Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın Gözəllikləri (İmanın əsasları baxımından), Mələklərə, Kitablara və Peyğəmbərlərə İman

Ikinci əsas: Mələklərə iman:
İslam dini mələklərə imanı vacib etmişdir. Onlar, Allahın yaratdığı qeyb aləminə məxsus məxluqatdandırlar. Bu haqda Allah taala bizə Öz kitabında xəbər vermiş, onları vəsf etmiş, adlarını sadalamış və dediklərinə uyğun olaraq onların mövcudluğuna iman gətirməyi vacib etmişdir. Həmçinin mələklərə imanı imanın ikinci əsası etmişdir. Bu əsasa iman gətirməyənin imanı kamil olmaz.

1. Allah taala və Onun Peyğəmbərinin  dediyi tərzdə mələklərə iman gətirdikdə həqiqətən də Allahın böyük yaradan olması dərk olunur. Çünki mələklərin bəziləri çox nəhəng və qorxulu sifətdə yaradılmışdır. Peyğəmbər (sav) buyurur:

"Məni dinlə, sənə ərşi daşıyan, Allahın mələklərindən biri haqda xəbər verəcəyəm. Onun qulağının kənarı (sırğalığı) ilə çiyni arasındakı məsafə yeddi yüz illik yol məsafəsinə bərabərdir"(Əbu Davud: 5\96\ ? 4727. Hədis səhihdir.)
Həmçinin digər hədisdə deyilir:
Peyğəmbər (sav) Cəbraili (a.s) həqiqi yaradılmış şəklində gördü. Onun altı yüz qanadı var idi. Onun qanadları üfüqü tam örtmüşdü" . (Buxari: 6\ 313\ ? 3232, 3234.)
Bütün bunlar Allahın necə də böyük və əzəmətli Xaliq olduğuna dəlildir.
2. Mələklərə, Allahın buyurduğuna uyğun olaraq iman gətirmək, onları sevməklə nəticələnir. Çünki onlar Allah ilə bəndələri arasında xəbər vasitəsidirlər. Onlar Allahın vəhyini peyğəmbərlərinə çatdırırlar. Həmçinin Allahın bəndələri üçün verdiyi əmrləri: yağış yağdırmağı, külək əsdirməyi, ana bətnində uşağı mərhələlərdən keçirtməyi, bəndələrin əməllərini yazmağı, ölüm ayağında rühlarını çıxarmağı və s-ni. həyata keçirirlər.
3. Mələklərə, Quran və Sünnədə deyildiyi kimi iman gətirmək, onların həqiqətini: yaradılmış və Allaha möhtac qul olduqlarını öyrədir. Onların ibadət olunmaqda heç bir payları yoxdur. Bununla da müsəlman, çoxlarının azdığı bir işdən: mələklər vasitəsi ilə Allaha şərik qoşmaq təhlükəsindən, salamat olur.
4. Mələklərə imanda müsəlman üçün təsəlli vardır. Çünki o, şeytanların Allaha qarşı etdikləri küfr, şirk və Onun mömin bəndələrinə qarşı nifrət və düşmənçiliyinin davam etdiyi bir təqdirdə, mələklərin insanın mühüm işlərində: Allaha ibadətdə və Onun razılığını qazanmaqda, onunla bir olduğunu hiss edir. Bununla da şeytanların vəhşətindən qurtulub özünə rahatlıq tapır.
Bu iki məxluqat yəni, mələklər və şeytanlar, gözə görünməyən məxluqdurlar. Biz onları görməsək də, onlar bizi hər tərəfdən əhatə etmiş və bizim etdiklərimizi görürlər.
Üçüncü əsas: Kitablara iman:
Bu iman: Allahın, bəzi peyğəmbərlərinə insanları hidayətə qovuşdurmaq üçün kitablar nazil etdiyinə iman gətirməkdir. Belə kitablardan: Tövrat, İncil, Zəbur və sonuncusu isə Qurandır.
Kitablara imanın öz gösəllikləri vardır, bunlardan:
1. Bütün kitablara iman gətirmək müsəlmanı digər səmavi dinlər ilə bağlayır. Bu kitablar Allah dərgahından gəlmiş haqdır. Bütün keçmiş və gələcək möminlər yalnız bir hidayət yolunda, Allahın doğru yolundadırlar.
2. Səmavi kitablara iman gətirməklə, Allahın bəndələrinə göndərdiyi risalətin bir olduğu anlaşılır. Allah bütün bəndələrindən eyni şeyləri tələb etmiş, keçmiş və gələcəkdəkilər arasında fərq qoymamışdır.
Allah taala buyurur:
"(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan İslam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!" (əl-Ənbiya: 92).
3. Allahın kitablar nazil etməsi, Onun, bəndələrinə olan rəhmətindən və şəfqətindəndir. Allah onlara səmadan kitab nazil etmişdir ki, onu oxuyub həm dinlərini, həm də dünyalarını islah etsinlər.
4. Qurani Kərimə, onun Allah kəlamı olduğuna iman gətirmək bu kitabın müqəddəsliyini bildirir. Çünki o, Allahın sifətlərindən biri və kəlamından kəlimələrdir. Elə buna görə də o, müqəddəs və pak bir kitab sayılır. İnsan orada olan əmrləri yerinə yetirməli və göstərilən qadağalardan çəkinməlidir.
5. Qurani Kərim Allah taala tərəfindən qorunan bir kitabdır. Heç kəs ona bir şey artıra və ya ondan heç bir şeyi silə bilməz. Bu kitabın qorunması, mömin nəfslərə tam arxayınlıq və rahatlıq verir. Onun hər hansı hərfində şəkk-şübhə qalmır.
6. Qurani Kərim səmavi kitabların xətmi və sonuncusudur. Bu Kitab Peyğəmbərimiz Məhəmmədə verilmiş ən böyük möcüzədir. Bu Kitab qiyamət gününə qədər insanlar üçün bir açıq-aşkar dəlil olaraq qalacaqdır.
7. Qurani Kərim və Peyğəmbərin (sav) Sünnəsi müsəlmanların hər bir işlərində qayıdış yeridir. Onlar bu iki əsasdan tutduqları təqdirdə heç vaxt haqq yoldan azmaz və zəlalətə düşməzlər.
Dördüncü əsas: Peyğəmbərlərə iman:
İmanın əsaslarından biri də, bütün peyğəmbər və rəsullara iman gətirməkdir. Allah insanlar arasından peyğəmbər göndərmişdir ki, insanları Allahın yoluna, haqq dinə səsləsinlər. Onlar bəşəriyyətin ən xeyirli, kamil, söz və əməllərinə görə daha doğru insanlarıdırlar. Onlar hər bir xeyrin və nicatın göstəricisidirlər. Peyğəmbərlərə, Allahın buyurduğu tərzdə, iman gətirməyin bir çox gözəllikləri vardır:
1. Allahın, insanları haqq yola dəvət etmələri üçün peyğəmbərlər göndərməsi, Onun bəndələrinə olan hədsiz rəhmət və şəfqətini, həmçinin onları boş-boşuna yaratmadığını bildirir. Bununla onlara dünyada yaxşı həyat tərzi və axirətdə əbədi səadətə nail olmaq üçün peyğəmbərlər göndərmişdir.
2. Allah taalanın bu peyğəmbərləri ən kamil, pak və şərəfli insanlardan seçməsi, Öz yaratdıqlarına, xüsusən də Adəm övladına olan rəhmət və dərin hörmətdəndir. Bu peyğəmbərlər insanları paklığa səsləyir, pisliklərdən çəkindirirdilər. Lakin bu elçilərin ən pak və şərəfli insanlar olmasına baxmayaraq, bəşər övladının daşıya bilmədiyi, ən ağır və çətin yük onların boynuna düşürdü. Onlar bütün bunların qarşısında yalnız Allahın əmri ilə dayanırdılar. Bütün bunlar Allahın Öz bəndələrinə olan rəhmət və şəfqətindən xəbər verir.
3. Bütün peyğəmbərlərə iman gətirmək, Allahın insanlar üçün istədiyi hidayət və əmrlərin Adəm peyğəmbərin vaxtından ta Məhəmməd Peyğəmbərin  vaxtına qədər eyni olduğunu bildirir. Bu yol, dorğu və düz yoldur.
4. Bütün peyğəmbərlərə iman gətirmək insanın qarşısında çox geniş örnək və ibrət qapısı açır. İnsan, peyğəmbərlərin başına gələn müsibətlərdən və imtahanlardan ibrət və dərs alır. Bu da, müsəlman üçün geniş təcrübə və ümid deməkdir.
5. Peyğəmbərlər bir dinə, İslam dininə dəvət etmək üçün göndərilmişlər. İlk göndərilmiş peyğəmbərin dedikləri ilə sonuncunun dedikləri eynidir. Onlar bəşəriyyəti eyni fikir və əqidəyə səsləyirlər. Əsrlər boyu müxtəlif zamanlarda peyğəmbərlərin eyni dəvət aparmaları və eyni əqidəyə çağırmaları müsəlmanın qəlbinə təskinlik gətirir və bu dinin haqq olmasını bilir. Zəlalətdə olan firqələr, müşriklər, Allahı inkar edənlər və s. onlara oxşayanlar tam əksinə, bir neçə ilaha ibadət edir, zəlalətin müxtəlif yolları ilə gedirlər. Bu bir dəlildir ki, onlar hidayət yoluna etimad etmir, doğru yolu tanımırlar. Onlar, şeytanın və ya nəfslərinin öyrətdiyi müxtəlif istək və arzulara əsaslanırlar.
6. Bütün peyğəmbərlərə iman gətirməklə Məhəmməd Peyğəmbərin  onların sonuncusu olduğuna şəhadət veririk. Çünki ondan əvvəlki peyğəmbərlər də onun sonuncu peyğəmbər olacağına şəhadət vermişdilər. Düzdür yəhudilər və xaçpərəstlər onun adını öz kitablarından siliblər. Lakin buna baxmayaraq yenə də onun peyğəmbərliyini təsdiqləyən əsaslar qalmışdır. Həmçinin ondan əvvəlki peyğəmbərlərin risalətinin məzmunu onun risalətinin məzmununu təsdiqləyir. Bu, hamısının Allah taala tərəfindən olduğuna açıq-aydın dəlildir. Bütün peyğəmbərlərin risalətinin eyni olması, əvvəlki peyğəmbərin özündən sonrakını təsdiqləməsi, sonuncu peyğəmbərin də haqq olması deməkdir.
7. Risalətin peyğəmbərimiz Məhəmmədlə bitməsinin öz gözəlliyi və hikməti vardır. Beləliklə, hər hansı bir dəccalın peyğəmbərlik iddiasının qarşısını almaq mümkündür. Belə olduqda onlar insanların özlərini, dinlərini ələ sala bilməz, onların mallarını yeyə bilməzlər. Kim Məhəmməd Peyğəmbərdən sonra peyğəmbərlik iddia edərsə, artıq onun doğru və yalançı olmasını soruşmağa lüzum yoxdur. O, yalançıdır və bu sözlə o kafir olur. Bu, insanları haqq yoldan azdırmaq istəyən hər bir yalançının iddiasını puç edir.


Tarix: 08.05.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 187 Bölmə: Maraqlı melumatlar
loading...