beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mələklə söhbət

- Ey insan, neçə vaxtdır səni müşahidə edirəm. İnsanlara qarşı bu qədər acıqlı olmağının səbəbi nədir? - deyə Mələk soruşdu.

- İnsanlar verdikləri sözə əməl etmədikdə hirslənirəm. Məsələn, elə bu gün dostumla görüşəcəkdim, mən bütün planlarımı kənara qoyub, onu gözlədim, o isə nəinki gəlmədi, heç zəng belə etmədi.

- Məgər dostunu gözləyən sən deyilmiydin? Niyə hər şeyi qarşındakı insandan gözləyirsən ki? Heç birimiz qarşımızdakı insanın ürəyində, beynində nə baş verdiyini bilə bilmərik. Bilirsənmi, heç kim insanın həyatına təsadüfən daxil olmur. Həyatımıza daxil olanlar bizə nə isə öyrədir, eləcə də bizdən nə isə öyrənirlər. Bugünkü kədərində özün günahkarsan, vəziyyətə münasibətini dəyiş, söylədiyin hadisə əslində o qədər də əhəmiyyətli və böyüdüləsi problem deyil.

- Yox, Mələk, məsləhətlərinə əməl etmək çox çətin olacaq. Bütün gün özümü tənha hiss etdiyim halda hər kəsi başa düşəcək insan olmaq mənim bacaracağım iş deyil.

- Emosiyalarını, düşüncələrini nəzarətdə saxla. Yadından çıxartma, hər bir hadisə sənin ona münasibətindən asılı olaraq inkişaf edir. İndi de görüm mənə, niyə özünü tənha hiss edirsən?

- Çünki təkəm, gün ərzində məni arayıb-soran yoxdur.

- Səni Allah(c.c) sevir. Demek ki, tək deyilsən. Bəs sən kimi sevirsən?

- Mən hamını sevirəm; - insan əminliklə cavab verdi.

- Hamını sevdiyin halda tənhasan? İnsan sevərsə, ürəyi, qəlbi sevinclə, xeyirxahlıqla, xoşbəxtliklə dolar. Sənin isə ürəyin boşdur. Təmənnasız sevgi nədir, bilirsənmi?

Təmənnasız???

- Bəli, qarşılıq gözləmədən, heç bir şey tələb etmədən, xüsusi diqqət istəmədən sevmək, başqaları üçün yaşamağı bacarmaq, insanların sevincinə şərik olmaq, dərdlərini paylaşmaq. Budur, təmənnasız sevgi.

- Niyə, mənimlə birgə olmağa can atmayan birisinə zamanımı sərf edim ki?

- Məgər, sevmək təkcə zamanını ona sərf etməkdirmi? Təsəvvür et ki, ömrünün son günüdür. Son 24 saatından necə istifadə edərdin?

- Bilmirəm, yəqin valideynlərimi ziyarət edərdim. Əslində buna bəlkə də heç cəsarətim çatmaz, çünki, bir zamanlar qəlblərini qırmışdım, ondan sonra münasibətlərimiz əvvəlki kimi olmadı. Ya da bir neçə dostum var, onlara qarşı da səhvlərim olmuşdu, onlara zəng edib bağışlanmağımı istərdim. Aman Allah, öz dediyimə özüm belə inanmıram, bunu da edə bilmərəm, qürurum buna imkan verməz, bilirəm... Bəlkə də sevdiyim insanla birləşərdim. Bir zamanlar məni özündən uzaqlaşdırdığı üçün sevgimdən əl çəkmişdim. Yox, əslində ona da zəng edə bilmərəm. Yenidən eyni şeylər təkrarlanar deyə qorxuram.

- Ey insan, həyatının nə qədər qısa olduğunun fərqində deyilmisən? Sənin bu incikliklərin, qürurun kimsəyə lazım deyil. Qorxunu dəf et, qürurunu ürəyində basdır.

Sadaladıqlarını həyata keçirtmək üçün sənə 1 gün vaxt verirəm. Günün sonunda xoşbəxt olmağın açarının kimlərisə xoşbəxt etməkdə olduğunu görəcəksən. Unutma, hər anının dəyərini bil və daxili aləminin pis düşüncələr məskəni olmasına izn vermə.

Bunu deyib Mələk gözdən itdi. Elə bu an zəngli saatımın səsinə yuxudan oyandım. Günəş öz şəfəqləri ilə otağımı başdan-başa bəzəmişdir. Yatağımdan atlayıb telefon dəstəyini əlimə aldım. Günə başlarkən ilk işim valideynlərimə zəng etmək olacaqdı. Bu an sanki daxildən bir səs var qüvvəsi ilə məni bu addımdan aralayırdı. "Hara zəng edirsən?, valideynlərin sənə bir çox məsələlərdə yardımçı olmamışdılar, nə tez unutdun..."

Mən isə o səsi dinləməyib nömrəni yığdım, valideynlərimlə danışıb onları görmək üçün yola düşdüyümü söylədim.

Artıq həyatım dəyişmək üzrə idi. Çünki mən hadisələrə baxış tərzimi dəyişmişdim. Təşəkkürlər sənə, Mələk...


Tarix: 05.06.2013 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 219 Bölmə: Maraqlı melumatlar