beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)

Quran və Sünnədən bizə Allahın 99 İsimi məlumdur. Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: “Allahın doxsan doqquz – yüzdən bir əskik İsmi vardır. Kim bu İsimləri sayarsa Cənnətə daxil olar”(Buxari 6410, Müslim 2677. )
Əsməul Husnə haqqında olan bu Muttafiqun Aleyh (üzərində alimlər tərəfindən ittifaq edilmişdir) hədisi burada sona yetməkdədir.

Hədisdə keçən «Kim Bu İsimləri Sayarsa» cümləsində məqsəd sadəcə bu İsimləri əzbərləyib saymaq deyildir. O, İsimlərlə Allaha qulluq etmək, dua etmək və haqqı ilə əməl etməkdir. Çünki yaxşı, pis hər insan bu İsimləri asanlıqla əzbərləyib saya bilər. Lakin onları haqqı ilə əməl etmək, saymaq qədər də asan bir iş deyildir.

Bu hədis Allahın 99 İsminin olduğunu göstərməkdədir. Lakin bu o, demək deyildir ki, Allahın bundan başqa İsimləri yoxdur. Məs: Bu o, məsələ ki: «Məndə sədəqə üçün ayırdığım yüz dirhəm pul var». Bu o, demək deyildir ki, məndə sədəqə üçün ayırmadığım başqa pullar yoxdur. Rəsululah (s.a.v) buyurur: «Sənə sənin Özünün-özünə verdiyin, yaxud Öz Kitabında nazil etdiyin və ya xəlq etdiklərindən birinə öyrətdiyin, və ya Öz yanında saxladığın qeyb elmində malik olduğun hər bir adınla dua edirəm»(İmam Əhməd «Musnəd» 1/391, Həkim «əl-Müstədrək» 1/509, İbn Hibban.)

Bu hədisdəki ifadələr Allahın, insanların bilmədiyi, ancaq bəzi seçilmiş qullarına öyrətdiyi, qeyb aləmində saxladığı İsimlərinin də olduğunu göstərməkdədir. İbn Qeyyim deyir ki: “Əsməul Husnə - hər hansı bir sayla məhdudlaşmır. Çünki Allahın öz dərgahında qeyb aləmində tərcih etdiyi İsim və Sifətləri vardır. Bu İsim və Sifətləri nə Allaha yaxın bir mələk, nə də göndərilən bir Peyğəmbər bilə bilər”(Favaid 1/166. )

Bu İsimlər Allahın birliyini, mərhəmətini və üstünlüyünü göstərən, eyni zamanda qəlblərə və qulaqlara xoş gələn İsimlərdir. Hətta bu İsimlər bütün xeyir və yaxşılığa işarə edən İsimlərdir. Fəqət nə yazıq ki, insanlar bu İsimlərin mənaları haqqında görüş birliyinə varmadılar. Bu mövzuda bir çox görüşləri irəli sürərək doğru yoldan ayrıldılar. Kimiləri bu İsimləri fərqli şəkildə yozarkən, kimiləri də bu İsimləri mənaları ilə uyğunlaş-mayan görüşləri irəli sürdülər. Kimiləri də birinci və ikinci qrupun dediklərini bir kənara qoymağa üstünlük verdilər. Bütün bu görüşlərin arasında doğru yplda olan alimlər Allahın bu gözəl İsimlərini tərcih etdi. Bu aləmdə Allahı özündən daha yaxşı tanıyan bir varlığın olmayacağına inandılar. Bunun üçün də Allahdan yardım istəyərək insanlar arasında Allahı ən yaxşı tanıyan kimsəyə Peyğəmbərimiz Muhəmmədin (s.a.v) səhih hədislərinə üz tutdular.Onun sözlərindən doyana qədər faydalandılar. Qurtuluşlarını heç bir əyrilik və yanılma olmayan bu yolda gördülər.Ondan sonra da heç bir həddi aşmayaraq, təfriqəyə sapmadan ondan elm nəql edən və güvənilir, ispatlanmış ravilərin rəvayətlərindən faydalandılar. Bu üzdən Uca Allahın bu gözəl İsim və Sifətlər mövzusunda ən üstün yol Sələfi Salihin yoludur. Bu yol nə Filosofların irəli sürdükləri görüşlərə, nə də Kəlamçıların anlaşılmaz söz və düşüncələrinə dayanmır. Allahın İsimələri mövzusunda Sələfi yolu şişirtməkdən uzaq, mötədil və orta bir yoldur.

Ümmətin Sələfləri - Ərəb yarmadasından çıxan məcusilər, zındıqlar, fəlsəfəçilər, kəlam əhli, tayfa və millətlərlə qarşılaşdılar. Onlarla olan savaş yalnız qılıc savaşı deyil, qılınc savaşı ilə bərabər olan qələm, elm, Quran və əqidə savaşıdır ki, müsəlmanlar məcusi, zındıq, dinsizlik dəvətçilərinə qalib gəlmişlər. Onların şübhələrini dəf etmək, sorularına cavab vermək üçün elm adamları bu mövzuda dəyərli kitablar yazmış, İsimlərin mənalarını açıqlamış və bu İsimlərdən çıxan hikmətlər ilə faydaları insanlara bildirmişlər. Şübhəsiz ki, Uca Allahı İsimləri və Sifətləri ilə tanımaq, ən uca qayə və ən şərəfli dəyərdir. Çünki bu İsimlər Rəsulullahın (s.a.v): «Kim bu İsimləri sayarsa Cənnətə girər» buyurması səbəbilə Cənnətə girmənin yoludur. . Bu İsim və Sifətlərin bəzisi Quranda, bəzisi də Rəsulullahın (s.a.v) hədislərndə gəlmişdir.Quran və Səhih hədislərdə göstərilən Allahın İsim və Sifətlərinə inanmaq vacibdir.Bu qaynaqlarda göstərilməyən və insanların üzərində ixtilaf etdikləri İsim və Sifətləri isə haqqı ilə ortaya çıxmadıqca nə qəbul edirik, nə də inkar. Bu mövzuda nə irəli, nə də geri gedirik. Əqidə ilə əlaqəli məsələlərdə qiyas və ictihad etməyi qəbul etmərik. Ağıl sadəcə fiqhi məsələlərdə hökmləri aydınlaşdırmaq üçün Quran və hədislər işığında işlədilir. Əqidə və etiqadla bağlı mövzularda yəqinlik lazımdır, bu yerdə zən və ictihadlara yer yoxdur. Kaş ki, fiqhi məsələlərdə fətva verməkdən və ya ictihad etməkdən çəkinən, bir Muctəhidə tabe olmağı və ya hər hansı bir alimi təqlid etməyi özünə zəruri bilən bir kimsə eynilə Etiqadi və iman məsələlərində də bunu tətbiq etsəydi özü üçün daha xeyirli olardı. Çox qəribədir ki bəziləri fiqhi məsələlərdə İmam Əbu Hənifə belə deyir, İmam Şafii belə deyir və s. Lakin Etiqadi (əqidə) məsələlərində isə heç də İmam Əbu Hənifə, İmam Şafinin dediklərini demirlər? Halbuki əqidə məsələlərində elimsiz fətva vermək fiqhi məsələlərdən daha təhlükəlidir. İbn Qeyyim (Allah rəhmət etsin) deyir ki: “Allaha verilən İsim və Sifətlər tam olaraq Toqifidir (Allah və Rəsulunun bildirməsi ilə bilinir)”(Favaid 1/162. )

Səid əl-Qahtani – hafizahullah - deyir ki: “Uca və Böyük olan Allahın İsimlərinin müzakirə ediləsi və ağılla onları təyin etmək olmaz. Ona görə də hər bir müsəlman Quran və Sünnədə gələn Allahın İsimlərilə kifayətlənməli, Allahın İsimlərinə heç bir şey əlavə etməməli və əskiltməməlidir. İnsan ağlı müstəqil olaraq Allaha hansı İsimlərin layiq olduğunu və ya layiq olmadığını təyin edə bilməz. Bütün bunları da yalnız Quran və Sünnədən bilmək olar. “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz və ürək–bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”. (əl-İsra 36). “De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zana etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”. (əl-Əraf 33). Əgər bir kimsə Allahı Onun özü-özünü adlandırmadığı bir İsimlə Allahı adlandırarsa və ya Allahın özü-özünü adlandırdığı bir İsmi inkar edərsə belə bir kimsə cinayət etmiş və Allahın haqqına qəsd etmişdir. Buna görə də müsəlman bu məsələdə diqqətli olmalı, Quran və Sünnədə gələn ilə kifayətlənməlidir”.

Allahın İsimləri 2 qismə bölünür. 1) Qəlbə qorxu titrətmə, salan İsimlər. 2) İnsanın qəlbinə ümüd, məhəbbət gətirən İsimlər.
İnsan qəlbində tarazlıq yaratmaq üçün bu iki İsimləri də bilməlidir ki, onu xəstəliklərdən qorusun. Bu xəstəliklər də ümüdsüzlük və arxayınçılıqdır. Əgər insan tək ümüd, məhəbbət ayələrini öyrənərsə onda arxayınçılıq yaranar. Lakin tək qorxu ayələrini də öyrənməklə onda ümüdsüzlük yaranar. Bu da çox təhlükəlidir.
Allahın İsimləri Qurani Kərimin 33 surəsində keçməkdədir. Bu surələrdən bəzisi, bu İsimlərdən sadəcə birinə yer vermiş. Məs: Tövbə, Kəhf, Məryəm, Həcc, Nəml və s. bir çox surələr kimi. Bəzi surələr isə iki İsmi bir arada gətirmişdir. Məs: Ənfal, Rəd, Fatir və s. bəzi surələr isə bu İsimlərin çoxunu sadalamışdır. Məs: Bəqərə, Ali İmran, Nisa, Həşr. Bu İsim və Sifətlərə iman etmək və onları araşdırmaq İslamın əsası, İmanın qaydası və Ehsan ağacının meyvəsidir. Kim Uca Allahın İsim və Sifətlərini inkar edərsə elm əhli olmaqdan uzaqlaşaraq İslamın əsasını, İmanı və Ehsan ağacının meyvəsini kökündən yıxmışdır.
Qurani Kərimdə Allahın İsimlərinin Zikri Keçdiyi Ayələr:
Fatihə Surəsi - Allah (əl-Fatihə 1), Rəbb (əl-Fatihə 1), Rahmən və Rəhim (əl-Fatihə 2), Məəlik (əl-Fatihə 3).
Bəqərə Surəsi – Muhit (əl-Bəqərə 19), Qadir ((əl-Bəqərə 20), Alim (əl-Bəqərə 32), Hākim (əl-Bəqərə 33), Təvvəb (əl-Bəqərə 37), Bəri (əl-Bəqərə 54), Basir (əl-Bəqərə 96), Vasi’ (əl-Bəqərə 115), Səmi’ (əl-Bəqərə 127), Aziz (əl-Bəqərə 129), Rauf (əl-Bəqərə 143), Şakir (əl-Bəqərə 158), İləh (əl-Bəqərə 163), Vahid (əl-Bəqərə 162), Ğafur (əl-Bəqərə 173), Qarib (əl-Bəqərə 186), Həkim (əl-Bəqərə 225), Həyy (əl-Bəqərə 255), Qayyum (əl-Bəqərə 255), Ali (əl-Bəqərə 255), Azim (əl-Bəqərə 255), Ğani (əl-Bəqərə 263), Vəli (əl-Bəqərə 257), Həmid (əl-Bəqərə 267), Xabir (əl-Bəqərə 234), Bədi’ (əl-Bəqərə 117).
Ali İmran Surəsi – Vəhhəb (Ali İmran 8), Nāsir (Ali İmran 150), Cəmi’ (Ali İmran 9).
Nisa Surəsi – Raqib (ən-Nisa 1), Həsib (ən-Nisa 6), Şəhid (ən-Nisa 33), Kəbir (ən-Nisa 34), Nasir (ən-Nisa 45), Vəkil (ən-Nisa 81), Muqit (ən-Nisa 85), Afuvv (ən-Nisa 43).
Ənam Surəsi – Qahir (əl-Ənam 18), Lətif (əl-Ənam 103), Hāsib (əl-Ənam 62), Qadir (əl-Ənam 65), Həkim (əl-Ənam 73).
Əraf Surəsi – Fatih (əl-Əraf 89).
Ənfal Surəsi – Qavi (əl-Ənfal 52), Movlə (əl-Ənfal 40).
Tövbə Surəsi – Ālim (ət-Tövbə 9).
Hud Surəsi – Hafiz (Hud 57), Mucib (Hud 61), Məcid (Hud 73), Vədud (Hud 90).
Yusuf Surəsi – Mustəan (Yusuf 18), Qahhar (Yusuf 39), Ğalib (Yusuf 21).
Rəd Surəsi – Mutəali (ər-Rəd 9), Vali (ər-Rəd 11).
Hicr Surəsi – Hāfiz (əl-Hicr 9), Varis (əl-Hicr 23), Xalləq (əl-Hicr 86).
Kəhf Surəsi – Muqtədir (əl-Kəhf 45).
Məryəm Surəsi – Həfi (Məryəm 47).
Ta ha Surəsi – Ğaffər (Ta ha 82), Məlik (Ta ha 114), Haqq (Ta ha 114).
Həc Surəsi – Hədi (əl-Həcc 54).
Nur Surəsi – Mubin (ən-Nur 25), Nur (ən-Nur 35).
Nəml Surəsi – Kərim (ən-Nəml 40).
Rum Surəsi – Muhyi (ər-Rum 50).
Səba Surəsi – Fəttah (əs-Səba 26).
Fatir Surəsi – Fatir (əl-Fatir 1), Şəkur (əl-Fatir 30).
Zumər Surəsi – Kəfi (əz-Zumər 36).
Mumin Surəsi – Xaliq (əl-Mumin 62).
Duhan Surəsi – Muntəqim (əd-Duhan 16).
Zariyat Surəsi – Razzaq (əz-Zariyat 58), Mətin (əz-Zariyat 58).
Tur Surəsi – Bərr (ət-Tur 28).
Qamər Surəsi – Məlīk (əl-Qamər 55).
Rahmən Surəsi – Zul Cələli Vəl İkram (ər-Rahmən 27).
Hədid Surəsi – Əvvəl – Əxir – Zahir – Batin (əl-Hədid 3).
Həşr Surəsi – Quddus – Səlam – Mumin – Muheymin – Cəbbar – Mutəkəbbir – Musavvir (əl-Həşr 23).
Əla Surəsi – Əla (əl-Əla 1).
Əlaq Surəsi – Əkram (əl-Əlaq 3).
İxlas Surəsi – Əhəd – Saməd (əl-İxlas 1).


Tarix: 05.05.2013 / 15:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 444 Bölmə: Maraqlı melumatlar