beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğemberin Düşmeninin Heyati

Həzrət Mühəmməd Peyğəmbərin (s) babası Əbdülmüttəlib Bəni-Haşim soyunun ağsaqqalı idi və Məkkədə böyük nüfuzu vardı. Əbdülmüttəlib çoxlu övlad sahibi idi.

Onun 5 və ya 6 qadından 6 qızı və çoxlu oğlu doğulmuşdu. Oğullarının sayını müxtəlif mənbələrdə 10-la 14 arası qeyd emtişlər. Bunların ən böyüyü Haris, ən kiçiyi isə Abbas idi. Peyğəmbərin atası Abdullahla Həzrət Əlinin (ə) atası Əbu Talib həm də anabir qardaş idilər. Onların o biri qardaşları isə Əbdülmüttəlibin başqa arvadlarından dünyaya gəlmişdilər.
Peyğəmbərin əmilərindən birinin adı Əbdül-üzza idi. O, Əbu Süfyanın bacısı Ümmi-Cəmillə evlənmişdi. Əbdül-üzzanın çoxlu sərvəti vardı. Həzrət Mühəmmədin (s) peyğəmbərliyə təyin edilməzdən əvvəl əmisi ilə münasibətləri pis deyildi. Hətta o həzrətin qızları Rüqəyyə ilə Ümmi-Külsum Əbdül-üzzanın oğulları Ütbə ilə Üteybəyə nişanlanmışdılar (bəzi müəlliflər hətta toy olduğunu və Peyğəmbərin qızlarının bu iki qardaşa ərə getdiklərini yazırlar). Lakin Peyğəmbər Allahdan vəhy aldığını elan etdikdən sonra əmisi onun qatı düşməninə çevrildi. Atalarının təhriki ilə Ütbə və Üteybə də Peyğəmbərlə ailə bağlılığını pozub qızları boşadılar. Əbdül-üzza ilə arvadı Ümmi-Cəmil məkkəliləri Həzrət Mühəmmədin (ə) əleyhinə qaldırır, o həzrəti gözdən salmaq üçün haqqında pis şayiələr yayırdılar. Camaat içində Peyğəmbərə istehza edib təhqir yağdıranların başında bu iki nəfər dururdu.
Allah-təala Əbdül-üzza ilə Ümmi-Cəmilin küfrünün müqabilndə Qurani-kərimin bir surəsini onlara həsr etdi. Quranın 111-ci Məsəd surəsində buyurulur: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı. O, alovlu atəşə girəcəkdir. Onun odun daşıyan övrəti də həmçinin! Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip olacaq”. Bu surədə Allah Əbdül-üzzanı Əbu Ləhəb ləqəbi ilə adlandırmışdı. Ərəb dilində Əbu Ləhəb “cəhənnəm alovunun içində olan, yanan” deməkdir.
Müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdikdən sonra Əbu Ləhəbin Islama qarşı düşmənçiliyi daha da şiddətləndi. Məkkə müşrikləri Bədr savaşı zamanı müsəlmanlarla döyüşmək üçün qoşun hazırlayanda Əbu Ləhəb xəstə olduğuna və ya qorxduğuna görə orduya qatılmadı, əvəzində əsgərlərin təchizatı üçün külli miqdarda pul verdi; üstəlik, öz əvəzinə bir nəfəri muzdla döyüşməyə yolladı.
Bədr savaşı müsəlmanların parlaq qələbəsi ilə başa çatdı. Müşrik ordusunun qalıqları dağınıq halda Məkkəyə qayıdırdı. Şəhərin bütpərəst böyükləri Kəbənin ətrafında oturub döyüşün nəticəsi haqqında xəbər gözləyirdilər. Peyğəmbərin kiçik əmisi Abbas ürəyində Islamı qəbul etsə də, məcbur olub müşriklərin cərgəsində döyüşə getmişdi. Amma Abbas müsəlmanlara qarşı savaşmadı və könüllü surətdə əsir düşdü. Onun həyat yoldaşı Ümmül-Fəzl isə Məkkədə qalmışdı. Həmin gün Ümmül-Fəzl öz nökəri Əbu Rafe ilə birlikdə Kəbənin yanında, Zəmzəm quyusunun başında oturmuşdu. Onların hər ikisi müsəlman idi, amma bunu gizlədirdilər.
Bədr savaşında Məkkə qoşununa başçılıq edən Əbu Süfyan şəhərə qayıdıb Kəbənin yanına gəldi, orada toplaşanlara acı məğlubiyyət xəbərini elan etdi. Əbu Ləhəb heyrət içində soruşdu ki, sayınız çox olduğu halda niyə məğlub oldunuz? Əbu Süfyan cavab verdi: “Mən öz əsgərlərimi qınamıram. Çünki savaş başlayanda xallı atlara minmiş çoxlu ağ paltarlı süvari səmadan enib bizə hücum etdi. Onlarla döyüşmək bizim gücümüz xaricində idi”. Əbu Süfyana qulaq asanlar möcüzəli süvarilərin kim olduğu barədə fikir yürütməyə başladılar. Bu zaman oxların ucunu itiləməklə məşğul olan Əbu Rafe özünü saxlaya bilməyib dedi: “Onlar mələklər imiş, müsəlmanlara kömək üçün səmadan eniblərmiş”.
Əbu Ləhəb nökərin sözündən qeyzlənib onun üzünə möhkəm bir sillə vurdu. Əbu Rafe zərbədən özünü saxlaya bilməyib yerə yıxıldı, Əbu Ləhəb onu təpikləməyə başladı. Bu zaman Abbasın şücaətli həyat yoldaşı Ümmül-Fəzl yerdən bir paya götürüb yürüdü, Əbu Ləhəbin başına elə bir zərbə vurdu ki, kəlləsi yarılıb sifətini al-qana qərq etdi: “Abbasın şəhərdə olmamasından istifadə edib onun nökərini döyürsən?”.
Əbu Ləhəb deyinə-deyinə evinə qayıtdı. Bu hadisədən sonra o cəmi yeddi gün yaşadı. Allah Əbu Ləhəbi mənfur bir xəstəliyə düçar etdi (deyilənlərə görə, bu, taun imiş). Adamlar onun yanına getmirdilər ki, xəstəliyə yoluxmasınlar. Əbu Ləhəbin ömrünün sonu tənhalıq və ağrılar içində keçdi. Hətta öləndən sonra da qorxudan cəsədinə yaxın durmurdular. Cəsəd çürüyüb üfunət yaymağa başlamışdı. Axırda şəhərin ağsaqqalları Əbu Ləhəbin oğullarının yanına gedib tapşırdılar ki, meyiti evdən çıxarıb dəfn etsinlər, yoxsa bütün şəhər keçici xəstəliyə yoluxa bilər. Oğulları Əbu Ləhəbin cəsədini birtəhər dartıb taxta parçalarının üstünə qoydular, taxtalardan tutub qaldırdılar və meyiti şəhərdən kənara çıxardılar. Amma nə meyiti səliqəyə salmağa, nə də qəbir qazıyıb o zamanın adətinə uyğun olaraq basdırmağa heç kəs cürət etmədi. Məkkədən qıraqda meyiti yerə qoyub qaçdılar, uzaqdan ona tərəf daş atmağa başladılr. Bir azdan Əbu Ləhəbin cəsədi daş yığınının altında görünməz oldu. Məkkə müşriklərinin var-dövlətli başçısı Əbu Ləhəb bu cür biabırçı şəkildə ömrünü başa vurdu. Allahın və Peyğəmbərin düşməninə dəfn edilmək də qismət olmadı.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 195 Bölmə: Maraqlı melumatlar