beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURANDA HƏZRƏT LOĞMAN BARƏDƏ

(“Təfsiri-nümunə”yə istinadən)

“Həqiqətən, Loğmana: “Allaha şükür et!”- deməklə hikmət verdik. (Çünki) hər kəs şükür etsə, özü üçün şükür etmiş olur və hər kəs nankor olsa: (bilsin ki,) Allah müstəğnidir və həmd olunmağa layiqdir”. (12) “(Və yad et ki,) bir zaman Loğman oğluna nəsihət edərək dedi: “Oğlum! Allaha şərik qoşma! Həqiqətən, Allaha şərik qoşmaq çox böyük zülmdür”. (13) “Oğlum! Şübhəsiz ki, əgər (sənin əməlin) bir xardal dənəsi ağırlığında belə olsa, istər bir qayanın içində, istərsə də göylərdə və ya yerin təkində olsun: Allah onu gətirər. Həqiqətən, Allah dəqiqdir və hər şeydən xəbəri var”. (16) “Oğlum! Namaz qıl! Yaxşılığa əmr et! Pisliyi nəhy et! Sənə baş verən müsibətlərə döz ki, bu, sarsılmaz iradənin nişanəsidir”. (17) “Və üzünü insanlardan çevirmə və yer üzündə qürurla yerimə! Çünki Allah hər hansı bir ifadə satıb fəxr edən kimsəni dost tutmaz”. (18) “Və yerişində mötədil ol və səsini ucaltma! Çünki səslərin lap pisi ulağ səsidir”. (19)

Yuxarıda oxuduğumuz ayələr “Loğman” surəsindəndir. Bəs Loğman kim olmuşdur?

Loğmanın adı elə həmin bu surədə iki dəfə işlədilmişdir. Quranda bu insanın peyğəmbər olub-olmadığına aid ayə gəlməmişdir. Ancaq ayələrindən belə nəticə çıxartmaq olur ki, o, peyğəmbər olmamışdır. Çünki, adətən peyğəmbərlər haqqında bəhs ediləndə onların tövhidə dəvət etməsindən, şirklə mübarizəsindən, əcr və savab haqqında nəsihətlər bəyan edilər. Halbuki, Loğman haqqında bunların heç biri gəlməmişdir. Onun yuxarıda da oxuduğumuz kimi oğluna verdiyi nəsihətlərə rast gəlmək olur ki, ümumi xarakter daşıyır. Yəni bu nəsihətlərdə deyilənlər bütün insanlara aiddir. Bu da onu sübut edir ki, o, arif bir insan olmuşdur.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə deyilir: “Haqqına deyirəm ki, Loğman peyğəmbər olmamışdır. Ancaq elə bir bəndə idi ki, çox fikirləşərdi. İman və yəqini ali idi. Allahı sevərdi və Allah da onu sevərdi. Hikmət nemətini ona əta etmişdi”.

Tarixlərin bəzisində Loğman Sudan mənşəli qaradərili qulam kimi təsvir edilmişdir. Aydın qəlbə və şəfaf ruha malik idi. Əmanətə xəyanət etməzdi, özünə aid olmayan işlərə qarışmazdı.

Bəzi təfsirçilər onun peyğəmbər olduğunu iddia edirlər. Ancaq buna heç bir dəlil yoxdur. Peyğəmbərdən (s) gələn hədisdə deyilir: ““Bir gün Loğman gündüz vaxtı istirahət etmək üçün yatırmış və qəflətən bir səs eşidir ki, ey Loğman! İstəyirsənmi ki, Allah səni yer üzündə öz xəlifəsi qərar versin ki, insanların arasında düzgün hökm çıxardasan?”.

Loğman da səsin cavabında deyir: “Əgər Pərvərdigarım mənə ixtiyar verərsə, afiyət yolunu seçərəm və bu böyük imtahana girmərəm. Ancaq əgər əmr etsə, əmrini yerinə yetirərəm. Çünki bilirəm ki, bu cür məsuliyyəti çiynimə qoyarsa, mütləq mənə kömək edəcəkdir və günahdan qoruyacaqdır”.

Mələklər ona dedilər: “Ey Loğman, nə üçün?”. Cavab verdi: “Çünki insanlar arasında hökm çıxartmaq - çətin iş və mühüm mərhələdir. Zülm dalğası hər tərəfdən onu bürüyər. Əgər Allah insanı hifz edərsə, nicat tapmağa layiqdir. Əgər yanlış yola gedərsə, behişt yolunu azmışdır. O kəs ki, dünyada başıaşağı və axirətdə başıuca olarsa, bunun əksi olan insandan daha yaxşıdır. O kəs dünyanı seçərsə, dünyaya çatmaz. Axirəti də əldən verər”.

Mələklər bu cavablardan heyrətə gəlirlər. Loğman bu sözləri deyir və yuxuya gedir. Allah Təala hikmət nurunu qəlbinə əta edir. Yuxudan ayılanda dili hikmət sözləri ilə açılır”.

Loğmanın hikmətli sözləri

Loğman oğluna nəsihət verərək, deyir: “Oğlum! Dünya dərin bir dənizdir ki, çox sayda xəlq olmuşlar orada boğulublar. Sən bu dənizdə gəmini Allaha iman tərəfə qərar ver. Əgər bu dənizdən xilas olarsansa - İlahi rəhmətin bərəkətindəndir, əgər batarsansa, günahlarına görədir”.

Başqa bir yerdə deyir: “Oğlum! O zaman ki, səfərə gedirsən, özünlə hamının istifadə edə biləcəyi qədər silah, paltar, çadır, su içmək qabı, tikmək şeyləri, zəruri dərmanlar götür. Həyat yoldaşlarınla İlahi günahdan başqa hər şeydə həmrah ol.

Oğlum! O zaman ki, çox insanlarla səfərə çıxırsan, işlərdə onlarla məşvərət et. Onlara gülümsə. Səni çağırdıqları vaxt cavab ver və əgər səndən yardım istəyərlərsə, onlara kömək et. Çoxlu namaz qıl. Miniyin, suyun və yeməyinlə bölüş. Əgər səndən Haqqa şahidlik verməyi istəyərlərsə, ver. Əgər səndən məşvərət istəyərlərsə, sahib nəzər olmaq üçün çalış. Kifayət qədər düşünmədən cavab vermə. Bütün təfəkkür gücünü çalışdır. Çünki o kəs ki, məşvərətdə xalis nəzəri bəyan etməzsə, Allah düşünmək nemətini ondan alar.

O zaman ki, yoldaşların yol gedər və çalışarlar, onlarla çalış. Səndən böyüklərin əmrlərinə qulaq as. Heç vaxt namazını əvvəl vaxtda təxirə salma. Dinini əda et. Camaatla namaz qıl, nə qədər çətin vəziyyətdə olsan belə.

Əgər hər cür yeməkdən yeyə bilərsənsə, onun bir miqdarını əvvəlcədən payla. İlahi kitabı tilavət et və Allaha zikr etməyi yaddan çıxartma”.

O zaman ki, Loğman qul olur, ağası ona deyir ki, qoyun kəs və onun ən yaxşı üzvlərini mənə gətir.

O, qoyunu kəsir və ürəyi ilə dilini ağası üçün aparır. Bir neçə gün keçir və ağası yenə ona əmr edir ki, qoyun kəssin, ancaq bu dəfə onun ən pis üzvlərini onun üçün gətirsin. Bu dəfə də Loğman qoyunun ürəyi ilə dilini onun üçün gətirir. O, təəcüblənir və bunun mənasını soruşur. Loğman cavabında deyir: “Qəlb və dil əgər pak olarsa, hər şeydən gözəldir, əgər napak olarsa, hər şeydən çirkindir”.

İmam Cəfər Sadiqdən (ə) gələn hədisdə deyilir: “Allaha and olsun ki, Loğmana Pərvərdigarı tərəfindən əta edilən hikmət malına, camalına və cisminə görə olmamışdır. O, elə bir insan idi ki, Allahın göstərişlərini yerinə yetirməkdə güclü idi. Günahdan və şübhələrdən çəkinərdi. Sakit idi. Diqqətlə baxar və çoxlu fikirləşərdi. Fərasətli idi. Gün başlayanda heç vaxt yatmazdı. Ədəbə riayət edərdi. Tüpürməzdi. Bir şeylə oynamazdı. Münasib olmayan hallarda görünməzdi. Əgər kimdənsə yaxşı söz eşidərsə, mütləq onun təfsirini və ya mənbəyini soruşardı. Fəqihlər və alimlərlə oturub-durardı. Elə bir elmin sorağına gedərdi ki, onun vasitəsilə havayi-nəfsinə qalib gələ bilsin. Nəfsini fikir və düşüncə gücü və ibrətlə müalicə edərdi. Elə işlərin sorağına gedərdi ki, din və ya dünyasına xeyir versin. Özünə aid olmayan işlərə qarışmazdı. Ona görə də Allah ona hikmət əta etmişdi”.

Hazırladı: Məşhədi Xanım


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 171 Bölmə: Maraqlı melumatlar