Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DƏFNDƏN SONRA EDİLƏN ƏMƏLLƏR

Meyiti dəfn etdikdən sonra bunları etmək sünnədir:
Birinci; Qəbiri yerdən bir qarış hündürlüyündə qaldırmaq:
İkinci; Qəbirin üstünü dik etmək:
Üçüncü; Meyit basdırılan yerin bilinməsi və yaxın qohumların yaxınlıqda basdırılması üçün qəbirin üzərinə daş və ya başqa bir şey nişanə qoymaq:
Dördüncü; Qəbirin kənarında dayanıb ölənin qəbirdə sabitqədəm olmasını, bağışlanmasını diləmək və orada olanlara belə etməyi tövsiyə etmək:

Təziyə (başsağlığı vermək):

İki şeydən çəkinmək lazımdır:

Meyiti dəfn etdikdən sonra bunları etmək sünnədir:
Birinci; Qəbiri yerdən bir qarış hündürlüyündə qaldırmaq: Qəbir qorunsun və təhqir olunmasın deyə, onu yerlə bərabər etmək olmaz. Demək Cabir (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbri ləhd şəklində qazıldı, ləhdin qarşısı dik düzülmüş yastı daşlarla örtüldü və yerdən bir qarış hündürlüyündə qaldırıldı»[1].
İkinci; Qəbirin üstünü dik etmək: Demək, Sufyan ət-Təmmar deyir ki, «mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbirinin dik olduğunu görmüşəm»[2].
Üçüncü; Meyit basdırılan yerin bilinməsi və yaxın qohumların yaxınlıqda basdırılması üçün qəbirin üzərinə daş və ya başqa bir şey nişanə qoymaq: Demək, Muttalib ibn Əbu Vədaə (Allah ondan razı olsun) deyir ki, Osman ibn Məzun öləndə onun cənazəsi dəfn edildi və sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir nəfərə daş gətirməyi əmr etdi. Amma həmin adamın daşı gətirməyə gücü çatmadı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu görüb qalxdı və paltarını dirsəklərinə qədər çirmələdi. Muttalib deyir ki, bu haqda mənə Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verən rəvayətçi deyirdi ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dirsəklərini çirmələyəndə mən onun dirsəklərinin necə ağ olduğuna baxırdım. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) daşı gətirib meyitin baş tərəfinə qoydu və dedi: «Mən bununla qardaşımın qəbrinin yerini bilmək və ailəmdən vəfat edənləri onun yanında basdırmaq istəyirəm»[3].
Dördüncü; Qəbirin kənarında dayanıb ölənin qəbirdə sabitqədəm olmasını, bağışlanmasını diləmək və orada olanlara belə etməyi tövsiyə etmək: Demək, Osman ibn Əffan (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) meyiti dəfn etdikdən sonra qəbirin yanında dayanar və deyərdi: Allahdan, qardaşınızın bağışlanmasını və sabitqədəm olmasını diləyin. Həqiqətən o, hal-hazırda sorğu-sual olunur»[4].
Meyit dəfn olunan zaman orada olanlara ölümü və olümdən sonra baş verənləri xatırlatmaq olar. Demək, Bəra ibn Azib (Allah ondan razı olsun) deyir ki, «biz Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birlikdə bir nəfər ənsarlı kişinin cənazəsini dəfn etməyə aparırdıq. Biz qəbirə çatanda hələ qəbirin ləhd hissəsi qazılırdı. Bu anda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əyləşdi və biz də onun ətrafında oturduq. (elə sakit oturmuşduq ki,) Sanki başımızın üzərinə quş qonmuşdu. Onun əlində çubuq var idi və o, çubuqla yeri eşirdi. Sonra başını qaldırıb, iki, yaxud üç dəfə: “Qəbir əzabından Allaha sığının” – . Sonra sözünə davam edərək dedi: Həqiqətən mömin bəndə dünyadan gethagetdə olub axirətə üz tutarkən onun yanına səmadan, üzləri günəşə bənzər, ağ üzlü mələklər nazil olarlar. Özləri ilə cənnət kəfəni və cənnət ətiri gətirər, ölüm ayağında olan kimsədən göz görən qədər uzaqlıqda oturarlar. Sonra ölüm mələyi (aleyhis salam) gəlib onun başı üzərində dayanar və deyər: Ey gözəl ruh, çıx və Allahın rəhmət və razılığına qovuş. Beləliklə onun canı, tuluqdan süzülən su kimi çıxar və ölüm mələyi onu götürər. Mələk onu götürən kimi kənarda dayanan digər mələklər bir göz qırpımında gəlib o canı ondan götürər və gətirdikləri kəfənə bükər və ətirləyərlər. Ondan, yer üzündə mövcud olan ən gözəl misk ətirinin iyi kimi gözəl qoxu gələr. Mələklər onu səmaya qaldırarlar. Qarşılarına çıxan hər bir mələk: bu nə gözəl ruhdur?! – deyərək soruşarlar. Onlar, onun dünyada çağırılan ən gözəl adlarını çəkərək: Bu, filankəs oğlu filankəsdir – deyib, cavab verərlər. Onu, səmanın ən aşağı qatına qədər gətirər və qapıların açılmasını tələb edərlər. Qapılar onların üzünə açılar. Hər bir səmanın gözətçiləri onu digər səmaya qədər müşayiət edərlər. Beləliklə yeddinci səmaya qədər gətirilər və orada Uca Allah belə deyər: Qulumun əməl dəftərini (əməllərini) “İlliyyinə”[5] yazın və onu yerə qaytarın. Həqiqətən mən onları ondan (torpaqdan) yaratmışam, oraya da qaytarır və bir daha oradan onları çıxardacağam (dirildəcəyəm). Beləliklə onun ruhu cəsədinə qaytarılar. Onun yanına iki mələk gələr və onu oturtar, sonra: Rəbbin kimdir? – deyə soruşarlar.
O: Rəbbim Allahdır – deyərək cavab verər.
Mələklər: Dinin nədir? – deyə soruşarlar.
O: Dinim İslam dinidir – deyərək cavab verər.
Mələklər: Bəs sizə Peyğəmbər olaraq göndərilən kişi kimdir? – deyə soruşarlar.
O: Allahın elçisidir (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) – deyərək cavab verər.
Mələklər: Sənin bildiyin nədir? – deyə soruşarlar.
O: Mən Allahın kitabını oxuyub iman gətirmiş və onu təsdiq etmişəm.
Bu zaman səmadan: Bəndəm doğru deyir, ona Cənnət yatağı verin, onu Cənnət libası ilə geyindirin və onun üçün cənnətdən bir qapı açın – deyərək, bir səs gələr. Beləliklə ona, cənnət naz-neməti və gözəllikləri gələr. Qəbiri, göz görən məsafə qədər genişlənər. Sonra onun yanına gözəl üzlü, gözəl libaslı və xoş ətirli bir kişi gələr və deyər: Səni, səni sevindirən şeylərlə müjdələyirəm. Bu gün, sənin vəd olunan günündür. O deyəcəkdir: Sən kimsən? Sən, üz-gözündən xeyirlə gələnə oxşayırsan! Kişi deyəcəkdir: Mən sənin yaxşı əməllərinəm. O isə deyəcəkdir: Ey Rəbbim, qiyaməti tez qopart ki, öz ailəmə və malıma qovuşum.
Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sözünə davam edərək dedi:
Həqiqətən kafir bəndə dünyadan gethagetdə olub axirətə üz tutarkən onun yanına səmadan, qara üzlü mələklər nazil olarlar. Özləri ilə qaba paltar gətirər, ölüm ayağında olan kimsədən göz görən qədər uzaqlıqda oturarlar. Sonra ölüm mələyi (aleyhis salam) gəlib onun başı üzərində dayanar və deyər: Ey murdar ruh, çıx və Allahın qəzəb və əzabına qovuş. Beləliklə onun canı bədənində parça-parça olar. Sonra mələk onun ruhunu, islanmış yundan çıxarılan tikan kimi çıxarar və ruhunu götürər. Mələk onu götürən kimi kənarda dayanan digər mələklər bir göz qırpımında gəlib o canı ondan götürər və gətirdikləri qaba paltara bükərlər. Ondan, yer üzündə mövcud olan ən murdar leş iyi kimi bir qoxu gələr. Mələklər onu səmaya qaldırarlar. Qarşılarına çıxan hər bir mələk: bu nə murdar ruhdur?! – deyərək soruşarlar. Onlar, onun dünyada çağırılan ən pis adlarını çəkərək: Bu, filankəs oğlu filankəsdir – deyib, cavab verərlər. Onu, səmanın ən aşağı qatına qədər gətirər və qapıların onun üçün açılmasını tələb edərlər. Amma qapılar onların üzünə açılmaz. Bu yerdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ayəni oxudu: «(Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara) göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər...»[6]
Sonra Uca Allah belə deyər: Onun əməl dəftərini (əməllərini) yerin ən dərin qatındakı “Siccinə”[7] yazın. Sonra onun ruhu yerə atılar. Bu yerdə isə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ayəni oxudu: «...Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər»[8].
Beləliklə onun ruhu cəsədinə qaytarılar. Onun yanına iki mələk gələr və onu oturtar, sonra: Rəbbin kimdir? – deyə soruşarlar.
O: Ha, ha bilmirəm – deyərək cavab verər.
Mələklər: Dinin nədir? – deyə soruşarlar.
O: Ha, ha bilmirəm – deyərək cavab verər.
Mələklər: Bəs sizə Peyğəmbər olaraq göndərilən kişi kimdir? – deyə soruşarlar.
O: Ha, ha bilmirəm – deyərək cavab verər.
Bu zaman səmadan: Bəndəm təkzib edəndir, ona Cəhənnəm yatağı verin və onun üçün cəhənnəmdən bir qapı açın – deyərək, bir səs gələr. Beləliklə ona, Cəhənnəm istisi və atəşi gələr. Qəbiri daralar, hətta qabırğaları bir-birinə keçər. Sonra onun yanına murdar üzlü, çirkin libaslı və pis ətirli bir kişi gələr və deyər: Səni, səni kədərləndirən şeylərlə müjdələyirəm. Bu gün, sənin vəd olunan günündür. O deyəcəkdir: Sən kimsən? Sən, üz-gözündən şər yağana oxşayırsan! Kişi deyəcəkdir: Mən sənin pis əməllərinəm. O isə deyəcəkdir: Ey Rəbbim, qiyaməti qopartma».
Digər rəvayətdə isə deyilir ki, «o, əlində gürz (böyük çəkic) olan kor, kar və lal birisinə həvalə olunar. Əgər o gürz ilə dağa zərbə endirilsə, dağ ovulub torpaq olar. Sonra o gürzlə ona bir zərbə endirər və o torpağa dönər. Sonra Allah onu yenidən əvvəlki halına qaytarar və yenidən bir zərbə endirər. O elə çığırar ki, çığırtısını cin və insandan başqa bütün məxluqat eşidər»[9].

Təziyə (başsağlığı vermək):
Ölənin ailəsinə, təsəlli verən, kədərlərini aparan, onları qəza-qədərdən razı salan və səbr etmələrinə səbəb olan sözlərlə başsağlığı vermək olar. Əgər bilirsə və ya xatırlayırsa onda yaxşı olar ki, dediyi sözlər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dediklərindən olsun. Əks halda, bu məqsədi həyata keçirən və şəriətə zidd olmayan, bildiyi gözəl sözlərlə başsağlığı versin.
Usamə ibn Zeyd (Allah ondan razı olsun) deyir ki, «biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanındaydıq. Qızlarından biri, hansısa uşağının ölüm ayağında olmasını ona xəbər vermək və onu çağırmaq üçün adam göndərdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə dedi: «Onun yanına qayıt və de: Allah nə götürürsə Onundur. Nə verirsə o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. Ona de ki, səbr etsin və Allahdan savab umsun...»[10].

Əksər insanların bunları edət halına çevirməsinə baxmadan, deyiləcək iki şeydən çəkinmək lazımdır:
1. Başsağlığı vermək üçün, ev, qəbiristanlıq və ya məscid kimi – xüsusi məkanda toplaşmaq.
2. Ölənin ailəsinin başsağlığı verənlərə yemək təqdim etməsi.
Demək, Cərir ibn Abdullah əl-Bəcəli (Allah ondan razı olsun) deyir ki, «biz ölənin ailəsinə toplaşmağı və o dəfn olunandan sonra yemək təqdim etməyi ağı demək hesab edirdik»[11].
Sünnəyə görə ölənin yaxınları və qonşuları onları döyuzdurmaq üçün yemək hazırlamalıdırlar. Demək, Abdullah ibn Cəfər (Allah ondan razı olsun) deyir ki, Cəfər ölən zaman bəd xəbər gəldikdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Cəfərin ailəsi üçün yemək hazırlayın. Onları məşğul edən hadisə baş vermişdir»[12].


[1] Rəvayətin sənədi həsəndir. əl-Cənaiz: səh. 153. İbn Hibban: 2160. Beyhəqi: 3/ 410.
[2] Rəvayət səhihdir. əl-Cənaiz: səh. 154. Buxari: 3/ 255/ ? 1390.
[3] Hədis həsəndir. əl-Cənaiz: səh. 155. Əbu Davud: 9/ 22/ ? 3190.
[4] Hədisin sənədi səhihdir. əl-Cənaiz: səh. 156. Əbu Davud: 9/ 41/ ? 3205.
[5] İlliyyin: əməlisaleh bəndələrin əməlləri yazılan səmadakı kitabın adıdır.
[6] əl-Əraf: 40.
[7] İlliyyin: əməlisaleh bəndələrin əməlləri yazılan səmadakı kitabın adıdır.
[8] əl-Həcc: 31.
[9] Hədis səhihdir. əl-Cənaiz: səh. 159. Əhməd: 7/ 74/ ? 53. Əbu Davud: 13/ 89/ ? 4727.
[10] Buxari: 3/ 150/ ? 1284. Müslim: 2/ 635/ ? 923.
[11] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1308. İbn Macə: 1/ 514/ ? 1612.
[12] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: ? 1015. Əbu Davud: 8/ 406/ ? 3116. Tirmizi: 2/ 234/ ? 1003. İbn Macə: 1/ 514/ ? 1610.


Tarix: 01.05.2013 / 17:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 302 Bölmə: Maraqlı melumatlar
loading...