beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DİNİMİZ HANSI ZARAFATI BƏYƏNİR?

Zarafat – insana xas xüsusiyyətlərdən biridir. Lakin zarafat insanları sevindirmək vasitəsi olmaqla yanaşı, həm də son dərəcə məsuliyyətli bir işdir. Çünki, zarafat qarşıdakı insanı sevindirə də bilər, onun xətrinə dəyə də bilər. Və bunu da nəzərə almaq yerinə düşər ki, zarafatla da olsa belə, yalan danışmaq günahdır. Çünki qarşındakını zarafatla da olsa, yanıldırsan. Allahın Peyqəmbəri (s) buyurmuşdur: “Ey Əli! Zarafat etmə ki, hörmət-ehtiramın aradan getməsin. Yalan da danışma ki, nuraniyyətin itməsin”.

Bu hədisdə İslam Peyğəmbəri (s) zamanın ən böyük iki məsələsinə toxunur. Çünki, toplum həqiqətən də ya həddindən artıq çox zarafat edər, ya da heç etməz. Və digər mübarək hədisində İslam Peyğəmbəri (s) buyurur: “Çox zarafat etmək abrı aparar”.

Bəli, düşünülməmiş edilən zarafat, abrı aparır. Və bunun fərqinə zarafat etdikdən sonra varırıq.

Digər bir hədisdə İmam Əli (ə) buyurmuşdur: “Zarafatın yerində kin qalar”.

Başqa mübarək hədisində Həzrət Əli (ə) buyurmuşdur: “Kim zarafat edərsə, yüngül olar”. Bu hədisdə də zarafatın iki mənfi cəhətinə toxunuldu. Bunların biri – kin, yəni qarşındakının qəlbində kinin yaranmasına gətirib çıxarda bilər. İkinci məsələ isə - zarafat etdikdə insanın yüngül olmasına işarədir.

Başqa bir hədisində Həzrət Əli (ə) buyurur: “Nə qədər çox zarafat var ki, mübahisə ilə qurtarar”. Bu hədisdə də bizə çatdırılır ki, zarafatı seçəndə elə seçməliyik ki, söz-söhbətə yol açmasın.

Lakin bu o demək deyil ki, heç zarafat etməməliyik. Çünki, İslam Peyğəmbəri özü də yeri gəldiyində zarafat edib. İslam Peyğəmbəri (s) zarafatın tərifəlayiq olması haqqında belə buyurmuşdur: “Mən zarafat edirəm, ancaq haqdan başqa bir şey demirəm”.

Bir gün bir qoca qarı Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər ona belə buyurdu: “Qocalar cənnətə getməz”. Qoca qarı ağladı. Həzrət (s) davamında buyurdu: “Həmin gün sən qoca olmayacaqsan. Allah Təala buyurub ki, “Biz onları yaradılması kimi yaratdıq və onları gənc edəcəyik””. Bu hədisdə İslam Peyğəmbəri (s) həm zarafatın qaydasını bizlərə öyrədir, həm də bir həqiqəti bizlərə çatdırır.

İmam Baqir (ə) buyurur: “Allah, camaat arasında zarafat və məzəli söhbətlər edən insanları sevir. Bir şərtlə ki, orada söyüş olmasın”. Bu hədisdə də bizlərə öyrədilir ki, zarafat edən adam savab qazanır, amma zarafatın içində əxlaqsız sözlər o zarafatı savabdan günaha tərəf çəkir.

Allahın Peyğənbəri (s) kimsəni sevindirmək üçün onunla zarafat edərdi. Bu hədislərdən bizlərə aydın oldu ki, zarafat ozü çox mürəkkəb şeydir. Allah bizləri yersiz olan zarafatlardan qorusun. Amin!

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Maraqlı melumatlar