Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sehr, cadu, kahinlik və uğursuzluğa inanmaq - ulduz falı və münəccimlik

«…Həqiqətən onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər». (əl-Bəqərə 102). «…Onlar Cibt və Tağuta inanır». (ən-Nisa 51). «Musa: «Siz atın» dedi. Onlar (əllərindəkiləri və əsaları) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxut-dular və böyük bir sehr etdilər». (əl-Əraf 116). «Musa dedi: «Xeyr, (əvvəlcə) siz tullayın! (onların əllərindəki ipləri və dəyənəkləri yerə atan kimi) Musaya elə gəldi ki, onların sehri nəticəsində kəndirləri hərəkətə gəlib sürünür». (Ta ha 66). «Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir günahkara, yalançıya (cadukara, falçıya, sehrbaza və adlarını kahin qoyub xalqı aldadanlar) nazil olur». (əş-Şuəra 221,222). «Sehrbaz isə harda olursa olsun mətləbinə çatmaz». (Ta ha 69). «Sehrbazlar (dünya və axirətdə) nicat tapmazlar». (Yunus 77).

Ömər - radıyallahu anhu – rəvayət edir ki: «Cibt – sehirdir, tağut isə şeytandır». Cabir - radıyallahu anhu – rəvayət edir ki: «Tağutlar şeytanların səmadan enib xəbərlər gətirdikləri kahinlərdir ki, onların hər birində bir şeytan vardır». İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Tağut Allahdan qeyri ibadət edilən hər bir şeydir». İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki: «Cibt bütlərdir». əş-Şabi – rahmətullahi aleyhi – deyir ki: «Cibt münəccimlərdir». Auf – rahmətullahi aleyhi - deyir ki: «İyafə – quşların uçuş istiqamətlərinə görə gələcəkdən xəbər verməkdir. Tarq – yer üzərində xətlərin çəkilməsidir». Həsənul Bəsri – rahmətullahi aleyhi - deyir ki: «Cibt – şetanın əkssədasıdır».

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Özünüzü yeddi həlak edici günahdan qoruyun». Səhabələr: «Ya Rəsulullah! Onlar hansılardır?» deyə soruşdular. Peyğəmbər: «Allaha şərik qoşmaq, Sehrlə məşğul olmaq, haqqı olmadan Allahın haram etdiyi insanı öldürmək, Sələm (faiz) almaq, Yetim malını yemək, Döyüş günü meydandan qaçmaq, ismətli, namuslu qadınları namussuzluqda ittiham edərək böhtan atmaq» (Buxari, 5/294, Müslim, 89, Əbu Davud, 2874, Nəsəi, 6/257).

İbn Qudamə – rahmətullahi aleyhi - deyir ki: «Sehr düyünlər, oxumalar və söylənən sözlər, yazılan ifadələr, edilən şeylərdir ki, bunlar sehr edilən kimsənin bədəninə, qəlbinə və ya ağlına bilavasitə təsir edir. Sehirin bir həqiqəti vardır ki, kimisə öldürür, kimisə xəstə edir, kimisə xanımına yaxınlaşmaqdan çəkindirir, ər və arvadı bir-birindən ayırır, bir kimsənin digərini sevməsi üçün sehr edilir. Sehrin öyrənilməsi və öyrədilməsi haramdır. Bəziləri özlərinə təskinlik vermək üçün deyirlər ki, biz insanlara yaxşılıq edirik, onların dərdlərini azaldırıq. Buna da ağ maqiya adını verirlər. Lakin bu əsla belə deyildir. Nə ağ maqiya, nə də qara maqiya ilə məşğul olmaq olmaz. Bunların hər ikisi də haramdır. Bu işlə məşğul olan adam tövbə etməsə – Allah qorusun – dünyasını da, axirətini də puç edəcəkdir. Əgər sehr yaxşı bir şey olsaydı Allah ondan sığınmağı əmr etməzdi. «De ki: Pənah aparıram sübhün Rəbbinə, yaratdıqlarının şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, (ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən və bir də paxılın şərindən». (əl-Fələq 1-5).

«De ki: Pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların tanrısına, vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən. O, şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. O, şeytan ki, cinlərdən də olur, insanlardan da». (ən-Nəs 1-6).

«Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik. Onları hər bir məlun şeytandan qoruduq. Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz təqib edə (və üstünə düşüb yandırar)». (əl-Hicr 16-18).

Aişə - radıyallahu anhə – rəvayət edir ki, mən: «Ya Rəsulullah! Kahinlər bizlərə bəzi şeyləri söyləyirlər ki, onların dedikləri doğru çıxır». Peyğəmbər: «Bu doğru (sabit) olan kəliməlrdir ki, cinlər oğrun-oğrun qulaq asaraq (bu kəlimələri) oğurlayaraq öz dostlarının (sehrbazların, falçıların, kahinlərin) qulağına sözlərə yüz dənə yalan əlavə edərək pıçıldayarlar (Başqa rəvayətdə: Toyuğun qaqqıldaması kimi sözləri onların qulağına əyilərək boşaldarlar. Onlar heç bir şey deyillər)» deyə buyurdu (Müslim, 2229).

Kabisə b. əl-Mubarək - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cizgilər çəkərək fala baxan, quşun ötməsini uğur və ya uğursuzluq sayan və quşun sağa-sola uçmasından (sağ tərəfə uçarsa xeyir, sol tərəfə uçarsa şər kimi) mənalar çıxarmaq küfrün əlamətidir» (Əbu Davud, 3907, əl-Albani zəif hədis).

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sehrbazın cəzası qılınc zərbəsidir» (Tirmizi, 1460, Həkim, 4/360).

Bəcələ b. Əbdən rəvayət edir ki: «Ömər - radıyallahu anhu – yazılı surətdə fərman vermişdir ki, hər bir sehrbaz kişi və qadını öldürün. Biz də üçünü öldürdük» (Buxari, 6/184, Tirmizi, 1586, Əhməd, 1/190, Əbu Davud, 3043).

Əbu Məsud əl-Bədri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – itdən gələn pulu, zinakarın qazancını və falçılıqdan gələn pulu götürməyi qadağan etmişdir» (Buxari, 2237, Müslim, 1567).

Aişə - radıyallahu anhə – rəvayət edir ki, Əbu Bəkr - radıyallahu anhu – nun bir köləsi vardı. Bir gün yeməyə bir şey gətirdi, Əbu Bəkr də ondan yedi. Kölə ona: «Bunu nəyin qazancından alındığını bilirsənmi?». O: «Bu nəyin qazancındandır?» deyə soruşdu. O, da: «Cahiliyyə dövründə bir nəfərə kahinlik etmişdim. Halbuki mən kahinliyi bilmirəm. Lakin onu aldatmışdım. Mənimlə qarşılaşdı və bunları mənə verdi. Sənin yediklərin də odur. Əbu Bəkr - radıyallahu anhu – əlini ağzına soxaraq yediklərini qusdu» (Buxari, 3843).

İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Astrologiya elmindən bir sahəni öyrənən sehrdən bir sahə öyrənmiş olur. Çoxunu öyrənən kəs sehrdən bir o, qədər öyrənmiş olur» (Əhməd, 1/277,311, Əbu Davud, 3905, İbn Məcə, 3726).

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir düyün bağlayıb ona üfürərsə sehr etmiş olur. Kim də sehr edərsə Allaha şərik qoşmuş olur. Kim bir şeyə bağlanarsa ona təvəkkül etmiş olur» (Nəsəi, 7/112, Tirmizi, 2073, Əhməd, 4/310, Həkim, 4/216).

Bu falçılar sadəlövh insanları özlərinə inandırmağa məcbur edirlər və onların pullarını və mallarını haram yolla onların əlindən alırlar. Qum üstünədə cizgi çəkməklə, əl içinin xətlərini oxumaqla, balıqqulağı, kofe stəkanı ilə, fincan, güzgü və s. üsullar tətbiq edirlər. Gələcəyini bilmək, nigahda və ticarətdə xoşbəxtmi və yaxud bədbəxtmi olacaqlarını öyrənmək, itirilmiş əşyalarını tapmaq və buna oxşar məqsədlərlə sehrbazların yanına gedirlər. Falçının və ya cadugərin yanına gedən şəxs, onların dediklərinin doğru olduğuna inanarsa küfr etmiş olar. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir kahinin yanına gedib onun dediyini təsdiq edərsə Məhəmmədə nazil olanı inkar etmiş olar» (Əhməd, 2/408,429,476, Əbu Davud, 3903, Tirmizi, 135).

İbran b. Huseyn - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim (düşər-düşməzlik, nəhs gətirmək və s mövhumatı) sınaq etsə, yaxud etdirsə, kim baxıcılıq etsə, yaxud öz falına baxdırsa, kim sehr etsə, yaxud sehrbaza müraciət etsə bizdən deyildir. Kim də kahinin yanına gedib onun dediklərini təsdiqləsə Məhəmmdə nazil olanı inkar etmiş olur» (əl-Munziri «Tərğib vət Tərhib», 4/52, Heysəmi, 5/117).

Əgər cadugər və ya falçı yanına gedən şəxs onun qeybi bildiyini qəbul etmirsə və onu sadəcə dinləmək və ya buna bənzər bir səbəblə gedirsə küfr etmiş olmur, lakin fərz namazları qırx gün müddətində qəbul edilmir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim ƏRRAF (ƏRRAF – kahin növlərindəndir. İbn Əsir – rahmətullahi aleyhi - deyir ki: «Münəccim, qeybi bildiyini iddia edən kimsədir». Xattabi – rahmətullahi aleyhi - deyir ki: «Oğurlanmış əşyanın yerini deyən, qeyb olan şeylərin məkanını bilən və s. buna bənzər şeyləri söyləyən kimsədir») adlanan bir falçı yanına gedib fala baxdırsa və ona inansa onun qırx günlük namazı qəbul edilməz» (Müslim, 2230, Əhməd, 5/380, 4/68).

KAHİNLƏR - gələcəkdə baş verəcək hadisələrdən (qeybdən) xəbər verən, (falçılıq etmək mənasındadır), həmçinin oğurlanmış, itmiş şeylərin yerlərini göstərə bilən kimsələrdir. Onlar avam insanları aldadaraq Qurani Kərimi açırlar və itən əşyaların yerlərinin orada yazıldığını xəbər verirlər. Subhənəllah! Bu qədər də yalan olar. Məgər Qurani Kərimdə insanların itən əşyaları haqda bir şeylər yazılıb. Bu qədər də avamçılıq olar. Dəhşət burasıdır ki, insanlar da onlara inanırlar. Özünü Allahın yaxını və qeybi bildiyini bəyan edən kəs Allahın yaxını yox, şeytanın dostudur. Qeybi bilmək yalnız Allaha xas olan bir haqdır. «Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın». (əl-Ənam 59).

«Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa! Allah onların önündə və arxasında gözətçilər qoyar». (əl-Cinn 26-27).

Buna görə də sehrbaza inanan bu ayələrin həqiqiliyini inkar etmiş olur ki, bu da küfrdür.


UĞURSUZLUĞA İNANMAQ - «Onlara bolluq qismət olduğu zaman: Bu bizim (haqqımızdır) deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır. Lakin onların əksəriyyəti (bunu) bilməz». (əl-Əraf 131).

Fironun ailəsi bədbəxtliyə uğrayanda bunu Musa və onunla olanlarla əlaqələndirib deyərdilər: «Bunların hamısı Musanın və onun səhabələrinin ucbatından-dır». Lakin Allah bu şeyi təqzib edir. «Harada olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara bir xeyir yetişdikdə: Bu Allahdandır – deyirlər, bir pislik üz verdikdə isə: Bu səndəndir – söyləyərlər. (Onlara) de: Hamısı Allah tərəfindəndir. Bu cəmaata nə olub ki, az qala söz də anlamır! Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. Biz səni insanlara Peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər». (ən-Nisa 78-79).

Ərəblərdə biri səfər etmək və hər hansısa bir iş görmək istədikdə bir quş uçurardı. Əgər quş sağ tərəfə uçsaydı o, işi uğurlu sayardı, yox əgər sol tərəfə uçsaydı uğursuzluq sayar və o, işdən əl çəkərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uğursuzluğa inanmaq şirkdir» (Əhməd, 1/389, əl-Albani «Səhihul Cəmi», 3955).

İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim quş uçurmaqla (işin nəhs gətirməyinə inanıb) işindən qalsa şirk etmiş olur». Soruşdular: «Bəs bu günahı nə ilə yumaq olar?». Peyğəmbər: «İlahi nə Sənin verdiyin xeyirindən başqa xeyir yoxdur, nə də Sənin (uçmasına) izn verdiyin quşdan başqa quş yoxdur və səndən başqa ilah yoxdur» (Əhməd, 2/220, Heysəmi «Məcmu Zəvaid», 5/180, əl-Albani «Səhih Silsilə», 1065).

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Quş uçuran və onun üçün quş uçurulmasını istəyən, kahinlik edən və etdirən, cadu edən və etdirən bizdən deyildir» (Təbərani, 18/162, əl-Albani «Səhihul Cəmi», 5435).

Tövhid əqidəsinə zidd olan belə haram əməllərdən: Ayların uğursuz olmasına inanmaq (Cahiliyyə ərəbləri Səfər ayında evlənməzdilər. Çünki bu ayı uğursuz ay sayırdılar və aylarda baş verən nigahın uğursuz olduğuna da inanırdılar. Bu ayı boş bir ay sayardılar. Aişə - radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənimlə bu ayda evləndikdən sonra bu xurafata son qoydu), günlərin uğursuzluğuna inanmaq (Birinci gün ağır gündür. Bu gündə iş görmək olmaz, beşinci günü ayın 13-nə düşərsə), rəqəmlərin uğursuzluğuna inanmaq (on üç rəqəminə), adların və ya şikəst adamların bədbəxtlik gətirməsinə inanmaq (dükançının ilk alıcısı şikəst birisi olarsa o, günü ticarətin zəif olmasına inanmaq) və s. bu kimi xurafatlara inanmaq. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nə xəstəliyə yoluxma (infeksiya), nə işin nəhs gətirməsi, nə bayquşun ulaması, nə də Səfər ayının nəhs ay olması, ulduzların da təsiri yoxdur, təşəüm (hər hansı bir şeyi uğursuzluq saymaq) da yoxdur, qulyəbani də yoxdur, şərr qüvvələr də» (Buxari, 10/182, Müslim, 2220).

Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nə xəstəliyə yoluxma, nə də işin nəhs gətirməsi doğrudur. Lakin gözəl bir söz, xoş bir kəlimədən ibarət olan fal mənim xoşuma gəlir» (Buxari, 10/181, Müslim, 2224).

İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uğursuzluğa inanmaq şirkdir. Ona inanan adam heç bir vəchlə bizdən deyildir» (Əbu Davud, 3910, Tirmizi, 1614, İbn Hibban, 1427, İbn Məcə, 3538).

Bütün bunlar quşların uçuşu, qara pişiyin yoldan keçməsi, həftənin müəyyən günlərini, gecə vaxtı dırnaq tutmaq, ev süpürmək, qaşıq düşdü qonaq gələcək, gecə vaxtı güzgüyə baxmazlar və s. müxtəlif əşyaları, sözləri yozmaqla bədbinliyə qapanmaqdır. Allah mövhümatçılığı haram buyurub və pis əlamətləri inanları qınayır. O, gözəl əlamətləri sevir və pis əlamətlərə nifrət edir. Bu iki anlayış arasında xeyli fərq vardır. Xoş əlamət insanın əqidəsinə və şüuruna təsir etmir. Həmçinin onun qəlbini Allahdan başqa heç nə ilə bağlamır. İnsan bəd əlamət gördükdə qəti etmək fikrində olduğu işdən imtina edə və ya hansısa işdən dönə bilər. Bu da insanın qəlbinin bu haram əmələ bağlandığını və öz iradəsini və inancını ona tabe edərək onun ardıyca gedir. Şübhəsiz ki, bu da onun Allaha olan inamına, Tövhidinə və təvəkkül etməyinə təsir edir. Bu kimi fikirlər insana gələrsə bununla mübarizə aparmalı Allaha sığınmalı və Ondan kömək diləməlidir.

ULDUZ FALI – Qatadə – rahmətullahi aleyhi - deyir ki: «Allah ulduzları üç məqsədlə yaradıb. Səmaya zinət salmaq üçün, onlarla şeytanları vurmaq üçün və səfərdə olanlara (yolu tapmaq üçün) səmt göstərən kimi. Kim onlardan başqa məqsədlər üçün istifadə etsə səhv etmiş və taleyi bekara olar. Bu ona özünün də təsəvvür etmədiyi dərəcədə baha başa gələr» (Buxari, 6/211).

«And olsun ki, Biz dünya səmasını qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq». (əl-Mulk 5).

«Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir cəmaat üçün bu cür ətraflı izah etdik». (əl-Ənam 97).

Həmçinin də jurnal və qəzetlərdən ulduz falına baxmaq da bu qəbildəndir. Taleyinə ulduzların (bürclərin) və planetlərin təsiri olduğuna inananlar müşrükdürlər. Əylənmək üçün ulduz fallarını oxuyarsa asidir, günahkardır.

FAL OXLARI – Şeytan əməlidir. Nə üçün? Çünki onun dedikləri əgər düz olsaydı onda insanın həyatı zəhirmara dönərdi. 1-ci gün çölə çıxma başına bəla gələcək, 3-cü gün filan dostunla görüşmə xətrivə deyəcəkdir, 4-cü günü filan yerə getmə səni aldadacaqlar və s. Ulduzlarla gələcəyi söyləməyin yalan olduğu haqda bir çox rəvayətlər vardır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən ümmətimdə üç şeyin yaranmasından qorxuram. İmamların ədalətsizliyindən, ulduzlara inanmaqdan və qədəri inkar etməkdən» (İbn Əsakir).

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən özümdən sonra ümmətimdə iki şeyin yaranmasından qorxuram. Qədəri inkar etməkdən və ulduzlara inanmaqdan» (Əbu Yala).

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç nəfər Cənnətə girməz. Sərxoşluq edən, sehrin doğruluğunu təsdiq edən, qohumluq əlaqələrini kəsən» (Əhməd, 4/399, İbn Hibban, 1380, Həkim, 4/146).

Əli - radıyallahu anhu – rəvayət edir ki: «Ruzisinə şükr etməli olduğunuz halda onu yalanmı hesab edirsiniz». (əl-Vaqiə 82). Yəni sizin minnətdarlığınız: «Yağış ulduzların hansısa yerləşməsinin və ya hansısa ulduzun sayəsində yağdı» deyərək: «Onun inkar edilməsi» (Əhməd, 1/89,108,131, Tirmizi, 3291).

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdə cahiliyyə dövrün-dən dörd əlamət qalmışdır. Öz əsil-nəcabəti ilə fəxr etmək, başqasının nəslinə tənə etmək, yağışın yağmasını ulduzlarla əlaqələndirmək və ölü üstündə ağı deyib ağlamaq» (Müslim).

Zeyd b. Xalid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Hudeybiyyədə bizə sübh namazını qıldırdı. O, gecə güclü yağış yağmışdı. Namazı qılıb qurtardıqdan sonra üzünü cəmaata tərəf çevirərək buyurdu: «Bilirsinizmi Rəbbiniz nə buyurdu?». Səhabələr: «Allah və Rəsulu daha yaxşı bilir» dedilər. Rəbbiniz buyurdu ki, qullarımdan kimisi mənə mömin, kimisi də kafir olaraq sabahladılar (Başqa rəvayətdə: Kimisi şükr etmiş, kimisi küfr). Hər kim yağış bizə Allahın rəhmi və mərhəməti sayəsində yağdı desə o, Mənə iman gətirmiş, ulduzlara iman etməmişdir. Hər kim də yağış bizə ulduzların yerləşməsinə görə yağdı desə o, kimsə Mənə iman gətirməmiş, ulduzlara iman gətirmişdir (Başqa rəvayətdə: Allah qullarına hər nə zaman bir nemət ehsan etdisə bir qrupu onu ulduzlar etdi, ulduz sayəsində oldu deyərək o, nemətə küfr etdilər)» «Ulduzların mənzillərinə and olsun ki, kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz – bu çox qiymətli Qurandır. Qorunub saxlanılan kitabdır. Ona yalnız pak olanlar toxunar. (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. İndi siz bu kəlamı yalan sayırsınız? Ruzinizə şükr etməli olduğunuz halda onu yalanmı hesab edirsiniz». (əl-Vaqiə 75-82) (Müslim, 73).

Əgər kimsə yağışın yağmasını ulduzların müəyyən düzülüşünə görə yağdığını deyirsə bu tövhidin prisiplərinə ziddir. Etiraf edilməlidir ki, yağış və digər nemətlər Allahın öz bəndələrinə olan mərhəmətidir. Ulduzların yağışın yağmasına heç bir təsiri yoxdur. Çünki bunun səbəbi Allahın öz bəndələrinə onların ehtiyaclarına olan diqqəti və onlara olan rəhmidir. Allah öz rəhmətilə yağış göndərir. Çünki insanların və bütün canlı aləmin buna çox ehtiyacı vardır. Ulduzların və ya onların yerləşməsinin yağışın yağmasına təsir etməsi küfr və şirk olan əməldir, eynilə ölüyə və ya olmayana yalvarıb onun fayda gətirməsi və ya şərdən qoruması iddiası kimi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in zamanında günəş tutuldu. İnsanlar: «Günəş İbrahimin ölümünə görə tutulmuşdur» dedilər. Peyğəmbər: «Həqiqətən günəş və ay Allahın rəmzlqəridir. Onlar heç kəsin ölmünə və ya doğulduğuna görə tutulmurlar…» (Buxari, Müslim. Üçüncü oğlu İbrahimdir. Hicri 8-ci ildə Mədinədə dünyaya gəlmiş və hicri 10-cu ildə 17 və ya 20 aylıq ikən vəfat etmişdir. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – oğlu İbrahim öldüyü zaman buyurdu: «O, körpə ikən öldü. Onun Cənnətdə iki süd anası vardır. Onlar onun südünü iki ilə tamamlayacaqlar. Çünki o, mənim oğlumdur»).

KƏRAMƏT VƏ SEHR - 1. Kəramət insanın istəyi ilə gəlmir. Onu Allah istədiyi vaxt və istədiyi saleh quluna verir. 2. Kəramət mömin bəndə üçün olur. 3. Kəramət sahibi təkəbbürlü olmaz və onu insanlar arasında yaymaz. 4. Kəraməti heç nə məhv edə bilməz.

MÖCÜZƏ VƏ SEHR - 1. Bu dünyada möcüzə yoxdur. kəramət və ya sehr vardır. Peyğəmbərlər yoxdursa möcüzə də yoxdur. 2. Möcüzə qeyri adi bir şey olur. Allah elə bir möcüzə göstərir ki. insanlar dəhşətə gəlilər. 3. Möcüzə iman gətirən şəxs üçün olur. Sehr isə kafir, fasiq və s. üçün olur. 4. Möcüzənin qarşısını heç nə ilə almaq olmaz. Sehri isə Quran ayələri, dualarla qarşısını almaq olar.

İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Məni təqlid etmə. Məliki, Şəfiini, Əvzaini, Söurini təqlid etmə. Sən da onların elm aldığı qaynaqlardan elm al» (Fullani, 113, İbn Qeyyim «İlam», 2/302).

İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Dini məsələrdə alimlərdən hər hansı birini təqlid etmə. Peyğəmbər - səllallahu aleyhi və səlləm – və Onun Səhabələrindən nə gəlmişsə onu al. Səhabələrdən sonra Tabiin nəsli gəlir ki, bir alim bunların görüşünü alıb, almamaqda sərbəstdir» (Əbu Davud «Məsailul İmam Əhməd», 276-277).

İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Kim Peyğəmbər - səllallahu aleyhi və səlləm – in hədisini rədd edərsə o, həlak yolundadır» (İbn Abdil Bərr «Cəm», 2/149. İbnul Cövzi, 182).


Tarix: 14.04.2013 / 14:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 650 Bölmə: Maraqlı melumatlar
loading...