beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dua Və Yalvarışın Gücü

Onu itirən heç nəyin sahibidir, Onu tapan hər şeyə malikdir...
Gecələr tərtəmiz qara örtüyü ilə bütün varlığı “örtdüyü” bir vaxtda bəzi qaranlıq ruhlu insanlar tənhalığa qapılırlar. Halbuki ən qaranlıq vaxtlarda, ən tənha yerlərdə, ən kimsəsiz çöllərdə belə, O, bizimlə birlikdədir. O, qəriblərin dostu, kimsəsizlərin kimsəsi, çarəsizlərin çarəsidir. O, özünü sevənləri əsla tək qoymaz.
Qəlbi sınıq olanların dərdinə dərman göndərən, mənəvi sıxıntılarla qıvrılanların ruhlarını şənləndirən Odur. İstiqamətini Ona çevirən, yalnız Onun qapısını döyən, yalnız və yalnız Ona yalvaran muradına çatmışdır. Vicdanlarında Onu tanıyanların bilib-öyrənəcəkləri heç nə qalmamışdır. Onu tanıyanların ruhlarında depressiyaya, tənhalıq sindromuna yer yoxdur. Onu tanımayanlar isə cansız bədən kimidirlər. Ona inananların varlığı bütövlükdə şəffaflaşır, onların əşya və hadisələrə qarşı duyğuları saflaşır. Bu saf duyğu və düşüncələr onları Ona yaxınlaşdırır. Ona yalvarmağı bacaranlar, bu yalvarışları həyatlarında düstura çevirənlər dünyanın ən bəxtəvər insanlarıdır.
Səadətə gedən yolun Onu tanımaqdan keçdiyini bil və özünü tənha hiss edəndə bütün mənliyinlə Ona yönəl, qəlbinin qapılarını Ona aç, kiçik-böyük bütün dərdlərinə dərmanı Ondan istə, arzu-diləklərini Ona bildir. Acı və iztirablarının sakitləşdiyini, ruhunun hüzura qovuşduğunu yalnız onda hiss edəcəksən.
Bəlkə, sən Onu gözlərinlə görə, qulaqlarınla eşidə bilməyəcəksən. Ancaq O öz varlığını hər an, hər dəqiqə sənə hiss etdirəcək, sənə yaxın olduğunu ruhuna daddıracaq.
Gecənin ən qaranlıq vaxtında isti yatağından qalx, əllərini aç və Ona yalvar, bütün varlığınla Onun hüzuruna çıx, qəlbindəki sirləri bir-bir Ona aç, dərdinə dərman dilə, Onun hüzurunda inlə, göz yaşlarında boğul. Ruhunun oyandığını, könül dünyana doğru qapıların açıldığını görəcəksən. Səhər yuxudan qalxanda özünü havada hiss edəcəksən, buludların üstü ilə uçacaqsan. Yüngülləşəcəksən. Özünü cənnət yamaclarında gəzirmiş kimi rahat və hüzurlu hiss edəcəksən. Bu yaşam tərzini həyatında düstura çevirdikcə ömür boyu güləcəksən. Hər gecəni dua ilə işıqlandırmağa çalışacaqsan.
Onu itirən heç nəyin sahibidir, Onu tapan hər şeyə malikdir...


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar