beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÖZƏL ƏXLAQ

Millət öz vətəndaşlarının gözəl əxlaq və xoş sifətə malik olması ilə səciyyələnərək inkişaf edir, dünya millətləri arasında mövqeyi böyüyür, mədəniyyəti çiçəklənir. Insanlar arasında sevginin, xoş münasibətin itməsi onların dəyər-qiymətlərinin itməsinə, təməl prinsiplərinin qırılmasına, mövqelərinin sarsılmasına səbəb olur.

Bu səbəbdən də İslam dini əxlaq məsələsinə mühüm yer ayırır, insan davranışını və onun başqaları ilə münasibətini tənzim edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mən əxlaq fəzilətini tamamlamaq üçün göndərildim”. Başqa rəvayətdə isə “Əxlaq normalarını tamamlamaq üçün” kimi buyurulur. O, (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin davranşda yüksək əxlaq kodeksinə malik olmaları üçün böyük səy göstərmişdi. Abdullah bin Amrın peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədis buna sübutdur: “Həqiqətən, sizin ən xeyirliniz ən gözəl əxlaqa sahib olanınızdır”. Başqa rəvayətdə isə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mənə ən əziz olanınız ən gözəl əxlaqa sahib olanınızdır”. Uca Allah öz rəsulunu onun sahib olduğu hörmətə və nəsil-nəcabətə görə tərifləmədi. Bunu yalnız onun sahib olduğu yüksək əxlaqa görə etdi. Allah taala buyurur: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm, 4) Aişə rəvayət edərək bildirir ki, peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki seçim arasında qaldıqda günah olmayan ən asanı seçərdi. Günah olduqda isə o günahdan ən uzaqda olan insana çevrilərdi. Rəsulullah heç vaxt öz şəxsi işinə görə intiqam almazdı. Yalnız Allahın qanunları pozulduğu təqdirdə, Allah üçün intiqam alardı”. Beyhaqi (Allah ona rəhmət etsin!) buyurur: “Gözəl əxlaq dedikdə nəfsin ən tərifə layiq əməllərə doğru istiqamətləndirilməsi nəzərdə tutulur ki, bu da həm bilavasitə Allahla bağlıdır, həm də insanlar arasında münasibətlər zamanı ortaya çıxır”. Qurani-Kərimə müraciət etsək Allah taalanın bu kəlamı yada düşər: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (əl-Əraf, 199)
Əbu Hureyrədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Möminlərin ən kamil imanlısı ən gözəl əxlaqlı olanıdır. Sizin ən xeyirliniz qadınlara xeyirli olanınızdır”. Başqa rəvayətdə isə belə buyurulur: “Tərəzidə ən ağır gələcək şey gözəl əxlaqdır”.
Allahın təsbit etdiyi qanunlar pozulduqda sakit durmamaq gözəl əxlaqdan irəli gəlmir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütlərlə dolu olan məqbərəni gördüyü zaman qəzəblənmiş, onların dağıdılmasını əmr etmişdi. Gözəl əxlaqın fəziləti barəsində Aişədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mömin olan kəs gözəl əxlaqı ilə oruclu və gecə namazına duran şəxsin səviyyəsinə çatar”. Nəvvas bin Səman (Allah ondan razı olsun!) rəvayət edir ki, rəsulullahdan (ona və ailəsinə Allahın salavatı və salamı olsun) xeyirxahlıq və günah haqda soruşdum. O, buyurdu: “Xeyirxahlıq gözəl əxlaqa malik olmaqdır. Günah isə qəlbində bir şeyin düyün atdığı zaman insanların bunu bilməməsini istəməyindir”.


Tarix: 09.05.2013 / 12:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Maraqlı melumatlar