Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏLƏCƏK HƏYATIN MÖVCUDLUĞUNA DƏLİLLƏR

Həqiqətən Qiyamət gününə inam – görünməyən bir şeyə inamın bir hissəsidir və yerdə yaşayan insan fani dünyanı tərk etməyənə qədər gələcək həyatın mövcudluğu barədə dəlilləri əyani surətdə görə bilmir. Bununla bərabər ağıllı adam üçün Qiyamət gününün gerçəkliyini sübut edən bir çox müqəddəs yazı və məntiqi dəlillər mövcuddur.
Müqəddəs yazıların bəziləri haqqında biz artıq danışmışıq. O ki qaldı məntiqi dəlillərə, onlar da müqəddəs yazılarda əks olunur.
Uca Allah deyir:

«Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq düşmən kəsilərək, öz yaradılışını unudub: «Çürümüş sümükləri kim diril¬də bilər?!» – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız». Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). Yaradan, bilən Odur! Bir şeyi (yaratmaq) istədiyi zaman buyurduğu ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar. Hər şeyin hökmü əlində olan (Allah) pak və müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!» (Yasin, 77-83).

Məşhur müsəlman ilahiyyatçısı şeyx Əbd ər-Rəhman əs-Sadi Quranın bu ayələrinin təfsirini verərkən yazırdı:
«Bu mübarək ayələrdə Allah müşriklərin və kafirlərin qəlblərini incidən şübhələr haqqında danışır. Onlar diriləcəklərinə şübhə edir və bunun mümkün olmadığını hesab edirlər. Amma Allah ən kamil surətdə bu şübhələrin əsassız olduğunu göstərərək deyir: «Məgər insan onu nütfədən yaratdığımızı görmədimi?». Məgər yenidən diriləcəyinə inanmayan insan özünün necə yarandığı barədə heç düşünürmü? Əgər o, Allahın insanı bir neçə inkişaf mərhələsindən keçərək uşağa, sonra gözəl və ağıllı bir adama çevirən kiçik bir damcıdan yaratdığı barədə düşünsə, o zaman Allahın insanı ölümündən sonra yenidən dirildə biləcəyinə heç bir şübhə qalmaz. Əgər o, kiçicik damcı ilə böyük bir insan arasındakı fərqi anlasa, onda başa düşər ki, insanı heç nədən yaratmaq onu yenidən bərpa etməkdən daha çətindir.
Amma kafirlər Allaha aid muxtəlif rəvayətlər uydurur və yaradılanların miskin qabiliyyətləri ilə Yaradanın ilahi qabiliyyətlərini müqayisə edirlər. Onlar güman edirlər ki, insanların edə bilmədiyini Qüdrətli Allah da edə bilməz. Buna görə onlar deyirlər: «Çürümüş sümükləri kim dirildə bilər?» Məgər yer üzərində elə bir insan varmı ki, çürümüş və külə çevrilmiş sümükləri yenidən diriltsin?
Yenidən dirildiləcəyinə inanmayan kafir bu rəvayətləri ona görə uydurur ki, o, ölünü dirildə biləcək insanın olmadığını dəqiq bilir. Amma o, özünün həyata necə gəldiyini unudur. Əgər o, Allahın məxluqlarının bu həyata necə gəlmələri haqda fikirləşsəydi, onda belə rəvayətləri də uydurmazdı.
Uca Allahın cavabı inandırıcı və təkzibolunmazdır: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir». Kainatda baş verənlərə diqqətlə baxmaq belə bir qənaətə gəlmək üçün kifayət edər ki, nəyi isə bir dəfə yaradan, onu çətinlik çəkmədən ikinci dəfə də yarada bilər. Bundan əlavə, nəyi isə sonradan bərpa etmək onu ilk dəfə yaratmaqdan daha asandır.
Amma yenidən dirilmənin həqiqiliyinə daha bir sübut da var. Bu hər bir insana Allahın bütün yaratdıqlarından xəbərdar olduğunu başa düşdükdən sonra aydın olur. Uca Allahın gözəl xüsusiyyətlərindən biri də, Onun kamil elmliliyidir. O Öz yaratdıqları ilə nə baş verdiyini və cəsədin torpağa qarışdığını çox gözəl bilir. O, bilir ki, insan bədəninin hansı həssəsi çürüyüb toza dönür, hansı isə salamat qalır. O, aşkarı və gizlini Biləndir və Uca Allahın kamil biliyə malik olmasına inanan hər kəs başa düşür ki, kainatda baş verənlərə nəzarət etmək ölünü diriltməkdən daha çətindir.
Sonra Allah yenidən dirilmənin həqiqiliyinə üçüncü sübut gətirir və insanların yadına Özünün odu (alovu) necə yaratdığını salır. Quru alov budaqları nəmişliklə dolu yaşıl ağaclardan əmələ gəlir. Alovla yaşıl ağaclar arasında nə qədər fərq varsa, alovun yaranması ilə ölülərin dirildiləcəyi arasında da bir o qədər uyğunluq var!
Sonra Uca Allah Öz qullarına, yenidən diriləcəklərinin doğruluğuna dördüncü sübüt gətirərək deyir: «Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?!». O, möhtəşəm göyləri və yeri yaratmış və O da, insanları yenidən yaradacaq. Bu Onun üçün çətin deyil çünki, Kainatı yaratmaq insanları yaratmaqdan qat-qat çətindir. Ona görə də Allahın gözəl adları arasında əl-Xaliq (Yaradan) və əl-Alim (hər şeyi Bilən) adları da var. Bu– artıq xüsusi bir sübutdur. Bütün insanlar kiçikdən tutmuş böyüyə qədər bu həyata Allahın ilahi gücü nəticəsində gəlirlər. Onun üçün mümkün olmayan heç bir şey yoxdur və Onun istədiyi hər bir şey mütləq baş verir.
«Bir şeyi istədiyi zaman buyurduğu ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar». Allahın etmək istədiyinə heç nə mane ola bilməz və ölüləri dirildən vaxtda da məhz, belə də olacaq.
Nəhayət, Allah, yenidən dirilmənin həqiqiliyinə altıncı sübutu gətirərək deyir: «Hər şeyin hökmü əlində olan (Allah) pak və müqəddəsdir. Siz də onun hüzuruna qaytarılacaqsınız!». Uca Allah bütün məxluqların Hökmdarıdır, göylərdə və yerdə olan bütün varlıqlar Ona tabedirlər. O, kainatı Özünün dini qanunları və ədalətli cəza tədbirləri ilə idarə edir. O, Özünün ədalətli cəzasını tətbiq etmək üçün insanları mütləq dirildəcək. Bütün məxluqlar mütləq Allaha qaytarılacaqlar və buna heç bir şübhə yoxdur. Buna çoxlu inandırıcı dəlil və təkzibolunmaz subutlar var. Sözləri insanların gözlərini açıb, onlara düzgün yol göstərərək onlara şəfa verib, həyat yollarını işıqlandıran Allaha Həmd olsun!»
Gələcək həyatın haqq olduğunu sübut edən bu məntiqi dəlillər üzərində bir fikirləşin. Məgər insanı bir dəfə yaradan onu ikinci dəfə yarada bilməz? Bunu inkar edən, sözsüz ki, Allahı da inkar etmiş olur. Allahı isə yalnız cənayətkarlar və ağılsızlar inkar edirlər və buna görə də Allah deyib:
«Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və ya düşməmiş bir parça ətdən yaratdıq…» (əl-Həcc, 5). Əgər sağlam düşüncəli bir insan bu həqiqətlər barəsində düşünsə, ona aydın olar ki, nəyi isə ikinci dəfə yaratmaq, onu birinci dəfə yaratmaqdan daha asandır. Uca Allah məhz bunu göstərmək istəyərək deyir:«Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu Onun üçün çox asandır» (ər-Rum, 27).
Müqəddəs Quranın səhifələrində yenidən dirilmənin həqiqiliyinə daha bir subut da tapmaq olar. Uca Allah deyib: «Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. Bu ona görədir ki, Allah haq¬dır, ölüləri dirildir və O, hər şeyə qadirdir! Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbrlərdə olanları dirildəcəkdir!» (əl-Həcc, 5-7). Üzərində hər hansı bir həyatın kiçik bir izi belə olmayan quru torpağın ya¬ğış¬dan sonra necə canlandığı haqqında bir fikirləşin. Onun üzərində insanlar üçün qida, heyvanlar üçün yem olan çoxlu bitkilər, həmçinin ağaclar, rəngbərəng çiçəklər və otlar əmələ gəlir. Bütün bunları görən insanlar özlərinin yenidən diriləcəklərinə gərək şübhə etməsinlər və bu barədə Tanrı belə deyib:«Onun qüdrət nişanələrindən bir də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən, O (Allah) hər şeyə qadirdir!» (Fussilət, 39).
Allahın toz və tüstüdən yaratdığı nəhəng ulduzları güclü teleskopların köməyi ilə görə-görə biz, Quranda deyildiyi kimi Onun çürümüş sümüklərə yenidən can verəcəyinə şübhə edə bilərikmi? (Bu elmi fakt ilk dəfə Quranda bildirilib: «Sonra Allah tüstü halında olan göyə üz tutdu. Ona və Yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!”...» (Fussilət, 11)
«Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu bilməz» (Mumin, 57)
Bu – yenidən dirilmənin həqiqiliyinə doqquzuncu dəlildir. Mükəmməl biliyə və müdrikliyə malik olan Tanrı nəhəng kainatı və onun sakinlərini əyləncə və ya ədalətsizlik xatirinə yaratmazdı. O, insanları yalnız Özünə ibadət üçün yaratmışdır. Amma insanların çoxu bu həyata nə üçün gəldikləri barədə düşün¬mürlər. Onlar Allahın:
«Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyatət günü dirildib haqq-hesb üçün) hüzurumuza qaytarılmayacağınızımı güman edirsiniz? Həqiqi hökmdar olan Allah ucadır. Ondan başqa heç bir Tanrı yoxdur» (əl-Muminun, 115-116) sözlərinə məhəl qoymadan fani dünyanın əyləncələrindən həzz almağa çalışırlar. Doğrudanmı onlar Qüdrətli Allahın onları yaddan çıxardığını zənn edirlər? Onlar düşünmürlərmi ki, Öz qullarına xeyirxahlığa məhəbbət, pis əməllərə isə nifrət hissi oyadan Allah, möminlərə yaxşı işlərinə görə mükafat və kafirlərə itaət etmədiklərinə görə cəza verilməsi mümkün deyil? Ola bilərmi ki, insanlara saysız hesabsız nemətlər bəxş edən Allah, kafirlərin möminləri istismar etməsinə və sonra cəzasız qalmasına icazə verən ədalətsiz zülmkar olsun? Əlbəttə yox! Fani dünya ancaq sınaq meydanıdır ki, buradan insan öz əməllərinin bəhrəsini görəcəyi əbədi düyaya köçür və əgər siz buna hələ tam əmin deyilsinizsə, onda özünüz üçün aşağıdakı suallara cavab tapmağa çalışın:
1. Məgər insanları kiçik bir damcıdan yaradan Allah onları öldükdən sonra yenidən dirildə bilməz?
2. Məgər nəhəng kainatı yaradan və alim-astranomların gözləri qarşısında ulduzun birini dağıdıb, o birini qazdan və tozdan düzəldən Allah insanı tozdan, yenidən yarada bilməz?
3. Məgər quru və cansız torpağa həyat verən Allah ölüləri dirildə bilməz?
4. Məgər sizin ana bətnində və anadan olandan sonra da qayğınızı çəkən Allah, sizə ona görə ağıl verib ki, günah işlədərək heyvan kimi öz ehtiraslarınızı doyurub bu dünyadan iz qoymadan gedəsiniz?
5. Məgər ölüm və şər rəmzi olan alovu, həyat və xeyir rəmzi olan ağaclardan yaradan Allah, ölünü canlıya çevirə bilməz?
Uca Allah Müqəddəs və Nöqsansızdır! Əgər insan ətrafında baş verənlər haqqında azacıq fikirləşsə, ona aydın olar ki, bizim kainat müdrik, rəhmli, qüdrətli, hər şeyi bilən və ədalətli Yaradan tərəfindən qurulmuşdur ki, O, şəri cəzasız, xeyri isə mükafatsız qoymur! İlahi ədalətin məkanı isə gələcək həyatdır ki, o, gündən-günə bizim hər birimizə yaxınlaşır.


Tarix: 04.05.2013 / 18:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Maraqlı melumatlar
loading...