beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın Gözəllikləri (Namaz)

İbadətlər və onların böyük təsiri:
Əziz oxucu! ötən fəsildə İslamın əqidə baxımından olan gözəllikləri ilə tanış olduqdan sonra səni, İslamın ümumi məzmununa daxil olan ibadətlərlə tanış etmək istərdim. Bu fəsildə, İslam ibadətləri olan namaz, zəkat, oruc, həcc və cihad baxımından onun bir çox gözəlliklərini sənə təqdim edəcəyəm. Bu beş ibadət, imandan sonra İslam şəriətinin əsasını təşkil edir.

Allah taala bütün ibadətləri əzəmətli və hikmətli sirlər üzərində buyurmuşdur. İnsanlar bu sirlərin bəzilərini öyrənib bilir, digərlərini isə bilmirlər.
Allahın köməyi ilə deyilən ibadətlərin hər biri ilə qısa tanışlıqdan sonra, bir qədər onlarda olan İslam gözəlliklərini bir-bir nəzərdən keçirək.


Birinci bölüm: Namaz qılmaq;
Namaz İslamın, şəhadət kəlməsindən sonra gələn ikinci əsasıdır. O, şəhadətdən sonra əqidənin sağlam və doğru olmasını, imanın qəlbə hakimliyini bildirən və onu təsdiq edən əməldir.
Şəriət terminalogiyasında namaz sözünün mənası: Təkbir ilə başlanıb salam ilə bitən xüsusi söz və hərəkətlərin toplusudur.
Namazın fərz (vacib) edilməsinin dəlilləri Quran, hədislər və alimlərin yekdil rəyləridir.
Bu haqda Quranda ayələr çoxdur. Məsələn, Allah taala buyurur:
"Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!" (əl-Həcc: 78).
Hədislərdən dəlil: Peyğəmbər (sav) buyurmuşdur:
"İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın peyğəmbəri olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və imkan olduqda Beytülhərəmə (Kəbəyə) həcc etmək"(Buxari: 1\ 49\ ? 8. Müslim: 1\ 45\ ? 16.)
İslam alimləri namazın İslamın beş əsasından biri olaraq fərz olmasını yekdilliklə qeyd edirlər.
Namazın çox böyük faydaları və gözəllikləri vardır və onları sayıb qurtarmaq mümkün deyildir. Namazın ən əhəmiyyətli və ən gözəl faydalarından bunları göstərmək olar:
1. Namaz insanın qəlbini təmizləyir və nəfsinə rahatlıq verir, onu, günahlardan və asilikdən qoruyur. Allahın qəzəbinə səbəb olan hər bir əmələ qarşı nifrət oyadır. Bu haqda Allah taala buyurur:
"(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!" (əl-Ənkəbut: 45).
2. Namaz, bəndə ilə Rəbbi arasında bağlılıq yaradır. Çünki bəndə hər zaman Rəbbinə möhtacdır. O, namaz vaxtı Allaha həmd səna (əlhəmdulilləh), təkbir (Allahu əkbər), təsbih (Sübhənallah) edir və ayələrini oxuyur. Onun qarşısında baş əyir, qiyamda, rükuda və səcdədə onu xatırlayır və Ona dua edib istədiyini diləyir, günahlarının bağışlanmasını istəyir. Beləliklə o, gün ərzində beş dəfə Rəbbi ilə bağlanır. Namazda onun nəfsi rahatlanır, Allaha daha yaxın olur və Allah yanında dərəcəsi artır. Bütün bunlara yalnız namaz qılmaqla nail olmaq mümkündür.
3. Namaz, Allaha tam itaətkarlığı (ubudiyyəti) dəqiq və açıq nümayiş etdirməkdir. Bəndənin qiyamı, rükusu, səcdəsi, Quran oxuması, zikr etməsi və Allaha həmd səna deməsi bəndənin nəfsində tam və doğru itaətkarlıq (ubudiyyət) yaradır. Namazın ən əzəmətli gözəlliyi, bəndəni böyük şərəfə - Allaha, Onun sevdiyi tərzdə tam itaətə (ubudiyyətə) - nail etməsidir.
4. O, göz işığı və nəfs rahatlığı, İslamın rəmzi və imanın əlamətidir. Namaz, müsəlman ilə kafir arasında fərqdir. Bu haqda hədislərin birində belə buyurulur:
"Bizimlə onlar (kafirlər) arasında olan fərq, namazdır. Kim onu tərk etsə artıq küfr etmiş olar"(Nəsai: 1\ 250\ ? 462. Tirmizi: 5\ 15\ ? 2621. İbn Macə: 1\ 342\ ? 1079. )
Peyğəmbər (sav) bir işdən kədərləndikdə və ürəyi sıxıldıqda namaz qılardı(Əbu Davud: 2\ 78\ ? 1319. Hədisin isnadı həsəndir (yəni, qəbul ediləndir). Albaninin "Səhihul Cami" kitabı ? 4703.)
Həmçinin Bilala :"Namaz üçün iqamə ver və bizi onunla rahat et"(Əbu Davud: 5\ 262\ ? 4986. Isnadı həsəndir (yəni, qəbul ediləndir). Albaninin "Səhihul Cami" kitabı ? 7892.)
Peyğəmbərin böyük səbrə, gücə və iradəyə malik olmasına baxmayaraq rahatlığı yalnız namazda tapaır və hətta belə buyurardı:
"Mənim gözümün işığı namaz¬da¬dır"(Nəsai: 7\ 72\ ? 3949. Ibn Həcər "ət-Təlxisul Həbir" kitabı (3\ 116)-da, hədisin isnadının həsən olduğunu demişdir.)
5. Namaz, Allahın bəndəyə bəxş etdiyi saysız-hesabsız nemətlərə görə, Ona şükür etməyin açıq-aşkar nişanəsidir. Ona görə də Peyğəmbər  dabanları çatlayana qədər namazda dayanardı. Ondan belə etməsinin səbəbini soruşduqda buyurmuşdur:
"Bəs şükür edən bəndələrdən olmayım"(Buxari: 8\ 584\ ? 4836. Müslim: 4\ 2171\ ? 2819.)
Buna əsasən demək olar ki, kim namaz qılırsa Allaha şükür etdiyini göstərir. Namaz qılmayan bəndə isə ona bəxş edilən nemətlərə görə Allaha naşükürlük edir. Gecə-gündüz nemət verilən bəndə Allaha şükür etmək, Onun qarşısında baş əymək və verilən nemətləri etiraf etmək əvəzinə Ona küfr edirsə, o necə də pis və əxlaqsız bəndədir.
6. Namaz, öz sahibi üçün nurdur və o, bəndənin qəlbini işıqlandırır. Beləliklə, onun əlamətləri üzdə görünür və əzalara təsir edir. Peyğəmbər (sav)buyurmuşdur:
"Təmizlik imanın yarısıdır, əlhəmdulilləh (demək) tərəzini doldurur, sübhənallah və əlhəmdulillah göylər və yerin arasını doldurur. Namaz nurdur, sədəqə dəlildir, səbir işıqdır, Quran isə sənin lehinə və ya əleyhinə olan dəlildir. Bütün insanlar evindən çıxır. Onların bəziləri öz nəfsini satın alır və azad olur, digərləri isə öz nəfsini həlak edir"(Müslim: 1\ 203\ ? 223.)
7. Namaz, günahların bağışlanmasına və dərəcələrin yüksəlməsinə səbəb olur. Allah taala buyurur:
"(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)." (Hud: 114).
Peyğəmbər (sav) isə buyurmuşdur:
"Beş vaxt namaz və bir cümə digər cüməyə qədər olan (kiçik) günahlara kəffarədir (bağışlanmadır). Böyük günahlar istisnadır"(Müslim: 1\ 209\ ? 233.)
8. Namaz, Allahın bəndələrinə olan böyük və geniş mərhəmətini bildirir. Çünki O, namazı gün ərzində beş vaxt vacib etmiş və onu günün vaxtlarına bölmüşdür. Namazların həmin vaxtlara bölünməsi özü bir gözəllikdir. Bəndə gün ərzində müxtəlif vaxtlarda Rəbbi ilə bağlaşır. Beləliklə, insan namaz vasitəsi ilə günün hər hissəsində özündən şəri dəf edir, günahlarının bağışlanmasına və dərəcəsinin yüksəlməsinə nail olur.
9. Bəndə namazla Allah yanında çox əzəmətli savablar qazanır. Əgər bir insan əlli il yaşasa və hər gün beş vaxt namaz qılsa onun qıldığı namazların sayı doxsan min (90000) namaz edər. Qiyamət günü bu qədər böyük sayda namaz ilə Allah hüzuruna gələn bəndə etdiyi hər savab əməlin on qatdan yeddi yüz qata qədər savabını alacaqdır. Belə insan qiyamət günü necə də sevincək və xoşbəxtdir. Elə bu baxımdan da müsəlman insan namazın ən böyük gözəllik, Allah taalanın mərhəməti olduğunu dərk edir və həmçinin onu bu namazlarla Öz mərhəməti və cənnətinə qovuşduracağına inanır.
10. Namaz, İslamın beş əsasını özündə cəm edir. Çünki, namazın sonunda təşəhhüd deyilir. Həmçinin namaz gündəlik zəkatdır. Namaz qılan adam vaxtının bir hissəsini namaz qılmağa sərf edir. Zəkat mal-dövləti təmizlədiyi kimi, namaz da vaxtı, insanın etdiyi günahları təmizləyir. Hədislərin birində Peyğəmbər (sav)buyurur:
"Əgər birinizin evi qarşısından çay axarsa və o həmin çayda gündə beş dəfə çimərsə, heç onda çirkdən əsər-əlamət qalarmı?! Orada olanlar dedilər: xeyr, onda çirkdən əsər-əlamət qalmaz. Peyğəmbər  buyurdu: "Beş vaxt namaz da belədir. Allah taala bu namazlarla insanın günahlarını bağışlayar"(Buxari: 2\ 11\ ? 528. Müslim: 1\ 462-463\ ? 667.)
Bu baxımdan, çox ayələrdə namazın zəkat ilə birlikdə qeyd edilməsinin hikməti bəlli olur. Namaz əmr edildikdən sonra zəkat əmr olunur. Belə ayələr çoxdur misal olaraq bu ayəni demək olar. Allah taala buyurur:
"Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin..." (əl-Həcc: 78).
Həmçinin namaz xüsusi söz və hərəkətlərdən ibarətdir ki, bu da insanın nəfsini əlavə söz və hərəkətlər etməkdən imtina etdirir. Eləcə də oruc insanı yemək və içməkdən imtina etdirir. Namaz qılan insan namazda üzünü Kəbəyə tərəf yönəldir. Bu haqda Allah taala buyurur:
"(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!..." (əl-Bəqərə: 144).
Bəndənin namaz qılarkən üzünü Kəbəyə tərəf yönəltməsi, onu müqəddəs sayması və ona təzim etməsi İslamın əsaslarından biri olan həcc ilə əlaqələnir.
11. Namaz, nəfsi Allah taalaya itaətkar olmaq yönündə tərbiyələndirir. Namazın insan nəfsinə gətirdiyi Allah qorxusu, məhəbbət və sevgisi, bəndəyə ibadətin əxlaqi qaydalarını, rübubiyyətin vacib əməllərini öyrədir.
12. Namaz, müsəlmanlar arasında birlik və mehribançılıq əlamətidir. Müsəlmanların namaz vaxtı hamılıqla bir istiqamətə - Kəbəyə tərəf yönəldiklərini gördükdə insanı birlik və məhəbbət duyğuları çulğayır, bütün müsəlmanların Allahın qulları olduqlarını görür, o, müsəlmanların Rəbbi, qibləsi və dininin bir, varlı ilə kasıb, şərəfli ilə sıravi müsəlman arasında heç bir fərq olmadığının şahidi olur. Həmçinin namaz qılarkən düz qibləyə tərəf yönəlmək insana hər işdə ədalətli və hikmətli olmağı öyrədir. Bir müsəlmana digər qardaşının ağrı-acısına şərik olmağı tərbiyə edir. Həmçinin namaz qılan bəndə cəmiyyətin fəal üzvünə çevrilir. Namaz ona öz vaxtını tənzimləməyi və vədini zamanında yerinə yetirməyi öyrədir. Camaat namazlarında imamın arxasında dayanıb ona tabe olması bəndəyə digər işlərində də itaətkar olmasını aşılayır.
Ümumiyyətlə namazın gözəllikləri həddindən artıq çoxdur və onları sayıb qutarmaq mümkün deyil. Amma dediklərimiz ibrət götürənlər üçün kifayətdir.


Tarix: 08.05.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Maraqlı melumatlar