beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sələmçilik

1.Cabirdən rəvayət olunur ki, Allahın elçisi (sav) sələmi yeyəni, sələm ödəyəni və sələmin ödənilməsi haqda sazişi yazıb şahid qismində iştirak edəni lənətləmiş və demişdir: «Onlar hamısı birdir». Hədisi Müslim rəvayət etmişdir, eyni zamanda Buxari buna bənzər hədisi Əbu Cüheyfədən rəvayət etmişdir.

2.Abdullah ibn Məsuddan rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Sələm yetmiş üç növdən ibarətdir. Bunlardan ən asanı insanın qanının öz anasının qanı ilə qarışmasıdır. Ən ağır sələm isə müsəlmanın namusuna təcavüzdür». Hədisi İbn Macə ixtisarla, Hakim isə bütünlüklə rəvayət etmişdir. Sonuncusu hədisi səhih hesab etmişdir.

3.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Qızılı yalnız onunla eyni çəkidə olan qızıla dəyişin, çəkisi az olan qızılı isə ağır çəkili qızıla dəyişməyin. Həmçinin gümüşü yalnız onunla eyni çəkidə olan gümüşə dəyişin, çəkisi az olan gümüşü də ağır çəkili gümüşə dəyişməyin. Bütün bunlarla yanaşı, mülkiyyətinizdə olmayan malı mülkiyyətdə olan malla da dəyişməyin».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

4.Übadə ibn Samitdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Qızılın, gümüşün, buğdanın, arpanın, xurmanın və duzun mübadiləsi eyni çəkidə, bərabər və nağd yolla həyata keçirilir. Əgər bu növlər fərqlənsə, nağd olmaq şərti ilə istədiyiniz şəkildə mübadilə edin».
Hədisi Müslim rəvayət etmişdir.

5.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Qızılı və gümüşü ancaq onlarla eyni çəkidə olan qızıl və gümüşə dəyişin. Kim artıq versə, yaxud artıq tələb etsə, bu, artıq sələm hesab olunacaq».
Hədisi Müslim rəvayət etmişdir.

6.Əbu Səid əl-Xudri və Əbu Hüreyrədən rəvayət olunur ki, bir dəfə Allahın elçisi(sav) bir kişini Xeybərə vali olaraq göndərmiş, o da Allahın elçisinə qurudulmuş xurmanın əla növünü gətirmişdir. Bunu görən Allahın elçisi demişdir: «Xeybərdə yetişən bütün xurmalar belədir?». Məmur: «Xeyr, ey Allahın elçisi! And olsun Allaha ki, biz bunun bir saasını (1- saa təxminən 2.55-3 kq arasıdır) iki-üç saa başqa xurma növlərinə dəyişirik» – deyə cavab vermişdir. Allahın elçisi demişdir: «Belə etmə, xurmanın başqa növlərini dirhəmlə sat, sonra da həmin dirhəmlərə xurmanın əla növünü al». Sonra o bunu tərəzidə çəkilən bütün məhsullara şamil etmişdir. Hədisi Buxari və Müslim rəvayət etmişdir.

7.Cabir ibn Abdullahdan rəvayət olunur ki, Allahın elçisi (sav) çəkisi bəlli olmayan xurma qalağını çəkisi bəlli olan xurma ilə dəyişməyi qadağan etmişdir.
Hədisi Müslim rəvayət etmişdir.


8.Məmər ibn Abdullahın belə deməsi rəvayət olunur: «Həqiqətən, mən Allah elçisinin,(sav) «Eyni növ ərzaq məhsulları eyni çəkidə olduqda mübadilə olunur» – deməsini eşitdim. Bizim də həmin vaxt yediyimiz arpa idi». Hədisi Müslim rəvayət etmişdir.

9.Fədalə ibn Übeydin belə deməsi rəvayət olunur: «Xeybər günü on iki dinara üstündə qiymətli daş-qaş olan qızıl boyunbağı aldım. Sonra onun üstündəkilərinin hər birini ayrıca qiymətləndirdim və gördüm ki, boyunbağının dəyəri on iki dinardan da çoxdur. Dərhal əhvalatı Peyğəmbərə (sav) danışdım. O da belə dedi: «Üstündəki daş-qaşların hər birini ayrıca qiymətləndirmədən onu satmaq olmaz».
Hədisi Müslim rəvayət etmişdir.

10.Səmurə ibn Cündubdan rəvayət olunur ki, Peyğəmbər (sav) bir heyvanı digər heyvana kreditlə dəyişməyə qadağa qoymuşdur. Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, Tirmizi və İbn Cərud isə səhih hesab etmişdir.

11.İbn Ömərin belə deməsi rəvayət olunur: «Allah elçisinin belə deməsini eşitdim: “Əgər eynə yolu (hər hansı bir malı nisyə satıb, sonra onu ucuz qiymətə geri almaq) ilə ticarət etsəniz, inək quyruqlarından yapışsanız, əkinçiliklə kifayətlənsəniz və cihaddan boyun qaçırsanız, Allah sizi zəlil edər və dininizə dönməyənəcən sizi bu bəladan xilas etməz».
Hədisi Əbu Davud Nafiənin dilindən rəvayət etmişdir, lakin isnadında nöqsan vardır. Əhməd isə buna bənzər hədisi Ətadan rəvayət etmişdir və onun raviləri etibarlı ravilərdir. İbn əl-Qəttan onu səhih hesab etmişdir.


12.Əbu Ümamədən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Kim qardaşı üçün vəsadət qaldırsa və bunun müqabilində ona verilən hədiyyəni qəbul etsə, sələmin ən böyük qapılarından birinə daxil olmuş olar». Hədisi Əhməd və Əbu Davud rəvayət etmişdir, lakin hədisin isnadında nöqsanlar mövcuddur.

13.Abdullah ibn Əmr ibn əl-Asdan rəvayət olunur ki, Allahın elçisi (sav) rüşvət verənə də, alana da lənət oxumuşdur. Hədisi Əbu Davud və Tirmizi rəvayət etmiş, sonuncusu isə səhih hesab etmişdir.

14.İbn Ömərdən rəvayət olunur ki, Allahın elçisi (sav) bağçada dərilməmiş xurmanı quru xurmanın müəyyən çəkisi ilə dəyişməyi, dərilməmiş üzümü kişmişin müəyyən çəkisi ilə dəyişməyi və biçilməmiş taxılı taxılın müəyyən çəkisi ilə dəyişməyi qadağan etmişdir. Hədisi Buxari və Müslim rəvayət etmişdir.

15.Səd ibn Vəqqasın belə deməsi rəvayət olunur: «Allahın elçisindən təzə xurmanı quru xurmaya dəyişməyin mümkünlüyü barədə soruşduqda, onun belə deməsini eşitdim: «Yaş xurma quruyarkən çəkisi azalırmı?» İnsanlar: «Bəli!» – dedikdə Allahın elçisi bunu qadağan etdi. Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, İbn əl-Mədini, Tirmizi, İbn Hibban və Hakim isə səhih hesab etmişdir.


Tarix: 25.04.2013 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Maraqlı melumatlar