beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəlifəni Heyrətdə Qoyan Qazi

İkinci xəlifə Ömər ibn Xəttab Hims şəhərinin əhalisinə məktub yazıb, buradakı ehtiyaclı adamların siyahısını ona göndərmələrini istədi. Xəlifə həmin adamların vəziyyəti ilə maraqlanmaq və onlara yardım etmək fikrində idi.

Himslilərdən gələn cavab məktubunu oxuyanda gördülər ki, siyahının başında Ömərin Himsə qazı təyin etdiyi Səd ibn Amirin adı gəlir. Ömər bundan təəccübləndi, məktubu gətirən adamları çağırtdırıb soruşdu: “Sizin qazınız bu qədər kasıbdır ki, adını kasıbların siyahısının başında yazmısınız?”. Himslilər cavab verdilər: “Elədir ki var. Bizim qazının maddi durumu həqiqətən pisdir. Aldığı məvacib özünün və ailəsinin dolanışığına çatmır. Amma bizim verdiyimiz heç bir hədiyyəni də qəbul etmir, geri qaytarır”. Ömər qazının bu davranışından xoşlandı. Himslilərdən soruşdu: “Bu qədər ehtiyatlı davranan qazınızın yəqin ki, mənfi xüsusiyyətləri də var. Xoşunuza gəlməyən bir cəhəti varsa, mənə deyin”.

Himslilər dedilər: “Qazımızın dörd pis xüsusiyyəti var, bunlardan narazıyıq. Birincisi budur ki, öz qazılıq fəaliyyətinə hər gün sübh namazından sonra başlamalı olduğu halda, bunu yubadır, səhər açılandan xeyli sonra vəzifəsinin icrasına başlayır. Ikincisi, qazı gecələr bizim aramızda olmur, öz evinə qapanır. Bircə gecə də olsa, onu məsciddə və ya başqa bir toplantı yerində görmürük. Üçüncüsü, hər həftənin bir günündə evə çəkilib qapını içəridən bağlayır, heç kimi yanına buraxmır. Nəhayət, dördüncüsü, hər zaman səhabə Xübeybin şəhadətindən söz düşsə, qazımız özündən gedir, huşunu itirir, özünə gələndən sonra da zar-zar ağlayır. Onun bu hərəkəti bizi narahat edir ki, məbada, ruhi pozgunluğu-filan olmasın”.

Ömər ibn Xəttab məsələyə aydınlıq gətirmək üçün dərhal Səd ibn Amiri Mədinəyə çağırtdırdı. Qazıya Hims camaatının iradlarını söyləyib, bunlara cavab verməsini istədi. Səd ibn Amir söylədi: “Əvvəla, həyat yoldaşım ağır yataq xəstəsidir, uşaqlarım isə kiçikdir, yoldaşıma qulluq edən yoxdur. Ona görə hər gün sübh namazından sonra bir müddət evdə qalıb ailəmin xidmətini edirəm, sonra vəzifəmin icrasına başlayıram. Ikincisi, zənn edirəm ki, gündüzlər camaat arasında olub qazılıq edəndən sonra öz evimə çəkilməyimdə nöqsan yoxdur; çünki bu, mənim öz ixtiyarımda olan şəxsi vaxtımdır. Mən hətta bu vaxtı da boş keçirmirəm. Hər gecə gün ərzində etdiyim qəzavətləri yada salıb incələyirəm, verdiyim hökmlərin doğru olub-olmadığını yoxlayıram. Üçüncüsü, hər həftənin bir günündə evə çəkilməyimin səbəbi budur ki, mənim bir dəst əyin-başım var. Həftədə bir gün evimin qapısını içəridən bağlayıram, paltarlarımı yuyub quruduram. Dördüncüsü, Xübeybin şəhadətini yada salanda halım ona görə dəyişir ki, o zaman mən də müşriklərin arasında idim. Hələ müsəlman olmadığım üçün Xübeybi qorumadım, kənarda durub hadisəni seyr etdim. Hər dəfə bu olay yadıma düşəndə özümü Allahın qarşısında günahkar sayıram, Allahın qəzəbindən o qədər qorxuram ki, huşum başımdan çıxır (1)”.

Ömər qazının izahatından çox məmnun oldu, onu hörmətlə Himsə yola saldı. Deyirlər ki, bundan sonra hər dəfə Səd ibn Amirdən söhbət düşəndə Ömər ağlayar və deyərmiş: “Ah, Səd, gör Allah qorxusu səni nə qədər yüksəklərə qaldırdı”.

(1) Xübeyb ibn Ədiyy Ənsari Bədr savaşında iştirak etmiş səhabələrdən idi. Hicrətin dördüncü ilində Peyğəmbər onu və daha bir neçə nəfəri ərəb qəbilələrinə nümayəndə kimi göndərdi. Lakin həmin qəbilələr xəyanət edib onları Məkkə müşriklərinə satdılar. Əsir müsəlmanların bir qismi müqavimət göstərib şəhid oldu. Təslim olmuş iki nəfəri (bunlardan biri də Xübeyb idi) müşriklər Məkkə ətrafında dara çəkib şəhid etdilər


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar