Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aza qane olmaq daha yaxşıdır

“Üsuli-Kafi” kitabında İmam Zeynül-abidindən (ə) rəvayət edilir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) bir gün səhabələri ilə birlikdə səhradan keçirdi. Dəvə sürüsünü otaran bir çobana rast gəldilər.

Peyğəmbər də, səhabələr də acımışdılar. O həzrət adam göndərib çobandan xahiş etdi ki, onlara içmək üçün süd versin. Çoban Peyğəmbərə belə cavab yolladı: “Dəvələrimin əmcəyində olan süd ailəmin və qohum-əqrəbamın sübh yeməyi üçündür. Sağıb qablara tökdüyüm südü isə axşam yeməyində içəcəklər. Sizə veriləsi artıq südüm yoxdur”. Çobanın cavabını Peyğəmbərə xəbər verəndə o həzrət bu cür dua etdi: “İlahi, bu çobana çoxlu mal-dövlət və oğul-uşaq ver”.

Səhabələr Peyğəmbərin başçılığı altında yollarına davam etdilər. Azacıq gedəndən sonra öz qoyunlarını otaran başqa bir çobana rast gəldilər. Bu çoban Peyğəmbərin süd istədiyini biləndə qoyunlarını sağıb xeyli süd göndərdi. Üstəlik, qoyunlardan birini də o həzrət üçün yolladı ki, kəsib səhabələrlə birlikdə yesin. Çoban həm də xahiş etdi ki, üzrxahlığını o həzrətə çatdırıb desinlər: “Bağışlayın ki, Sizə az yemək göndərdim. Əgər bundan artığına imkanım çatsaydı, mütləq verərdim”. Peyğəmbər hədiyyəni qəbul etdi, Allah dərgahına əllərini açıb çobanın haqqında bu duanı söylədi: “İlahi, bu çobana ehtiyacı qədər ruzi əta et”.

Səhabələr heyrət içində qalmışdılar. Onlar bu iki fərqli duanın səbəbin anlaya bilmirdilər. Soruşdular: “Ey Allahın Rəsulu! Sənə heç nə qıymayan adamdan ötrü mal-dövlətinin və oğul-uşağının çoxalması barədə dua etdin. Amma əlindən gələni səndən əsirgəməyən bir adama yalnız ehtiyacına bəs edəcək qədər ruzi arzu etdin? Amma biz birinci duanı daha çox bəyəndik, ikinci duadan xoşumuz gəlmədi”. Peyğəmbər onlara cavab verdi: “Az və kafi miqdarda olan ruzi insanın başını qatan və Allahdan uzaqlaşdıran çox ruzidən daha yaxşıdır. Mən özüm də həmişə belə dua edirəm: “İlahi! Mühəmmədə və onun nəslinə, onlara kifayət edəcək qədər ruzi ver”.

Həmin kitabda bu rəvayətdən sonra İmam Cəfər Sadiqin (ə) buyurduğu bir kəlam da çox maraqlıdır: Allah-təala buyurar: «Qəribədir ki, mən öz mömin bəndəmi sıxıntıya salanda o, kədərlənir. Halbuki, bu sıxıntı onu mənə daha da yaxınlaşdırır. Əksinə, mömin bəndəmə bolluq əta edəndə o, sevinir. Amma bilmir ki, bu bolluq onu məndən daha da uzaq salır”.


Tarix: 04.06.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Maraqlı melumatlar
loading...