beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (36-45)

36-ci əlamət: biliklərin cahillərdən alınması.
Əbu Ümeya əl-Cumahi danışır ki, Allahın Peyğəmbəri (sav) belə deyib: «Qiyamət saatının əlamətlərindən biri də odur ki, biliklər balaca adamlardan alınacaq» (ət-Təbərani. Əlbaniyə görə səhihdir).

İmam Abdullah ibn əl-Mübarəkdən balaca adamların kimliyi soruşulanda o, deyib: «Bu – öz bildiklərini edənlərdir. Əgər balaca adam, böyük alimdən eşitdiyini deyirsə, onda o, balaca sayılmır». O, həmçinin deyib: «Onlar kafirdirlər».
(«əz-Zuhd» səh. 31.)
İbn Məsud deyib: «Elmləri Məhəmməd Peyğəmbərin (sav) səhabələrindən və böyük alimlərdən öyrənənə qədər müsəlmanlar firavan yaşayacaqlar. Onlar bilikləri balaca adamlardan almağa başlayanda isə, əxlaqsız istəkləri ucbatından bir-biririnə qarşı duracaq və məhv olacaqlar».
(ət-Təbərani, Abdurrəzzaq. Tuvecriyə görə səhihdir. Bax: İthaf əl-Cəmaə, 1, səh. 424. )

37-ci əlamət: yarımçılpaq qadınların peyda olması.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Mən bu vaxta qədər iki cür cəhənnəm əzabkeşi görməmişəm. Bu – əllərində inəyin quyruğuna oxşayan qamçı tutub başqalarını vuranlar və çılpaq, eyni zamanda geyimli qadınlardır ki, o yan-bu yana sülənib başqalarını da buna dəvət edirlər, onların başları isə dəvənin yellənən donqarlarına oxşayır. Onlar cənnətə düşməyəcəklər və hətta onun xoş sədasının uzaqdan eşidiləcəyinə baxmayaraq onlar, onu hiss edə bilməyəcəklər» (Müslüm).
«O yan bu yana sülənən qadınlar» sözlərinin bir neçə təfsiri mövcuddur:
1) İsmətinin qorumayıb Allaha tabe olmaqdan imtina edən əxlaqsız qadınlar;
2) özünü göstərmək üçün sağa-sola yellənərək gəzən qadınlar;
3) cəlbedici saç düzümünə malik qadınlar;
4) kişilərin qarşısında onları yoldan çıxarmaq üçün yellənən qadınlar.
Abdullah ibn Əmr danışır ki, Allahın Rəsulu (sav) deyib: «Dünyanın sonundan qabaq insanlar, sizin, üstünə dəri çəkilmiş böyük yəhərlərinizə oxşayan yəhərlərin üstündə hərəkət edəcəklər. Onlar məscidlərin qarşısında dayanacaq, onların qadınları isə geyimli və eyni zamanda da lüt olacaqlar. Onların başlarında yorulmuş dəvənin donqarlarına oxşayan nə isə bir şey olacaq. Onlara lənət edin, çünki onlar lənətlənəcəklər. Əgər sizdən sonra başqa bir icma olsaydı, onda sizin qadınlarınız onların qadınlarının qulluqçusu olardı, necə ki, sizdən əvvəlki icmanın qadınları sizin qadınlarınızın qulluqçusu olmuşdu» (Əhməd).

38-cu əlamət: gələcəyi bildirən yuxuların çoxalması.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Zaman sürətlənəndə müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaq. Ən düzgün yuxular görən ən mömin adam olacaq. Həqiqətən, müsəlmanın yuxuları peyğəmbərliyin qırx beşdə biridir» (Buxari, Müslüm).

39-cı əlamət: savadın və kitabların artması.
İbn Məsud danışır ki, Peyğəmbər (sav) belə deyib: «Qiyamət saatından əvvəl… qələm yayılacaq» (Əhməd).
Əmr ibn Tuqlab danışırdı ki, o, Allah Rəsulunun (sav) belə dediyini eşidib: «Qiyamət saatının əlamətlərindən biri – tacirlərin sayının artması və biliklərin çoxalmasıdır» (ən-Nəsai).
Güman ki, bu hədislərdə söhbət Quranla və Sünnə ilə əlaqələri olmayan kitabların yayılmasından və müxtəlif elmlərin inkişafından gedir. Bu gün məhz elə bu baş verir. Savad və biliklər insanlara Uca Allahı tanımağa və Onun göndərdiyi dinə inanmağa kömək etmir. Amma əgər insan Allahın yolunda deyilsə, onda heç bir bilik gələcək həyatında ona fayda verə bilməz.

40-ci əlamət: vacib buyurulmayanlara laqeyd münasibət.
İbn Məsud danışırdı ki, Allahın Peyğəmbəri (sav) belə deyib: «Qiyamət saatının əlamətlərindən biri də odur ki, insanlar məscidə gələndə iki rükət salam namazını qılmayacaqlar».
(İbn Huzeymə. Əlbaniyə görə həsəndir. Bax: «Silsilət əl-Əhadis əs-Səhihə», 2, səh, 253.)
Ənəs bin Malik rəvayət edir ki, peyğəmbər (sav) demişdir: «Qiyamət saatının əlamətlərindən biri də məscidlərin yola çevrilməsidir».(əl-Həkim və ət-Təyalisi. Zəhəbi deyir ki, bu sözlər Ənəsindir.)

41-ci əlamət: göydə təzə ayın böyüməsi.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Zamanın surətlənməsinin əlamətlərindən biri də təzə ayın böyüməsi olacaq. İnsanlar birgünlük ayı ikigünlük hesab edəcəklər» (ət-Təbərani. Heysəmi səhihliyini təsdiqləmişdir).
Bu hədis, Ənəsdən gələn digər hədisdə öz əksini tapıb. O, Peyğəmbərin (sav) belə dediyini rəvayət edir: «Qiyamət saatının əlamətlərinədən biri də odur ki, insanlar birgünlük ayı ikigünlük sayacaqlar» (ət-Təbərani. Əlbaniyə görə səhihdir).

42-cü əlamət: qəfl ölümlərin çoxalması
Ənəs ibn Malik danışır ki, Allahın Rəsulu (sav) deyib: «Qiyamət saatının əlamətlərindən biri də budur ki,… qəfl ölümlər tez-tez baş verəcək» (ət-Təbərani).
Bu gün biz, insanların ürək dayanmasından qəflətən öldüklərini tez-tez eşidirik. Məgər bu, biz yaşadığımız həyatın mənası haqqında düşünməyə vadar etmir? Məgər bu, ölümün hər an başımızın üstünü kəsdirə biləcəyi haqda bizə bir xəbərdarlıq deyil? Məgər bu, bizi səmimi tövbə etməyə və yaxşı işlər görməyə təhrik etmir?

43-ci əlamət: insanlar ətrafdakılarla salamlaşmayacaq.
Hüzeyfə danışır ki, Allahın Rəsulundan (sav) Qiyamət saatı haqqında soruşanda o, belə deyib: «Həqitətən, bu yalnız mənim Rəbbimə bəllidir. Ondan başqa heç kəs bu saatın nə vaxt qopacağını açıqlaya bilməz. Amma mən sizə onun əlamətlərini deyə bilərəm – onun başlanacağına qədər nələr baş verəcək. Həqiqətən, ondan qabaq hərcmərclik və xarc olacaq». İnsanlar dedilər: «Ey Allahın Rəsulu! biz hərcmərcliyin nə olduğunu bilirik, bəs xarc nə deməkdir?» O dedi: «Həbəşlərin dilində bu, qətl deməkdir. Bundan başqa, insanlar bir-biriylə salamlaşmayacaq və kütlənin içində kimisə güclə tanıyacaqlar» (Əhməd).

44-ci əlamət: yalanın baş alıb getməsi.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Dünyanın sonundan qabaq mənim ardıcıllarım arasında elə insanlar peyda olacaqlar ki, onlar nə sizin, nə də sizin atalarınızın eşitmədiklərini danışacaqlar. Özünüzü onlardan gözləyin» (Müslüm).
Abdullah ibn Məsud deyib: «İblis insan görkəmini alıb adamların yanına gələcək. O, insanlara yalan hadisələr danışıb onların arasında ədavət salacaq. İnsan isə deyəcək: «Bunu mənə sifəti yaxşı yadımda qalan, adını isə bilmədiyim bir kişi danışıb» (Müslüm).

45-cı əlamət: yalançı şahidliklərin çoxalması.
İbn Məsud danışır ki, Peyğəmbər (sav) belə deyib: «Qiyamət saatından əvvəl… insanlar yalandan şahidlik edəcək və həqiqəti gizlədəcəklər».(«Şərh Səhih Müslim», c.1 səh. 80.)
Əbu Bəkrə danışır: «Biz, Peyğəmbərin (sav) yanında oturmuşduq, o dedi: «Sizə ən böyük günahlardan deyimmi? Sizə ən böyük günahlardan deyimmi? Sizə ən böyük günahlardan deyimmi? Bu – Allaha şərik qoşmaq, valideynlərə hörmətsizlik və yalançı şahidlikdir». O dirsəklənib uzanmışdı, bu sözlərdən sonra oturdu və dediklərini təkrar etməyə başladı. O bunu o qədər təkrar etdi ki, nəhayət biz dedik: «Bircə o susaydı» (Buxari, Müslüm).


Tarix: 04.05.2013 / 17:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Maraqlı melumatlar