beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın Qaranlıq Zəncirlərini Necə Qırmalı?

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Ramazan ayının artıq sonuncu, yekun mərhələsinə daxil olmaqdaydıq. Nələr əldə etdik, nələri itirdik bu günlərdə?! Yaşadığımız Qədr gecələrindən nə qədər bəhrələnə bilirik?

Əslində şeytan lənətlik zəncirlənsə də bu ayda, görünür il ərzində törətdiklərinin ətaləti hələ birilirənin canından çıxmamışdır. Nəticədə nə qədər inanc insanının narahatlığına səbəb olan məscidsökməyə cəhd kimi biabırçı bir olay...

Əslində insan nə qədər ilahi dərgahdan uzaq olmalıdır ki, Allah Evi ilə bağlı belə yanaşmanı özünü yaraşdırsın? Hardan gəlir bu kimi fitrətəzidd israrlı rəftarların mənşəyi? Nə vadar edə bilər ki, insanı ilin-günün bu cağında bu qədər israrla məscidə “qeyri-qanuni” ünvanı versin?!

Uca Allahdan diləyimiz budur ki, Allah Evləri ilə düşmənçilik edənləri hidayət etsin. Xalqımızı bu kimi məscidsökmə bəlalarından hifz eləsin.


*****


Azərbaycanda 24 min narkoman qeydiyyatdadır. Bu göstərici 10 il qabaq 10 dəfə az olub. Bu da şübhə doğurmayan həqiqətdir ki, rəsmi qeydiyyat statistikası bəzən 10 dəfələrlə gerçəklikdən fərqlənmiş olur. Başqa bir xəbər. Beynəlxalq Səhiyyə təşkilatının məlumatına görə, dünya üzrə ildə 1 milyona yaxın insan özünü öldürür, intihar edir. 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. Vətənimizdə də bu acınaqlı statistika, əfsuslar olsun ki, günü-gündən artmaqdadır.

Zatən, bütün günü bayağılıq, aqressiya və bu kimi şeylər aşılanan bir toplumda hansı qeyri-fərqli fenomenləri gözləyirik ki! Kitab oxuyanlarınmı sayının artmasını? Ağac əkənlərinmi? Yoxsa Vətənimizdə yetimxanalara artıq ehtiyac qalmadığı ilə bağlı şad xəbərinmi yayılmasını?

Amma bir şey gün kimi aydındır. İnancı, mənəvi dəyərləri yaşadılmayan toplumların sonu bundan da betər olur. Bu hələ başlanğıcdır. Allah daha betərindən saxlasın.

Nə etməli? Nə etməli ki, fərd olaraq bu zülmətin qaranlığında məhv olmayaq? Nə edək ki, bu qaranlıq ictimai həyatımızın işığını söndürmsəin?

Özümüzü tanımalı. Özümüzə qayıtmalı. Öz başlanğıcımız və sonuncumuzun fərqinə vararaq, hər an varlığımızı təmin edən Rəbbimizə bağlanmalı. İradəvi bir mövcudiyyətə nail olmalı. İmitasiya xarakterli hər növ mövcudiyyətdən imtina etməli. Dünyanın qaranlıq zəncirlərini qırmalı, nəfsimizin, qəzəbimizin, şəhvətimizin buxovlarından azad olmalı. Əslində mübarək Ramazan ayının bizlər üçün yaratdığı fürsət də bu.

Allahım, bu nurani ayının qalan imkanlarından bəhrələnməni bizə nəsib et!


******


Mübarək Ramazan ayının 22-ci gününün duasındakı nurani çalarlara diqqət edək:

- Öz ehsan və kərəm qapılarını bizlərin üzünə aç və öz bərəkətini bizlərə nazil et, ey nemətləri əta edən Rəbbim!

- Sənin razılığın olan əməlləri etməyə bizləri müvəffəq et və Öz cənnətinin ən gözəl yerində məskunlaşdır, ey çarəsizlərin duasını qəbul edən Rəbbim!


Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər “Cümə” məscidinin imam-camaatı


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar