beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DİN HASANDI, KİM ÇETİNLEŞDİRERSE MEĞLUB OLAR

Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Həqiqətən, din asandır. Kim dini çətinləşdirərsə, din ona üstün gələr. Düzgünlüyə riayət edin, (bacarmasanız çalışın ona) yaxınlaşın və müjdələyin. Səhər tezdən, günorta vaxtı və gecənin axırı kömək diləyin.”
(Buxari: İman ? 39. Nəsai: İman və qaydaları ? 5034.)

Buxari və Müslim rəvayət etmişlər. Başqa bir mətndə buyurulur: “Məqsəd (üçün çalışın) ki, məqsədinizə çatasınız.”
(Buxari: Raqaiq ? 6098. Əhməd: 2/514.)

ŞƏRH

Bu hədis çox əzəmətlidir. O özündə xeyir, faydalı tövsiyələr və ümumi qaydalar cəm etmişdir. Peyğəmbər (s.a.v) hədisin əvvəlində bu böyük əsasın təməlini qoymuş və buyurmuşdur: “Həqiqətən, din asandır.” Yəni, əqidə, əxlaq, əməllər, fellər və tərk olunanlar cəhətdən asandır. Əqidəsi Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, axirət gününə, qədərin xeyir və şərinə iman gətirməyə əsaslanan bu din, qəlblərə rahatlıq gətirən, insanı ali məqsədə və ən fəzilətli mətləbə yetişdirən dindir. O, əxlaq və əməllərin ən mükəmməl və saleh davranış formasıdır. Onun vasitəsilə din, dünya və axirət islah olunur, itirilməsi ilə bütün islah normaları itirilir. O, bütünlüklə asanlıq və rahatlıqdır. Hər bir cavabdeh şəxs sıxıntı duymadan ona gücünün yetdiyini görür. Səhih və asan əqidə onun üçün çətinlik törətmir. Sağlam düşüncə və düzgün fitrət onu məqbul sayır. Onun vacib əməlləri çox asandır.

Beş namaza gəlincə, onlar hər gün müəyyən münasib vaxtlarda beş dəfə təkrar olunurlar. Lütfkar və xəbərdar olan Allah onun asanlığını camaat şəklində yerinə yetirilməsi ilə tamamlamışdır. Çünki ibadətlər üçün toplanmaq onun daha fəal qılınmasına və rahatlığına səbəbdir. Dini xeyir, iman sabitliyi, Allahın dünya və axirətdə verdiyi savablar bu ibadətin üzərində qurulmuşdur. Mömin bunları əldə etməyə çalışmalıdır. O, namazı qullarına vacib etdiyinə görə Allaha həmd etməlidir. Çünki onların namaza çox ehtiyacları vardır.

Zəkata gəlincə, o, kasıb adama vacib deyildir. Çünki onda zəkata daxil olan mal yoxdur. O, varlılara vacibdir. Bu, onların dinlərinin və itaətkarlıqlarının artması, mal-dövlətlərinin çoxalması və əxlaqlarının kamilləşməsi üçündür. Onlar eyni zamanda özlərindən və mülklərindən xətəri uzaqlaşdırır, günahlardan təmizlənir və xeyirlərinə olan işləri yerinə yetirirlər. Zəkat, Allahın insana verdiyi mal-dövlətin və ruzinin çox az bir hissəsidir.

Oruca gəlincə, onun ildə bir ay tutulması vacibdir. Müsəlmanlar bu ibadəti hamılıqla yerinə yetirirlər. Onlar həmin ayın gündüzlərində əsli şəhvətləri sayılan yeməyi, içməyi və nikahı tərk edirlər. Allah da əvəz olaraq onlara Öz lütfündən və ehsanından verir. Bu isə, onların dinlərini və imanlarını tamamlamaq, dərəcələrini artırmaq məğzi daşıyır. Orucun savabı böyük, xeyri isə əhatəlidir. Onun bunlardan başqa çoxsaylı faydaları vardır. O, bütün xeyir işləri etmək və pis işlərdən çəkinməkdən ibarət olan təqvanın əldə edilməsi üçün bir səbəbdir.

Həccə gəlincə, Allah onu ömürdə bir dəfə yalnız gücü çatanlara vacib etmişdir. Onun saydıqca qurtarmayan çoxlu dini və dünyəvi faydaları vardır. Həccin məsləhət bilinən və mənfəət götürülən məsələlərini başqa yerdə açıqlamışıq. Uca Allah buyurur: “Belə ki, öz mənfəətlərinin şahidi olsunlar...” (Həcc, 28). Yəni, dini və dünyəvi mənfəətlərini görsünlər.

Bundan sonra İslam şəriətinin asanlıq qayəli digər qayda-qanunları gəlir. Allahın və bəndələrin haqlarının ödənməsindən ibarət bu qayda-qanunlar öz-özlüyündə çox yüngüldür. Uca Allah buyurur: “...Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər...” (Bəqərə, 185)

Bununla yanaşı ibadəti yerinə yetirməyə maneçilik törədən xəstəlik, səfər və digər amillərlə qarşılaşdıqda dərhal asanlaşdıran hökmlər tətbiq edilir, bəzi vaciblər və ya onların forması dəyişdirilir (məsələn, zöhr namazının səfərdə qılınması (red.)).

Daha sonra insan bəndələrin gün ərzində yerinə yetirdikləri müxtəlif növ əməllərə: vacibə, nafiləyə, namaza, oruca, sədəqəyə və digərlərinə nəzər salıb ümmətin imamı Muhəmmədi  nümunə götürərək özü də bu ibadətləri yerinə yetirməyə başlasa, bu ona çətinlik gətirməz, dünya mənfəətindən məhrum etməz. Əksinə bütün haqları daha mükəmməl şəkildə yerinə yetirməyə müvəffəq olar. O, Allahın, özünün, ailəsinin, dostlarının və hər bir haqq sahibinin haqqını mehribancasına və asanlıqla verər. Nəfsini çətinliyə salaraq Peyğəmbərin (s.a.v) kifayətləndiyi və ümmətə öyrətdiyi ilə qane olmayıb ibadətlərdə həddini aşana gəlincə, din ona üstün gələr. Sonda o, acizlik və məhrumiyyətlə üzləşər. Buna görə də Peyğəmbər (s.a.v) buyurmuşdur: “Kim dini çətinləşdirərsə, din ona üstün gələr.” Kim bu dinə orta mövqedən baxmayıb, şiddət və ifratla yanaşarsa, din ona üstün gələr, onu zəiflədər və geriyə çəkilməyə məcbur edər. Buna görə də Peyğəmbər (s.a.v) məqsədli olmağı əmr etmiş və həvəsləndirərək demişdir: “Məqsəd (üçün çalışın) ki, məqsədinizə çatasınız.”

Sonra düzgünlüyə riayət etməyi, ona yaxın olmağı, nəfsləri xeyirlə müjdələyərək qüvvətləndirməyi və məyus etməməyi tövsiyə etmişdir. Düzgünlük insanın düzgün söz danışması, düzgün əməl etməsi və doğru yolu tutmasıdır. Bu, onun söz və əməllərində hər tərəfli düzgün olmasıdır. Əgər hər tərəfli şəkildə düzgünlüyə riayət edə bilmirsə, Allahdan bacardığı qədər qorxsun və məqsədə yaxınlaşsın. Kim də doğruya tamlıqla yetişə bilmirsə, yaxınlaşmağa cəhd etsin. Əməlin yerinə yetirilməsinə ümumiyyətlə gücü çatmayan isə, ona bacardığı qədər riayət etsin.

Buradan, həmçinin uca Allahın “Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun...” (Təğabun, 16) ayəsindən və Peyğəmbərin (s.a.v) “Sizə bir şeyi əmr etsəm, ona bacardığınız qədər riayət edin.”
(Buxari: Quran və Sünnədən tutunmaq, ? 6858. Müslim: Həcc, ? 1337. Nəsai: Həccin mərasimləri, ? 2619. İbn Macə: Müqəddimə, ? 2. Əhməd: 2/508.)

Hədisindən faydalı bir əsas götürülür. Bu əsas üzərində qurulmuş işlər çoxdur. Başqa bir hədisdə buyurulur: “Asanlaşdırın, çətinləşdirməyin. müjdələyin, nifrət etdirməyin.”
(Buxari: Elm ? 69. Müslim: Cihad və sira ? 1734. Əhməd: 3/209.)


Sonra nəfsə asan gələn, amma əslində çox faydası olan məsələni tövsiyə edib hədisi tamamladı. “Səhər tezdən, günorta vaxtı və gecənin axırı kömək diləyin.” Bu, səfər zamanı yaxın və uzaq məsafələri qət etmək üçün əlverişli hesab edilən üç vaxtdır. Həmin vaxtlarda müsafirin özü və miniyi getdiyi yolu rahatlıqla başa vururlar. Bu, axirət səfərinin və doğru yolun qət edilməsi, eləcə də gözəl şəkildə Allaha tərəf üz tutulması üçün yeganə səbəb hesab edilir. Nə vaxt işi görən adam özünü toplayar və münasib vaxtlarda, günün əvvəli, axırı və gecənin az bir hissəsi, xüsusən də sonu, xeyirli və saleh əməllərlə məşğul olarsa, ən mükəmməl və faydalı əməllərə nail olar. O, səadət, üstünlük və nicat tapar, asanlıq və arxayınlıqla tam şəkildə müvəffəqiyyət əldə edər, dünyəvi və şəxsi məqsədlərinə yetişər. Bu isə, Allahın din vasitəsilə qullarına göstərdiyi mərhəmətin ən böyük dəlillərindən biri, əbədi səadətin formuludur. Allah onu qulları üçün təyin etmiş və peyğəmbərlərin dili ilə açıqlamış, asan, yüngül və hər cəhətdən müyəssər etmişdir. Əməl sahiblərinə lütfkar davranaraq keçilməz və çətin maneələri asanlaşdırmışdır.

Göründüyü kimi bu əzəmətli hədisdən çoxsaylı qaydalar çıxarılır.
Birinci qayda, şəriətin hər sahəsini əhatə edən asanlığın olması.
İkinci qayda, məşəqqət baş verdiyi vaxt yüngülləşdirici amilləri işə salır.
Üçüncü qayda, əmr olunan işə bacardığın qədər riayət etmək.
Dördüncü qayda, əməl sahiblərini fəallaşdırmaq, onları əməllərin bəhrə verdiyi xeyir və savabla müjdələmək.
Beşinci qayda, Allaha doğru necə getmək barəsində ümumi formalı tövsiyə. O, hər şeyi əvəz edə bilər, lakin heç nə onu əvəz etməz.
Geniş mənalı və faydalı sözlər verilən Peyğəmbərə Allahın salavatı və salamı olsun.

-------------
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 148 Bölmə: Maraqlı melumatlar