beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏDƏBSİZ SÖZLƏR

Ədəbsiz sözlər danışmaqdan çəkin! Allah taala buyurur: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik”. (ən-Nisə, 114)

İbn Kəsir (Allah ona rəhmət etsin!) “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur” kəlamı barərsində deyir: “Yəni, insanların söhbəti”. (“Muxtəsəru təfsiru İbn Kəsir” 1/437)
Başqa bir ayədə Allah taala buyurur: “Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir”. (ən-Nisə, 148)
Yəni Allah pis danışmağı və ədəbsiz sözlər işlətməyi sevməz. Məzlum isə istisnadır. Çünki, zülm olunmuş kəs ona zülm etmiş insana qarşı belə ifadələr işlədə bilər.
Ibn Abbas (Allah ondan və atasından razı olsun!) buyurur ki, burada Allahın sevmədiyi şey, zülmə uğrayanlardan başqasının kiminsə əleyhinə dua etməsidir. (Sabuni “Safvatu ət-Təfəsir” 1/314)
Uca Allah digər bir ayədə buyurur: “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır”. (Qaf, 18) Həmçinin, buyurur: “Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür”. (əl-Fəcr, 14)
Əbu Musa əl-Əşari deyir ki, bir gün rəsulullahdan (s) soruşdum: “Hansı müsəlman daha fəzilətlidir?” O, (s) mənə belə cavab verdi: “O kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən zərər görməzlər”. (Buxari 1/9 Müslim 165)
Əbu Hureyrə (Allah ondan razı olsun!) peyğəmbərdən (s) belə eşitdiyini rəvayət edir: “Həqiqətən, qul elə söz danışa bilər ki, ona görə Cəhənnəmdə arası məşriq böyüklüyündə olan məsafədən daha uzaq yerə atılar”. (Buxari 7/184) Müslimdə keçən hədisdə isə peyğəmbər (s) belə buyurur: “Həqiqətən, qul elə söz danışa bilər ki, o söz onu Cəhənnəmdə məşriqlə məğribin arasındakı məsafədən daha uzaq yerə atar”. (Müslim 4/2290 Bax; əl-Lulu val Mərcan 3/325)
Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir ki, peyğəmbər (s) buyurur: “Həqiqətən, qul Allahın razılığı səbəbi ilə ağlına gəlmədən elə söz danışa bilər ki, onunla Allah onun dərəcəsini yüksəldər. Həqiqətən, qul Allahın qəzəbindən ağlına gəlmədən elə sözlər işlədə bilər ki, onunla Allah onu Cəhənnəmə atar”. (Buxari 7/185)
Əbu Hureyrə (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Həqiqətən, insan heç bir eyib hesab etmədiyi bir şeyi Allahın qəzəbi ilə danışarsa, onunla Cəhənnəmdə yetmiş illik məsafə uzaqlıqdakı yerə atılar”. (İbn Macə 2/1313 Tirmizi 4/557 Bax; “Səhih İbn Macə” 2/358 “Səhih ət-Tirmizi 2/268)
Əbu Hureyrədən rəvayət olunan digər bir hədisdə rəsulullah (s) buyurur: “Allaha və axirət gününə iman gətirən kəs, ya xeyirli bir söz söyləsin, ya da sussun! Allaha və axirət gününə iman gətirən kəs, qonşusuna əziyyət verməsin! Allaha və axirət gününə iman gətirən kəs, qonağına ikram etsin!” (Buxari 7/184 Müslim 1/68)
Səhl bin Səd (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Kim mənə iki saqqalı və iki qılçası arasında olan şeydən zəmanət versə, mən də onun Cənnətə daxil olmasına zəmanət verərəm”. (Buxari 7/184 Tirmizinin rəvayətində isə “Allah iki saqqalı və iki qılçası arasında olanın şərindən kimi qorusa, o Cənnətə daxil olar” deyilir. Bax; “səhih ət-Tirmizi” 2/287)
Muğira deyir ki, mən peyğəmbərin (s) namazı qurtardıqdan sonra belə dediyini eşitdim: “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Və O, hər şeyə qadirdir”. O, (s) bunu üç dəfə təkrarladı və dedi-qodunu, çoxlu sual verməyi malı zay etməyi, analara asi olmağı və yeni doğulmuş qız uşaqlarını diri-diri basdırmağı qadağan etdi”. (Buxari 7/183 Hədisin əvvəli də var.)
Bilal bin əl-Harisdən (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə dediyi rəvayət olunur: “Həqiqətən, insan Allahın razılığı ilə özünün təsəvvür etmədiyi səviyyədə elə söz danışa bilər ki, Allah öz razılığını onunla görüşəcək günədək ona verər. Həqiqətən, insan Allahın qəzəbi ilə özünün təsəvvür etmədiyi səviyyədə elə söz danışa bilər ki, Allah öz qəzəbini onunla görüşəcək günədək onun üzərinə atar”. (İmam Malik “Muvatta 2/985 Buxari 7/185 Əhlis Sunən Bax; “Səhih ət-Tirmizi 2/269)
Abdullah bin Məsud (Allah ondan razı olsun!) deyir ki, bir evdə olarkən orada iki qureyşli və bir səqəfli var idi. Onlar yekə qarın, lakin, zəif zəkaya malik insanlar idi. Onlardan biri dedi: “Məgər bilmirsinizmi, Allah bizim dediklərimizi eşidir?” Digəri isə: “Biz ucadan danışsaq, eşidər. Gizlində danışsaq, bizi eşitməz” dedi. Başqa biri isə dedi: “O, bizim gizlində danışdığımızı eşidirsə, aşkarda ucadan danışdığımızı da eşidir”. Daha sonra Allah taala bu ayəni nazil etdi: “Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz”. (Fussilət, 22) (Buxari 6/37 Fussilət surəsinin təfsiri, Müslim 4/2141 Bax; əl-Lulu val Mərcan 3/270)
Sufyan bin Abdullah (Allah ondan razı olsun!) belə rəvayət edir: “Ey Allahın rəsulu, mənə elə bir şey danış ki, mən ondan tutunum”. Dedi: “De ki, mənim rəbbim Allahdır! Sonra doğru yolla get!” Dedim: “Ey Allahın rəsulu, mənim üçün ən çox qorxduğun nədir?” Peyğəmbər (s) öz dilini tutdu və dedi: “Bax, bu!” (Müslim 1/65 Əhməd “Müsnəd” 3/413 Tirmizi 4/607)
Əbu Hureyrənin belə dediyi rəvayət olunur: “Allaha and olsun ki, insan elə söz danışa bilər ki, onunla dünya və axirətini itirər”. (Bəğəvi “Şərhus Sunən” 14/385 Əhməd 2/328 Əbu Davud 4901)
Ibn Ömər (Allah ondan və atasından razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Allahı zikrdən başqa çox danışmayın! Həqiqətən, Allahı zikrdən başqa çox danışmaq qəlbi sərt və paslı edir. Allaha ən uzaq olan insanlar qəlbi sərt və paslı olanlardır”. (Tirmizi 4/607 Tirmizi bu hədisi “Həsən ğarib” adlandırmışdır. Əbdülqadir əl-Ərnavut onun sənədinin yaşxı olduğunu qeyd etmişdir. Bax; Nəvəvi “Zikrlər” səh 285)
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun!) rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: “Adəm övladı hər səhər durarkən bütün əzaları onun dilinə tabe olaraq deyir: Bizim işimizdə Allahdan qorx! Biz səninləyik. Əgər bizi doğru yola çəksən, biz elə o yolla da gedəcəyik. Əgər bizi əyri yola çəksən, biz elə həmin əyri yolla da gedəcəyik”. (Tirmizi 4/615 Əbdülqadir əl-Ərnavut hədisin həsən olduğunu demişdir. Bax; Nəvəvi “Zikrlər” 286 və “Səhih Tirmizi” 2/287)
Muazın (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisdə peyğəmbər (s) dilini tutaraq dedi: “Bundan qorun!” Dedim: “Ya rəsulullah, biz danışdığımızla danlanacağıqmı?” Dedi: “Anan səni itirsin, insanlar oda üzləri üstə dillərinin qazandıqları günahlar ucbatından girəcəklər”. (Tirmizi 5/11 Və onun Həsən Səhih hədis olduğunu vurğulamışdır.)
Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir ki, peyğəmbərdən (s) insanı ən çox Cənnətə daxil edən əməlin hansı olduğu barəsində soruşdular. Peyğəmbər (s) dedi: “Allahdan qorxmaq və gözəl əxlaq sahibi olmaq”. Insanı ən çox oda salan şeyin nə olduğu barəsində soruşulanda isə, belə cavab verdi: “Ağız və övrət yeri”. (Tirmizi 4/363 Bax; “Səhih ət-Tirmizi 2/194)


Tarix: 09.05.2013 / 11:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Maraqlı melumatlar