beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazın rükunları

Namazın rükunları:
Namazın fərz və vacib əməlləri vardır ki, namaz onlardan ibarətdir. Əgər onun fərz əməllərindən biri olmasa, şəriət qaydalarına görə həmin namaz düzgün olmaz. Bu ərkanlar aşağadakılardır:

1 - Təkbirətul ihram[1]: Əli ibn Əbu Talib Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Namazın başlanğıcı təmizlikdir. Namazda artıq hərəkətləri haram edən təkbir etməkdir. Artıq hərəkətləri halal edən isə salam verməkdir»[2].
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını düzgün qılmayan kişiyə belə dediyini rəvayət etmişdir: «Namaza başlayanda “Allahu əkbər” de!» [3].
2 - Qüdrəti çatan kimsənin fərz namazı ayaq üstə qılması:
Uca Allah buyurur: «...Allaha itaət üçün ayağa qalxın»[4].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazı ayaq üstə qılardı. O bunu İmran ibn Hüseyn adlı səhabəyə də əmr edərək demişdir: «Namazı ayaq üstə qıl. Əgər bacarmasan otur qıl. Əgər bunu da bacarmasan onda uzan qıl»[5].
3 - Hər rükətdə fatihə surəsini oxumaq: Ubadə ibn əs-Sammit Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Fatihə surəsinin oxumayanın namazı da yoxdur»[6]. Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), namazını düzgün qılmayan kişiyə fatihəni oxumağı əmr etmiş sonra isə belə demişdir: «Sonra bunu bütün namazında et»[7].
4 - 5 Rüku etmək və rükuda rahat olmaq: Belə ki, Uca Allah buyurur: «Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın»[8].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), namazını düzgün qılmayan kişiyə demişdir: «Sonra rüku et və rükuda tam rahat ol»[9].
6 - 7 Rükudan qalxdıqdan sonra qamətini düzəltmək və rahat olmaq: Əbu Məsud əl-Ənsari Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Namaz zamanı rüku və səcdə edəndə qamətini düzəltməyən kimsənin namazı düzgün deyil»[10]. Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), namazını düzgün qılmayan kişiyə belə demişdir: «Sonra rükudan qalx və qamətini düzəlt»[11].
8 - 9 Səcdə etmək və səcdədə rahat olmaq: Uca Allah buyurur: «Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın;...»[12].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), namazını düzgün qılmayan kişiyə belə demişdir: «Sonra səcdə et və səcdədə rahat ol. Sonra qalx otur və oturanda rahat ol. Sonra yenidən səcdə et və səcdədə rahat ol»[13].
Səcdə edilən əzalar. İbn Abbas Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Mənə yeddi əza üzərində səcdə etmək əmr olunmuşdur. Həmin əzalar: Alın, sonra burnuna da işarə etdi. İki əl, iki diz və iki ayağın baş tərəfi»[14].
Həmçinin İbn Abbas Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: «Burnunu alnı kimi yerə qoymayanın namazı düzgün olmaz»[15].
10 - 11 İki səcdə arasında oturmaq və bu zaman rahat olmaq:
Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Namaz zamanı rüku və səcdə edəndə qamətini düzəltməyən kimsənin namazı düzgün deyil»[16].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını düzgün qılmayan kişiyə bunu etməyi əmr etmişdir. Səcdə barəsində danışarkən bu haqda söz edilmişdi[17].
12 - Axırıncı təşəhhüd:
İbn Məsud deyir: Təşəhhüd vacib edilməmişdən öncə biz belə deyərdik: «Allaha salam olsun. Cəbrailə və Mikailə salam olsun»[18]. Peyğəmbər dedi: «Belə deməyin. Deyin ki, əttəhiyyatu lillahi...»[19].

Faydalı məlumat: Təşəhhüdün ən düzgün forması İbn Məsudun rəvayət etdiyidir.
O deyir ki, Peyğəmbər məni qarşısında oturtub təşəhhüdü Qurandan bir surə öyrətdiyi kimi öyrətmişdir.
»التحيات لله والصلوات والطيبات السلام عليك أيها النبي ورحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله«
«Əttəhiyyatu lillahi vəs səlavatu vət tayyibatu, əssəlamu aleykə əyyuhən nəbiyyu və rəhmətullahi və bərəkətuhu, əssəlamu aleynə və alə ibadillahis salihin. Əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu»[20].
Duanın tərcüməsi isə belədir: «Ən gözəl salamlar, namazlar və yaxşı işlər Allaha məxsusdur. Ey Allahın Peyğəmbəri, sənə Allahın salamı,rəhməti və bərəkəti olsun. Bizə və Allahın əməlisaleh bəndələrinə Allahın salamı olsun. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Şəhadət verirəm ki, Muhəmməd Allahın qulu və elçisidir».
Digər faydalı məlumat: Hafiz, İbn Həcər əl-Əsqəlani Fəthul Bari əsərində (2/ 314), təşəhhüddə deyilən, “əssəlamu aleykə əyyuhən nəbiyyu və rəhmətullahi və bərəkətuhu”, yəni “Ey Allahın Peyğəmbəri, sənə Allahın salamı,rəhməti və bərəkəti olsun”.– sözləri haqqında demişdir:
İbn Məsudun təşəhhüd haqqında olan hədisinin bəzi sənədlərində, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağlığı zamanıbu cümlənin birbaşa ona xitab formasında deyilməsi qeyd olunur. Amma onun vəfatından sonra isə bu cümlə birbaşa ona xitabən deyil, qeyri müəyyən şəxs əvəzliyi ilə deyilmişdir. Səhih əl-Buxari əsərinin “əl-İstizan” fəslində Əbu Muammarın sənədi ilə İbn Məsuddan təşəhhüd hədisi rəvayət olunur. Sonra İbn Məsud deyir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağ olanda biz belə deyərdik. Amma o vəfat etdikdən sonra biz, “Əssalamu”, “Salam olsun” deyirdik. Yəni, “Peyğəmbərə salam olsun” - deyirdik». Bu məlumat, Buxaridə belə rəvayət olunmuşdur. Bu rəvayəti həmçinin Əbu Əvanə “Səhih” əsərində də rəvayət etmişdir. Eləcə də əs-Sərrac, əl-Covzəfi, Əbu Nueym əl-Əsbəhani və Beyhəqi eyni hədisi müxtəlif sənədlərlə Buxarinin şeyxi, Əbu Nueymdən rəvayət etmişlər. Onların rəvayətində deyilir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdikdən sonra biz, “Əssalamu alən nəbiyy”- deyirdik». Belə ki, onların rəvayətində əvvəlki rəvayətdə deyilən “yəni” sözü qeyd edilməmişdir. Həmçinin Əbu Bəkr ibn Əbu Şeybə də eyni hədisi Əbu Nueymdən rəvayət etmişdir.
Subuki “Şərh əl-Minhac” kitabında bu rəvayəti Əbu Əvanənin sənədi ilə nəql etdikdən sonra deyir: «Əgər bu rəvayət səhabələrdən öz təsdiqini tapmışdırsa, demək Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra salamı ona xitab etmək vacib deyil. Ona görə də belə deyilməlidir: “Əssəlamu alən nəbiyy”» İbn Həcər bu sözdən sonra deyir: «Heç şübhə yoxdur ki, bu rəvayət səhihdir. Mən bu rəvayəti təsdiq edən başqa bir güclü sənəd tapmışam. Əbdürrəzzaq deyir ki, İbn Cureyc mənə, ona da Əta deyib ki, həqiqətən də səhabələr Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağlığında belə deyərdilər: “Əssəlamu aleykə əyyuhən nəbiyyu” (Ey Allahın Peyğəmbəri, sənə Allahın salamı olsun). O vəfat etdikdən sonra isə belə deyirdilər: “Əssəlamu alən nəbiyy” (Peyğəmbərə salam olsun). Bu sənəd səhihdir».
Albani “Sifətis salət” adlı kitabında (səh. 126) deyir: «Bu məlumat mütləq Peyğəmbər tərəfindən deyilmişdir. Bunu təsdiq edən məqam budur ki, Aişə də onlara namazda deyilən təşəhhüdü öyrədərkən belə deyərdi: Əssalamu alən nəbiyy». Bunu, əs-Sərrac “Müsnəd” kitabında (2/ 1/ 9), əl-Muxlis “əl-Fəvaid“ kitabında (1/ 54/ 11) iki səhih sənədlə Aişədən rəvayət etmişlər.
13 - Sonuncu təşəhhüddən sonra Peyğəmbərə salavat demək:
Demək Fudalə ibn Ubeyd əl-Ənsari deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir kişinin namaz qıldığını və Allaha həmd - səna etmədən, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat demədən namazını bitirdiyini dördü və dedi: «O, tələsdi». Sonra onu öz yanına çağırtdırdı, həm ona, həmdə başqlarına üzünü tutub dedi: «Biriniz namaz qılarkən, namazını Rəbbinə tərif deyib, Ona həmd-səna etməklə başlasın. Peyğəmbərə salavat desin, sonra istədiyi duanı etsin»[21].
Əbu Məsud deyir ki, biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında oturmuşduq. Bir kişi gəlib onun qarşısında oturdu və dedi: Ey Allahın elçisi, sənə salam vermək qaydasını bilirik. Bəs namaz qılarkən sənə necə salavat deyək? Sənə Allahın salvatı olsun! Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir an susdu. Hətta biz dedik ki, kaş ki, o bu sualı verməzdi. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Siz mənə salavat deyərkən belə oxuyun: Allahummə salli alə Muhəmməd ən-Nəbiyy əl-Ummiyyi və alə ali Muhəmməd...[22]»[23].
Faydalı məlumat: Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyilən salavatın ən yaxşısı Kəəb ibn Ucrənin rəvayətidir. Rəvayətdə deyilir ki, biz dedik: «Ey Allahın elçisi, sənə salam vermək qaydasını bilirik. Bəs sənə necə salavat deyək?» Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi ki, mənə belə salavat deyin: «Allahummə salli alə Muhammədin və alə ali Muhəmməd, kəmə salləytə alə ali İbrahimə innəkə həmidun məcid. Allahummə barik alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə barəktə alə ali İbrahimə innəkə həmidun məcid»[24].
14 - Salam vermək:
Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Namazın başlanğıcı təmizlikdir. Namazda artıq hərəkətləri haram edən təkbir etməkdir. Artıq hərəkətləri halal edən isə salam verməkdir»[25]

__________________________________________________________________
[1] Bu təkbir, namazqılanın dediyi birinci “Allahu Əkbər” sözüdür. Bunu dedikdən sonra namazqılanın artıq hərəkət etməsi haram olduğu üçün, bu təkbir “Təkbirətul ihram”, yəni, (haram edən təkbir) adlanmışdır. (tərc.)
[2] Həsənun Səhih. Səhih Sünən İbn Macə: ? 222. Tirmizi: 1/ 5/ ? 3. Əbu Davud: 1/ 88/ ? 61. İbn Macə: 1/ 101/ ? 275.
[3] Buxari: 11/ 36/ ? 6251. Müslim: 1/ 298/ ? 397.
[4] əl-Bəqərə: 238.
[5] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3778. Buxari: 2/ 587/ ? 1117. Əbu Davud: 3/ 233/ ? 939. Tirmizi: 1/ 231/ ? 369.
[6] Buxari: 2/ 236/ ? 756. Müslim: 1/ 295/ ? 394. Tirmizi: 1/ 156/ ? 247. Nəsai: 2/ 137. İbn Macə: 1/ 273/ ? 837. Əbu Davud: 3/ 42/ ? 807. Yalnız onun rəvayətində “daha artıq surələr” sözləri qeyd olunmuşdur.
[7] Buxari: 11/ 36/ ? 6251. Müslim: 1/ 298/ ? 397.
[8] əl-Həcc: 77.
[9] Buxari: 11/ 36/ ? 6251. Müslim: 1/ 298/ ? 397.
[10] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 710. Nəsai: 2/ 183. Tirmizi: 1/ 165/ ? 264. Əbu Davud: 3/ 93/ ? 840. İbn Macə: 1/ 282/ ? 870.
[11] Buxari: 11/ 36/ ? 6251. Müslim: 1/ 298/ ? 397.
[12] əl-Həcc: 77.
[13] Buxari: 11/ 36/ ? 6251. Müslim: 1/ 298/ ? 397.
[14] Buxari: 2/ 297/ ? 812. Müslim: 1/ 354/ ? 490. Nəsai: 2/ 209.
[15] Darəqutni: 1/ 348/ ? 3. BU rəvayəti Albani “Sifətus Salət” kitabında (səh. 123) rəvayət etmişdir.
[16] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 710. Nəsai: 2/ 183. Tirmizi: 1/ 165/ ? 264. Əbu Davud: 3/ 93/ ? 840. İbn Macə: 1/ 282/ ? 870.
[17] Səkkizinci və doqquzuncu bəndlərə bax. (tərc.)
[18] Duanın ərəbcəsi belədir: «Əssəlamu aləllah, əssəlamu alə Cibrilə və Mikail».
[19] Hədis səhihdir. əl-İrva: ? 319. Nəsai: 3/ 40. Darəqutni: 1/ 350/ ? 4. Beyhəqi: 2/ 138.
[20] Buxari: 11/ 56/ ? 6265. Müslim: 1/ 301/ ? 402.
[21] Hədisin sənədi səhihdir. Sifətus Salət: səh. 182. Məktəbətul Məarif nəşri. Tirmizi: 5/ 180/ ? 3546. Əbu Davud: 4/ 354/ ? 1468.
[22] Duanın ardı belədir:
»اللهم صل على محمد النبي الأمي وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم ، وبارك على محمد النبي الأمي وعلى آل محمد كما باركت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد»
«... Kəmə salləytə alə İbrahimə və alə ali İbrahim. Və barik alə Muhəmmədin ən-Nəbiyy əl-Ummiyy və alə ali Muhəmməd, kəmə barəktə alə alə İbrahimə və alə ali İbrahimə innəkə həmidun məcid».
Duanın tam tərcüməsi isə belədir: «Allahım ümmi Peyğəmbər Məhəmmədə, onun ailəsinə salavat et, necə ki, İbrahimə və onun ailəsinə salavat etmisən. Allahım ümmi Peyğəmbər Məhəmmədə, onun ailəsinə bərəkət ver, necə ki, İbrahimə və onun ailəsinə bərəkət vermisən».
[23] Hədisin sənədi həsəndir. İbn Xuzeymə: 1/ 352/ ? 711.
[24] Buxari: 11/ 152/ ? 6357. Müslim: 1/ 305/ ? 406. Əbu Davud: 3/ 264/ ? 963. Tirmizi: 1/ 301/ ? 482. İbn Macə: 1/ 293/ ? 904. Nəsai: 3/ 47.
[25] Həsənun Səhih. Səhih Sünən İbn Macə: ? 222. Tirmizi: 1/ 5/ ? 3. Əbu Davud: 1/ 88/ ? 61. İbn Macə: 1/ 101/ ? 275.


Tarix: 02.05.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 444 Bölmə: Maraqlı melumatlar