beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HALAL VƏ HARAM YEMƏKLƏRİN TƏSİRİ

(İslami saytlara istinadən)

Halal qidalar insan ruhuna və qəlbinə yaxşı, haram yeməklər isə pis təsir qoyurlar. Hətta lətif və yüngül ruhlar bir tikə halal və ya haram yeməklə təsirə məruz qalırlar.

Kərbəlayi Kazım Fərhani adlı bir insan var idi. O, savadsız idi, amma Quranın 30 cüzini bir dəfəyə əzbərləyirdi. Qumun elmi hövzəsinə onu dəvət edir və ona suallar verirdilər. O, da bütün bu suallara cavab verirdi.

Bəziləri isə onu sırf nahara dəvət edərdi. O, bu dəvəti qəbul edər, ancaq bəzən yeməyi yeyən zaman o yerdən uzaqlaşardı. Ya da barmağını boğazına salaraq, onu qaytarmağa çalışardı. Ondan soruşanda ki, bu işi niyə görürsən? O, da cavab verirdi: “Yediyim yemək halal deyildi, qəlbimin ruhu azalır və daha görmürəm”.

Halal yemək batini nura səbəb olar və ibadətə diqqəti artırar. Ancaq haram yemək ibadətdə tənbəlliyə gətirib çıxarar. Ona görə də halal ruzi əldə etmək təşviq edilmiş və haramdan çəkinmək tövsiyə olunmuşdur. Bu haqda bəzi hədislərə nəzər salaq.

Həzrət Peyğəmbərdən (s) gələn üç hədisdə halal ruzi haqda belə deyilir:

“İbadətin 70 hissəsi vardır ki, onların ən yaxşısı halal ruzi tələb etməkdir”.

“Hər kim halal tikə yeyər, mələk başının üstündə dayanar və əlini yeməkdən çəkənə qədər ona görə məğfirət istəyər”.

“Hər kim halal tikə yeyər, Allah qəlbini 40 gün nurani edər”.

İmam Cəfər Sadiq (ə) buyurur: “Halal ruzi tələb etməkdən əl çəkmə, çünki halal ruzi insana dinində kömək edər”.

Haram qida və ruzi haqda Həzrət Peyğəmbər (s) buyurur:

“Hər kim halal olmayan yolla ruzi əldə edərsə, axirət azuqəsi atəşə tərəf olar”.

“Allah-Təala buyurur: “Hər kim hansı yoldan dinar və ya dirhəm əldə etdiyinə diqqət etməzsə, Mən də onu hansı qapıdan atəşə daxil etməyimə diqqət etmərəm”.

“O zaman ki, haram tikə mədəyə düşər, yer və göydə olan mələklər ona lənət deyər”.

“Haram yeməklə ibadət etmək qum və ya suyun üzərində olan binaya bənzəyər”.

Bu hədislərdən aydın olur ki, insan gərək ruzisinə diqqət etsin. Ruzisi gərək halal olsun. Yediyi yemək halal olmalıdır ki, qəlbinə və ruhuna nuraniyyət və lətafət bağışlansın. İbadəti də Allah dərgahında qəbul olunsun.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar