beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HƏZRƏT PEYĞƏMBƏRİ (S) TÖVRAT VƏ İNCİLDƏ

Şübhəsiz ki, hal-hazırda yəhudilərin və xristianların əlində olan Tövrat və İncil kitabları təhrif olunmuş İlahi kitablardır. Yəni, Musa (ə) və İsanın (ə) gətirdiyi səma kitabları deyildirlər. Bu kitablar bu iki peyğəmbərin (ə) tələbələri və ya tərəfdarları tərəfindən cəmlənmiş və yazılmışdır. Ancaq bunu da qeyd etmək lazımdır ki, bu kitabların heç olmasa bir hissəsi Musa (ə) və İsa (ə) tərəfdarlarının dedikləri əsasında yazılmışdır. Ona görə bu kitablarda gələnlərin hamısını qəbul etmək mümkün deyildir və eyni zamanda, hamısını inkar etmək də olmaz. Bəlkə bu cür də demək olar ki, bu iki İlahi kitabda peyğəmbərlərin göstərişləri başqalarının dedikləri ilə qarışmışdır.

Bütün bunlara baxmayaraq, bu kitablarda böyük İslam dininin və Rəsuli-Əkrəmin (s) müjdəsini verən nişanələr vardır.

Belə ki, İncilin Yuhna qolunda üç halda “Fari qəlit” sözü işlənmişdir. Tərcümədə “təsəlli verən” mənasını verir. İndi isə Yuhnanın bu üç mətninə diqqət edək:

1.”Mən atamdan istəyəcəyəm ki, o, sizlərə başqa bir təsəlli verən göndərəcəkdir ki, əbədi olaraq, sizlərlə olacaqdır”. (Yuhna İncili, 14-cü fəsil, 16-cı cümlə).

2. “Atam tərəfindən göndərilən o təsəlli verən gələndə, yəni atam tərəfindən gələn həqiqi ruh mənim haqda müjdə verəcəkdir”. (Yuhna İncili, 15-ci fəsil və 26-cı cümlə).

3. “Ancaq sizə düz deyirəm ki, yaxşı olar ki, mən gedəm, əgər mən getməsəm. O, təsəlli verən sizin yanınıza gəlməyəcəkdir. Ancaq getsəm, onu sizin yanınıza göndərəcəyəm”. (Yuhna İncili, 16-cı fəsil və 7-ci cümlə).

Tövratın 17-ci fəslində deyilir: “İbrahim Allaha dedi ki, ey kaş İsmayıl sənin hüzurunda yaşayardı və İsmayıl haqda etdiyin duanı eşitdim: indi ona bərəkət verdim, onu barlı etdim və 12 sərvər doğulacaqdır ki, onu böyük ümmət qərar verəcəyəm”.

Bundan başqa Peyğəmbərdən (s) gələn hədisdə Peyğəmbərin (s) Tövratda gələn ləqəblərinin “Haşer” və “Aqeb” olduğunun şahidi oluruq.

Maraqlısı odur ki, yunan mənşəli İncilin mətnində təsəlli verənin yerində “pir klitus” sözü gəlmişdir. Onun yunanca tərcüməsi “sitayiş olunan şəxs” deməkdir ki, “Muhəmməd və Əhməd “ sözlərinin mənasını verir.

Ancaq kilsə o zaman ki, bu sözün dərc edilməsinin onlara ziyan vuracağını görəndə “pir klitus” sözünün yerinə “para klitus” sözünü ki, “təsəlli verən” mənasını bildirir işlətdilər. Bu aşkar təhriflə bu canlı sənədi dəyişdirirlər. Ancaq bu dəyişikliyə baxmayaraq, böyük zühurun müjdəsi verilmiş olur.

“Muhəmməd” kəlməsinin mənası daha çox “həmd olunmuş” deməkdir. Bu sözün kökündə həmd sözü dayanır ki, mənası hörmət etmək və sitayiş etmək deməkdir. Qəribə bir təsadüf nəticəsində başqa bir ad olan “Əhməd” adının da kökündə həmd sözü dayanır. Daha çox ehtimal verilir ki, Ərəbistan xristianları Əhməd kəlməsini “Fari qəlit” sözünün yerinə işlətmişdilər. Əhməd - yəni, daha çox sitayiş olunan deməkdir. Bu söz “pir klitus” sözünün tərcüməsidir. Bir çox müsəlmanlar dəfələrlə xəbərdarlıq etmişdilər ki, bu sözün mənasındakı məqsəd İslam Peyğəmbərinin (s) zühurunun müjdəsini vermək olub. Qurani-Kərimin “Səff” surəsində də bu mövzuya işarə olunmuşdur.

Sözün qısası “fari qəlit” sözünün mənası Ruhul-qudus, yəni təsəlli verən yox, “Əhməd” deməkdir.

Məgər Peyğəmbərin (s) adı Əhməddir?

Burada ortaya çıxan mühüm sual odur ki, Peyğəmbərin ən məhşur adı Muhəmməddir (s). Halbuki “Səff” surəsinin 6-cı ayəsində deyilir: “Və o zaman ki, Məryəm oğlu İsa dedi: “Ey Bəni-İsrail! Həqiqətən, mən Allahın sizə göndərdiyi Peyğəmbərəm, özümdən qabaqkı Tövratı təsdiq edənəm və məndən sonra “Əhməd” adlı bir Peyğəmbərin gəlməsini də sizə müjdə verənəm”. O Peyğəmbər isə onlara açıq-aydın dəlillər gətirdikdə dedilər: “Bu açıq-aydın bir sehrdir”. Bu iki ad necə bir-biri ilə uyğun gəlir?

Tarixdə oxuyuruq ki, Peyğəmbərin (s) uşaqlıqda iki adı olubdur. Hətta insanlar onu iki adı ilə çağırardılar. Biri Muhəmməd və o birisi Əhməd. Birinci adı babası Əbdulmüttəlib ona qoymuşdu. İkinci adı isə anası Aminə qoymuşdu. Peyğəmbəri bu adla daha çox çağıran insan əmisi Əbu Talib olmuşdur. Ondan əlimizə çatan “Divani Əbu Talib” şeir kitabında Peyğəmbərə (s) Əhməd adı ilə müraciət olunmuşdur. Merac haqda gələn hədislərin bir çoxunda isə oxuyuruq ki, Allah Peyğəmbərə (s) Merac gecəsində dəfələrlə Əhməd adı ilə müraciət etmişdir. Bəlkə ona görə də o Həzrətin göylərdə adı Əhməd, yerdə isə Muhəmməd kimi məhşur olmuşdur.

İmam Baqirdən (ə) gələn hədisdə deyilir ki, İslam Peyğəmbərinin (s) on adı olmuşdur. Onlardan beşi Quranda gəlir ki, bu adlar: Muhəmməd, Əhməd, Abdullah, Yasin və Nundur.


Allah Peyğəmbərin (s) adını daşıyacaq Muntəzirin (ə) zühurunu tezləşdirsin, inşəallah!. Amin!

(Mənbə: “Təfsiri-Nümunə”).

Hazırladı: Məşhədi Xanım,
“Dəyərlər”


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Maraqlı melumatlar