beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muxtar Cəhənnəmdə Olacaq?

Muxtar cəhənnəmdə olacaq?


Sual verən şəxslər mühərrəmlik mövsümündə hörmətli din xadimlərimizdən birinin dilindən belə bir hədis eşitmişlər ki, guya Muxtar aşura faciəsini törətmiş canilərə həddən artıq amansız şəkildə divan tutduğuna və İslamın cəza qanunlarının həddini aşdığına görə qiyamət günündə cəhənnəmə salınacaq. Əhli-beytin üzvləri cəhənnəmin kənarından keçəndə Muxtar onları çağırıb şəfaət istəyər, onu cəhənnəmdən qurtarmalarını xahiş edər. Amma Peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (ə) və İmam Həsən (ə) ona etina etməzlər. İmam Hüseyn (ə) də kömək etmədən ötüb keçmək istəyəndə Peyğəmbər (s) Ona buyurar ki, Muxtar üçün şəfaət et; çünki o, sənin intiqamını almaq üçün qiyam edib və sənin qatillərindən qisas alıb. İmam Hüseynin (ə) şəfaəti ilə Muxtar cəhənnəmdən qurtular.

Əvvəla, müqəddimə olaraq bunu qeyd edək ki, İslam tarixi boyunca ən çox şübhələrə, iradlara məruz qoyulan, haqqında zidd fikirlər söylənilən şəxsiyyətlərdən biri də Muxtar Səqəfidir. Muxtarın imanı, əqidəsi, hətta Əhli-beytə sədaqəti barədə yaranmış şübhələrin kökü isə Muxtar hərəkatına nifrət bəsləyən qüvvələrə gedib-çıxır. Məhz Əhli-beytlə düşmənçilik mövqeyində olan qüvvələr böyük şəxsiyyətlərə iftira atmağı özlərinə silah etmişlər. Imamları tənqid edib gözdən salmaq üçün bəhanə tapa bilmədiklərindən, məsum olmayan və eyni zamanda imamət ideyasına xidmət edən böyük şəxsyiyyətləri öz hücumlarına hədəf seçmişlər. Məhz bu məqsədlə Həzrət Əlinin (ə) atası Əbu Talibin guya iman gətirmədən müşrik halda dünyadan köçməsi, Həzrət Əlinin (ə) oğlu Mühəmməd ibn Hənəfiyyənin guya imamət iddiası edib İmam Zeynül-abidinlə (ə) əks cəbhədə özünü imam sayması barədə əsassız və qondarma hədislər ortaya atıldı. Abdullah ibn Səba adlı xəyali bir şəxs uyduruldu və onun şiə məzhəbini yaratması barədə əfsanə yaradıldı. Abdullah ibn Abbasın Həzrət Əliyə (ə) xəyanət etməsi və beytül-malı oğurlayıb Müaviyənin yanına qaçması haqqında şayiə yayıldı. Sonrakı dövrlərə baxsaq, Xacə Nəsirəddin Tusi məhz bu məqsədlə Abbasilər xilafətinin məhvinin səbəbkarı kimi təqdim edildi və sairə və ilaxır.

Bu cür “qurban”lardan biri də Muxtardır. Onu gah peyğəmbərlik fikrinə düşməkdə, gah Mühəmməd ibn Hənəfiyyənin imamlığını irəli sürməkdə, gah keysaniyyə məzhəbini yaratmaqda, gah da aşura qatillərinə qarşı ifrat amansızlıqla təqsirli biliblər.

Muxtar Səqəfinin guya cəhənnəmə salınacağı və oradan İmam Hüseynin (ə) şəfaəti ilə xilas olacağı barədə həqiqətən bəzi rəvayətlər mövcuddur. Bu barədə mənbələrdə cəmi iki hədis vardır. Bütün kitablardakı məlumatların kökü bu iki hədisə gedib-çıxır. Həmin hədislərin birini Şeyxüt-taifə Tusi “Təhzibül-ehkam” kitabında, o birini də İbn İdris Hilli “Əs-Sərair” əsərində vermişdir. Sonrakı mənbələr bu hədisləri zaman etibarilə ən qədim olan bu iki kitabdan nəql etmişlər (o cümlədən, “Biharül-ənvar”ın 45-ci cildində də).

Əvvəla, böyük alimlər bu hədisləri nəinki məna, həm də sənəd etibarilə zəif sayırlar. XX əsrin ən böyük fiqh və rical alimlərindən olmuş mərhum Ayətullahül-üzma Seyyid Əbül-Qasim Xoyi fundamental həcmli “Möcəmü ricalül-hədis” kitabında Muxtarın tərcümeyi-halını verərkən (19-cu cild, səh. 106-108) bu hədislərin mötəbərlik dərəcəsinə aydınlıq gətirir. O yazır ki, “Təhzibül-ehkam” kitabında verilmiş hədis əvvəla mürsəldir, yəni sənəd zəncirinin başında İmam Cəfər Sadiqdən (ə) rəvayət edən şəxsin kimliyi məlum deyil, “bəzi ravilərdən” ifadəsi işlədilib. Mürsəl hədis mübahisəli məsələlərdə hüccət (sübut) sayılmaz. İkincisi, hədisin sənəd silsiləsində yer alan Üməyyə ibn Əli Qeysi də mötəbər ravi deyil, məşhur rical alimi Nəcaşi onu zəif sayırdı. “Əs-Sərair” kitabındakı hədisin də sənədi dolaşıqdır. Sənəd silsiləsindəki ilk üç ravinin bir-birindən hədis rəvayət etməsi zaman etibarilə ya qeyri-mümkün, ya da çox qəribədir. Buna görə, Ayətullah Xoyi bu iki hədisi qəti olaraq zəif adlandırır.

Bunu da deyək ki, həmin hədislər zəif olsalar belə, onlarda Muxtarın guya cəhənnəmə düşməsinin səbəbi kimi aşura qatillərinə amansız divan tutması yox, ürəyində iki nəfərə (yəni birinci və ikinci xəlifələrə) qarşı məhəbbətdən bir zərrənin olması göstərilib: “Çünki onun qəlbində o ikisindən bir şey (yəni məhəbbət) var idi. Mühəmmədi haqq üzrə göndərən Allaha and olsun ki, əgər Cəbrailin və Mikailin qəlbində o ikisinin zərrəcə məhəbbəti olsaydı, Allah onları üzüüstə cəhənnəm alovunun içinə atardı”.

(Bu həssas nöqtənin oxucular tərəfindən yanlış qəbul edilməsini istəməzdik. Bir daha qeyd edirik ki, bu hədis elə şiə məzhəbinin hədis üsulu baxımından zəifdir. Ona görə də, burada məzhəblar arası düşmənçilik yaratmaq cəhdindən söhbət getmir).

Muxtarı gözdən salmaq üçün uydurulmuş hədislər bunlarla məhdudlaşmır. Onun uşaq ikən guya Kufədə gizlənən İmam Həsəni (ə) Müaviyəyə təhvil vermək istəməsi, məsum imamların onu yalançı adlandırması barədə rəvayətlər də bu qəbildəndir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu hədislərin yaradılması siyasi maraqlara əsaslanırdı və onların demək olar ki hamısının sənədində ciddi nöqsanlar var.

O ki qaldı Muxtarın aşura qatillərinə divan tutmasına, onu hədsiz amansızlıqda, insanlara işgəncə verməkdə, ölülərin başını kəsməkdə təqsirli bilənlərə cavab olaraq bir nüansı diqqətə çatdırırıq. Muxtar Übeydullah ibn Ziyadın kəsik başını Mədinəyə, İmam Zeynül-abidinə (ə) göndərmişdi. O həzrət, Übeydullahın kəsik başını görəndə şükr səcdəsi etmiş və Muxtarın haqqında xeyir-dua buyurmuşdu. Əgər aşura qatillərinin cəsədinin başını kəsmək və göndərmək günah olsaydı, Imam yəqin ki bu cür hərəkət etməzdi. Unutmayaq ki, Əhli-beytlə açıq-aşkar düşmənçilik edən, məsum imamla döyüşən və Onun qanına əlini bulayan şəxs nəinki müsəlman sayılmır, hətta nəcəs (murdar) hökmündədir.

Məqaləni İmam Mühəmməd Baqirin (ə) bir hədisi ilə bitirmək istərdik. O həzrət, camaatın Muxtar haqqında nalayiq sözlər danışdığını eşidəndə buyurdu: “Muxtarı söyməyin. O bizim şəhidlərimizin qatillərini öldürdü, intiqamımızı aldı”


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 188 Bölmə: Maraqlı melumatlar