Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnadla əldə Edilən Elm

Miladi XVII-XVIII əsrlərdə yaşamış məşhur alimlərdən biri də Seyyid Camal Xansaridir. Əsl adı Hüseyn olan, «Ağa Camal Xansari» və «Cəmalül-mühəqqiqin» (tədqiqatçıların camalı) ləqəbləri ilə tanınan alimin atası Ağa Hüseyn Xansari də böyük din alimlərindən idi.

Ağa Hüseyn Xansari həm fiqh sahəsində, həm də kəlam elmində bacarıq sahibi idi. Onu «ustadül-küll fil-küll», yəni bütün elmlərin mütləq ustadı adlandırırdılar. Deyirlər ki, Səfəvi şahı Süleyman səfərə gedəndə alimi öz yerində canişin qoyur və dövlətin idarəsini ona tapşırırmış. Qeyd etmək yerinə düşər ki, Ağa Hüseyn Xansari Mühəmməd Təqi Məclisidən (Əllamə Məclisinin atasından) dərs almışdı. Onun şagirdləri sırasında Seyid Nemətullah Cəzairi, öz oğlu Ağa Camal Xansari ilə yanaşı, Azərbaycan əsilli, Əllamə Məclisinin yeznəsi Mirzə Mühəmməd Həsən Şirvaninin də adını çəkirlər.

Deyirlər ki, Ağa Camal Xansari cavanlıqda dərs oxumağa bir qədər tənbəl imiş, atasının səylərinə rəğmən tədrisdə böyük nailiyyət qazana bilmirmiş. Bir gün məşhur hədis alimi, «Əl-Vafi» kitabının müəllifi Mola Möhsün Feyz Kaşani həcc ziyarətindən qayıdandan sonra Ağa Hüseyn Xansari ilə görüşməyə gəlir. Ev sahibi Feyz Kaşanini çox səmimi qarşılayır, öz oğlunu da qonaqla görüşməyə çağırır. Elm əhlinin adəti üzrə söhbət yenə fiqh sahəsinə yönəlir. Mola Feyz Kaşani Ağa Camalı yoxlamaq üçün ona bir neçə sual verir. Amma Ağa Camal suallara cavab verə bilmir. Feyz Kaşani təəssüflə əlini əlinə vurub deyir: «Çox heyf ki, Ağa Hüseynin qapısı bağlanıb» (yəni övladı onun elmini davam etdirəcək səviyyədə deyil). Bu söz Ağa Camala ağır gəlir. Özlüyündə qət edir ki, bundan sonra tam ciddi-cəhdlə tədrisini davam etdirsin və atasına layiqli oğul olduğunu sübuta yetirsin. Gənc alim sözünə sadiq qalıb səylə dərslərini oxumağa başlayır. Cəmi bir il ərzində onun elmi səviyyəsində ciddi irəliliyiş yaranır. Belə ki, növbəti il Feyz Kaşani yenə həccdən qayıdıb Ağa Hüseyn Xansarinin görüşünə gələndə Ağa Camal onun bütün suallarına düzgün və səlis cavab verir. Bu dəfə Molla Möhsün Feyz Kaşani heyrətini gizlədə bilməyib deyir: «Bu Ağa Camal keçən ilki Ağa Camal deyil».

Ağa Camal Xansari elm öyrənməyə o qədər aludə imiş ki, əlinə kitab götürəndə hər şeyi unudarmış. Deyirlər ki, bir axşam mütaliə edərkən xidmətçi otağın bir tərəfində onun üçün şam süfrəsini hazırlayıb çıxır. Ağa Camalın başı elmi məsələlərə o qədər qarışır ki, nə xtdmətçinin gəlişini duyur, nə də şam etmək yadına düşür. Bir də sübh azanını eşidəndə başını kitabdan qaldırır, yanındakı yemək süfrəsini görür və xidmətçini çağırıb soruşur ki, şam yeməyini niyə səhər gətirmisən? Xidmətçi hadisəni danışanda Ağa Camal başa düşür ki, sən demə, bütün gecəni fasiləsiz mütaliə ilə keçirib.

Daha bir bənzər hadisə isə hicri VII–miladi XIII əsrin əvvəllərində baş verib. O zamanlar Xarəzmdə Yusif ibn Əbu Bəkr adlı bir dəmirçi yaşayırdı. Elm və bilikdən xəbəri olmasa da, öz peşəsini mükəmməl bilirdi. Dəmir onun əlində mum kimi əriyirdi. Bir gün dəmirçi Yusif çox xırda bir mücrü hazırlayır, hətta mücrünün qapağına qıfıl da vurur. Mücrü ilə qıfılın birlikdə çəkisi dinarın iyirmidən-bir hissəsi qədər yüngül idi. Yusif öz əl işini götürüb Xarəzmşah Mühəmmədin sarayına gedir və mücrünü hökmdara təqdim edir. Xarəzmşah və yanındakılar sənətkarın bacarığına əhsən deyib, bu cür xırda ölçülü mücrünü necə hazırladığına heyran qalırlar. Bu arada hökmdara xəbər gətirirlər ki, ölkənin məşhur alimlərindən biri saraya gəlir. Hökmdar dərhal dəmirçi ilə söhbətini yarımçıq kəsir, alimin pişvazına çıxır, onu min-bir hörmətlə qarşılayır. Saray əhli də Yusifi buraxıb alimin ətrafına toplaşır. Yusif anlayır ki, bir dəmirçi nə qədər bacarıqlı olsa da, yenə alimin hörməti ondan çoxdur.

Dəmirçi Yusif elmin dəyərini və alimin əzəmətini görüb elm öyrənmək həvəsinə düşür. Amma təəssüf ki, artıq yaşı otuzu keçmişdi. Bununla belə, Yusif ruhdan düşmür, mədrəsəyə gedib təhsilə başlamaq istədiyini müəllimə bildirir. Mədrəsə müəllimi Yusifin boy-buxununa, yaşına istehza ilə baxır, deyir ki, bura gələnlər balaca uşaqlardır, sən onlarla bir cərgədə necə oxuyacaqsan? Yusif hər nə yolla olursa-olsun, elm öyrənmək istədiyini bildirir. Axırda əlacsız qalan müəllim onu o biri uşaqların sırasına qatır. Yusif mədrəsədə hər şeyi sıfırdan başlamalı olur, çünki əlifbadan belə, xəbəri yox idi. Amma indiyə kimi elmdən uzaq qaldığı üçün ilk zamanlarda təhsildə ciddi problemlərlə üzləşir. Bir yandan hafizəsinin zəifliyi, bir yandan savadsızlıq, bir yandan da həmdərslərindən utanmaq ona mane olurdu. Yusifin təhsilinin ilk günləri ilə bağlı məzəli bir hadisə tarix kitablarında qeyd edilir. Müəllim şəriət dərsində uşaqlara şafii məzhəbinin təharət (paklıq) məsələlərini öyrədirmiş. O zamanın təhsil sisteminə müvafiq olaraq, müəllim hər bir şəriət məsələsini əvvəlcə ərəb dilində özü oxuyur, tələbələrə də əzbərləməyi taşrırıdı. Bütün tələbələr həmin şəriət məsələsini evdə təkrarlayıb əzbərləyir, ertəsi gün dərsdə müəllim üçün əzbər söyləyirdilər. Müəllimin dediyi şəriət məsələsinin ərəb dilindən tərcüməsi belə idi: «Imamın fətvasına görə, itin dərisi aşılansa pak olar». Bütün şagirdlər ertəsi gün gəlib bu məsələni əzbər söyləyirlər. Bircə Yusif evdə bu cümləni min dəfə təkrar etməsinə baxmayaraq, bu şəkildə dilə gətirir: «Itin fətvasına görə, imamın dərisi aşılansa pak olar». Müəllim qəzəblənib az qalır ki, Yusifi həmişəlik mədrəsədən qovsun.

Dəmirçi Yusif öz məqsədinə çatmaq yolunda heç bir çətinlikdən yorulmadı. Tam qətiyyətlə elm dəryasına qərq oldu, heç bir hazırlığı olmadığı halda qısa müddət ərzində tələbə yoldaşlarını ötüb arxada buraxdı. Daha sonra təhsilini daha yüksək səviyyəli mədrəsələrdə davam etdirdi. Özü qeyri-ərəb mənşəli olsa da, sırf ərəb dilinə aid olan elmlərdə belə, ən yüksək dərəcəyə çatdı. Ərəb dilinin sərf-nəhvi, bəyan, məani, əruz və qafiyə elmlərində onun tayı-bərabəri yox idi. Artıq onu doğulduğu kəndin adına uyğun olaraq Səkkaki çağırırdılar. Keçmiş dəmirçi müasirləri arasında «əllamə» ləqəbi ilə tanınırdı. Səkkakinin şöhrəti elə bir həddə gəlib-çatmışdı ki, Orta Asiyanı ələ keçirmiş monqol xanı, Çingiz xanın oğlu Cığatay onu saraya çağırmış və özünə müşavir təyin etmişdi. Səkkakinin müxtəlif elm sahələrinə aid zəruri bilikləri əhatə edən ensiklopedik məzmunlu «Miftahül-ülum» (Elmlərin açarı) kitabı orta əsrlərdə çox məşhur idi. Bir çox böyük alimlər, o cümlədən, Xətib Dəməşqi, Molla Səd Təftazani və başqaları bu kitaba şərh və haşiyə yazmışlar.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 270 Bölmə: Maraqlı melumatlar
loading...