beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALIN YAZISI DƏYIŞƏ BILƏRMI?

BƏDA - Ərəb dilindən tərcüməsi “zahir olma, aşkara çıxma” deməkdir. Allah-təalanın qeyri-mütləq qəzavü-qədərinin müəyyən səbəblər üzündən dəyişməsinə deyilir. Qurani-kərimdə bu barədə buyurulur: “Hər dövrün bir kitabı var. Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır” (“Rəd”, 38-39). Təfsir alimlərinin bir qismi bu ayənin izahında söyləmişlər ki, Allah-təalanın qəzavü-qədəri iki kitabda yazılır. Bunlardan biri “lövhi-məhfuz” (qorunan, dəyişməz lövhə) adlanır. Bu kitabda yazılanlar pozulmaz və dəyişməz. Yuxarıdakı ayədə “kitabın əsli” ifadəsi lövhi-məhfuza işarədir. Amma başqa bir kitab da var ki, buna “lövhi-məhv və isbat” (pozulma və qeyd olunma lövhəsi) deyirlər. Burada yazılanlar bəzi səbəblər üzündən Allahın məsləhəti əsasında dəyişilə bilər. Məsələn, Həzrət İbrahim Peyğəmbərə oğlu İsamaili qurban kəsmək təkidlə əmr olunduğu halda, son məqamda bu əmr dəyişdirildi və İsmailin əvəzinə qoç kəsmək tapşırıldı. Bu dəyişikliyə “bəda” deyilir. Bəda bir çox hallarda bəndələrin dualarına və əməllərinə əsasən baş verir. Məsələn, İslam müqəddəslərinin hədislərində dəfələrlə buyurulub ki, sədəqə vermək, ata-anaya yaxşılıq etmək, qohumlarla rabitə saxlamaq ömrü uzadar. Bunu Allahın iradəsinin pozulması kimi başa düşmək düzgün deyil. Allah-təala hər kəs üçün neytral bir ömür (əcəl) təyin edib. İnsanın öz əməllərindən asılı olaraq, onun əcəli yaxınlaşa və ya uzaqlaşa bilər.

Bunu asan bir misalla anlamaq olar. Həkim xəstəni müayinə edərək, onun bu vəziyyətdə neçə müddət yaşaya biləcəyini təyin edir. Sonra ondan ötrü dərmanlar yazır ki, bunları qəbul etməklə sağlamlığı qüvvətlənsin, ömrü uzansın. Əgər xəstə həmin dərmanları vaxtında qəbul etsə, normal şəkildə qidalansa, uzun ömür yaşayar. Yox, əgər müalicəni kəssə, zərərli yeməklərə və vərdişlərə uysa, şübhəsiz ki, sağlamlığı daha da pozulacaq, ömrü qısalacaq. İnsan da beləcə, öz ruhani aləmi üçün faydalı olan işlərlə məşğul olsa, Allahın mərhəmətini qazanar, bəlalardan uzaq olar. Yox, əgər haram işlərə aludə olsa, əcəl onu tez haqlayar.

Deyirlər ki, bir gün bir yəhudi Həzrət Mühəmməd Peyğəmbərə (s) bu cür salam verir: “Əs-samə əleyk”. Ərəb dilində “sam” – “ölüm” deməkdir. İslama qarşı kin bəsləyən yəhudilər bunu açıqda dilə gətirə bilmədikləri üçün, öz düşmənçiliklərini bu cür gizli üsullarla həyata keçirir, sözlərin oxşarlığından istifadə edərək, Peyğəmbərə ölüm arzulayırdılar. Peyğəmbərimiz də həmin yəhudiyə belə cavab verir: “Və əleykə” (yəni sənə də bunun eyni olsun). Sonra o həzrət öz səhabələrinə buyurur: “Bu yəhudini ilan çalacaq”. Yəhudi meşəyə gedib odun yığır, sağ-salamat halda evinə qayıdır. Peyğəmbərimiz yolda onu qarşılayır, diri olduğunu görüncə xeyli təəccüblənir, çiynindəki odun şələsini yerə qoymasını xahiş edir. Yəhudi odun şələsini yerə qoyanda görürlər ki, budaqların arasında bir zəhərli ilan gizlənib. Həzrət Mühəmməd Peyğəmbər (s) heyrət içində yəhudidən soruşur: “Bu gün hər hansı savab iş görmüsənmi?”. Yəhudi cavab verir: “Meşəyə gedəndə özümlə iki çörək götürmüşdüm; birini yolda kasıba verdim, o birini özüm yedim”. Peyğəmbər buyurur: “Səni ölümdən qoruyan həmin sədəqə olub. Sədəqə ölümü uzaqlaşdırar”.

“Bəda” anlayışı əsasən şiə məzhəbinə xas olan bir məfhumdur. Ona görə də bəzi təəssübkeş məzhəbçilər zaman-zaman bədanın mahiyyətini təhrif edərək, bunu şiəliyə qarşı bir ittiham kimi irəli sürmüşlər. Lakin göründüyü kimi, bəda İslamın əqidə əsasları ilə qətiyyən ziddiyyət təşkil etmir. Bundan əlavə, bəzi əhli-sünnə mənbələrində də bəda barədə hədislərə rast gəlirik. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Duadan savayı heç bir əməl qəzavü-qədəri uzaqlaşdıra bilməz. Yaxşılıqdan savayı heç bir əməl ömrü uzada bilməz” (“Sünənüt-Tirmizi” (2139-cu hədis, “Qədər” babları); “Sünənü İbn Macə” (90-cı hədis, “Qədər” babı); Hakim Nişaburi – “əl-Müstədrəkü ələs-Səhiheyn” (1865-ci hədis); Əhməd ibn Hənbəl – “Müsnəd” (22745-ci hədis, Səvbanın hədislərindən) və s.).


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 137 Bölmə: Maraqlı melumatlar