beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı əməllər Ruzini Artırır Və Azaldır?

Islam müqəddəslərinin hədislərindən məlum olur ki, bəzi əməlləri etmək insanın ruzisinin artmasına səbəb olur. Bu əməllərin bir qismi əxlaqi keyfiyyətlərlə, bir hissəsi insanlar arasında ictimai münasibətlərlə, bir neçəsi dua və ibadətlərlə, daha bir qismi isə məişət həyatı ilə əlaqədardır.

Məsələn, ruzisinin artmasını istəyən şəxs gərək Allaha çox təvəkkül etsin, hər bir işi görəndə niyyətini paklaşdırsın (səmimi olsun), haram qarşısında şəhvətini cilovlasın, günahlarını yada salıb tez-tez tövbə-istiğfar etsin. Bunlar əxlaqi keyfiyyətlərə aid olan məsələlərdir.

Bəzi müstəhəb dua və zikrlərin də ruziyə təsiri olur. Məsələn, gecə namazları qılmaq, öz mömin qardaşının xəbəri olmadan onun barəsində Allaha dua etmək, Ya-Sin surəsini və ayətül-kürsini oxumaq, hər gecə Vaqiə surəsini, cümə günləri Saffat surəsini tilavət etmək ruzini bollaşdırar.

Həmçinin, aşağıdakı zikr və duaları da oxumağın faydası var:
1. 30 dəfə bu duanı oxumaq: «Sübhanallahi və bihəmdih. Sübhanallahil-əzimi və bihəmdih» (tərc.: «Allahı hər nöqsandan uzaq sayıram və Ona həmd edirəm. Əzəmətli Allahı hər nöqsandan uzaq sayıram və Ona həmd edirəm»).

2. Gündə 100 dəfə bu duanı təkrar etmək: «La ilahə illəllahül-məlikül-həqqül-mübin» (tərc.: «Hər şeyin sahibi, haqq və hər şeyi açıb bəyan edən Allahdan savayı tanrı yoxdur»).

3. Bu zikri də oxumaq ruzinin artmasına yardım edir: «La hövlə və la qüvvətə illa billah» (tərc.: «Həqiqi güc və qüdrət yalnız Allaha məxsusdur»).

4. Hər kim evə daxil olandan sonra (hətta öz evinə də olsa) salam versə və Ixlas (Qül huvəllah) surəsini oxusa, ruzisi artar. Ümumiyyətlə, evə daxil olarkən salam vermək Islamda çox bəyənilir. Çünki əvvəla, bununla ev sahibinə xəbərdarlıq edirsən. Ikincisi, ona salamatlıq arzu edib xoş niyyətlə gəldiyini bildirirsən. Adam öz evinə daxil olanda da salam versə yaxşıdır. Çünki əvvəla, bu, onda xasiyyətə çevrilir və başqasının evinə girəndə istər-istəməz adəti üzrə salam verir. Ikincisi, özü evdə olmasa da, evində rəhmət və bərəkət mələkləri ola bilər ki, bu halda salam mələklərə verilmiş sayılır.

5. Kim evin hər küncündə durub Allahın gözəl adlarından olan «ya Rəzzaq» (ey ruzi verən) adını 100 dəfə təkrar etsə, o evin xeyir-bərəkəti artar.

6. Sübh namazından sonra Allahın gözəl adlarından olan «ya Mün’im» (ey nemət verən) adını 211 dəfə təkrar etmək ruzini çoxaldar («ya Münim» sözünün əbcəd hesabı ilə ekvivalenti 211-ə bərabərdir).

7. Bağında məhsulunun bol olmasını istəyən adam Allahın «Həlim» (mülayim, helmli) adını kağıza yazıb (ərəb əlifbası ilə), sonra yazını su ilə yusun və həmin suyu ağacların dibinə töksün. O su hara tökülsə, həmin yer bol məhsul verər və zərərdən amanda qalar.

8. Ruzinin artması üçün Qurani-kərimin aşağıdakı ayəsini gündə 1001 dəfə oxumağı da tövsiyə ediblər: «Allahü lətifün biibadih. Yərzüqü mən yəşaü və hüvəl-qəviyyül-əziz» (tərc.: «Allah öz bəndələrinə çox lütfkardır. Istədiyinə ruzi verər. O, yenilməz qüvvət, qüdrət sahibidir»; Şura, 19).

9. Rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) süffə əhlindən olan kasıb və borclu səhabələrinə öyrətmişdi ki, bu duanı oxumaqla borcdan xilas olub varlana bilərlər: «Allahümmə rəbbis-səmavatis-səb’i və rəbbil-ərşil-əzim. Iqzi ənnəd-dəyni və əğnina minəl-fəqr» (tərc.: «Ilahi, ey yeddi səmanın və əzəmətli ərşin rəbbi! Üzərimdən borcü götür və məni varlandır»).

10. Halal yolla varlanmaq istəyən adamın 40 gecə bu duanı oxuması məsləhətdir: «Allahümmə ya ğəniyyü ya həmidü ya rəhimü ya vədudü ya mübdiü ya məid. Əğnini bihəlalikə ən həramik və bifəzlikə əmmən sivak. Ya ərhəmər-rahimin» (tərc.: «Ey hər şeydən ehtiyacsız, həmd olunmağa layiq, həmişə mərhəmətli, bəndələrini çox sevən, hər şeyi yaradan və özünə qaytaran (öldürən) Allah! Məni halal buyurduğun ruzi vasitəsilə haram buyurduğundan ehtiyacsız et. Məni öz lütfün və mərhəmətin vasitəsilə bəyənmədiyin hallardan qoru. Ey rəhmlilərin ən rəhmlisi»).

11. Sübh azanının vaxtından sonra əlini sinənin üzərinə qoyub 70 dəfə Allahın gözəl adlarından olan «Fəttah» (çətinlikləri həll edən) adını zikr etmək də ruzinin artması üçün faydalıdır.

Ruzinin artmasına insanın başqaları ilə münasibəti də çox təsir göstərir. Ətrafındakılara münasibətdə xoş niyyətlə davranan, əlinə gələn ruzidən ehtiyaclılara pay verən, din qardaşının könlünü şad edən insanın ruzisi başından aşar. Təsadüfi deyil ki, hədislərdə ruzini artıran səbəblər içində normal ictimai münasibətləri təmin edən aşağıdakı xüsusiyyətlər də qeyd edilib: gözəl əxlaqlı olmaq, valideynə yaxşılıq etmək, qonşu ilə xoş davranmaq, qohumlarla rabitəni pozmamaq, sədəqə vermək, zəifləri incitməmək və onları əzizləmək, dolanışıqda orta həddi gözləmək (yəni israfdan və simiclikdən çəkinmək), əmanətə xəyanət etmək, doğrucul olmaq və s.

Ruzinin artması üçün məişətdə edilməsi gərəkən əməllər və adətlər barədə isə hədislərdə bunlar buyurulub: hər kim yeməkdən qabaq əllərini yumağı adət etsə, yemək qabını (qab-qazanı) təmiz saxlasa və hər yeməkdən sonra yusa, Günəş batmazdan əvvəl evin çırağını yandırsa, süfrədə qalan çörək tikələrini atmasa və yesə, evin içini və qapının ağzını tez-tez süpürsə (gecə olmamaq şərti ilə), hər həftənin cümə günü dırnaqlarını və saç-saqqalının uzanmış yerlərini kəssə, saçını tez-tez darasa (oturmuş halda), dişlərini təmizləsə (misvakla olsa daha yaxşıdır), saçını gilabı ilə yusa, ruzisi çoxalar. Əqiq, yaqut və firuzə qaşlı üzük taxmaq da ruzinin artmasına kömək edər. Hədislərdə bu da göstərilib ki, zöhr və əsr, məğrib və işa namazlarını ardıcıl qılmaq ruzinin artmasına kömək edər.

Ruzini azaldan və insanı kasıblığa düçar edən əməllər də hədislərdə təfsilatı ilə bəyan edilib. Məsələn, öz müsəlman qardaşına xəyanət etmək, zina etmək, söyüş söymək, Allahın əmrlərini yerinə yetirməməkdə israrlı olmaq, valideynin üzünə oğ olub onları incitmək ruzinin kəsilməsinə səbəb olar. Kim haram yesə ruzisi çəkilər. Burada həm şəriətdə haram buyurulmuş yeməkləri yemək, həm də haram işlərlə pul qazanmaq, haram yolla sərvət sahibi olmaq nəzərdə tutulub. Haram yolla gələn pul insana fayda verməz. Əksər hallarda haram yolla qazanılmış pulun asanlıqla gəldiyi kimi asanlıqla da getdiyinin şahidi oluruq. Hətta haram tikə insanın halal malının da əlindən çıxmasına səbəb ola bilər. Nahaq deməyiblər ki, divarında bircə dənə qəsb olunmuş kərpic olan evin uçulub-dağılması qəribə deyil.

Insan kasıb olmadığı halda özünü yoxsul kimi göstərsə ruzisi həqiqətdə də azalar. Istər başqasından nə isə istəmək məqsədilə özünü kasıb göstərsin, istərsə də gözə gəlməmək qəsdi ilə. Ehtiyac duymadığı və layiq olmadığı bir şeyi başqasından istəmək və almaq da insanı gec-tez kasıblığa düçar edər və insan özünü yalandan necə göstərməyə çalışırsa, əslində elə həmin vəziyyətə düşər. Namaza etinasız yanaşmaq, məğrib və işa namazlarının arasında, Günəşin doğuşu ərəfəsində yatmaq da ruzinin azalmasına gətirib-çıxarar. Bulaşıq qabları yumadan saxlamaq, ayaq üstə durmuş halda saç daramaq, gecə evi süpürmək, evdə yuva qurmuş hörümçəyin torunu dağıtmamaq, cənabətli halda yemək (dəstəmaz alsa məkruhluq aradan qalxar), gecəyarısı kiçik təbii ehtiyacını ödəmək üçün çılpaq halda yataqdan qalxmaq, soğan və sarımsaq qabığını yandırmaq (bişirmək) də ruzini azaldar.

(Məqalədə «Gənchayi-mənəvi» («Mənəvi xəzinələr») kitabından istifadə edilmişdir).


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 262 Bölmə: Maraqlı melumatlar