beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın Gözəllikləri (İmanın əsasları baxımından İslamın gözəllikləri) - II hissə

Allahın uluhiyyətinə iman, Onun rübubiyyətinə, ad və sifətlrinə imanı özündə əks etdirir. Çünki Allah aləmlərin Rəbbi, Onun şəriki və bənzəri olmayan kamil sifətlərlə vəsf olunduğundan, ibadət də yalnız Ona edilməlidir. Burada Allahın uluhiyyətinə imanın öz gözəlliyi aşkarlanır. Çünki Allahın uluhiyyətinə iman Allaha imanın bütün gözəlliklərini cəm etmişdir. Belə gözəlliklərdən:
1. Ilahlığın heç bir şəriki olmayan Uca Allaha məxsus olduğunu təsdiqləməkdir. Çünki Ilahi sifətlər yalnız Ona məxsusdur və bu ilahlıq yalnız ona layiqdir. Məxluq ilahi sifətlərə sahib olmadığından, bu ilahlığı hər bir məxluqda (inkar) nəfy etmək lazımdır. Allahdan başqa heç bir məbudun bu ilahlıqda haqqı yoxdur.
Ibadətə layiq Ilah vahid (tək) olmalıdır. Çünki yer və göyün iki yaradanı və ya iki rəbbi olmadığı kimi, ilahların çoxluğu da mümkün deyildir. Allah taala buyurur:

"Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!" (əl-Ənbiya: 22).
İslamın ən əzəmətli qanunauyğunluqlarından biri, ilahlığın yalnız Uca Allaha məxsus olmasıdır. Bütün eyiblərdən və nöqsanlardan pak olan Allah kamildir, cəlalətlidir, camallıdır. O, hərtərəfli və bir sözlə təkdir. Allah taala buyurur:
"(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”" (əl-İxlas: 1-4).
Allah taala buyurur:
"Və de: “Özünə heç bir övlad götürməyən, mülkündə (səltənətində) heç bir şəriki olmayan, zəif (aciz) olmadığı üçün (Ona kömək edəcək) heç bir dosta (hamiyə də) ehtiyacı olmayan Allaha həmd olsun!” Və Allahı (layiqincə) uca tut! (Allahı bütün eyib və nöqsanlardan uzaq bilib təqdis et, şəninə təriflər de!)" (əl-İsra: 111).
İslamın ən əsas vəzifələrindən biri ibadətin yalnız Allaha xas edilməsinə və Allahdan başqa bütün məbudların batil olmasına dəvətdir. Allah taala buyurur:
"Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (İslama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!" (əl-Bəyyinə: 5).
Bir hədisdə isə Peyğəmbər (sav) belə buyurur:
"İnsanlar lə iləhə illəllah Məhəmmədən rəsuləllah kəlməsinə şəhadət verməyib, namaz qılmayıb, zəkat verməyincəyə qədər onlara qarşı döyüşmək mənə əmr olundu. Əgər onlar bunu edərlərsə, yalnız İslamın haqqı müstəsna olmaqla, canlarını və mallarını qorumuş olarlar. Onların haqq-hesabları isə Allah dərgahındadır"(Buxari: 1\ 75\ ? 25. Müslim: 1\53\ ? 22.)
2. Allahın haqqı ilə məxluqun haqqını fərqləndirmək. Hər kəsin özünə layiq haqqını vermək. Bu, həyatı gerçəkləşdirən həqiqi ədalətdir. Bəndə yalnız bununla cəhənnəm əzabından qurtula bilər.
Allahın haqqı - yalnız Ona ibadət etmək və Onu vahid tutmaqdır. Bəndənin haqqı isə Rəbbinə və Xaliqinə itaətkar olması və Allahdan başqa bütün məbudların batil olmasını bilməsi və onlardan uzaq olmasıdır. Allah taala buyurur:
"Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)" (əl-Bəqərə: 21).
Muaz Ibn Cəbəl (r.a) deyir ki, Peyğəmbər (sav) buyurub:
"Ey Muaz! Bilirsənmi Allahın bəndələrində, bəndələrin də Allahda olan haqqı nədir? Mən dedim: Allah və Rəsulu daha yaxşı bilər! Peyğəmbər  buyurdu: Allahın bəndələrində haqqı, bəndələrin Ona ibadət etmələri və bu ibadətdə heç bir şeyi Ona şərik qoşmamalarıdır. Bəndələrin Allahda olan haqları isə Ona heç bir şeyi şərik qoşmayan adama əzab verməməkdir"(Buxari: 6\58\ ? 6856. Müslim: 1\58\ ? 30.)
3. Bəndənin yalnız Allahdan istəməsi: Çünki bəndə özünə fayda verəcək şeyləri istəməkdə və zərər verəcək hər bir şeyi dəf etməkdə köməyə möhtacdır.
Bəndə yalnız Allahdan istəməlidir. Çünki bütün var-dövlət, mal-mülk və qüdrət Onun əlindədir. Xeyri cəlb etmək və şəri dəf etməyə yalniz O, qadirdir. Hər şey Onun istəyi və yaratması ilə olur. Allahdan başqa istənilən hər bir məbud batildir. Çünki istənilən məbud özü məxluqdur və o heç bir şeyə sahib deyildir. Belə olduğu halda o necə başqasına zərər və ya fayda verə bilər. Ona görə də bəndənin Allahdan başqasına üz tutması və istəməsi, bəndəyə yalnız zərər verər və onun arzuları puç olar. Bu haqda Allah taala buyurur:
"Bu, sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər. Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz!" (Fatir:13-14).
Digər bir ayədə isə Allah taala buyurur:
"O, Allahı buraxıb özünə nə zərər, nə də xeyir verən bütlərə tapınar. Haqq yoldan azıb uzaq düşmək də budur! Özü də zərəri xeyrindən daha çox (Cəhənnəmə daha yaxın) olana ibadət edər. O (büt) nə pis köməkçi, necə də pis yoldaşdır!" (əl-Həcc: 12-13).
İslam dini bəndənin istəyinin və kömək diləməsinin yalnız gerçək ilaha, göylərin və yerin sahibi Allaha yönəltməsində təkid edir və israrlıdır. Çünki bütün işlərin açarı Onun əlindədir. Bunun əksi olaraq, İslam dini Allahdan başqa batil ilahlara yönəlmiş kömək və istəklərin hər birinin batil olduğunu buyurur. Etdiyi bu əməl həmən adamın başına bir bəla olacağından da xəbər verir.
4. Bəndəni özünə bənzər birisinə ibadətdən xilas etmək və yalnız Allaha ibadət etməyə yönəltmək:
Insan həm zahirdə həm də batində xalis Allah bəndəsi olmalıdır. Belə olmazsa, hansısa bir məxluqun qulu olacaqdır. Onun ibadət etdiyi ilah: özünün istəyi, şəhvəti, malı, hakimiyyəti, var-dövləti, başçısı, qəbiləsi, həyat yoldaşı, uşağı, bütü və ya özü kimi bir məxluq olacaqdır. Belə olduqda onun bütün işləri bu müxtəlif məbudlar arasında bölünmüş vəziyyətə düşər. O, bu məbudların heç birində rahatlıq tapa bilməz. Bu ibadətinin məqsədini də dərk etməz. Bu haqda Allah taala buyurur:
"Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər." (əl-Həcc:31).
Allah taala, Onu ibadətdə təkləşdirən mömin bəndə, həmçinin kafir və müşrik qul haqda da bir məsəl çəkmişdir. Bütün naqisliklərdən və eyiblərdən pak olan Allah buyurur:
"Allah (müşriklərlə müvahhid möminlər barəsində) bir məsəl çəkir: “Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu haqqı çatan qədər işlədir). Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür və tərif) ancaq Allaha məxsusdur, lakin onların (müşriklərin) əksəriyyəti (bu həqiqəti) bilməz!" (əz-Zümər: 29).
Allaha şərik qoşan adamın halına baxdıqda görürsən ki, onun müşrik dostlarının hərəsinin öz istəyi və arzusu vardır. Onlar özlərinə heç yerdə rahatlıq tapmır və qəlbi bir yerdə rahatlanmır. Mömin bəndə isə öz Rəbbini, Xaliqini, haqq Məbudunu tanıyır və dinini və ibadətini yalnız Ona məxsus edir. Bu mömin bəndə tam rahatlıq və arxayınlıq içindədir.
5. Nəfsi islah etmək, onun ehtiyacını ödəmək, onu kamil ləzzətə, nemətə və sevincə qovuşdurmaq:
Bunun açıqlaması: insanın ruhu və qəlbinin sağlamlaşdırılması yalnız heç bir şəriki olmayan Allaha bağlıdır. İnsan yalnız Onu yada salmaqla bu dünyada rahatlanar, Ona ibadət etməkdən həzz alar. Insan hər-hansı başqa bir şeydən ləzzət alarsa da bu daimi olmaz. Bu sevinc və ləzzət mütləq kəsiləcəkdir. Hətta ola bilsin ki, onun sevindiyi və ləzzət aldığı şey ona zərər yaxud əziyyət versin.
Heç bir şəriki olmayan Allaha iman və ibadət insanın mənəvi qidası, qüvvəsi, sağlamlığı və dayağıdır. Bu onun xoşbəxtliyinin və axirətdə daimi nemətə qovuşmasının əsasıdır. Allah taala buyurur:
"Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafatlar verəcəyik!)" (ən-Nəhl: 97).
"İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!" (əl-Bəyyinə: 7-8).
6. Heç bir şəriki olmayan Allaha ibadət etmək insanın fitrətinə uyğundur. Allah taala buyurur:
"(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvahhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan İslamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin İslam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar)." (ər-Rum: 30).
İnsanın nəfsi yalnız heç bir şəriki olmayan Allaha ibadət etməklə rahat olur. Çünki bu, onun fitrətinə uyğundur. İnsan hər zaman onun fitrətinə uyğun olan işlərdə rahatlıq tapır. Həmçinin yalnız Allaha ibadət etmək insanın fitrətinə uyğun olduğundan bununla nəfsi rahatlıq tapır və bu işdə davamlı olur, başqasını onunla dəyişmir. Elə bu səbəbdən də müsəlmanlar tarix boyu öz dinlərini dəyişməmiş və bu gündə də öz dinlərini qoruyub saxlayırlar. Çünki bu din onların fitrətlərinə uyğundur. Müşriklər isə şübhə və tərəddüd içərisindədirlər. Çünki onlar öz fitrətlərinə müxalif olana ibadət edirlər. Onların iki çıxış yolu var: Ya onlar tək Allaha ibadət etməli və bununla rahat olmalıdırlar. Yaxud da Rəblərini görənə qədər küfr və zəlalət üzərində, tərəddüd və heyrət içərisində qalıb haqq-hesablarını gözləməlidirlər.


Tarix: 08.05.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Maraqlı melumatlar