam şəriəti dili yersiz işlətməkdən çəkindirmişdir. Buna misal olaraq aşağıdakıları demək olar:
Yalan danışmağın qadağan edilməsi. Bu haqda sadiqlik haqda danışanda qeyd etmişdik.
Qeybətin qadağan edilməsi. Qeybət, qardaşının xoşlamadığı pis işləri başqalarının hüzurunda danışmaqdır. Qeybət, müsəlmanlar arasında olan mehribançılığa son qoyur və aralarına nifaq salır. Bu, qeybət edənin pis əməlini və nəfsi alçaqlığını göstərir.
Peyğəmbər (sav) buyurmuşdur:
"Bilirsinizmi qeybət nədir?" Səhabələr dedilər: Allah və rəsulu daha yaxşı bilərlər. O, buyurdu: "Qeybət: qardaşının xoşlamadığını onun haqda danışmaqdır". Orada olanlar dedilər: bəs əgər dediyim doğurdan da qardaşımda olarsa, onda necə? O, buyurdu: "Əgər dediyin qardaşında varsa sən onun qeybətini edirsən. Əgər sənin dediyin onda yoxdursa onda ona böhtan atmış olursan"(Müslim: 4\ 2001\ ? 2589.)
Nəmmamlığın (söz gəzdirməyin) qadağan edilməsi. Nəmmamlıq: insanların bir-birlərinə dedikləri pis sözləri onlara çatdırmaqdır. Bu əməl mehriban insanların arasını vurur, bir-birlərinə qarşı düşmənçilik yaradır, məhəbbət və ülfəti yox edir. Əməlin belə pis nəticəsi onu edən adamın şərəfsiz və ləyaqətsiz olduğunu göstərir. Ona görə Peyğəmbər (sav) buyurmuşdur:
"Nəmmamlıq edən cənnətə daxil olmayacaqdır"(Buxari: 10\ 472\ ? 6056. Müslim: 1\ 101\ ? 105)


Tarix: 09.05.2013 / 12:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Maraqlı melumatlar