Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənnət Və Cəhənnəm əhli

Cənnət əhli


Allah behişt əhlini behiştə daxil etmək istəyərkən bir mələyi bir töhfə və bir behişt libası ilə onlara göndərər. Behişt əhli behiştə daxil olmaq istəyərkən mələk onlara deyər: “Dayanın, mən Aləmlərin Pərvərdigarı tərəfindən sizin üçün töhfə gətirmişəm.” Soruşarlar: “O nə töhfədir?” Mələk deyər: “On üzükdür. Birincisinə “Siz artıq paksınız, həmişəlik olaraq ora daxil olun!”, ikincisinə Həmişəlik olaraq salamat və əmniyyətlə ora daxil olun”, üçüncüsünə “sizin qəm-qüssəniz, artıq bitdi”, dördüncüsünə, “sizi bər-bəzəyə bürüyəcəyik”, beşincisinə, “Sizdən ötrü pak-pakizə qadınlar–Hurilər hazır etmişik”, altıncısına, “Etdikləriniz səbrə görə bu gün Mən onların mükafatlarını verəcəyəm”, yeddincisinə, “Elə bir cavanlığa qovuşdunuz ki, həmin cavanlığın qocalığı yoxdur (yəni əbədi cavanlıqdır)”, səkkizincisinə, “Peyğəmbərlər, şəhidlər və salehlərlə yoldaşsınız”, doqquzuncusuna, “Elə bir əmin-amanlığa qovuşdunuz ki, heç bir qorxu və narahatlıq görməyəcəksiniz”, onuncusuna isə “Siz əzəmətli ərşin sahibi olan mehriban və bağışlayan Allahın yanındasınız” yazılıb.” Mələk daha sonra deyər: “Buyurun, daxil olun!” Onlar behiştə daxil olub deyərlər: “Şükr olsun Allaha ki, qəm-qüssəni qəlbimizdən çıxartdı. Bizim Allahımız bağışlayan və mehribandır. Şükr olsun Allaha öz və`dəsinə əməl etdi və bizi buranın varisləri etdi ki, ürəyimiz istədiyi yerə gedib orada məskən salaq. Əməl sahibi olanların nə gözəl mükafatı var!!!”

Cəhənnəm əhli

Cəhənnəm əhlinin cəhənnəmə salınma vaxtı yetişdi, yenə də, Allah-təala bir mələyii on üzüklə onlara göndərər. Həmin üzüklərə belə yazılıb: Birincisinə «Cəhənnəmə daxil olun. Orada nə ölmək var, nə də oradan çıxmaq imkanı», ikincisinə «Əzaba qərq olun. Sizin üçün heç bir asayiş yoxdur», üçüncüsünə «Mənim rəhmətimdən naümid olun», dördüncüsünə «Qəm-qüssəyə batın», beşincisinə «Geyiminiz, yeməyiniz, suyunuz, yatağınız hamısı atəşdən hazırlanmışdır», altıncısına «Siz atəş içində olduğunuz müddətdə daim Mənim qəzəbimə uğrayacaqsınız», yeddincisinə «Bütün bunlar etdiyiniz günahların cəzasıdır, səkkizincisinə «Etdiyiniz böyük günahlara görə nə tövbə edirdiniz, nə də etdiklərinizə görə peşman olurdunuz, Mənim lə`nətim olsun sizə!», doqquzuncusuna «Şeytanın ardınca getdiniz, dünya həyatını daha üstün saydınız, axirətinizə əhəmiyyət vermədiniz. Buna görə də dadın əzabı!», onuncusuna isə «Yalnız özünüzü danlayın. Çünki sizə deyilənləri qəbul etmədiniz, günahlara davam etdiniz, bütün bu üzdöndərmələrinizə görə əzaba düçar olun!»


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar
loading...